Məhkəmə qərarları › İş №2-1(103)-305/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-305/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-305/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “vergi uçotunun və vergi hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin onun iradəsinə zidd olaraq özbaşına olaraq sahibkar kimi qeydə almaqda ifadə olunan hərəkətinin qeyri-hüquqi hesab edilməsi, adına açılmış ********** saylı VÖEN ləğv edilməsi, qanunsuzluq edən vergi orqanının əməkdaşı barəsində xüsusi qərardad qəbul edilməsi və araşdırma aparılması üçün Baş Prokurorluğa göndərilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********794000 saylı Qərarının tamamilə ləğv edilməsi və həmin qərar əsasında hesablanmış verginin silinməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadlı ilə iddia tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli **********204700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və iddiaçının adına açılmış ********** nömrəli VÖEN-in ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2020-ci il tarixli 06/2659/DLİZ alqı-satqı müqaviləsinə görə satıcı X2 məxsus olmuş 1 ədəd 2013-cü il buraxılışlı, Mercedes Benz G63 markalı, mühərrik № **********4408, ban № WDCYC7CF5DX208143 olan avtomobili alıcı "xxxx" MMC-yə 153.000 manata satmışdır. Burada satıcını təmsil etmişdir. Vergini iddiaçı yox, avtomobilin mülkiyyətçisi ödəməli idi. O da, əgər gəlir əldə edibsə, satdığı maşına xərc qoymayıbsa və s. bu kimi amillər vergi hesablanmasında nəzərə alınmalıdır. X1 10.09..2019-cu ildən məxsus olub. Vergi orqanı haradan bildi ki, bu avtomobilə görə satıcının xərci olub, ya yox. Həmçinin vergi orqanı araşdırmamışdır ki, avtomobili V.V.Zeynalov neçəyə almışdı, əgər baha alıb, ucuz satıbsa deməli gəlir olmayıb. Gəlir olmayıbsa vergi hesablana bilməz. Daha sonra xx.xx.2020-ci ildə nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilə ilə 17.000 manata özünə satıcı "xxxx" MMC-dən 2012-ci il buraxılışlı “Nissan Teana” minik markalı **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb, xx.xx.2022-ci ildə isə "Avtolizinq” MMC-yə 11.115 manata satmışdır. Göründüyü kimi gəliri olmayıb. xx.xx.2020-ci ildə özünə 99GG908 dövlət qeydiyyat nişanlı "Nissan Altima" minik markalı avtomobil alıb. Sonra isə xx.xx.2020-ci ildə "xxxx" MMC-yə satıb. xx.xx.2020-ci ildə 40.000 manata X3 2018-ci il buraxılışlı BMW markalı avtomobil alıb, sonra isə xx.xx.2020-ci ildə 36720 manata satıb. xx.xx.2022-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" **********748500 nömrəli məktub göndərərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsini tələb etmişdir. Guya iddiaçı tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari (dəqiqləşdirilmiş) bəyannamə təqdim edilməyib. Buna görə də, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən barəmdə 2020-ci il üçün gəlir vergisi hesablanmışdır. Cavabdehin özbaşınalıq edərək iddiaçının iradəsinə zidd olaraq fərdi sahibkar kimi qeydiyyata almağını, satdığı nəqliyyat vasitələrinin satışından gəlir əldə edib-etmədiyini aydınlaşdırılmadığını nəzərə alaraq hesab etmişdir ki, barəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********748500 saylı qərar ləğv edilməlidir. 2020-ci ildə 1-ci iddiaçının adına olmadığı halda, 4 maşının satışında olduğuna görə barəsində vergi hesablanıb…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktları üzrə İddiaçı tərəfindən 180010,00 manat dəyərində mal və ya xidmət təqdim edildiyi lakin vergi orqanında uçota durmadığı müəyyən edilmişdir. Vergi orqanı tərəfindən ona xx.xx.2020-ci il tarixli **********821600 nömrəli “Vergi uçotuna dair ərizənin təqdim edilməsi haqqında” bildiriş göndərilsə də, vergi uçotuna dair ərizə təqdim edilməmiş, Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən satın alındıqda qaimə faktura və elektron-qaimə fakturanı müvafiq olaraq “Malların alış aktı” əvəzləyir. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş "Malların alış aktfnda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Aparılan araşdırma zamanı İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 012641 nömrəli elektron alış aktına əsasən 115600 manat dəyərində, xx.xx.2020-ci il tarixdə EAA seriyalı 028232 nömrəli elektron alış aktına əsasən 11115 manat dəyərində, "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 181972 nömrəli elektron alış aktına əsasən 36720 manat dəyərində, xx.xx.2020- ci il tarixdə EAA seriyalı 053159 nömrəli elektron alış aktına əsasən 16575 manat dəyərində avtomobil tqdim edildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 180010,00 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021 -ci il tarixli **********222400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 9000,50 manat (180010,00*5%) manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********204700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətləri qanunsuz hesab edilmiş və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilmiş və cavabdeh Bakı şəhəri X6 üzrə Baş İdarəsinin İddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********204700 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə heç bir araşdırma aparmayaraq, “Sadələşdirilmiş verginin ödəyicisi kimi uçota alınmaya dair vergi orqanının hərəkətlərini əsaslandıran qanuni müddəa yoxdur. Odur ki, həmin hərəkətlər qanunsuz hesab olunmalıdır” qeyd etməklə kifayətlənmişdir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən satın alındıqda qaimə faktura və elektron-qaiməfakturanı müvafiq olaraq “Malların alış aktı" əvəzləyir. Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Əlavə olaraq, 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Məcəlləyə "Malların alış aktı" adlı 71-2-ci maddə əlavə edilib. Məcəllənin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Aparılan araşdırma zamanı İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 012641 nömrəli elektron alış aktına əsasən 115600 manat dəyərində, xx.xx.2020-ci il tarixdə EAA seriyalı 028232 nömrəli elektron alış aktına əsasən 11115 manat dəyərində, "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixdə EAA seriyalı 181972 nömrəli elektron alış aktına əsasən 36720 manat dəyərində, xx.xx.2020-ci il tarixdə EAA seriyalı 053159 nömrəli elektron alış aktına əsasən 16575 manat dəyərində avtomobil təqdim edildiyi müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 180010,00 manat dəyərində elektron alış aktı ilə malların (iş və xidmətlərin) təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergi bəyannaməsinin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********222400 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri sənədlər təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 9000,50 manat (180010,00*5%) manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********204700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. Bundan əlavə vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə ki, sahibkarlıq fəaliyyəti qanunvericilikdə konkret olaraq aktivlərin sayına, satış həcminə və s. bu kimi xüsusiyyətlərə görə deyil, məhz bu fəaliyyət ilə məşğul olan şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməkdə əsas məqsədinin mənfəət, gəlir əldə etmək olması ilə şərtləndirilmişdir. Beləliklə, alqı-satqı yolu ilə satılmış 4 ədəd avtomobilin qazanc əldə etmək məqsədilə təqdim edilməsi vergi orqanının qərarının tamamilə vergi qanunvericiliyinə uyğun olmasını sübut edir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin uçota alınması və müvafiq hesablamanın aparılması tamamilə vergi qanunvericiliyinə uyğun olmasına baxmayaraq, məhkəmə ədalətsiz qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə və "xxxx" MMC-yə satılan avtomobillər mülkiyytçi tərəfindən iddiaçıya verilən etibarnamə əsasında və özünə məxsus mülkiyyətçisi olduğu avtomobillər olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiçının həmin avtomobillərin satışından gəlir əldə etdiyi sübuta yetirilmədiyi halda və müvafiq ərizəsi olmadan, vergi qeydiyyataına alıınaraq ona VÖEN açıldığı və 2021-ci il üçün gəlir vergisi hesağblanması vergi qanunvericiliyinə ziddir. Birincisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. İkincisi, həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir...Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən “vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər vergi orqanına sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.” Vergi qanunvericiliyinin sadalanan tələblərindən göründüyü kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatı forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən ərizəsi (kağız və elektron formatda) əsasında aparılır. Burada fiziki şəxslərin məcburi qaydada vergi orqanlarında uçota alınması qaydası nəzərdə tutulmur. Nəzərdə tutulan odur ki, fiziki şəxs vergi uçotuna durmaq üçün vergi orqanına könüllü ərizə verməlidir. Konkret halda isə iddiaçı vergi ödəyicisi kimi uçota alınması ilə bağlı vergi orqanına ərizə vermədiyi işin mübahisələndirilməyən halını təşkil edir. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən qeyd olunan qurumlara satılan avtomobilləri fiziki şəxsin ona verdiyi etibarnaməsi əsasında və öz mülkiyyətinə aid avtomobilləri isə təqdim etdiyi işin mübahisələndirilməyən halıdır. Etibarnamə əsasında satılan avtomobillərə münasbətdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinin tələbinə görə etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edənin deyil, təmsil edilənin mülki hüquq və vəzifələrini yaradır. Eyni zamanda, həmin Məcəllənin 777.1 və 782.1-ci maddələrinə əsasən tapşırıq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür və vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Mülki qanunvericiliyin qeyd olunan tələbləri onu deməyə əsas verir ki, iddiaçı etibarnamə üzrə səlahiyyətlərini yerinə yetirdiyi halda, onun 2020-ci ildə etibarnamə əsasında satdığı avtomobillərdən hər hansı gəlir əldə etməsindən söhbət gedə və bu onun sahibkarlıq fəaliyyyəti kimi qiymətləndirilə bilməz. İddiaçının özünə məxsus mülkiyytində olmuş avtomobillərə münasibətdə isə qeyd olunmalıdır ki, sözügedən alqı-saqı əməliyyatlarında onun gəlir (qazanc) əldə etdiyi cavabdeh vergi orqanı tərəfindən sübuta yetirilməli idi ki, əldə etdiyi həmin gəlirindən 2020-ci il üçün vergi hesablanması mümkün olsun. Lakin cavabdeh tərəfindən adıçəkilən nəqliyyat vasitələrinin iddiaçı tərəfindən hansı qiymətə alınıb, hansi qiymətə təqdim olunduğu və əldə etdiyi gəlirin hansı kəmiyyəti ehtiva etdiyi müəyyən olunmamışdır. Başqa sözlə, vergi orqanı olaraq cavabdehin iddiaçının sahibkarlıq fəaliyyətini sübuta yetirmədən Vergi Məcəlləsinin 33.3 və 33.5-ci maddələrinə istinadən vergi uçotuna alması və xx.xx.2022-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə ona “əlaqəli məlumatlar” adı altında ona kameral qaydada 2020-ci il üçün Məcəllənin 37.1, 37.3 və 102.1.30-cu maddələrinə istinadən 9000 manat məbəlğində gəlir vergisi hesablaması əsassızdır. Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci maddəsinə əsasən “heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin qərarı maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosesssual hüquq normalarının pozulması ilə ədalətsiz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5440/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar