Məhkəmə qərarları › İş №2-1(103)-3001/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3001/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3001/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3001/2023 (Açar sözlər: ”vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; mənfəət vergisinin məqsədləri baxımından xərcin nəzərə alınması;qeyri-rezident ƏDVnin və müvəqqəti idxal rejimində yerləşdirilən mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi”) Bakı şəhəri 05 dekabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları. 1.Cavabdehin xx.xx.2019 tarixli **********184464 saylı qərarı ilə iddiaçı müəssisədə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır.

2. Yoxlamanın nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********185720 saylı “Səyyar vergi yoxlaması Aktı” tərtib edilmiş və həmin akt əsasında xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.

3. Həmin qərarla 2017-2018-ci illərin mənfəət vergisi üzrə 1.312.670,59 manat, 2017- 2019-cu illərin ƏDV üzrə 1.811.379,51 manat, 2018-ci ilin ÖMV üzrə 15.816,22 manat əlavə vergi borcu hesablanmış (o cümlədən 748.638,38 manat ƏDV-nin artıq hesablandığı müəyyən olunmuş) və ümumilikdə, 1.787.731,59 manat maliyyə sanksiyası tətbiq edilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddiaçının əsaslandırması:

4.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh əsassız olaraq iddiaçının xərclərini mənfəət vergisinin hesablanması zamanı nəzərə almamışdır. Bundan əlavə, cavabdeh Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələblərinə zidd olaraq əvəzləşdirilmiş ƏDV məbləğlərini ləğv etmişdir.

Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. 6.1. Etirazda qeyd edilmişdir ki, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən “SOCAR X8” Tresti ilə iddiaçı arasında qazma quyularının maili qazılması və geofiziki-geoloji işlərin görülməsi və qazma avadanlıqlarının istifadəyə verilməsi barədə xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. “SOCAR X8” Tresti ilə bağlanmış müqavilənin icrası məqsədi ilə iddiaçı ilə X6 Krallığının Aberdin şəhərində yerləşən “X10 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən xx.xx.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə xx.xx.2017-ci il tarixdə “Razılaşmaya Əlavə” bağlanmışdır. “Razılaşmaya əlavələr” bölməsinin “müqavilə izahatlar/əlavələri” sətrinin “g” hisəsində qeyd olunan şərtə əsasən, il üzrə xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, qarşı tərəfin (yəni, “X10 Limited” şirkəti) istismar qiymətlərin 65% məbləğində boşdayanmaya görə ödəniş təyin etmək hüququna malik olması təsbit edilmişdir. 6.2. “X10 Limited” şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2734830,00 ABŞ dolları miqdarında, yəni müqavilə şərtində göstərilən 3000000,00 ABŞ dollarından az olduğu üçün 2176417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2099816,00 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3000000,00 ABŞ dollarından az olduğundan 3491938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün iddiaçıya 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 5668355,80 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017-ci və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. 6.3. Cavabdeh 3.000.000,00 ABŞ dollarından artıq hissənin ödənilməsi barədə müqavilə şərtləri ilə razılaşmamış, bunun xərclərin süni surətdə artırılması məqsədilə edildiyi qənaətinə gəlmiş, beləliklə yoxlama zamanı müvafiq hesablamalar aparılmaqla mənfəət vergisinin 2017-ci il üzrə 517306,55 manat ((4521489,85 ABŞ dolları – 3.000.000,00 ABŞ dolları) x 1,7 x 20%), 2018-ci il üzrə isə 795364,04 manat ((5339306,00 ABŞ dolları - 3000000,00 ABŞ dolları) x 1,7 x 20%), ümumilikdə 1312670,59 manat (517306,55 manat + 795364,04 manat) azaldıldığı müəyyən edilmişdir. 6.4. Digər tərəfdən, yoxlanılan dövr üzrə iddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən, 30958502,17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120,00 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV məbləği 4041572,06 manat göstərilmişdir. Yoxlama zamanı yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş VHFna əsasən, 2018-ci ilin dekabr ayında 7,16 manat, 2019-cu ilin fevral ayında 406,46 manat, aprel ayında isə 2776,74 manat olmaqla, cəmi 3190,36 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar əvəzləşdirilmiş), eyni zamanda 62075,60 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb 2017-ci ilin dekabr ayında müəssisəyə avans şəklində verilmiş 365500,25 manat məbləğin 2018-ci ilin yanvar ayında təkrarən ƏDV bəyannaməsində əks etdirilməsi olmuşdur. Vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilmə vəziyyətinin araşdırılması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl olunmadığı, müəyyən edilmişdir. Nəticədə vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilməməsinə görə 2017- ci il üzrə 350509,20 manat, 2018-ci il üzrə 23810,00 manat, ümumilikdə 374319,20 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. 6.5. Bundan əlavə, iddiaçının qeyri-rezident şəxslərə gördüyü iş və göstərdiyi xidmətlərə görə hesablanmış haqlar üzrə ƏDV-nin hesablanması, büdcəyə ödənilməsi və həmin ödənişlərə görə əvəzləşdirilən ƏDV məbləğlərinin araşdırılması zamanı Vergi Məcəlləsinin 169.4-cü və 175-ci maddələrinin tələblərinə əməl edilmədiyi müəyyən edilmiş, yoxlama ilə əhatə olunan dövr üzrə 1870264,77 manat ƏDV-nin artıq əvəzləşdirilməsi müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (.....), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.Həmin Məcəllənin 169.2-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır.Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən, ƏDV-nin əvəzləşdirilməsinin tələblərindən biri yerinə yetirilən əməliyyatın dəyərinin bank hesabına ödənilməsindən ibarətdir.Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən əməliyyatın dəyərinin bank hesabına ödənilmədən ƏDV-nin ödənilərək əvəzləşdirildiyi aşkar edilmiş və müvafiq əvəzləşdirmə ləğv edilərək ƏDV üzrə hesablama həyata keçirilmişdir. 6.6. İddiaçı qeyd edilən hala münasibətdə vergi qanunvericiliyinin ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərinin hər birinin qeyri-rezident tərəfindən həyata keçirilməsinin faktiki baxımdan mümkün olmadığına istinad edərək, qeyri-rezidentə ödənilən məbləğlərlə bağlı ƏDV-nin əvəzləşdirilməsinə həmin şərtlərin şamil edilməməli olduğunu bildirmişdir. Halbuki, vergi qanunvericiliyi ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı şərtlərin dairəsini konkret müəyyən etmiş və qeyri-rezidentə münasibətdə həmin şərtlərə əməl edilməsini istisna edən norma müəyyən etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 169.2-ci maddəsinin tələbindən də göründüyü kimi, qeyri-rezident tərəfindən iş görülməsi və xidmət göstərilməsi halında ƏDVnin bəyan edilib, ödənilməsi öhdəliyi vergi agentinə həvalə edilmişdir. Vergi Məcəlləsinin 169.4-cü maddəsinə müvafiq olaraq vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Başqa sözlə, qeyri-rezidentə münasibətdə vergi agenti tərəfindən ƏDVnin bəyan edilərək, dövlət büdcəsinə ödənilməsi Vergi Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq əvəzləşdirmənin əsas şərtlərindən biri olan ƏDV-nin depozit hesabına ödənilməsi ilə bağlı tələbi əvəz etmiş sayılır. Vergi Məcəlləsinin 169.4-cü maddəsinin ikinci cümləsinə əsasən, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququ verən elektron qaimə-fakturadır. Qeyd edilən maddənin tələbindən də aydın olduğu kimi, vergi agenti tərəfindən ƏDV-nin ödənildiyini təsdiq edən sənəd ƏDV-nin əvəzləşdirilməsi hüququnu verən elektron qaimə-fakturaya bərabər tutulur. Başqa sözlə, qeyri-rezident tərəfindən görülən işlər, göstərilən xidmətlərə görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi üçün qeyrirezident tərəfindən elektron qaimə-faktura verilməsi tələb edilmir, vergi agenti tərəfindən verginin ödənildiyini təsdiq edən sənəd əvəzləşdirməyə əsas verən sənəd qismində çıxış edir. 6.7. İdxala münasibətdə ƏDV-nin əvəzləşdirilməsinin qəbul edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçı ilə “X10 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür. Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı bu Məcəllənin Xİ fəslinə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDVnin məqsədləri üçün idxal malları hesab edilmir. Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir. Qeyd olunanlara əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı “Ekspert rəyi”nə əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ÖMV-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin (hakim F.Mədətli) 2-1(112)-320/2022 saylı, 01 fevral 2022ci il qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********199546 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar iddiaçıya 2017-ci il üzrə 55.11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla, qalan hissədə ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1. Tərəflər arasında bağlanmış müqavilənin olmasına və tərəflərin həmin müqavilənin tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq, yoxlama nəticəsində xərclərin 3.000.000,00 ABŞ dollarından artıq olan hissəsinin xərc olaraq qəbul edilməməsinin səbəbləri və əsasları yoxlama və iş materiallarında mövcud deyil. İş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən, iddiaçı gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparıldığından, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 134-cü və 136-cı maddələrinin müddəalarına əsasən, müqavilə şərtləri xərcin tanınması üçün əsasdır. Belə ki, Vergi Məcəlləsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır (maddə 134). Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; - maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; - əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. Vergi Məcəlləsinin 136.2-ci maddəsinə əsasən, maliyyə öhdəliyi əqdə və ya müqavilədə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Qeyd edilənlərə əsasən, iddiaçı ilə “X10 Limited” şirkəti arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək boşdayanmaya görə hesablanmış vəsait iddiaçının 2017 və 2018-ci illərdə gəlirin əldə edilməsi ilə bağlı xərcidir və yoxlama materiallarına əsasən boşdayanmalara görə 3.000.000,00 ABŞ dollarından artıq olan vəsaitin xərc kimi tanınmaması nəticəsində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi əsassızdır və iddia həmin hissədə təmin edilməlidir; 9.2. İddiaçı tərəfindən 2017-ci il üzrə gəlirdən çıxılmalı olan əmlak vergisinin məbləği 275,55 manat əsassız olaraq artırılmış və cavabdeh vergi orqanı bu səbəbdən 55,11 manat mənfəət vergisi hesablamışdır ki, həmin hesablamanın əsassız olduğunu sübut edən hər hansı sənədi iddiaçı məhkəməyə təqdim edə bilməmişdir; 9.3. İş materiallarına əlavə edilmiş və idxal zamanı büdcəyə ödənilən ƏDV-nin ödənişini təsdiq edən sənədlər, həmçinin əməliyyatların rəsmiləşdirilməsinin sübutu olan gömrük bəyannamələrinə əsasən, idxal edilmiş mallara görə ödənilmiş ƏDV-nin əvəzləşdirməsinin ləğvi əsassızdır; 9.4. Vergi ödəyicisi qeyri-rezidentdən aldığı iş və xidmətin haqqını həmin qeyrirezidentə ödəməsə də, ƏDV məbləğini Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən dövlət büdcəsinə ödəmiş və ödənilən ƏDV məbləğini təqdim olunan ƏDV bəyannamələrində əvəzləşdirmişdir. Səyyar vergi yoxlaması zamanı bu məbləğlər üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, əvəzləşdirilən ƏDV, ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır. Lakin qeyri-rezidentin ƏDV depozit hesabı olmadığından, iddiaçı tərəfindən qeyri-rezident şəxsdən aldığı iş və xidmətin dəyərinin 18 faizini büdcəyə ödəyərək əvəzləşdirdiyi ƏDV məbləği ləğv edilən zaman cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinad edə bilməzdi. 9.5. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytının sual - cavab bölməsindən çap edilmiş sənədlər mövcuddur ki, həmin sənəddə qeyri-rezident tərəfindən görülmüş işin və göstərilmiş xidmətin dəyəri ödənilmədən büdcəyə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyinə zidd olmadığı qeyd olunur. 9.6. Bundan başqa, məhkəmə iddianın rədd edilmiş hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. 9.7. İş materiallarında olan səyyar vergi yoxlaması aktına əsasən, qeyri-rezidentlərə 158.162,22 manat iş və ya xidmətin dəyəri ödənildiyindən, həmin qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəliri formalaşdığından Vergi Məcəlləsinin 125-ci maddəsi əsas götürülərək cavabdeh tərəfindən iddiaçıya 15.816,22 manat ödəmə mənbəyində vergi hesablanmış və maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə araşdırması zamanı həmin vergi (ÖMV) məbləğinin hesablanmasının əsassız olması iş materialları ilə müəyyən edilmədiyindən, ödəmə mənbəyində verginin hesablanması qanuni olmuşdur. 9.8. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş 10 dekabr 2021-ci il tarixli, 9/7843 saylı ekspert rəyində yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılan əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 15.816,22 manat məbləğində ÖMV-nin az, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisinin az hesablanması, 58.885,24 manat ƏDV-nin artıq hesablanmasının müəyyən edildiyi qeyd olunmuşdur. 9.9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarından cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsində qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, M.Tağızadə və X.Cəmilova) 17 noyabr 2022-ci il tarixli 2-1(103)- 1843/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2- 1(103)-1843/2021 nömrəli qərarından cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarı (Sədrlik edən və məruzəçi hakim Kəmaləddin Bədəlov, X7 və Nigar Rəsulbəyova ) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli 2-1(103)-1843/2021 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

ə) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Əlavə olaraq 1. İddiaçı MMC ilə “SOCAR X8” Tresti arasında xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə və digər müqavilələr üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə mübahisələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2-2(102)-402/2021 saylı Qərarına; 2. İddiaçı MMC ilə “SOCAR X8” Tresti arasında bağlanmış xx.xx.2022-cı il tarixli Barışıq Sazişinə; 3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1171/21 saylı, xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və kommersiya işi üzrə icraata xitam verilməsi barədə qərardada istinad edərək bildirmişdir ki, İddiaçı MMC-nin “X10 Limited” şirkətinə 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura və 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura üzrə mövcud olan borclarını ödəyə bilməməsinin səbəbi “SOCAR X8” Tresti tərəfindən müqavilə üzrə İddiaçı MMC-yə olan borcun ödənilməsinin gecikdirilməsi olmuşdur.Belə ki, “SOCAR X8” Tresti İddiaçı MMC-yə olan borcunu ödədikcə sonuncu da “X10 Limited” şirkətinə borcunu ödəyir.Göründüyü kimi, “SOCAR X8” Tresti tərəfindən İddiaçı MMC-nin borcunun ödənilməməsi ilə bağlı məhkəmə mübahisələri də olmuşdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 134 və 136.Həmin maddələrinin müddəalarına əsasən, müqavilə şərtləri xərcin tanınması üçün əsasdır. Maddə 134 Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 136.1. vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: - vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; - maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; - əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeydşərtsiz ödənilməlidir. Maddə 136.2 Maliyyə öhdəliyi əqdə və ya müqavilədə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. Maddə 159.3. Malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDVnin məqsədləri üçün idxal malları hesab edilmir. Maddə 169.4. Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab fakturadır. Maddə 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDVnin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

19. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

20. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21.Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci saylı qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir.

24. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

26. Qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçıya mənfəət, ƏDV və ÖMV hesablanmış, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, 2017-ci il üzrə 55,11 manat məbləğində mənfəət vergisi və 15.816,22 manat ödəmə mənbəyindən tutulan verginin hesablanması və həmin məbləğlərə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsi istisna olmaqla, cavabdehin qərarı qalan hissədə ləğv edildiyindən, apellyasiya icraatında məhkəmə araşdırmasının predmetini iddia tələbinin təmin edilmiş hissəsi (mənfəət vergisi və ƏDV-nin hesablanması) təşkil edir.

Mənfəət vergisinin hesablanması ilə bağlı məhkəmənin mövqeyi

27. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı və “SOCAR X8” Tresti arasında xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə bağlanmışdır. Eyni zamanda, bu müqavilənin icrası məqsədi ilə iddiaçı və “X10 Limited” şirkəti arasında xx.xx.2016-cı il tarixli TWC/Easydrill/2016 nömrəli müqavilə bağlanmış və illər üzrə müqavilənin müddəti uzadılmışdır. Daha sonra qeyd edilən xx.xx.2016-cı il tarixli müqaviləyə yeni maddələr əlavə edilməklə, xx.xx.2017-ci il tarixdə “Razılaşmaya Əlavə” bağlanmışdır. Əlavənin 1.12-ci yarımbəndinin “g” hissəsinə əsasən, iddiaçı il ərzində ümumi əməliyyat xərclərinin dəyəri 3.000.000,0 ABŞ dolları məbləğindən az olduqda, icarəyə götürülən avadanlıqların boşdayanma günlərinin sayı nəzərə alınmaqla, icarə avadanlıqlarının günlük tarif məbləğinin 65%-i miqdarında ödəniş edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Buna uyğun olaraq, “X10 Limited” şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2.734.830,0 ABŞ dolları məbləğində, yəni müqavilə şərtində göstərilən 3.000.000,0 ABŞ dollarından az olduğu üçün 2.176.417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2.099.816,0 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3.000.000,0 ABŞ dollarından az olduğundan 3.491.938,0 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün iddiaçıya 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə boşdayanmaya görə ümumilikdə 5.668.355,8 ABŞ dolları məbləğində ödəniş hesablanaraq, 2017 və 2018-ci illərin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir.

28. Göründüyü kimi, istinad olunan müqaviləyə Əlavədə il üzrə xərclərin ümumi məbləği 3000000,0 ABŞ dollarından az olarsa, qarşı tərəfin (yəni, “X10 Limited” şirkəti) boşdayanmaya görə istismar qiymətlərinin 65%-i məbləğində ödəniş təyin etmək hüququna malik olması təsbit edilmişdir.

29. Tərəflər arasında mübahisənin predmetini (mənfəət vergisi ilə bağlı) 2017-ci və 2018ci illər üzrə boşdayanmaya görə bəyannamədə əks etdirilmiş 3.000.000,0 ABŞ dollarından artıq məbləğin xərc kimi qəbul edilib-edilməməsi təşkil edir.

30. İşə baxan birinci instansiyası məhkəməsinin bununla bağlı mövqeyi ondan ibarətdir ki, müqavilə şərtlərinə əsasən boşdayanmalara görə 3.000.000,0 ABŞ dollarından artıq olan vəsait iddiaçının xərci kimi nəzərə alınmalıdır.

31. Bununla bağlı hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 26. Hazırkı iş üzrə cavabdeh müqavilə üzrə boşdayanmaya görə hesablanmış xərcin süni surətdə artırıldığı qənaətinə gəlmiş, boşdayanmaya görə hesablanmış məbləğlər müvafiq olaraq 2017-ci və 2018-ci illər üzrə xərcə daxil edildiyi halda, ödəniş həyata keçirilmədiyinə istinad edərək, 3.000.000,0 ABŞ dollarından artıq hissəni xərc kimi qəbul etməyərək, mənfəət vergisinin iddiaçı tərəfindən azaldıldığını bildirmişdir. 27. Göründüyü kimi, cavabdeh inzibati orqanın mənfəət vergisi ilə bağlı əsas dəlili onunla bağlıdır ki, 2017-2018-ci illər üzrə bəyan edilmiş xərcin bir hissəsi (boşdayanmaya görə ödəniş) iqtisadi cəhətdən səmərəsiz olmuşdur ki, bu da xərclərin süni surətdə artırıldığı qənaətinə gəlməyə əsas verir. Bu mülahizənin əsası kimi cavabdeh orqan həm də iddiaçı tərəfindən qeyd edilən müqavilə üzrə boşdayanmaya görə hesablanmış məbləğ müvafiq olaraq 2017-ci və 2018-ci illər üzrə xərclərə daxil edilsə də, bu məbləğlər üzrə bugünədək heç bir ödəniş həyata keçirilmədiyinə istinad edir. 28. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə hərtərəfli qiymət verməmiş, yalnız müqavilə öhdəliyinə istinadən xərcin əsaslılığı nəticəsinə gəlmişdir. 29. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilk növbədə müqavilə üzrə boşdayanmaya görə hesablanmış məbləğlərin həqiqətən ödənilib-ödənilməməsi məsələsini araşdırmalı (bununla bağlı mötəbər sübutlar tələb etməli), bundan asılı olaraq cavabdehin dəlillərini qiymətləndirməlidir.”

32. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarındakı hüquqi mövqeyə uyğun olaraq yeni apellyasiya baxışı zamanı məhkəmə araşdırmasında iddiaçı tərəfindən əlavə sübutlar təqdim edilmiş və bu sübutlar aşağıdakılardan ibarətdir: -İşin hallarından göründüyü və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarında da istinad edildiyi kimi, “X10 Limited” şirkəti tərəfindən iddiaçıya 2017-ci ilin yekunu üzrə göstərilmiş xidmətlərin dəyəri 2734830,00 ABŞ dolları miqdarında, yəni müqavilə şərtində göstərilən 3000000,00 ABŞ dollarından az olduğu üçün 2176417,80 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura təqdim edilmişdir. 2018-ci ilin yekunu üzrə isə göstərilmiş xidmətlərin dəyəri 2099816,00 ABŞ dolları olmuş və müqavilə şərtində göstərilən 3000000,00 ABŞ dollarından az olduğundan 3491938,00 ABŞ dolları məbləğində boşdayanmanın ödənilməsi üçün iddiaçıya 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura təqdim edilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ümumilikdə 5668355,80 ABŞ dolları məbləğində boşdayanmaya görə ödəniş hesablanaraq, 2017-ci və 2018-ci ilin mənfəət vergisi bəyannamələrinin xərclər bölməsində əks etdirilmişdir. -İddiaçının vəkilinin (nümayəndəsinin) yeni apellyasiya baxışı zamanı təqdim etdiyi 001/18 31 saylı, 31 Dekabr 2017-ci il tarixli AKT-dan görünür ki, aktda qeyd edilmişdir ”Biz, aşağıda imza edənlər, İddiaçı Şirkətinin Ofis Meneceri Ramiz Abiyev bir tərəfdən va X10 X3 Riçard Tomson bu akti TWC/Easydrill/2016 saylı müqaviləyə əsasən aşağıdakı məzmunda 2017-ci ilin Dekabr ayı üçün tərtib etdik və aktın doğruluğunu imzamızla təsdiq etdik. 2017 ci il ərzində avadanlığın istismar olunmayan günlərə görə xərc məbləği 2,176,417.75 (İki milyon bir yüz yetmiş altı min dörd yüz on yeddi ABŞ dolları 75 sent) təşkil edir. X10 X4 Riçard Tomson və "xxxx" MMC Şirkətinin Ofis Meneceri Ramiz Abiyev” -055/18 saylı, 30 Noyabr 2018-ci il tarixli AKT-dan görünür ki, aktda qeyd edilmişdir “Biz, aşağida imza edənlər, "xxxx" Şirkətinin Ofis Meneceri Ramiz Abiyev bir tərəfdən və X10 X5 Ahmed İbrahim bu akti TWC/Easydrill/2016 saylı müqaviləyə əsasən aşağıdakı məzmunda 2018-ci ilin Noyabr ayı üçün tərtib edirik və aktın doğruluğunu öz imzamizla tasdiq edirik: 2018-ci il ərzində avadanlığın istismar olunmayan günlərə görə xərc məbləği 3 491 938.45 (Üç milyon dörd yüz doxsan bir min doqquz yüz otuz səkkiz AB$ dolları,45cent) təşkil edir. X10 X4 Ahmed İbrahim və "xxxx" MMC Şirkətinin Ofis Meneceri Ramiz Abiyev. - "04" Aprel 2022-ci il tarixli “BARİŞİQ SAZiŞi”ndən görünür ki, Azərbaycan Respublikasinin qanunvericiliyinə əsasən yaradılan və fəaliyyət göstərən, faktiki ünvani ünvan 1nin (SOCAR) "KOMPLÉKS QAZMA İŞLƏRİ" Tresti (bundan sonra "Sifarisçi/Borclu") müdiri Elnur Süleymanovun şəxsində bir tərəfdən və Azərbaycan Respublikasının qanunları və öz nizamnaməsi əsasında yaradılan və fəaliyyət göstərən, Bakı şəhəri, Nobel prospekti, 15 ünvanında qeydiyyatda olan İddiaçı (bundan sonra "Podratçı/Tələbkar" direktoru Elad Osadovun şəxsində digər tərəfdən (bundan sonra ayrılıqda "Tərəf, birlikdə "Tərəflər") bu Barışıq Sazişini (bundan sonra "Saziş") aşağıda qeyd edilan şərtlərlə bağladilar:

1. SAZİŞİN PREDMETİ: Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 05/2016 saylı (trestin qazma quyularında maili qazma və geofiziki-geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsilə görülməsi və gazma avadanlıglarının istifadə verilməsi baradə), xx.xx.2018-ci il tarixli SOCAR **********20020137X00373 saylı (trestin istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsi barədə) və xx.xx.2019cu il tarixli, 26217-188 saylı (trestin maili və qazma işlərini yerinə yetirmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərilməsi barədə) podrat müqavilələrindən irəli gələn mübahisəyə dair xx.xx.2021-ci il tarixli , 2-2(103)-358/2021 sayli icra sənədi (bundan sonra – icra sənədi) üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra vərəqinə əsasən, “X8" Trestindən 6 130 465,30 ABŞ dolları əsas borc, 798 159,23 ABŞ dolları illik beş faiz, cəmi 6 928 624,53 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə "xxxx" MMC-nin xeyrinə tutulmali; OSC 110332A seriya nömrəli hidrogenisləndirici və açar dəsti, Rhino 8000 Reamer tipli RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (patrupka) lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar "X8" Trestindon alinaraq "xxxx" MMC-yɔ qaytaimalidir. Baki şəhəri Nərimanov rayɔn İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanilmışdır. Tərəflər arasında bağlanmış və Baki Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2-2(113) 1171/2021 saylı qərardadı ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasɔn İcra sənədində göstərilən OSC 110332A seriya nömrəli hidrogenişləndirici və açar dəsti, Rhino 8000 Reamer tipli RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli galdırıcı (patrupka) lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar "X8” Tresti tərəfindən İddiaçı" MMC-yə qaytarılmışdır. İcra sənədinə əsasən ödəniİməli olan cəmi 6 928 624,53 ABŞ dollarının Sazişin bağlandığı tarixə Azərbaycan Respublikası Mərkəzi Bankinın müəyyən etdiyi manata olan məzənnəsi ilə (1 ABŞ dolları 1.7000 AZN) məbləği cəmi: 11 778 661,70 manat təşkil edir. Sazişin bağlandığı tarixə həmin məbləğdən ƏDV-siz cəmi 2 235 000 manatın (iki milyon iki yüz otuz beş min manat) ödənilməsi təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Sazişin predmetini İcra sənədinin pul taləbi ilə bağlı ödənilməli hissəsinin icrasinı Tərəflər arasında qarşılıqlı razılaşma yolu ilə təmin etmək təşkil edir.........” -İddiaçının vəkilinin (nümayəndəsinin) yeni apellyasiya baxışı zamanı təqdim etdiyi İddiaçı MMC-nin “X11” ASC vasitəsilə “X10 Limited” şirkətinə 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura və 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura üzrə köçürmə sənədlərindən görünür ki,ödəniş aparılması aşağıdakı kimidir: Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 181 818,18 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 423 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 185 401,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 205 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 180 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 150 000,00 Ödəniş tarixi xx.xx.2022, Hesab-faktura No 23495, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 101 198,57 Ödəniş tarixi xx.xx.2023, Hesab-faktura No 23611, Hesab-faktura tarixi xx.xx.2018 və Ödənilmiş məbləğ USD 183 500,00

33. İddiaçının vəkilinin (nümayəndəsinin) yeni apellyasiya baxışı zamanı təqdim etdiyi:

1. İddiaçı MMC ilə “SOCAR X8” Tresti arasında xx.xx.2016-cı il tarixli 05/2016 nömrəli müqavilə və digər müqavilələr üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə mübahisələri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2-2(102)-402/2021 saylı Qərarına;

2. İddiaçı MMC ilə “SOCAR X8” Tresti arasında bağlanmış xx.xx.2022-cı il tarixli Barışıq Sazişinə;

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1171/21 saylı, xx.xx.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və kommersiya işi üzrə icraata xitam verilməsi barədə qərardada istinad edərək bildirmişdir ki, İddiaçı MMC-nin “X10 Limited” şirkətinə 19 yanvar 2018-ci il tarixli 3495 nömrəli hesab-faktura və 30 noyabr 2018-ci tarixli 23611 nömrəli hesab faktura üzrə mövcud olan borclarını ödəyə bilməməsinin səbəbi “SOCAR X8” Tresti tərəfindən müqavilə üzrə İddiaçı MMC-yə olan borcun ödənilməsinin gecikdirilməsi olmuşdur.Belə ki, “SOCAR X8” Tresti İddiaçı MMC-yə olan borcunu ödədikcə sonuncu da X10 Limited” şirkətinə borcunu ödəyir.Göründüyü kimi, “SOCAR X8” Tresti tərəfindən İddiaçı MMC-nin borcunun ödənilməməsi ilə bağlı məhkəmə mübahisələri də olmuşdur.

34. Qeyd edilənlərə və Vergi Məcəlləsinin tətbiq edilən 134 və 136-cı maddələrinə əsasən əsasən, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı ilə “X10 Limited” şirkəti arasında bağlanmış müqavilə şərtlərini əsas götürərək boşdayanmaya görə hesablanmış vəsait iddiaçının 2017 və 2018-ci illərdə gəlirin əldə edilməsi ilə bağlı xərcidir və yoxlama materiallarına əsasən boşdayanmalara görə 2017-2018-ci illərin mənfəət vergisi üzrə 1.312.670,59 manat vəsaitin xərc kimi tanınmaması nəticəsində əlavə mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi əsassızdır və iddia həmin hissədə təmin edilməlidir.

ƏDV-nin hesablanması ilə bağlı məhkəmənin mövqeyi

35. Mübahisələndirilən qərarla ƏDV-nin azaldılmasının əsasında iddiaçı tərəfindən ƏDV əvəzləşdirilməsinin (qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən ƏDV-nin, o cümlədən müvəqqəti idxal rejimində ölkəyə gətirilən avadanlıqlara görə ödənilən ƏDV-nin) düzgün aparılmaması dayanır.

qeyri-rezidentin göstərdiyi xidmətlərə görə vergi agenti kimi ödənilən ƏDV-nin əvəzləşdirilməsi:

36. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, iddiaçı qeyrirezidentin göstərdiyi xidmətlərə görə vergi agenti kimi Vergi Məcəlləsinin 169.4-cü maddəsinin tələbinə uyğun olaraq vergini hesablamış, əməliyyatın aparıldığı ay üçün ƏDV bəyannaməsi verilərkən ödəmişdir.

37. İddiaçı hesab edir ki, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi-hesab faktura olduğundan (əməliyyatın aparıldığı tarixdə qüvvədə olan redaksiyaya uyğun olaraq), həmin ödəmə sənədi əsasında qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödədiyi ƏDV-ni əvəzləşdirə bilər. Başqa sözlə, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə verilməli olan xidmət haqqının ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin xidmətlərə görə ödənilməli olan ƏDV-nin bəyan edilməsi və büdcəyə ödənilməsi, ƏDV-nin əvəzləşdirilməsi üçün yetərlidir.

38. Cavabdeh isə bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 175.1 və 169.4-cü maddələri birgə tətbiq edilməli, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə verilməli olan xidmət haqqının nağdsız qaydada ödənildiyi və eyni zamanda, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi mövcud olduğu halda, iddiaçının ƏDV-nin əvəzləşdirilməsi hüququ yaranır.

39. Məhkəmə kollegiyası ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində göstərdiyi xidmətlərə, gördüyü işlərə görə vergi agenti tərəfindən ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

40. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin mübahisənin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

41. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarında, Konstitusiya Məhkəməsinin Plenumu belə bir nəticəyə gəlmişdir ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin “nağdsız qaydada ödəmələr” müddəası təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyərinin nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməsini nəzərdə tutur. Vergi Məcəlləsinin 175.1-ci maddəsinin mənasına görə, təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə, vergi ödəyicisinə verilmiş elektron vergi hesabfakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV-nin məbləği sayılır.

42. Qeyd edilənlərə əsasən, Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələbi baxımından, ƏDV-nin əvəzləşdirilməsi üçün həm də təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri (nağdsız qaydada) ödənilməlidir.

43. Hazırkı halda, iddiaçı təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı şərtin ona aid olmadığına istinad etsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsi ƏDVnin əvəzləşdirilməsinin fərqli qaydasını nəzərdə tutmur. Məhz həmin maddə, hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədinin Vergi Məcəlləsinin 175-ci maddəsindəki elektron vergi hesab-fakturanı əvəzləyən sənəd olmasını təsbit etmişdir. Əks tənzimləmə, vergi orqanının ƏDV-ni əvəzləşdirmək prosedurunu tənzimləyərkən rəhbər tutduğu siyasətə də zidd olardı.

44. Birinci instansiya məhkəməsi qərarında iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytının sual - cavab bölməsindən çap edilmiş sənədə istinad etsə də (həmin sənəddə qeyri-rezident tərəfindən görülmüş işin və göstərilmiş xidmətin dəyəri ödənilmədən büdcəyə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinin vergi qanunvericiliyinə zidd olmadığı qeyd edilir) qeyd edilməlidir ki, bu sual-cavab bölməsindəki məlumat Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 sentyabr 2015-ci il tarixli Qərarından əvvəlki tarixə aiddir.

Müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi:

45. İddiaçı ilə “X10 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərti ilə) icarəyə götürülməsi məqsədilə idxal edilmiş mallar müvəqqəti idxal prosedurunun təsir dairəsinə düşmüşdür.

46. İddiaçı müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsinin yolverilənliyinə istinad etmiş, cavabdeh isə Vergi Məcəlləsinin 159.3-cü maddəsinə istinadən əvəzləşdirilmənin yol verilmədiyini bildirmişdir.

47. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Gömrük Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq, gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən, mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilir.

48. Gömrük Məcəlləsinin 193-cü maddəsinə əsasən isə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

49. Bundan əlavə, Gömrük Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

50. Qeyd edilənlərdən göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar həmin rejim altında müəyyən müddət ərzində qala bilər və eyni zamanda bu müddət ərzində gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilir. Müvəqqəti idxal rejimi zamanı Azərbaycan Respublikası ərazisinə buraxılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad edildikdə, mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği sərbəst dövriyyəyə buraxılış üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

51. Beləliklə, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallara görə alınan ödənişlər gömrük məqsədləri üçün tətbiq olunur və Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı vergi tutulan idxal sayılsa da, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

52. Bununla belə, müvəqqəti idxal rejiminin müddətinin bitməsindən sonra mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda, (yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mallar müvəqqəti idxal rejimi altındadır) Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən vergi tutulan idxal sayılır və əvəzləşdirilə bilər.

53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 175-ci maddəsində (mübahisəli əməliyyatın aparıldığı vaxtda qüvvədə olan redaksiyası) müvəqqəti idxal rejimindəki mallara görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məsələ tənzimlənməsə də, Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən, başqa sözlə, vergi məqsədləri baxımından ƏDVyə cəlb olunan əməliyyat (idxal) sayılmadığından onun əvəzləşdirilməsi də qanunauyğun deyildir.

54. Daha sonra yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, yoxlanılan dövr üzrə iddiaçı təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 30958502,17 manat vergiyə cəlb edilən ümumi dövriyyədən (o cümlədən 74120,0 manat 0 dərəcə ilə olan dövriyyə) büdcəyə ödənilməli ƏDV 4041572,06 manat göstərilmişdir. Yoxlama zamanı yoxlanılan dövr üzrə Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinin pozulması nəticəsində müəssisəyə təqdim edilmiş VHF-lara əsasən, 2018-ci ilin dekabr ayında 7,16 manat, 2019-cu ilin fevral ayında 406,46 manat, aprel ayında isə 2776,74 manat olmaqla, cəmi 3190,36 manat ƏDV-nin artıq əvəzləşdirilməsi (təkrar əvəzləşdirilmiş), eyni zamanda 62075,60 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Artıq hesablamaya səbəb 2017-ci ilin dekabr ayında müəssisəyə avans şəklində verilmiş 365500,25 manat məbləğin 2018-ci ilin yanvar ayında təkrarən ƏDV bəyannaməsində əks etdirilməsi olmuşdur. Vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilmə vəziyyətinin araşdırılması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əməl edilmədiyi müəyyən edilmişdir. Nəticədə, vergi tutulan əməliyyatların vaxtının düzgün təyin edilməməsinə görə 2017-il üzrə 350509,20 manat, 2018-ci il üzrə 23810,0 manat, ümumilikdə 374319,2 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.

55. İddiaçı cavabdeh vergi xidmətinin göstərilən dəlillərinə qarşı mötəbər sübutlara əsaslanaraq hər hansı dəlillərə istinad etməmişdir.

56. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə əsasən: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 57.Beləliklə, məhkəmə Kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-649/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq və tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-320/2022 saylı, 01 fevral 2022-ci saylı qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməlidir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-320/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı qismən- iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********199546 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı 2017-2018-ci illərin mənfəət vergisi üzrə 1.312.670,59 manat mənfəət vergisinin hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiqi hissəsində ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar