Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3057/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X7 və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Əqli Mülkiyyət Agentliyinə qarşı “Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2084/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən X4 adına verilmiş BARDUCK əmtəə nişanı şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, BARDUCK söz və qrafikadan ibarət əmtəə nişanı kimi iddiaçıya məxsusdur. İddiaçı həmin adla ünvan 1 ünvanda restoran fəaliyyəti ilə məşğuldur. Ümumiyyətlə həmin obyekt BARDUCK adı altında 2017-ci ildən fəaliyyət göstərir. Bu ilin aprel ayından isə obyekti X7 işlədir. BARDUCK adlı əmtəə nişanının qeydiyyatı üçün cavabdehə müraciət edib. X7 adlı şəxs onun obyekti üçün müəyyən işlər görmüşdur. Sonradan qeyd olunan şəxs BARDUCK adını mənimsəyərək qeydiyyatı üçün cavabdeh Əqli Mülkiyyət Agentliyinə müraciət etmişdir. Agentlik isə onun adına şəhadətnamə vermişdir. Həmin şəhadətnamənin verilməsinin əsasları və şəhadətnamənin ləğvi üçün cavabdehə müraciət edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubunda ləğv məsələsinə münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə qeyd edilən tələb üzrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurası tərəfindən müvafiq qərar qəbul edilməsi üçün 3 ay müddət təyin edilmişdir. Sərəncamın icrası ilə əlaqədar Agentlik tərəfindən bildirilmişdir ki, hazırki inzibati iş üzrə iddiaçı olan İddiaçı1 “BARDUCK əmtəə nişanının X4 adına qeydiyyatının və ona verilmiş şəhadətnamənin ləğv edilməsi (etibarsız hesab edilməsi)" barədə etirazı 2021-ci il 30 avqust tarixində A157-7/21 daxilolma nömrəsi ilə Agentliyə daxil olmuşdur. Həmin etiraza Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasında baxılması üçün 2021-ci il 12 oktyabr tarixində saat 12:15-ə iclas təyin edilmiş, bu barədə tərəflərə 2021-ci il 01 sentyabr tarixli A436- 17/8 nömrəli bildiriş göndərilmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən, “bu maddənin müddəalarına əsaslanaraq istənilən şəxs dövlət rüsumu ödəmək şərti ilə, əmtəə nişanının və ya coğrafi göstəricinin qeydiyyatının və ya coğrafi göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edə bilər. Müraciətə 3 ay ərzində baxılmalıdır. Müraciət edən şəxsin, habelə qeydə alınmış nişan sahibinin Apellyasiya şurasında işə baxılmasında iştirak etmək hüququ vardır. Apellyasiya şurasının qərarından 3 ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər". Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, "mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır" Sərəncama uyğun olaraq Apellyasiya şurası tərəfindən etirazla bağlı yekun qərar qəbul edildikdən sonra, iddia tələbinə dair yazılı etiraz və Apelyasiya şurasının qərarı məhkəməyə təqdim ediləcəkdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə X5 məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 (ərizəçinin) nümayəndəsi Vəkil1 tərəfindən Apellyasiya şurasına verilmiş ərizə təmin olunmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, Apellyasiya şurası təqdim edilən sənədlərə hüquqi qiymət verərək bildirir ki, həmin sənədlər İddiaçı1 tərəfindən əmtəə nişanının ilkinlik tarixindən əvvəl (xx.xx.2021) Azərbaycan Respublikası ərazisində faktiki istifadə edilməsi hallarını sübuta yetirmir və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinadən əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli hesab edilə bilməz. Belə ki, qeyd edilən maddənin tələbinə və təqdim edilən sübutlara əsasən, nişanın digər nişanın ilkinlik tarixindən öncə istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması (tanınması) konkret faktiki istifadəni təsdiq edən və bu nəticəyə gəlməyə imkan verən etibarlı sübutlar əsasında müəyyən edilməlidir. Apellyasiya şurasının araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən “Barduck” adlı təsərrüfat subyekti (obyekti) 2017-ci ilin dekabr ayından 2021-ci ilin mart ayına qədər fiziki şəxs İddiaçı2 istifadəsində olmuşdur. Qeyd edilən hal həm ərizəçi, həm də cavabdeh tərəfindən öz təsdiqini tapmış və onlar tərəfindən mübahisələndirilməmişdir. Şura əmtəə nişanının ilkin istifadə edilməsi halının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəlki müddətlərdə istifadə edilməsi, həmin əmtəə nişanı adı altında istifadə edilən təsərrüfat subyektinin (obyektinin) hesabat sənədləri (kassa qəbzləri, qaimələr, hesab fakturalar, təhvil-təslim aktları və s), təsərrüfat subyektinin fəaliyyətinin təmin edilməsi üçün zəruri olan rəsmi və digər sənədlər (əmr, vergi hesabatı,müqavilələr və s), aparılmış bazar araşdırması, istehsalçılar və istehlakçılar arasında rəy sorğusu və s. kimi istifadə faktını təsdiq edən aidiyyəti sübutlarla müəyyən edilə bilər. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək Apellyasiya şurasının qərarında göstərilən əsaslara uyğun olaraq iddia təmin edilməməli olduğu bildirilmişdir ki, əmtəə nişanının ilkinlik tarixindən əvvəl (xx.xx.2021) Azərbaycan Respublikası ərazisində İddiaçı1 tərəfindən faktiki istifadə edilməsini sübut edən və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinə istinadən əmtəə nişanının qeydiyyatının etibarsız hesab edilməsi üçün yetərli olan sübutlar mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 və X7 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs İddiaçı2 ibirinci instansiya məhkəməsində zahat verərək bildirmişdir ki, BARDUCK əmtəə nişanını bazarda ilk dəfə o yaratmışdır və kommersiya həyatına ilk dəfə onun adı ilə başlamışdır. Həmin əmtəə nişanı ilə əlaqədar dövlət və qeyri-dövlət təşkilatları ilə müqavilələr bağlamışdır. Mübahisələndirilən əmtəə nişanı şəhadətnaməsinin ləğv edilməsi üçün xx.xx.2022-cil tarixdə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz göndərmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı2 iş üzrə birgə iddiaçı qismində nəzərə alınmasını xahiş etmişdir. İddiaçı2 ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X7) qarşı “əmtəə nişanına dair şəhadətnamənin ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməklə birgə iddiaçı qismində nəzərə alınmışdır. Hacıyev X3 Naib Ramiz oğluna məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanına qarşı etirazla Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına müraciət etmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasının xx.xx.2022-ci il tarixli qərarı ilə X5 məxsus 2021 1266 qeydiyyat nömrəli “BARDUCK” təsviri əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı2 tərəfindən Apellyasiya şurasına verilmiş ərizə təmin olunmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, əmtəə nişanı sahibkarın göstərdiyi xidmətlər üzrə öz əmtəələrinin və ya xidmətlərinin digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirilməsi və tanınması məqsədini daşıyır. Əmtəə nişanından istifadə hüququ sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. Əmtəə nişanından istifadə birbaşa olaraq sahibkarlıq fəaliyyəti ilə əlaqəli olmaqla, kommersial məqsədlər və gözləntilərə istiqamətlənir. Buna misal olaraq, bazarda istehlakçılar tərəfindən tanınma, daha böyük bazarlara çıxış əldə etmək, müəyyən istehlakçı və ya müştəri bazası formalaşdırmaq və.s-ni göstərmək olar. İşin faktiki halları və iddiaçının (ərizəçinin) nümayəndəsinin izahatı ilə müəyyən edildi ki, İddiaçı2 2021-ci ildən hal-hazırki dövrədək sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və müvafiq olaraq “Barduck” adlı əmtəə nişanından istifadə etmir. Apellyasiya şurası hesab edir ki, iddiaçının (ərizəçinin) subyektiv hüququnun mövcudluğunun əsaslarından biri əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığı və şəxsin tələbinin təmin ediləcəyi təqdirdə güddüyü məqsədlə müəyyən edilməlidir. Lakin iddiaçı (ərizəçi) əmtəə nişanının ilkin istifadəsinin ona məxsus olduğuna görə qeydiyyatın ləğvini tələb etsə də, subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. İddiaçının (ərizəçinin) hüquqi gözləntisi sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə sıx bağlıdır. Çünki, əmtəə nişanın məqsədi sahibkarlıq subyektlərinin əmtəə və ya xidmətlərinin bazarda fərqləndirilməsidir. İddiaçı (ərizəçi) hal-hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul deyil, onun yaxın gələcəkdə belə fəaliyyətlə məşğul olmasını sübuta yetirən dəlillər təqdim edilməmişdir, bu da iddiaçının (ərizəçinin) subyektiv hüququnun mövcudluğunu istisna edir. İddiaçının (ərizəçinin) nümayəndəsi qeyd etmişdir ki, İddiaçı2 və İddiaçı1 arasında “Barduck” əmtəə nişanı üzrə hüquqların ötürülməsi haqqında xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilə iddiaçının (ərizəçinin) əmtəə nişanının qeydiyyatının ləğv edilməsində subyektiv hüququnun olmasını təsdiq edir. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə yalnız qeydə alındıqdan və onlar barədə məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra müqavilə tərəfləri onun əsasında hər hansı tələblə çıxış etmək, hər hansı hərəkətin həyata keçirilməsini tələb etmək də subyektiv hüquqa malikdir. Həmçinin Qaydalarda əmtəə nişanı üzrə hüququn digər şəxslərə verilməsi barədə Müqavilənin konkret forması müəyyən edilmiş və 4 nömrəli əlavədə göstərilmişdir. Belə ki, ərizəçinin nümayəndəsi tərəfindən təqdim edilmiş müqavilə Qaydalarda nəzərdə tutulmuş formaya uyğun şəkildə tərtib edilməmiş, müqavilənin qeydə alınması barədə Qanun və Qaydaların tələblərinə riayət edilib-edilməməsi barədə sübutlar Şuraya təqdim edilməmişdir. Göstərilən hallar ərizəçinin əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığına dair subyektiv hüququnun yaranması barədə müqavilənin mötəbərliliyini istisna edir. Apellyasiya şurası qeyd edir ki, iddiaçı (ərizəçi) əmtəə nişanının mövcud qeydiyyatının onun hüquqlarını pozub-pozmadığını, hüquqlarının həyata keçirilməsini hansı şəkildə məhdudlaşdırdığını, şəxsin tələbinin təmin ediləcəyi təqdirdə güddüyü məqsədi, tələb və etirazının inandırıcı olduğunu əsaslandıran dəlilləri Şuraya təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan üçüncü şəxs X7 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh inzibati qurum sözügedən əmtəə nişanının üçüncü şəxsə verilməsinin qanuni və hüquqi əsaslarını məhkəmədə sübut etdi. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi vergi ödəyicisi kimi BARDUCK adı ilə qeydiyyatlar əmtəə nişanının onlara məxsusluğunun təsdiqi hesab edilə bilməz. Çünki birinci adından da göründüyü kimi vergi ödəyicisinin qeydiyyatı, ikincisi isə qeydə alınmış əmtəə nişanıdır. Sözügedən əmtəə nişanı üçüncü şəxsin sifarişi ilə qrafik dizayner tərəfindən hazırlanmış və üçüncü şəxsə email vasitəsilə göndərilmişdir. Əmtəə nişanın təsvirinin hazırlanma tarixi isə ümumiyyətlə iddiaçının iddia etdiyi tarixdən illər əvvəl olmuşdur. Qərarın qanunsuz və əsassız olmasına dair digər hüquqi və faktiki əsaslarını apellyasiya şikayətinə əlavə ilə məhkəməyə göndərəcəklər. Üçüncü şəxsin apellyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Sonradan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qərarını əsassız və qeyri-qanuni hesab edirlər. Ona görə ki, qeyd olunan hal üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Qərarda hüquqların, o cümlədən "ilkin istifadə hüququnun" ötürülməsinə əsas və onu təsdiq edən sübut kimi 2021-ci il 31 mart tarixli müqavilə və həmin müqaviləyə 2022-ci il 07 iyun tarixli əlavə göstərilmişdir. Əvvəla qeyd etmək istəyirlər ki, əmtəə nişanına dair hüquqların ötürülməsi Qanunla tənzimlənir. Qanunun 28-ci maddəsinə əsasən “əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə Agentlikdə qeydə alınmalıdır. Bu barədə məlumatlar Agentliyin “Sənaye Mülkiyyəti” rəsmi bülletenində “dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Hüquqi hərəkətlərin yerinə yetirilməsi üçün qanunvericiliklə bu cür normanın müəyyən edilməsi ilə belə qaydanın tətbiqi mülki dövriyyə iştirakçılarında stabilliyin və hüquqi müəyyənliyin formalaşması üçün mühüm vasitədir. Həmin müqavilələrdən görünür ki, müqavilələr birgə iddiaçıların öz aralarında imzalanmışdır. Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış, rəsmi bülletendə dərc olunmamışdır. Buna görə də, müqavilə qanunvericiliyin tələblərinə əməl olunmadan bağlanılmışdır. İddiaçı2 3-cü şəxs qismində cəlb edildiyi məhkəmə iclasında müqavilənin imzalanması ilə bağlı ona suallar ünvanlanmış, sualları cavablandırarkən İddiaçı2 bildirmişdir ki, “BARDUCK” adlı kafe, restoranı alan İddiaçı1 tərəfindən 2021-ci il 31 mart tarixində bir çox sənədlər ona imzalatdırılmışdır. Həmin müqavilə də onlardan biridir və müqavilənin məzmunu, yarada biləcəyi hüquqi nəticələri barədə dəqiq məlumata malik deyil. Bütün bunlar isə, 2021-ci il 31 mart tarixli müqavilənin mötəbərliyini şübhə altına alır. Qanuna əsasən, hüquqların ötürülməsinə dair müqavilə qeydiyyata alınmış əmtəə nişanları barədə, həmçinin əmtəə nişanının qeydə alınması üçün təqdim olunan iddia sənədinə aid edilə bilər. Çünki əmtəə nişanına dair hüquqlar (ilkin istifadə hüququ istisna olmaqla) nişan qeydiyyata alındıqdan sonra yaranır. Belə müqavilənin predmeti əmtəə nişanının qeydə alınması üçün təqdim edilmiş iddia sənədi olduqda isə həmin iddia sənədi üzrə şəxsin iddiaçı kimi malik olduğu hüquqlar ötürülür. Əmtəə nişanının qeydiyyata alınmasına dair qərar isə ekspertizanın nəticəsindən asılı olur. Ona görə də, İddiaçı2 həmin müqaviləni imzalayarkən “Barduck" adlı əmtəə nişanına dair hüquqları olmadığından o, hüquqların ötürülməsinə dair müqavilə bağlaya bilməzdi. Məhkəmə iddia tələbinin əsasını təşkil edən faktları tam, hərtərəfli araşdırmamışdır. Təqdim edilən müqavilə mötəbər hesab edilə bilməz. Ona görə ki, müqavilə mövcud olmayan (qeydiyyata alınmayan) əmtəə nişanına dair hüquqların ötürülməsi barədədir. Qeydiyyata alınmayan əmtəə nişanına dair hüquqların necə yarana bilər? Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, müqavilənin bağlanması forması və qaydası Qanunla dəqiq müəyyən olunmuş, həmin növ münasibətlərdə belə müqavilələrin predmetinin (yəni, qeydiyyata alınmış əmtəə nişanı və ya əmtəə nişanına dair iddia sənədi) nə olacağı dəqiq göstərilmişdir. Tərəflərindən bu xüsusatlar, müqavilənin mötəbərliyini mübahisələndirilən faktlar və normalar məhkəmədə bildirilsə də, məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə tərəfindən əhəmiyyətsiz əqd mötəbər sübut kimi qiymətləndirilmişdir. Qanunvericilikdə bu kimi məsələləri tənzimləyən normaların mövcudluğu mülki dövriyyənin sabitliyinin təmin edilməsi, üçüncü şəxslərin hüquq, azadlıqlarının və qanuni mənafelərinin təmin edilməsidir. Qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, mötəbər olmayan və həqiqiliyi şübhə doğuran müqavilə əsas götürülərək üçüncü şəxsin hüquqları və qanuni mənafeləri nəzərə alınmayaraq maddi hüquqlarının pozuntusuna yol verməklə qərar qəbul edilmişdir. Qərardan da göründüyü kimi, "xxxx" MMC tərəfindən aparılmış “Barduck” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair rəy sorğusunun nəticələri” məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş və qeyd edilmişdir ki, “proses iştirakçıları qeyd edilən rəy sorğusunun həqiqiliyini, etibarlılığını hər hansı şəkildə mübahisələndirməmişlər”. Qeyd olunan məhkəmənin bu fikri ilə razılaşmayaraq bildirilir ki, məhkəmə iclasında buna dair etirazlarını bildirmişlər. Belə ki, rəy sorğusunun aparılması üsulu, sorğunun aparıldığı şəxslərin dairəsi, sorğunu keçirən təşkilat və digər bu kimi hallar nəzərə alınaraq rəy sorğusunun nəticələri ümumiləşdirilməli və dəlilə hüquqi qiymət verilməli idi. Məhkəmə isə bunları nəzərə almamışdır. Məhkəmənin maddi və prosessual hüquq normalarını bu şəkildə tətbiq etməsi gələcəkdə mülki dövriyyə iştirakçıları arasında olan münasibətlərdə stabilliyin pozulması və hüquqi inamın zəifləməsi ilə nəticələnə bilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxs X7 və nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən X4 adına verilmiş BARDUCK əmtəə nişanı şəhadətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və məhkəmə tərəfindən aşağıdakılar müəyyən edilmişdir. İddiaçı1 xx.xx.2021-ci il tarixdə (iddia sənədinin nömrəsi 2021 01410 və 2021 01411) sözdən ibarət “Barduck” və “Barduck” təsviri əmtəə nişanının 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Patent və Əmtəə Nişanlarının ekspertizası Mərkəzi”nə müraciət etmişdir. Barduck təsviri əmtəə nişanı 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə X4 adına 2021 1266 nömrə ilə qeydiyyata alınmışdır (iddia sənədinin nömrəsi 2021 01285; ilkinlik tarixi: xx.xx.2021). 37. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 120 kv.m. olan hissə İddiaçı2 tərəfindən icarəyə götürülmüşdür. Bakı şəhəri X8 Departamenti tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən Barduck kafe təsərrüfat subyekti kimi xx.xx.2018-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Müxtəlif qurumlar tərəfindən İddiaçı2 ünvanlanmış məktublara, bağlanmış müqavilələrə və digər sənədlərə əsasən müəyyən olunmuşdur ki, qeyd edilən ünvanda (ünvan 4toran ən geci 2018-ci ildə fəaliyyət göstərmişdir: -Bakı şəhər Reklam İdarəsinə fasad reklamları üçün ödəniş (icazə sənədinin nömrəsi İ**********01); -X1 tərəfindən verilmiş qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış; - Fövqəladə Hallar Nazirliyi X9 Xidməti tərəfindən göndərilmiş məktub; siqnalizasiya sisteminin köməyi ilə müşahidə olunan obyektdə edilən cinayət qəsdlərinin qarşısının alınması haqqında müqavilə; - Alqı-satqı və təchizat müqavilələri və s. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 185 kv.m. olan hissə İddiaçı1 tərəfindən icarəyə götürülmüşdür. Hüquqların ötürülməsi haqqında İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanda istifadə olunan və İddiaçı2 məxsus “Barduck” təsviri əmtəə nişanına hüquqlar əvəzsiz olaraq İddiaçı1 ötürülmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən müqavilə üzrə əmtəə nişanından istifadə hüququ və ondan irəli gələn bütün hüquqlar da Hüquqları alana (İddiaçı1) ötürülmüşdür. “Barduck” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsinə dair "xxxx" MMC tərəfindən aparılmış rəy sorğusunun nəticələrinə əsasən, respondentlər “Barduck” restoranı haqqında təxminən 2018-ci ildən məlumat alıblar. Qeyd edilən rəyə əsasən, sorğu ünvan 6 ünvanda yerləşən “BARDUCK” restoran əmtəə nişanının tanınma səviyyəsinin öyrənilməsi və müştəri məmnuniyyətinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Sorğu 15-31 yanvar 2022-ci tarix aralığında aparılıb. Sorğu tərəflərin birgə razılaşdırıldığı suallar əsasında aparılıb. Sorğuda 713 respondent iştirak edib. Sorğu canlı müsahibə və sosial medianın üzərindən anonim şəkildə aparılıb. Sorğuda iştirak edənlərin 303 nəfəri və ya 42% kişi, 410 nəfər və ya 58% qadın olub. Sorğuda iştirak edən respondentlərin 92 nəfəri (və ya 12,9%) 18-25 yaş qrupuna, 440 nəfər (və ya 61,7%) 26-35 yaş qrupuna, 156 nəfər (və ya 21,9%) 36-45 yaş qrupuna, 25 nəfər (və ya 3,5%) 46+ yaş qrupuna aiddir. Sorğuda iştirak edən respondentlərin 601 nəfəri (və ya 84,3%) “BARDUCK” restoran haqqında “Sosial media”dan, 105 nəfəri (və ya 14,7%) “Dostlar və tanışlar”dan eşitdiyini bildirib. Sorğuya cəlb olunan respondentlərin 30 nəfəri (və ya 4,2%) “BARDUCK” restoran haqqında 2017-ci ildən məlumatlı olduğunu bildirib. 515 nəfər (və ya 72,2%) restoranı 2018-ci ildən tanıdığını bildirib. Daha 83 respondent (və ya 11,6%) “BARDUCK” restoranını 2019-cu ildən, 51 respondent (və ya 7,2%) 2020-ci ildən, 34 respondent (və ya 4,8%) 2021-ci ildən tanıdığını bildirib. Sorğuda iştirak edən respondentlərin 21 nəfəri (və ya 2,9%) “BARDUCK” restoranına 2017-ci ildən ziyarət etdiyini bildirib. 332 nəfərin (və ya 46,6%) restorana 2018ci ildən, 144 nəfərin (və ya 20,2%) restorana 2019-cu ildən, 118 nəfərin (və ya 16,5%) restorana 2020-ci ildən, 98 nəfərin (və ya 13,7%) 2021-ci ildən ziyarət etdiyini bildirib. Sorğuda iştirak edən respondentlərin 114 nəfəri (və ya 16%) həftədə 1 dəfə, 63 nəfəri (və ya 8,8%) həftədə bir neçə dəfə, 355 nəfəri (və ya 49,8%) ayda 1 dəfə, 109 nəfəri (və ya 15,9%) ayda iki dəfə, 72 nəfəri (və ya 10,1 faizi) çox nadir hallarda “BARDUCK” restoranını ziyarət etdiyini bildirib. Respondentlərin 96 nəfərini (və ya 10,1%) “BARDUCK” restorana “publika”, 439 nəfəri (və ya 45,3%) “aura”, 103 nəfərini (və ya 10,8%) “fərqlilik”, 295 nəfəri (və ya 31,0%) “xidmətin keyfiyyəti”, 27 nəfəri isə (və ya 2,8%) digər amillər cəlb edir. Sorğuda iştirak edən respondentlərin 428 nəfəri (və ya 60%) “BARDUCK” restoranın xidmət keyfiyyətini “əla”, 283 nəfər (və ya 39,7%) “yaxşı” hesab edir. Bu da müştəri məmnuniyyətinin 99%-dən çox olduğunu göstərir. Məhkəmə qeyd etmişdir ki, proses iştirakçıları qeyd edilən rəy sorğusunun həqiqiliyini, etibarlılığını hər hansı şəkildə mübahisələndirməmişlər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin birinci hissəsinin “ç” bəndinin ikinci abzasına əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən əmtəə nişanı məhz (Bakı şəhəri, Nizami küçəsi 96 (ikinci ünvan Xaqani küç., 103) ünvanında 2017-2018ci illərdə ilkin olaraq İddiaçı2 tərəfindən istifadə edilmişdir. Qeyd edilən hal işin mübahisəsiz halıdır və iş materiallarında olan sənədlərlə sübut olunur. Mübahisəli məqam nişanın tərtibatı (müəllifliyi) və bundan doğan hüquqların həyata keçirilməsi ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, əmtəə nişanının müəllifi və onun sahibi eyni və ya fərqli şəxslərin ola bilməsi (məsələn, ikinci halda işçi və ya müvafiq sifariş əsasında nişanın tərtibatı) mümkündür. Əmtəə nişanın sahibliyinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən məsələ onun məhz istifadə olunmasıdır. Qanunun norması qeyd edilən halda məhz həmin nişanın istifadəsi ilə və istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olması ilə şərtləşdirilmişdir. Məhkəmə müəyyən etmişdir ki, 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə X4 adına 2021 1266 nömrə ilə qeydiyyata alınmış Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) Azərbaycan Respublikasında eyni xidmətlər (kafe və restoran fəaliyyəti) üzrə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunmuşdur. Həmin nişan istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə (müvafiq rəy sorğusuna əsasən) malik olmuşdur. İşin hallarına əsasən müəyyən olunmuşdur ki, Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) 2017-ci ildən Bakı şəhəri, Nizami küçəsi 96 (ikinci ünvan Xaqani küç., 103) obyektdə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunması zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5 məlum idi. Birgə iddiaçılar arasında əmtəə nişanına dair hüquqların, eləcə də ilkin istifadə hüquqlarının ötürülməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən, əmtəə nişanının sahibi əmtəə nişanından istifadə hüququnu lisenziya müqaviləsi, əmtəə nişanına dair hüququ isə müqavilə əsasında həmin nişanın aid edildiyi əmtəələrin və xidmətlərin hamısı və ya bir hissəsi barədə başqa şəxsə verilə bilər. Əmtəə nişanından istifadə hüququnun verilməsi barədə lisenziya müqaviləsi haqq, əmtəə nişanın verilməsinə dair müqavilə isə dövlət rüsumu ödənilmək şərti ilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurumda qeydə alınır və onların barəsində məlumatlar rəsmi bülletendə dərc olunduqdan sonra başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunur. Əmtəə nişanının mövcudluğu və istifadəsi onun mütləq şəkildə qeydiyyatı ilə şərtlənmir. Qanunun normasına əsasən, əmtəə nişanın verilməsinə dair müqavilənin qeydiyyatı və onların barəsində məlumatlar rəsmi bülletendə dərci verilmənin legitimliyinin (etibarlılığının) tanınması üçün deyil, başqa şəxslərin hüquqa zidd hərəkətlərinə tətbiq olunması məqsədi ilə həyata keçirilir. Digər tərəfdən əmtəə nişanına dair ilkin istifadə hüquqları özlüyündə əmtəə nişanının qeydiyyatından öncəki hüquqları nəzərdə tutur və həmin hüquqların ötürülməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət və istifadə mövcud deyildir. Əksinə, məhz əmtəə nişanından ilkin istifadə faktına əsaslanmaqla qanunverici əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmasının mümkünsüzlüyünü və həmin hal olduğu təqdirdə qeydiyyatın etibarsız hesab edilməsini nəzərdə tutmuşdur. Hazırkı işdə həm əmtəə nişanını ilkin olaraq istifadə edən İddiaçı2, həm də hüquqları alan İddiaçı1 müştərək hüquqi maraqları olduğundan birgə iddiaçı qismində çıxış edirlər və hər ikisinin ayrılıqda müraciəti cavabdeh qurum tərəfindən araşdırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi həmin Qanun 31-ci maddəsində nəzərdə tutulmuşdur. Belə ki, həmin normaya əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum (Əqli Mülkiyyət Agentliyi) aşağıdakı hallarda əmtəə nişanı və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; İş materialları ilə müəyyən olunur ki, Barduck təsviri əmtəə nişanı 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə X4 adına 2021 1266 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 120 kv.m. olan hissə İddiaçı2 tərəfindən icarəyə götürülmüşdür. Qeyd edilən ünvanda Barduck adı altında restoran ən geci 2018-ci ildə fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 185 kv.m. olan hissə İddiaçı1 tərəfindən icarəyə götürülmüşdür. Hüquqların ötürülməsi haqqında İddiaçı2 ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanda istifadə olunan və İddiaçı2 məxsus “Barduck” təsviri əmtəə nişanına hüquqlar əvəzsiz olaraq İddiaçı1 ötürülmüşdür. Həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavəyə əsasən müqavilə üzrə əmtəə nişanından istifadə hüququ və ondan irəli gələn bütün hüquqlar da Hüquqları alana (İddiaçı1) ötürülmüşdür. İş materiallarından göründüyü kimi mübahisələndirilən əmtəə nişanı məhz (Bakı şəhəri, Nizami küçəsi 96 (ikinci ünvan Xaqani küç., 103) ünvanında 2017-2018-ci illərdə ilkin olaraq İddiaçı2 tərəfindən istifadə edilmişdir. 43-cü sinfin kafe və restoran fəaliyyəti xidmətləri üzrə X4 adına 2021 1266 nömrə ilə qeydiyyata alınmış Barduck təsviri əmtəə nişanının ilkinlik tarixindən əvvəl (ilkinlik tarixi: xx.xx.2021) Azərbaycan Respublikasında eyni xidmətlər (kafe və restoran fəaliyyəti) üzrə başqa şəxs (İddiaçı2) tərəfindən istifadə olunmuşdur. Həmin nişan istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə (müvafiq rəy sorğusuna əsasən) malik olmuşdur. Həmçinin qeyd olunan hal birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsindən də müəyyən olunur. Belə ki, şahid ifadəsindən görünür ki, 2016-cı il tarixdən həmin ünvan 3 ünvanında yerləşən obyekti tapıblar, 2017-ci ilin sonuna kimi təmir işləri davam edib. O, investor olub, Rövşənlə razılığa gəliblər ki, obyekti Rövşən idarə edəcək. Əhmədov Naib isə orada sadəcə işçi idi, həm qonaqları qarşılayırdı, həm də barmen kimi işləyirdi. Naib şəxsiyyət vəsiqəsini təqdim etmədiyinə görə işçi kimi qeydiyyata alına bilmədi. 2021-ci ildə yoxlama olduğundan o (Naib) kənarlaşdırıldı. 2021-ci ilin aprel ayında obyekt İddiaçı1 adına rəsmiləşdi. Barduck əmtəə nişanının dizaynı İddiaçı2 tapşırığı ilə hazırlanıb, sadəcə ideya ona (şahidə) məxsusdur. Həmin adı o xaricdə görüb bəyənib. Onlar razılaşmışdılar ki, Rövşən obyekti Barduck əmtəə nişanı altında istifadə edəcək. Həmin loqo 2017-ci ilin yayından mövcuddur və Rövşənə məxsusdur. “Haqsız rəqabət haqqında” Qanunun 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olduğundan, iddiaçılar əmtəə nişanının üçüncü şəxs X4 adına qeydiyyatını mübahisələndirməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və üçüncü şəxsin apelyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3057/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3057/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver