Məhkəmə qərarları › İş №2-1(103)-3008/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3008/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3008/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-3008/2023 (Açar sözlər: “təhsilin davam etdirilməsinin təmin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması” ) Bakı şəhəri 07 noyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2011-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Nümayəndə ilə X2 arasında 19 mart 2011-ci il tarixdə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir.

2. Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrindən çıxarışa əsasən, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakültəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu.

3. Azərbaycan Beynəlxalq Universitetinin 3/615-1 №-li, xx.xx.2008-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi iddiaçı İİ (ikinci) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ (üçüncü) kursa keçirilmişdir.

4. Azərbaycan Beynəlxalq Universitetinin 3/09-362 №-li, xx.xx.2009-ci il tarixli əmrindən çıxarışa əsasən, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİİ (üçüncü) kurs tələbəsi iddiaçı İİİ (üçüncü) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İV (dördüncü) kursa keçirilmişdir.

5. Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının xx.xx.2010-cu il tarixli arayışına əsasən, məzun tələbə iddiaçı 2006-cı ildən 2010-cu ilə qədər Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində təhsil almışdır. Universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə qiymətləri almışdır.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan B8141/03- 24 №-li, xx.xx.2013-cü il tarixli məktuba əsasən, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir.

7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan R12979/11-24 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 11 yanvar 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3472/2021 nömrəli qərardadı ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçının əsaslandırması:

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. xx.xx.2007-ci ilin M/320 №li əmr ilə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının "Tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə ikinci kurs tələbəsi, fərq imtahanlarını vermək şərti ilə Azərbaycan Beynəlxalq Universitetinin “İngilis dili” fakültəsinin əyani şöbəsinin ikinci kursuna, sonradan isə xx.xx.2008 və xx.xx.2009-cu il tarixli müvafiq əmrlər ilə ikinci kursdan üçüncü, üçüncü kursdan dördüncü kursa keçirilmişdir.

11. Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışından göründüyü kimi o, 2006-cı ildən 2010-cu ilə qədər xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi xarici dillər fakültəsində təhsil almışdır. O cümlədən, həmin arayışda universitetdə təhsil aldığı müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq edilən tədris planının onun tərəfindən tam yerinə yetirilməsi, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə aldığı qiymətlər öz əksini tapmışdır.

12. İddiaçı xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinin dayandırılması səbəbindən təhsilinin natamam qaldığı və diplomu ala bilmədiyi üçün müvafiq ali təhsil müəssisəsinə təyinatının verilməsini və təhsilini tamamlamaq üçün həmin təhsil müəssisəsinin diplomunu almağında ona köməklik göstərilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Həmin məktubda təhsil almağı ilə bağlı bütün sənədlərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli imtina məktubunda Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edildiyi, lakin həmin siyahıda onun adının aşkar edilmədiyi qeyd edilmişdir.

13. Cavabdeh qurumun imtina məktubu əsassızdır. Belə ki, Təhsil Nazirliyi Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli qərarı və Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə verilmiş lisenziya müddəti bitdiyi üçün fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün bir sıra ixtisaslarla təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzi “Təfəkkür'’ Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktubunda keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tədris şöbəsi tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlərin təkrar araşdırıldığı, təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonra sənədləri qaydasında olanların siyahılarının yenidən tərtib edildiyi göstərilmişdir. O cümlədən, sözügedən məktubda təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrini və məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələbələrin siyahısının göndərildiyi qeyd olunmuş, Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmrinin 5-ci bəndinin icrası tapşırılmışdır. Hal-hazırda “Təfəkkür” universiteti fəaliyyət göstərmədiyindən tapşırığın icrası iddiaçıya münasibətdə mümkün olmamışdır.

14. Həmçinin, qeyd edilmişdir ki, Təhsil Nazirliyinin Elm və Təhsil Mərkəzinin “Təfəkkür” Universitetinə ünvanladığı xx.xx.2011-ci il tarixli, 46xx-xx-1712/17 saylı məktuba əlavə edilmiş tələbələrin siyahısında 443-cü tələbə olaraq iddiaçının adı “X2” qeyd edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 2007-ci ildə Rusiya Federasiyasında yerləşən Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. İddia ərizəsinə əlavə edilən ABU-nun xx.xx.2007-ci il tarixli, M/320 saylı əmrinin məzmunundan və əmrin verilməsinə əsas olmuş sənədlərin siyahısından və iddiaçının köçürülməsi barədə Köçürülmə Komissiyasının sədrinin təqdimatından görünür ki, Təhsil Nazirliyindən iddiaçının köçürülməsi ilə bağlı razılıq alınmamışdır.

16. Təhsil nazirinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələrin müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır.

17. Sonradan Təhsil Nazirliyinə çoxsaylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli, 80 nömrəli əmri olmuşdur. Həmin əmrin 3-cü bəndinə görə qeyridövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin 5-ci bəndinə görə dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinin əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2002-ci il tarixli, xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi.

18. İddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. Sənədlərdən göründüyü kimi iddiaçının köçürülməsinə Təhsil Nazirliyi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı.

19. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünmüşdür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilidiyindən onun adına diplom blankı verilməmişdir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçının ABU-ya köçürülməsi barədə sənədlər təhsil müəssisəsi tərəfindən qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat zamanı daxil olan sənədlər:

20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 18-1859/12 nömrəli məktubda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsil müəssisələrinə göndərilmişdir. Eyni zamanda, Nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-03- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq, onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Məhkəmə qərardadına uyğun olaraq iddiaçının təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir.

21. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/90 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya aid olan sənədlər (ərizələr, əmrlər, orta təhsil haqqında attestatın əsli) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış siyahılarda iddiaçının adı qeyd edilmişdir.

22. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484A nömrəli əmrinin icrası ilə bağlı məktub Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə daxil olmamışdır.

23. Bakı Avrasiya Universiteti tərəfindən məhkəməyə ünvanlanmış T2219-01/06 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Universitetə iddiaçı haqqında hər hansı müraciət və sənəd daxil olmamışdır.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

24. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 nömrəli qərarı ilə (hakim Ş.A.Həsənova) iddia təmin edilmiş, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə iddiaçının natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

25. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz imtinasını köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməməsi ilə əsaslandırsa da, hazırkı məhkəmə icraatında bu xüsusat təkzib olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçıya aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında attestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müəyyən edilmişdir. Bununla da cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı gətirdiyi dəlillər əsaslı sayıla bilməz.

26. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-3119/2022 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Orucova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-802/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2022-ci il tarixli, 21(103)-3119/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

32. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı ilə eyni məzmunda əsaslandırılmışdır.

e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə yeni apellyasiya baxışı zamanı yazılı etiraz daxil olmamışdır.

ə) Prosses iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi İ.Quliyeva apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

36. Tərəflər sonuncu məhkəmə iclasında iştirak etməmişlər.Belə ki, iddiaçının vəkili iş materialları ilə tanış olmaq üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, işin uzun müddətdir məhkəmənin icraatında olması nəzərə alınaraq İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

37. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. - 5.2-ci maddəsinə əsasən dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. - 5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. - 5.6-cı maddəsinə əsasən dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. - 32.1-ci maddəsinə əsasən təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. - 32.2-ci maddəsinin tələblərinə görə bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. - 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

38. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin : -1.1-ci bəndinə görə Respublika daxilində: - ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir; - uyğun ixtisas üzrə başqa təhsil müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə küçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, 8-dən çox olduqda isə, öz razılığı il bir kurs aşağıda da (birinci kurs istisna olmaqla) keçirilə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8- dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu təhsil müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

43. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

44. Apellyasiya şikayət əsaslıdır və təmin olunmalıdır.

45. Belə ki, İPM-in 12.1, 12.2, 58.7-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

46. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, “...cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 nömrəli, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyinin məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçı (Balakişiyeva) Fidan Namiq qızına aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında attestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müəyyən edilmişdir”.

47. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

48. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsinə Azərbaycan Beynəlxalq Universitetinin 30 iyun 2010-cu il tarixli arayışının surətini əlavə etmişdir ki, həmin arayışa əsasən iddiaçı 2006-2010-cu illərdə Universitetin xarici dillər fakültəsinin Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsinin əyani şöbəsində təhsil almış və Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təsdiq etdiyi tədris planını tam yerinə yetirmişdir ( 1-ci cild, iş v.10). Cavabdeh də məhz həmin arayışa istinadla qeyd edir ki, “iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olmuşdur ki, o, artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir.”

49. Yeni apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsinin izahatı və istinad etdiyi dəlillərlə iddia ərizəsində qeyd edilən ziddiyyətlərin aradan qaldırılması mümkün olmamışdır.Əksinə iş materiallarında olan mötəbər sübutlarla iddiaçının tələbi təkzib olunmuşdur.

50. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 18- 1859/12 nömrəli məktubda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsil müəssisələrinə göndərilmişdir. Eyni zamanda, Nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx- 1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-03- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq, onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Məhkəmə qərardadına uyğun olaraq iddiaçının təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir.

51. Bundan başqa, cavabdehin əsas dəlillərindən biri ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir.

52. Məhkəmə Kollegiyası xüsusilə diqqətə çəkir ki, iş materiallarında olan təhsil nazirinin ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanladığı 8 sentyabr 2010-cu il tarixli, xxxx-5541/17 nömrəli və 7 mart 2011-ci il tarixli, xx-xx-1712/17 nömrəli məktublara və onlara əlavə edilmiş siyahılara nəzər yetirdikdə müəyyən edilir ki, həmin məktublarda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbələrin siyahıları Təhsil Nazirliyinin möhürü ilə təsdiq edilmişdir.Həmin məktublarda iddiaçının ixtisası və siyahılarda iddiaçının adı qeyd olunmamışdır. (1-ci cild, iş v.201-216).

53. Məhkəmə Kollegiyası həmçinin diqqətə çəkir ki, iddiaçının adı fərqləndirici (qalın) şriftlə göstərilmiş siyahının isə Təhsil Nazirliyi tərəfindən tərtib edildiyi müəyyən deyildir. ( 1-ci cild, iş v.217-218).

54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 saylı qərarı ləğv edilərək iddia rədd olunmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 7 iyul 2022-ci il tarixli, 2-1(112)-546/2022 saylı qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar