Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-304/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qulluq stajına görə hesablanmalı olan əlavə haqq nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-120/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdadiə Fondunun Səbail rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 ildən artıq dövlət qulluğu stajına malik dövlət qulluqçusu kimi güzəştli şərtlərlə əmək pensiyaçısıdır. İddiaçıya əmək pensiyası təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajı olan şəxs kimi aylıq vəzifə maaşına hesablanmalı olan 20 faiz əlavə nəzərə alınmaqla əmək pensiyası hesablanmamışdır. DSMF-nin Səbail rayon şöbəsi tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə müraciət edilmişdir. Lakin həmin şöbə tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Buna görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia məhkəmə tərəfindən təmin edilərək, hakimiyyət səlahiyyətlərinin yerinə yetirilməsinə görə 15 faiz və müavinətlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına dair qərar qəbul olunmuş və qərar müvafiq olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Göstərilən qərar icra edilməsi üçün DSMF-nin Səbail rayon şöbəsinə göndərilmiş və həmin şöbə tərəfindən əmək pensiyası yenidən hesablanmışdır. Lakin əmək penyasının yenidən hesablanması zamanı qulluq stajına görə iddiaçının əmək haqqına aylıq vəzifə maaşının 20 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla əmək pensiyası hesablanmamışdır. İddiaçı DSMF-nin Səbail rayon şöbəsinə ərizə ilə müraciət edərək, əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafıq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasının və ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin həmin şöbənin 13 may 2019-cu il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. DSMF-nin Səbail rayon şöbəsi imtinası əsassız hesab edilir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(81)- 2550/2019 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdadiə Fondunun Səbail rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmiş, sonradan isə sonuncunun əvəzinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh kimi qəbul edilmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaya dair etirazında bildirmişdir ki, iddiaçı tərəfindən DSMF-nin Səbail rayon şöbəsinə ünvanlanmış ərizədən göründüyü kimi iddiaçı eyni məzmunlu tələblə müraciət etmişdir. DSMF-nin Səbail rayon şöbəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli cavab məktubunda Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanında qeyd edilən müddəalar göstərilməklə iddiaçıya dövlət məvacibinin qulluq stajının 10 ildən yuxarı hissəsinə təsadüf etdiyi dövrün üzərinə vəzifə maaşının 20 faizi məbləğində əlavə hesablana bildiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanından DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələrin təsdiq edilməsi haqqında **********2 saylı 08 fevral 2019cu il tarixli əmri ilə təsdiq edilmiş Xüsusi şərtlərlə Təyinat İdarəsi haqqında Əsasnamənin 2.1.1 və 2.1.2-ci maddələrinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa bir növünə keçirilməsi və pensiyaların üzərinə qulluq stajına görə əlavələrin hesablanması DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin səlahiyyətlərinə daxil edilmişdir. Qeyd edilən Əsasnamədən də göründüyü kimi, iddiaçının ərizəsində göstərdiyi xüsusat DSMF-nin Səbail rayon şöbəsinin səlahiyyətlərinə daxil deyil və iddiaçı iddia ərizəsində göstərdiyi tələblə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməmişdir. Həmçinin, DSMF-nin Səbail rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 13 may 2019-cu il tarixli cavab məktubunda onun müraciətinə imtina edilməmiş, ona Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanında göstərilən müddəa izah edilmişdir. Sonda iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-120/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 07.10.2010-cu il tarixdə əlilliyə görə (2-ci qrup) əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən 10 il 03 ay dövlət qulluğu stajına malik olmuşdur. İddiaçıya pensiya təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyi “aparıcı şöbə müdiri müavini” vəzifəsində çalışdığı 5 il (60 ay) üçün təqdim etdiyi əmək haqqı barədə məlumatlar əsas götürülmüşdür. Bu dövr, 2000-2004-cü illəri əhatə edir. İddiaçı özü 2000-2004-cü illəri əhatə edən müddətdə aldığı məvacib əsasında əmək pensiyasının hesablanması istəyib. İnzibati orqan da bunun əsasında pensiya təyin edib. İddiaçının cəmi 3 ay qulluq stajına görə 20 faiz əlavə almaq hüququ olub. Həmin müddət 2000-2004-cü illərə təsadüf etmir. İddiaçının 20 faiz qulluq stajına görə əlavə almaq hüququ və ya alması başqadır, pensiya təyin edilərkən hansı dövrün əmək haqqının nəzərə alınması başqa olduğu halda, pensiya təyin edilərkən bütün dövrün əmək haqqısı diqqətə alınmalı olar ki, “Əmək pensiyaları haqqında” qanunun 20.11-ci maddəsinə zidd olar. İddiaçı məvacibə əlavələrlə, pensiyaya əlavələri qarışıdırıb. İddiaçıya pensiya təyin edilərkən özünü istədiyi dövrün orta aylıq əmək haqqısının içərisində qulluq stajına görə 5 faiz (28 ay üçün) və 10 faiz (32 ay üçün) əlavə nəzərə alınıb. Həmin 60 aylıq dövrdə (2000-2004) İddiaçının 20 faiz qulluq stajına görə əlavə almaq hüququ olmayıb və həmin dövrdə də iddiaçı 20 faiz əlavə almayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 30.04.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər 10.05.2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. İddiaçı tərəfindən DSMF-nin Bakı şəhəri Səbail rayon şöbəsinə məhz sonuncunun güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı ilə əlaqədar məsələlərə inzibati icraat qaydasında baxılması ilə bağlı müvafiq səlahiyyətlərə malik olduğu dövrdə (müraciətin tarixi: 18.04.2019-cu il) müraciət edildiyindən, sonuncunun cavab məktubu da sonradan əsl cavabdeh kimi icraata cəlb edilmiş inzibati orqanın imtina məktubu kimi qiymətləndirilmiş və bu əsasla da işə mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya dövlət qulluqçusu kimi 10 il qulluğu əsasında 584,1 manat məbləğində 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, sonradan şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamlarına müvafiq olaraq iddiaçının əmək pensiyasının məbləği artırılmışdır. İddiaçıya pensiya təyin edilərkən onun ƏƏSMN-də işlədiyi şöbə müdiri vəzifəsi əsas götürülərək vəzifə maaşı, ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavə və mükafatları nəzərə alınmaqla əmək pensiyası məbləği hesablanmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28.01.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb edir. DSMF-nin Səbail rayon şöbəsinin iddiaçıya ünvanlanmış 13 may 2019-cu il tarixli, **********5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 665 saylı, 28 yanvar 2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən dövlət qulluçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşağıdakı qaydada hər ay əlavə haqq ödənilir: 1 ildən - 5 ilədək 5 faiz; 5 ildən -10 ilədək 10 faiz; 10 ildən -15 ilədək 20 faiz; 15 ildən yuxarı 30 faiz aylıq vəzifə maaşına əlavə haqq hesablandığından pensiyası hesablanarkən nəzərə almalı dövlət məvacibinin yalnız qulluq stajınızın 10 ildən yuxarı hissəsinə təsadüf etdiyi dövrün üzərinə vəzifə maaşının 20 faizi məbləğində əlavə hesablanıla bilər. İşə baxan məhkəmə isə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləğinin Azərbaycan Respublikası Prezidentinin 28.01.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə müvafiq olaraq 10 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 20 faiz əlavənin nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını və ödənilməsini öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.1-ci və 20.1.7-ci maddələrinə görə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarının (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.11.13-cü maddəsinə görə dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərqə qədər əlavə ödənilir. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 28.01.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na əsasən 10 ildən yuxarı qulluq stajına malik olan dövlət qulluqçuları hər ay aylıq vəzifə maaşlarının 20 faizi miqdarında əlavə haqq alırlar. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə: - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Hazırkı işdə də iddiaçı işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrin nəzərə alınmasını iddia edir. İşdən göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən özünü istədiyi dövrün orta aylıq əmək haqqısının içərisində qulluq stajına görə 5 faiz (28 ay üçün) və 10 faiz (32 ay üçün) əlavə nəzərə alınıb. Həmin 60 aylıq dövrdə (2000-2004) İddiaçının 20 faiz qulluq stajına görə əlavə almaq hüququ olmayıb və həmin dövrdə də iddiaçı 20 faiz əlavə almayıb. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadığı və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun olmadığından hazırkı işdə həmin əlavələr iddiaçının pensiyasının yenidən hesablanması üçün əsas ola bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən kollegiya iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və eyni zamanda qeyd edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Ona görə də iddia tələbinin təmin edilməsinin əsasları yoxdur, rədd olunmalıdır. Bu barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-120/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 2-1(112)-120/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-304/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-304/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver