Məhkəmə qərarları › İş №2-1(103)-303/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-303/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-303/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3582/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********612500 saylı, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3582/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********612500 saylı, xx.xx.2020-ci il tarixli **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təqdim etdiyi dəqiqləşmiş vergi bəyannamələrinə əsasən qəbul edilmiş qərarlar üzrə iddia müddətini birinci instansiya məhkəməsində ötürmüşdür. Belə ki, iddiaçının dəqiqləşmiş vergi bəyannamələrinə əsasən qəbul edilmiş qərarlar (22 və 25 dekabr 2020-ci il tarixli) məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-7978/2021 saylı qərarından çox əvvəl qəbul edilmişdir. Lakin iddiaçı məhkəmədə iddiasını dəqiqləşdirərək yeni qərarların ləğvi ilə bağlı müraciət etməmişdir. Odur ki, həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Həmçinin qeyd etmək lazımdır ki, hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli **********612500, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar iddiaçı tərəfindən 25 və xx.xx.2020-ci il tarixdə oxunmuşdur. Bundan başqa, iddiaçı təqdim etdiyi dəqiqləşmiş vergi bəyannamələrinə əsasən cavabdeh orqanın Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə kameral vergi yoxlama keçirmə hüququnun olduğu nəzərə alınmalıdır. İddianın mahiyyətinə gəlincə, məlum olduğu kimi Vergi Məcəlləsinin 23.1.3-cü maddəsində vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq hüququ vardır. Vergi Məcəlləsinin qeyd edilən müddəalarına əsasən cavabdehin xx.xx.2019-cu il tarixli **********0558 saylı “xronometraj metodu ilə müşahidənin aparılması haqqında” qərarı ilə xx.xx.2019-cu il tarixdən 15 iş günündən artıq olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İddiaçının obyektində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərilən xidmət dövriyyəsi fiksal hesabata və cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı saylı xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə günlük və yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərdiyi xidmətə görə xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə edərək xronometraj metodu ilə müşahidəni xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni bayram ərəfəsi və bayram günlərində aparması və bunun nəticəsində qəbul etdiyi qərarlar iddiaçıya qarşı qərəzli olmuşdur. Məhkəmənin bu subyektiv yanaşması ilə razı deyillər, belə ki, məhkəmənin iddiaçının vergilərin yayındırılmasına yönələn hərəkətlərini araşdırmadan, cavabdehin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edərək yoxlama aparmasını qərəzli olması kimi yanaşması anlaşılan deyildir. Belə ki, iddiaçının obyektində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək göstərilən xidmət dövriyyəsi fiskal hesabata əsasən 24225 manat (NKA fiskal yaddaşında olan dövriyyə) təşkil etdiyi müəyyən edildiyi halda, vergi orqanına 2019-cu ilin 1-ci rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğinin 0 manat göstərməsini iddiaçının hərəkətinin qərəzli vergidən yayınma olaraq qəbul etməmişdir. “X4”ndə bayram ərəfəsi yoxdur, yəni bayram tək mart ayının 8-ci günüdür. Həmçinin, obyektə xronometraj metodu ilə müşahidə tək mart ayının 8-ci günü deyil, 6-11 arasında aparılmışdır və dövriyyə tək 8-ci günün yox, orta günlük müəyyən edilmişdir. İddiaçının tək mart ayının 10-da (fiskal) dövriyyəsi 6578,0 manat olmuşdur ki, həmin gün bayram günü deyildir. Bundan başqa, məhkəmə qərarında hüququn ədalət, humanizm, dövlətin sahibkarlara dəstək göstərilməsi prinsiplərinə istinad edərək müşadənin bayram günü aparılmasının qanunsuz olduğunu qeyd etmişdir. Qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə qanunsuz hesab edilə bilməz. Həmçinin qanunvericiliyin tələbləri digər vergi ödəyicilərinə münasibətdə həmin qanunun tələblərinin tətbiq edilərək vergilərin hesablanması baxımından məhkəmənin qərarı ədalətlik prinsipi baxımından da əsassızdır. Bir başqa ifadə ilə iddiaçıya münasibətdə hüququn ədalət, humanizm, dövlətin sahibkarlara dəstək göstərilməsi prinsiplərinə istinad edərək iddianın təmin edilməsi, bu qanunun təsiri altına düşən diğər vergi ödəyicilərinə münasibətdə qərar ədalətsiz və əsassızdır. Bundan başqa, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının obyektinin bir hissəsini icarəyə verilməsi onun dövriyyəsinin tam azalmasına səbəb olmuşdur. Məhkəmənin bu subyektiv mövqeyi haqlı səbəb olaraq qəbul edilə bilməz, belə ki, məhkəmənin olsaydı-olardı ehtimallara əsaslanması, həmçinin iddiaçının göstərdiyi xidmət növü adətən daim müştərilərə göstərilən xidmət növüdür və xidmət göstərilən xidmət sahəsinin az bir hissəsi icarəyə verildiyindən yanaşma əsassız və qanunun tələblərinə də ziddir. Belə ki, iddiaçı obyektin az bir hissəsini icarəyə verdiyi gün dövriyyəsi azalsaydı qanunvericiliklə müəyyən edilmiş hüququndan istifadə edərək yenidən xronometraj metodu ilə müşahidə aparılmasını cavabdeh orqandan xahiş edə bilərdi ki, bu hüquqdan xx.xx.2019-cu il tarixdə vergi orqanına müraciət edərək bildirmişdir. İddiaçının həmin tarixə daxil olmuş müraciəti nəzərə alınaraq iyul ayı üzrə hesablanan vergi məbləği sadəcə 5 gün nəzərə alınmış və həmin ay üzrə 20187,5 (4037,5 x 5) manat dövriyyə müəyyən edilmişdir. Lakin məhkəmə qərarında cavabdehin iddiaçının xx.xx.2019cu il tarixli yenidən xronometraj metodu ilə müşahidə aparılması müraciətinin nəzərə alınmadığını qeyd etmişdir. Məhkəmə üzərinə düşən iş üzrə araşdırma öhdəliyini icra etməmişdir. Həmçinin məhkəmə qərarında iddiaçının icarə müqavilələrinə əsasən "xxxx" MMC-yə və "xxxx" MMC-yə aprel ayında icarəyə verdiyini qeyd etmiş, lakin həmin cəmiyyətlərin həmin dövr üzrə vergi orqanına ÖMV üzrə bəyannamələrini təqdim etmədiyi araşdırılmamışdır. Belə ki, həmin cəmiyyətlər tərəfindən vergi orqanına əsas hesablama aparılan dövr üzrə ÖMV bəyannamələri (2019-cu ilin 2-ci rübü) təqdim edilməmişdir. İddiaçının hüququ olan, lakin icarə müqaviləsi ilə dövriyyənin aşağı düşməsi səbəbi ilə yenidən xronometraj keçirilməsi ilə bağlı müraciəti olmamışdır. Odur ki, son xronometraj metodu ilə müşahidənin nəticəsi vergilərin hesablanmasında əsas götürülmüşdür. Bundan başqa, məhkəmə qərarında iddiaçının mübahisələndirdiyi qərarların əvvəlki mübahisə predmeti ilə eyni olduğunu, qərarların nömrə və tarixi ilə fərqləndiyini bildirmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə vergi orqanına tədim etdiyi 2019-cu ilin aprel, may, iyun və iyul aylarının ƏDV bəyannaməsi üzrə daha sonra xx.xx.2020-ci il tarixdə dəqiqləşmiş vergi bəyannməsi təqdim edərək ödəniləcək vergi məbləğini artırmışdır. Odur ki, qərarların tək nömrə və tarixi deyil, hesablanan vergi məbləğləri də fərqli olmuş, bu da məhkəmənin işi ətraflı araşdırmadığını bir daha sübut edir. Əlavə olaraq, iş üzrə məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 9/35 saylı rəyi məhkəməyə təqdim edilmiş, lakin qərarda həmin rəyə münasibət bildirilməmiş, həmin rəyin sübut olaraq qəbul edilib-edilməməsi belə məlum deyildir. Məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə qərarında cavabdeh tərəfindən xronometraj metodu ilə müşahidənin nəticərindən istifadə edilərək hesablamaların aparılmasının qanunsuz olduğunu bildirmiş, lakin cavabdehin hansı qanunvericiliyin tələblərini pozmasını bildirməmişdir. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Vergi orqanı vergiləri qanunvericiliyin tələblərinə uyğun hesabladığı halda, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamış və qanunvericiliyin normaları düzgün tətbiq edilməmiş, nəticədə iddiaçının ƏDV üzrə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına şərait yaradılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri X6 Departamentinin xx.xx.2019-cu il tarixli **********0558 saylı “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan Aynur gözəllik salonu adlanan, ünvan 1 ünvanında yerləşən obyektdə xx.xx.2019-cu il tarixdən 15 on beş iş günündən çox olmayan müddətdə Xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2019-cu il tarixli, KY191323841 nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı (VÖEN:**********) vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyənin əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azalması, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatların olması (Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsi) məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək (yoxlanılan dövr – cari fəaliyyət) növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Yoxlamanın predmeti və hüquqi əsasları: istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə). İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020667 saylı yekun aktdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək obyektdə aparılan xronometraj müşahidəsi zamanı iş və xidmətlərin ümumi xidmət dövriyyəsi NKA-nın fiskal hesabatına əsasən 24225 manat, orta günlük xidmət dövriyyəsi isə 4037,5 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020673 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1785 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020672 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4035 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020671 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 5267 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020670 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 4710 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020669 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 6578 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi barədə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş VN-14 seriyalı 020668 saylı günlük aktdan görünür ki, iddiaçının göstərdiyi xidmətə görə həmin günlük dövriyyəsi 1850 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan İcarəyə verən İddiaçı ilə İcarəçi "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv/m olan qeyriyaşayış sahəsinin 70 kv.m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. İş materiallarında olan İcarəyə verən İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 515.9 kv.m olan qeyri-yaşayış sahəsinin 70 kv.m-ni "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixə qədər icarəyə vermişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, iddiaçı əlavə vergilərin hesablanması ilə bağlı obyektin 70 kv.m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni birgə işlədiyi şəxsin yaratdığı "xxxx" MMC-yə (VÖEN: **********) icarəyə verilməsi, həmin MMClərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə vergi orqanına müraciət etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********612500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.341,18 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.476,70 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 17.135,52 manat təşkil edir. Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar **********093200, xx.xx.2020. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********040700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019cu ilin may ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 963,29 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 19.092,59 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.129,30 manat təşkil edir. Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar **********084200, xx.xx.2020. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********975300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019cu ilin aprel ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 11.187,90 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 18.476,70 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 7.288,80 manat təşkil edir. Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar **********088000, xx.xx.2020. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********986700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2019cu ilin iyul ayı üzrə əlavə dəyər vergisi təqdim edilmiş bəyannamə, hesabat üzrə hesablanmış vergi və ya sığorta haqqı 1.079,10 manat, əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı 0.00 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.079,45 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 2.000,35 manat təşkil edir. Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar **********080400, xx.xx.2020. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə malın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı təqdim etdiyi dəqiqləşmiş vergi bəyannamələrinə əsasən qəbul edilmiş qərarlar üzrə iddia müddətini birinci instansiya məhkəməsində ötürmüşdür. Belə ki, iddiaçının dəqiqləşmiş vergi bəyannamələrinə əsasən qəbul edilmiş qərarlar (22 və 25 dekabr 2020-ci il tarixli) məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-7978/2021 saylı qərarından çox əvvəl qəbul edilmişdir. Lakin iddiaçı məhkəmədə iddiasını dəqiqləşdirərək yeni qərarların ləğvi ilə bağlı müraciət etməmişdir. Odur ki, həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Həmçinin qeyd etmək lazımdır ki, hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən xx.xx.2020-ci il tarixli **********612500, xx.xx.2020-ci il tarixli, **********040700 saylı və xx.xx.2020-ci il tarixli **********986700, **********975300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar iddiaçı tərəfindən 25 və xx.xx.2020-ci il tarixdə oxunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci və 70.2-1.3-cü maddələrinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən 1.1.4-cü maddəsinə əsasən elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Həmin Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd - elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir (xx.xx.2023-cü ilədək olan redaksiyası - 1.1.15. Elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd). Həmin Qanunun 27.3-cü maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2. elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya rəsmi qaydada nə zaman təqdim edildiyi müəyyən olunmur. Bundan başqa, sadalanan hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərdiyi qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin yoxlanması imkanı olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir. Lakin iş materiallarında olan mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7978/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1240/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-7978/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2022-ci il tarixli, 2-1(103)-1240/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar inzibati iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iddiaçı mübahisələndiridiyi mahiyyət etibarı ilə eyni olan yalnız tarix və nömrə ilə fərqlənən xx.xx.2020-ci il tarixli qərarları inzibati məhkəmə icraatında mübahisələndirilərkən cavabdeh orqan sözügedən qərarların ləğv edildiyini və dekabr 2020-ci il tarixli qərarların qüvvədə olduğunu nə iddiaçıya, nə də məhkəmələrə bildirməmiş, yalnız kassasiya şikayətində mübahisələndirilən qərarların artıq mövcud olmadığını kassasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Qeyd edilən iş üzrə elektron məhkəmə informasiya sistemi vasitəsilə cavabdehin kassasiya şikayəti ilə tanışlıq zamanı qüvvədə olan qərarlar barədə iddiaçının məlumatlı olduğu qəbul edilərsə belə nə qədər ki, inzibati iş məhkəmənin icraatında olmuş və kassasiya şikayəti ilə tanış olduqdan sonra iddiaçının həmin qərarlar barədə məhkəmə icraatının sonlanmasını gözləmək hüququ olmuşdur və bu halda kassasiya instansiyası məhkəməsinin mövqeyini müəyyən etmədən həmin qərarların ləğvi ilə bağlı məhkəmədə yeni iddia qaldırmaq imkanı da istisna olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı mübahisə predmeti olan dekabr 2020-ci il tarixli qərarları mübahisələndirməklə 30 günlük iddia müddətini ötürmüş hesab edilə bilməz. İş materiallarından göründüyü kimi, vergi ödəyicisi İddiaçı sadələşdirilmiş verginin ödəyicisi olmuş, xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs İddiaçı obyektin 70 kv.m-ni "BLB Studio” MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə vermiş və həmin MMC-lər vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınmışlar. Lakin vergi orqanın xronometraj metodu ilə müşahidə aparılması haqqında xx.xx.2019-cu il tarixli **********0558 nömrəli qərarına əsasən vergi ödəyicisinə məxsus obyektdə (ünvan-ünvan 2llik salonları tərəfindən xidmətlərin göstərilməsi) xronometraj metodu ilə müşahidə keçirilmiş və yekunu ilə bağlı xx.xx.2019-cu il tarixli akt tərtib olunmuşdur. Xronometraj metodu ilə müşahidə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aparılmış, vergi orqanı tərəfindən 04 may 2020-ci il tarixli **********088000 saylı, **********084200 saylı, **********093200 saylı, **********080400 saylı qərarlarla vergi ödəyicisinə əlavə olaraq 2019-cu ilin aprel ayı üzrə 18476,70 manat, may ayı üzrə 19092,59 manat, iyun ayı üzrə 18476,70 manat və iyul ayı üzrə 3079,45 manat ƏDV hesablanmışdır. Daha sonra həmin qərarlar ləğv edilmiş, vergi orqanı tərəfindən müvafiq olaraq xx.xx.2020-ci il tarixli **********975300 nömrəli qərara əsasən 2019-cu ilin aprel ayı üzrə 7.288,80 manat, xx.xx.2020-ci il tarixli **********040700 nömrəli qərara əsasən 2019-cu ilin may ayı üzrə 18.129,30 manat, xx.xx.2020-ci il tarixli **********612500 nömrəli qərara əsasən 2019-cu ilin iyun ayı üzrə 17.135,52 manat, xx.xx.2020-ci il tarixli **********986700 nömrəli qərara əsasən 2019-cu ilin iyul ayı üzrə 2.000,35 manat əlavə vergi məbləği (ƏDV) hesablanmışdır. İddiaçının vergi orqanına baş vermiş dəyişiklikləri, yəni xx.xx.2019-cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs İddiaçı obyektin 70 kv.m-ni "xxxx" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verməsi və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması nəzərə alınaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Bayram ərəfəsi və bayram günlərində aparılmış müşahidə nəticəsində əldə edilən məlumatlar isə satışla və ya istehsalla bağlı real mənzərini müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Belə ki, xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən belə müşahidə elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Hazırki halda iddiaçı gözəllik salonu tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olduğu üçün qadınlar tərəfindən “X4” ərəfəsində müraciətlər adi günlərə nisbətdə çox olmuşdur. İddiaçının satış dövriyyəsi digər aylarda və günlərdə tamamilə və əhəmiyyətli dərəcədə fərqli olmuşdur ki, bu da iddiaçının orta günlük satış dövriyyəsinin vergi orqanının müəyyən etdiyi kimi olmasını şübhə altına alır. Bundan başqa, vergi orqanının həyata keçirdiyi xronometraj yoxlanılmasının formulasına görə, əgər yoxlama xx.xx.2019-cu il tarixdən xx.xx.2019-dək bayram ərəfəsində yalnız İddiaçı fəaliyyəti üzrə deyil, xx.xx.2019-cu il tarixli icarə müqavilələri ilə iddiaçının işlədiyi obyekti icarəyə verməsi, həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması və vergi ödəyicisinin vergi orqanına baş vermiş dəyişiklikləri nəzərə alaraq, yenidən xronometraj metodu ilə müşahidə (XMM) aparılması barədə xx.xx.2019-cu il tarixli müraciəti nəzərə alınmaqla aparılsaydı, onda iddiaçının günlük satış dövriyyəsi həmin məbləğdən xeyli az məbləği təşkil edərdi ki, bu hal da vergi orqanı tərəfindən aparılmış hesablamaların etibarlığını, obyektivliyin və qərəzsizliyini şübhə altına alır. Göründüyü kimi, iddiaçının vergi orqanına baş vermiş dəyişiklikləri, yəni xx.xx.2019cu il tarixli icarə müqavilələrinə əsasən fiziki şəxs İddiaçı obyektin 70 kv.m-ni “BLB Studio" MMC-yə (VÖEN: **********) və digər 70 kv.m-ni "xxxx"MMC-yə (VÖEN: **********) icarəyə verməsi və həmin MMC-lərin vergi orqanında müvafiq olaraq 29-30 aprel 2019-cu il tarixdən qeydiyyata alınması nəzərə alınaraq, cavabdeh nə öz təşəbbüsü ilə yenidən xronometraj metodu ilə müşahidə aparmamış, nə də bu barədə vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli müraciətinə münasibət bildirilməmişdir. Halbuki, vergi qanunvericiliyi vergi orqanına xronometraj metodu ilə operativ vergi yoxlamasının keçirilməsi sayında və ya müddətində məhdudiyyət qoymamışdır. İddiaçının xronometraj metodu ilə yoxlama keçirilən aylardan başqa digər günlərdə və aylarda, xüsusən bayram ərəfəsindən öncə və qeyri-yaşayış sahəsi iddiaçı ilə yanaşı digər vergi ödəyiciləri tərəfindən icarəyə götürülüb, müvafiq kassa-nəzarət aparatları ilə təchiz edildikdən sonra iddiaçının orta günlük dövriyyəsi əhəmiyyətli dərəcədə dəyişmiş, dövriyyə məbləğində fərq olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, yəni satış dövriyyəsinin etalon kimi qəbul edilərək, habelə vergi ödəyicisi tərəfindən işlədiyi obyektin icarəyə verilməsi barədə və yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ərizənin verilməsinə baxmayaraq, xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə etməsi qanunsuzdur. Beləliklə, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən müvafiq qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol vermişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3582/2023 nömrəli, 15 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar