Məhkəmə qərarları › İş №2-1(103)-3105/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3105/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3105/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: siyahıya alınmış əmlakın satılması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024cü il tarixli, e-2-1(112)-5609/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 48992,91 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 70000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vastəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün cavabdehə bildiriş verilmiş, lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə yaranan 48992,91 manat məbləğində borcuna görə 70000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********0 saylı Protokol tərtib edilmiş, siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğlərindən dövlət büdcəsinə 48992,91 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-1(112)-5609/2024 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün cavabdehə bildiriş verilmiş, lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə yaranan 48992.91 manat məbləğində borcuna görə 70000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********0 saylı Protokol tərtib edilmiş, siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli Protokola 14 saylı əlavədən görünür ki, Cavabdeh MMC-yə məxsus dəyəri 70000 manat olan, 1 ədəd “Volvo FH4x2T” yük markalı 2015-ci il tarixli, **-JA-*** nömrəli nəqliyyat vasitəsi siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən istinad etdiyi yeganə sübutetmə vasitəsi Cavabdeh MMC-nin mülkiyyətində olan avtonəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə göndərilmiş sorğuya verilmiş cavab məktubu olmuşdur. Belə ki, BDYPİ-nin xx.xx.2024-cü il tarixli həmin cavab məktubu ilə cavabdehin adında qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasında mövcud olan məlumatların komputer çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışda Cavabdeh MMC-nin mülkiyyətində “Volvo FH4x2T” yük markalı 2015-ci il tarixli, **-JA-*** nömrəli nəqliyyat vasitəsi aşkar edilməmişdir. İstinad olunan məktubla sadəcə xx.xx.2024-cü il tarixə siyahıya alınmış nəqliyyat vasitəsinin vergi ödəyicisinin mülkiyyətində olmaması müddəti, özgəninkiləşdirilməsi barədə məlumat verilməmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. İş materiallarından görünür ki, - AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegi Xidmətinin rəsmi internet saytından əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC (VÖEN **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi X1r. - Vergi borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, **********4 saylı bildirişdən görünür ki, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan ümumilikdə 45844,32 manat məbləğində borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-nin əmlakının siyahıya alınması barədə xx.xx.2023-ci il tarixli, **********0 saylı qərar qəbul edilmişdir. - “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli, **********0 saylı protokoldan görünür ki, Cavabdeh MMC-nin əmlakının siyahıya alınmasına dair xx.xx.2023-ci il tarixli Qərara əsasən X3 və X2 ibarət müşahidəçilərin iştirakı ilə (hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan) Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakların siyahıya alınması həyata keçirilmişdir. Vergi ödəyicisinin nümayəndəsi əmlakın siyahıya alınmasında iştirak etməmişdir. - Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli Protokola 14 saylı əlavədən görünür ki, Cavabdeh MMC-yə məxsus dəyəri 70000 manat olan, 1 ədəd “Volvo FH4×2T” yük markalı 2015-ci il tarixli, **-JA-*** nömrə nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır. - BDYPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən cavabdehin adında qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində “Volvo FH4×2T” yük markalı 2015-ci il tarixli, **-JA-*** nömrə nişanlı nəqliyyat vasitəsi aşkar edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

9. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

11. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi orqanı tərəfindən cavabdehin xx.xx.2023-ci il tarixə yaranan dövlət büdcəsinə ödənilməmiş 48992,91 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin mülkiyyətində olduğunu hesab etdiyi “Volvo FH4×2T” yük markalı 2015-ci il tarixli, **-JA-*** nömrə nişanlı 70000 manat dəyərində avtonəqliyyat vasitəsi siyahıya alınmış və cavabdeh tərəfindən borc ödənilmədiyindən vergi orqanı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarından göründüyü kimi, səlahiyyətli qurumdan alınmış məlumata əsasən Cavabdeh MMC-nin mülkiyyətində sözügedən avtonəqliyyat vasitəsi aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmadığına və iddiaçı tərəfindən də bu halın əksini sübut edən hər hansı dəlil təqdim edilmədiyinə görə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.

12. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən, Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

14. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. - 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. - 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.

15. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər.

16. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər.

17. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.

18. - 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.

19. - 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.

20. Qanunvericiyin əlaqədar normalarının tələblərindən göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı vergi ödəyicisinə məxsus əmlakın siyahıya alınmasını həyata keçirməyə haqlıdır. Hazırkı halda isə iddiaçı vergi orqanı tərəfindən siyahıya alınmış əmlak cavabdehin mülkiyyətində olmadığına görə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

22. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

23. Beləliklə, məhkəmə kollegiyası iddiaçı apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

24. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2-1(112)-5609/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar