Məhkəmə qərarları › İş №2-1(103)-311/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-311/2022

21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-311/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3321/2021 saylı iş üzrə qəbul etdiyi 10 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3321/2021 saylı iş üzrə qəbul etdiyi 10 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xidməti yerdəyişməyə görə yol xərci müavinətinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 09.02.2018-ci il tarixdə artıq hərbi xidmətdə olmaqla hərbi qulluqçu statusunu əldə etmişdir. Həmin tarixdən 28.04.2018-ci il tarixədək də xidmətini Bakı Beynəlxaq Aeroportunda yerləşən Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətində davam etdirmişdir. Həmin müddət ərzində onun daimi yaşayış yeri və xidmət etdiyi hərbi hissənin dislokasiya yeri Bakı şəhəri olmuşdur. 28.04.2018-ci il tarixdə isə onun “Biləsuvar” X2 “Zabit nəzarətçi” vəzifəsinə təyin edilməyilə həm xidmət yeri həm də daimi yaşayış yeri Bakı şəhərindən Biləsuvar rayonuna dəyişmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, İddiaçı 9 fevral 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmətə qəbul olunaraq Sərhəd Nəzarətində təşkil olunmuş «Nəzarətçi heyətinin hazırlığı» kursuna cəlb edilmişdir. «Nəzarətçi heyətinin hazırlığı» kursunu bitirdikdən sonra 3 may 2018-ci il tarixdə «Biləsuvar» X1, sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur. 18 avqust 2018-ci il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir. Baş leytenant İddiaçı 1 noyabr 2019-cu il tarixdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. İddiaçı müxtəlif tarixli müraciətlərlə cavabdeh orqana yerdəyişmə müavinətinin ödənilməsilə bağlı müraciət etmiş, inzibati orqan tərəfindən imtina cavabı verilərək bildirilmişdir ki, "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən hərbi qulluqçuların vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişilməsi ilə əlaqədar xidməti yerləri dəyişildikdə (faktiki olaraq hərbi hissənin və ya bölmənin daimi yaşayış məntəqəsindən başqasına keçməklə) xidməti yerdəyişməyə görə yol xərci müavinəti ödənilir. Siz xidmət etdiyiniz dövr ərzində yalnız “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində xidmət etmiş və xidməti yerdəyişmə etmədiyinizdən heç bir ödəniş olunmamışdır. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı yerdəyişmə müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. AR İPM-nin 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» AR Qanununun 3-cü maddəsinə görə Silahlı Qüvvələr Azərbaycan Respublikasının silahlı müdafiəsi, təcavüzün dəf edilməsi, Azərbaycan Respublikasının Hərbi doktrinasında nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması, habelə Azərbaycan Respublikasının təhlükəsizliyinin və milli maraqlarının təmin edilməsi, konstitusiya quruluşunun, suverenliyinin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, dövlət sərhədinin mühafizəsi, səfərbərlik və hərbi xidmətə çağırış, mülki müdafiənin təşkili, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, məhkumların və həbsdə saxlanılan şəxslərin müşayiəti və mühafizəsi üzrə xüsusi vəzifələrin yerinə yetirilməsi üçün dövlət tərəfindən yaradılır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 20-ci maddəsinin birinci hissəsinə görə hərbi qulluqçulara və onların ailə üzvlərinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada pul müavinətləri ödənilə bilər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 1.1-ci maddəsinə görə hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən ... xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri. Qərarın 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. İddiaçı apelyasiya şikayətində 28.04.2018-ci il tarixdə isə onun xidmət yeri Bakıdan Biləsuvara dəyişdiyi üçün ona yerdəyişmə müavinətinin ödənilməli olmasını qeyd etmişdir. İş materiallarından görünür ki, İddiaçı 9 fevral 2018-ci il tarixdə AR Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətə qəbul olunaraq, 16.02.2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti rəsinin 09.02.2018-ci il tarixli, 167 ş/h nörməli əmri əsasında Xidmətin Sərhəd Nəzarətində təşkil olunmuş müvafiq kursa cəlb edilmiş və 3 may 2018-ci il tarixdə “Biləsuvar” X1 sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının həmin kusu başa vurduqdan sonra “Biləsuvar” X1 zabit nəzarətçi vəzifəsinə təyin olunması xidməti yerdəyişməsi deyil, ilkin təyinatı olmuşdur. Odur ki, İddiaçı cavabdeh inzibati orqandan ilkin təyinatı ilə əlaqədar “xidməti yerdəyişmə üzrə yol xərcinin ödənilməsi” barədə tələbi əsassız olduğundan, cavabdehin imtinası qanuni olmuşdur. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3321/2021 saylı iş üzrə qəbul etdiyi 10 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar