Məhkəmə qərarları › İş №2-1(103)-2979/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2979/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2979/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “şəhid ailəsi statusu və buna dair vəsiqənin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona şəhid ailəsi statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...X3, 1992-ci ildə Şuşa şəhərinin müdafiəsinə könüllü olaraq getmiş, xx.xx.1992-ci il tarixdə Daşaltı əməliyyatında qəlpə yarasından həlak olmuş və ona Lerik Rayon İcra Hakimiyyəti tərəfindən şəhid statusu verilmişdir. O, şəhidin qardaşıdır və hüquqi varisi kimi şəhid ailəsi statusu və vəsiqənin verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmiş, hüquqlarıını pozmuşdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş edərək, bu mövqeyini aşağıdakılarla əsaslandırmışdır. “...İddiaçının cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərədə tutullmuş hüquqi əsas yoxdur.. Çünki şəhid ailəsinin üzvü hesab edilmir. yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən o, şəhid ailəsi statusuna malik deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, iddia ərizəsinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikasının qanunlarına zidd olaraq inzibati məhkəmənin hakimi qəhrəmancasına vətən üçün vuruşub şəhid olan X3nun şəhid vəsiqəsinin və statusunun, şəhidə verilən imtiyazların verilməsinə heç bir səbəb olmadan, şəhid bacı və qardaşın tanınmasına imtina etmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi İddiaçıa apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edilib iddianın təmin olunmasını, cavabdehin nümayəndəsi G.Əhmədova isə iddiaçının uşaq evində tərbiyə olunan qardaş olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçının X3nun şəhd statusuna malik olması işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən hallarından isə göründüyü kimi, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı məcburetmə haqqında iddia vasitəsilə ona şəhid ailəsi statusu və vəsiqəsinin verilməsi tələbinə dair iddiası sonuncu tərəfindən imtina ilə qarşılnır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçının apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, o, qardaşı Nazim Ağayev vətən üçün vuruşub şəhid olduğu üçün şəhidə verilən imtiyazlardan istəfadə etməsi üçün ona şəhid ailəsi statusu və vəsiqəsi verilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyyəti üzrə düzgün nəticəyə gəlmişdir: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən: “Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: -ər-arvad, -valideyn, -18 yaşına çatmamış uşaqlar, -18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, -qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; -peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; -qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.” Birincisi, Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, o halda, qardaşlar və bacılar şəhid ailəsinin üzvləri hesab oluna bilərlər ki, onlar uşaq evlərində tərbiyə olunmuş olsunlar. Konkret halda isə iddiaçının uşaq evin tərbiyə olunmadığı işin mübahisələndirilməyən halıdır. İkincisi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın: 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Qaydalar”ın qeyd olunan tələblərindən göründüyü kimi, gizir və zabit heyəti olmayan, digər hərbi qulluqçulara münasibətdə şəhid ailəsi olmaları - hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Həmin arayış isə onların müvafiq maraqlı şəxsə onun müvafiq müraciəti əsasında verilir. Konkret halda isə iddiaçı həmin arayışı almaq üçün sözügedən orqana müraciət etməmiş və şəhid ailəsi olması barədə həmin orqan tərəfindən müvafiq qaydada verilməsi tələb olunan arayışı məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi də məhz, qeyd olunanlar baxımından, haqlı olaraq qərarında qeyd etmişdir ki, “iddiaçının qardaşının şəhid statusu olması barədə məlumatların Sosial Xidmətlər Agentliyinə daxil olması iddianın təmini baxımından yetərli əsas hesab edilmir. Qaydaların 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusu barədə arayışın da təqdim edilməli olması zərurəti mövcuddur ki, həmin arayışın mövcud olması iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, həmin arayış mövcud olmamışdır, iddiaçının şəhid ailəsi statusu ilə əlaqədar məlumat nəzərə alınaraq onun statusunu tanıyan vəsiqənin verilməsi mümkün olmamışdır...” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıya şəhid ailəsi vəsiqəsi verilməsindən imtina olunması maddi hüquq normalarına uyğun olmuşdur. Belə olan halda, həmin imtina qanunsuz hesab edilə və iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin cavabdehin imtinasının və birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8957/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar