Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3119/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X4 ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Kərimov Timur oğlunun iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti və Bakı Avrasiya Universiteti) “təhsilin davam etdirilməsinin təmin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyət göstərilməsinə görə verilmiş lisenziya müddətinin bitdiyinə görə natamam qalmış təhsilini davam etdirməyinin təmin edilməsi üçün hal-hazırda fəaliyyət göstərən müvafiq ali təhsil müəssisəsinə tapşırıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu təqdirdə, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələr sırasına daxil olunması barədə əmr verilə bilərdi. Digər tərəfdən iddiaçının köçürülməsi barədə ABU-nun əmrində xx.xx.1996-cı il tarixli, 402 saylı Əsasnaməyə istinad edilməsi, onun köçürülməsinə nazirlik tərəfindən razılığın verilməsini təsdiq etmir. İddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2010-cu il tarixli arayışdan məlum olur ki, o artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. İddiaçı ali təhsil müəssisəsini 2010-cu ildə bitirdiyi halda, yenidən təhsilinin davam etdirilməsi barədə iddia qaldırması məntiqsizdir. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə TN-yi tərəfindən təhsillini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısının tərtib edildiyi, lakin həmin siyahıda iddiaçının adının aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinin müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti qərarın ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri, Yasdamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 mart 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasında 19 mart 2011-ci il tarixldə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. - Köçürülmə Komissiyası tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin rektoruna ünvanlanmış təqdimatın surətindən görünür ki, Moskva filialının «tərcüməçilik» (ingilis dili) ixtisası üzrə qiyabi şöbəsinin İİ kurs tələbəsi X3 Azərbaycan Beynəlxalq Universitetinin «ingilis dili» fakultəsinin əyani şöbəsinin İİ kursuna köçürülməsi ilə əlaqədar müraciət etmişdir.Aşağıdakı fərq imtahanlarını – Azərbaycan tarixi, Müasir Azərbaycan dili, Praktik fonetika vermək şərti ilə X1 «ingilis dili» fakultəsinin əyani şöbəsinin İİ kursuna köçürülməsinə sərəncam verilməsi xahiş edilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakultəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. Əsas: ərizəsi, qiymət kitabçasından çıxarışı, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli, 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və köçürülmə haqqında komissiyanın protokolu. - Azərbaycan Beynəlxalq Universitetinin 3/615-1 №-li, xx.xx.2008-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 İİ (ikinci) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İİİ (üçüncü) kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin 3/09-362 №-li, xx.xx.2009-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, xarici dil (ingilis dili) fakültəsinin əyani şöbə üzrə İİİ (üçüncü) kurs tələbəsi X3 İİİ (üçüncü) kursun tədris yükünü tam yerinə yetirdiyinə görə İV (dördüncü) kursa keçirilmişdir. - Azərbaycan Beynəlxalq Universitetinin məzun tələbənin tədris planını icra etməsi haqqında fakültə dekanlığının xx.xx.2010-cu il tarixli arayışından görünür ki, məzun tələbə X3 2006-cı ildən 2010-cu ilə qədər Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində təhsil almışdır. Universitetdə oxuduğu müddətdə HS 020400 filologiya (ingilis dili) ixtisası üzrə Azərbaycan Təhsil Nazirliyinin bakalavr pilləsi üçün təstiq etdiyi tədris planını tam yerinə yetirmiş, göstərilən nəzəri fənlər, praktik və laborator işlər və istehsalat təcrübələri üzrə qiymətləri almışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan B8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edirlər. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan R12979/11-24 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmişdir. Həmin siyahıda onun adının aşkar edilməmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə” xx.xx.2010-cu il tarixli, 1200 nömrəli əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 17 oktyabr 1997-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.97-ci il tarixli, xx-xx-4058/16 №-li qərarı ilə ilk dəfə lisenziyalaşdırılmış Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə sonradan 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya verilmişdir. Cari ilin iyul ayının 8-də müddəti bitdiyi üçün ABU-nin fəaliyyətinə verilən lisenziyanın müddətinin uzadılması məsələsini, eləcə də bu ail məktəbdə tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə Ekspert Qrupu yaradılmışdır. Ekspert qrupu araşdırmanı Universitetin maddi-texniki bazası ilə tanış olmaqla, Universitet rəhbərliyinin və Təhsil Nazirliynin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə həyata keçirilmişdir. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunmuşdur. Müzakirə zamanı 2005-ci illə müqayisədə ABU-nun maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlərin görüldüyü bildirilsə də, tədris prosessinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmadığı, hətta daha ciddi pozuntulara yol verildiyi qeyd olunmuşdur. Belə ki, universitetin ali kollegial idarətetmə orqanı olan Elmi Şuranın istiqamətverici və səfərbəredici imkanlarından istifadə edilmədiyi, Şuranın işinin planlaşdırılması, iclasların təşkili, müzakirələrin keçirilməsi formal, qəbul edilən qərarların isə ümumən deklarativ xarakter daşıdığı, universitetin sturukturuna daxil olan fakultələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd olaraq fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssi hazırlayan kafedralar üzrə zəruri avadanlıqla təchiz olunmuş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil olunmadığı, orada müəllimlərin dərs bölgüsündə mövcud qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingetinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birlməşmələrin təşkili və s. məsələlərdə ciddi pozuntulara yol verildiyi, universitetin daxilində və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, Universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı bildirilmişdir. Qeyd olunan pozuntu və çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks olunmuşdur. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1058 №-li əmri ilə yaradılmış İşçi qrupunun arayışının və Lisenziya Komissiyasının xx.xx.2010-cu il tarixli iclasının protokolunun nəzərə alınması, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li lisenziyanın vaxtının uzadılmasının qeyri-mümkün hesab edilməsi və “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 3.3-cü bəndinə əsasən müddəti bitdiyinə görə lisenziyanın etibarsız sayılmasına, Akkreditasiya şöbəsinə (H.Zərbəliyev) “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.5-ci bəndinə uyğun olaraq 3 gün müddətində lisenziyanın etibarsız sayıldığı barədə onun sahibinə və dövlət vergi xidməti orqanlarına yazılı məlumatın verilməsinin tapşırılması, Azərbaycan Beynəlxalq Universitetinin rəhbərliyinə (E.Abdullayev) Azərbaycan Beynəlxalq Universitetinin təhsil fəaliyyətinə verilinə xx.xx.2005-ci il tarixli, 003283 №-li lisenziyanın əslinin Təhsil Nazirliyinə təqdim etməsi, xx.xx.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməsinin tapşırılması, Aparat (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkilfləri hazırlamaları əmr edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin əlavə yerləşdirilməsi barədə” xx.xx.2011-ci il tarixli, 322 №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010- cu il tarixli, 1200 №-li və bu əmrin icrası barədə Nazirliyin xx.xx.2010-cu il tarixli, 1210 №- li əmrinin 3-cü bəndinə uyğun olaraq ABU-ya müxtəlif illərdə köçürülən və ya müəyyən səbəblərdən təhsili yarımçıq qalmış tələbələrin siyahısının hazırlanması, köçürülmə ilə bağlı olan şikayətçilərin qəbul olunması üçün Komissiya yaradılmışdır. 2010-cu ilin sentyabr ayında Komissiyanın tərtib etdiyi siyahılara uyğun olaraq TQDK-nın sərəncamı ilə ABU-ya qəbul olunmuş və Nazirliyin məlumat bankında adları olan 1345 tələbə ixtisasları üzrə maddi-texniki baza və professor-müəllim heyəti müvafiq normalara cavab verən 9 özəl və 1 dövlət ali məktəbinə yerləşdirilmişlər. Ötən müddət ərzində universitetin tədris şöbəsi tərəfindən Nazirliyə təqdim olunan müvafiq arxiv sənədləri və qanuni yolla ABU-ya qəbul olunmuş (köçürülmüş), lakin bu vaxta qədər təhsildən kənarda qalmış tələbələrin ərizələri yerində araşdırılmışdır. Araşdırma zamanı bir qrup tələbələrin TQDKnın sərəncamı ilə və ya 2004-cü ildə özəl ali məktəblərə tələbə qəbulu ilə bağlı Təhsil Qanununda edilmiş dəyişikliyə qədər universitet tərəfindən qəbul olunduqları və şəxsi işlərinin qaydasında olduğu halda naməlum səbəblərdən adlarının dövlət attestasiyasına buraxılan tələbələrin siyahısında Nazirliyə təqdim edilmədiyi, digər bir qism tələbələrin (əsasən digər ali məktəblərdən köçürülən və əlavə ali təhsil almaq üçün qəbul olunmuş tələbələrin) isə şəxsi işlərinin qaydasında olmadığı məlum olmuşdur. Araşdırma nəticəsində belə tələbələrin siyahısı tərtib olunmuş, şəxsi işlərində dövlət nümunəli akademik arayışları olmayan tələbələrdən arayışların dəyişdirilməsi tələb olunmuşdur. Hazırda sənədləri qaydasına salınan 2535 tələbədən 645 nəfəri TQDK-nın sərəncamı ilə, 1663 nəfəri 2004-cü ilə qədər (Təhsil Qanununun 21-ci maddəsinə uyğun qəbul olunanlar) ali məktəbin özü tərəfindən, 23 nəfəri əlavə (2-ci) ali təhsil almaq üçün qəbul olunan, 204 nəfəri isə mövcud qanunvericiliyə uyğun ABU-ya köçürülən tələbələrdir (ixtisaslar üzrə say barədə məlumat və adlı siyahı əlavə olunur). Qeyd olunanları nəzərə alıb və tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə əmrə əlavə olunmuş siyahıda adları göstərilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində təhsillərinin davam etdirilmələrinin təmin edilməsi əmr edilmişdir. Aparata (İ.Pirməmmədov) və Ali və orta ixtisas təhsili şöbəsinə (İ.Mustafayev) əlavə olunmuş siyahıya uyğun olaraq köçürülən tələbələrin ixtisaslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etmələri; Arxivdən köçürülməsi nəzərdə tutulan tələbələrin şəxsi işlərini Komissiya tərəfindən müvafiq ali məktəblərə təhvil verilməsini təmin etmələri; Aidiyyatı özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirilməsi tapşırılmışdır. Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə qısa müddətdə tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq tədbirlər görmələri, tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratmalrı tapşırılmışdır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış xx-xx-1212/17 №-li, xx.xx.2011-ci il tarixli məktubunun surətindən görünür ki, Təhsil Nazirliyi Lisenziya Komissiyasının xx.xx.2010cu il tarixli qərarı və Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziya müddəti bitdiyi üçün etibarsız hesab edilmiş, ABU-da təhsil alan tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə rəhbərlik etdiyi ail məktəbin maddi-texniki bazası və kadr potensialı imkan verdiyi üçün burada “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi barədə qərar qəbul olunmuşdur. Keçən müddət ərzində fəaliyyəti dayandırılmış Azərbaycan beynəlxalq Universitetinin tədris şöbəsi tərəfindən təqdim edilmiş siyahılar və Təhsil Nazirliyinə daxil olmuş çoxsaylı müraciətlər təkrar araşdırılmışdır. Təhsilləri müəyyən səbəblərdən yarımçıq qalmış (təhsil haqqı, hərbi xidmət, akademik və ya analıq məzuniyyəti, köçürülmə ilə gələnlərin təhsil sənədlərinin qaydasında olmadığı və s.) tələbələrin şəxsi işləri təkrar araşdırıldıqdan sonar sənədləri qaydasında olanların siyahıları yenidən tərtib edilmişdir. Bununla əlaqədar Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 322 №-li əmrini və hazırda məktuba əlavədə göstərilən ixtisaslar üzrə təhsilini “Təfəkkür” Universitetində davam etdirəcək tələblərinini siyahısı göndərilir. Eyni zamanda Nazirliyin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmrinin 5-ci bəndinin icrasını təmin etmək tapşırılır. - Azərbaycan Respublikası Təhsil Nazirinin “Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin əlavə yerləşdiriləsi barədə” xx.xx.2011-ci il tarixli, 1484 (a) №-li əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 1200 №-li əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması qərara alındığı üçün universitetin fəaliyyəti dayandırılmışdır. Nazirliyin digər müvafiq əmrləri ilə ABU-ya TQDK-nın sərəncamı ilə və ya 2004-cü ilə qədər universitet tərəfindən qəbul olunmuş (Təhsil Nazirliyinin razılığı ilə köçürülmüş), məlumat bankında adları olan və ərizə ilə Nazirliyə müraciət etmiş 2500-dən çox tələbə təhsillərini davam etdirmək üçün müvafiq özəl ali məktəblərə yerləşdirilmişlər. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti tərəfindən Təhsil Nazirliyinin müvafiq əmri ilə yaradılmış Təhvil-təslim komissiyasına ABU-nun Moskva filialından köçürülmüş tələbələrin siyahısı təqdim olunmuşdur. Həmin siyahıya əsasən belə tələbələrin sayı 2500-ə qədərdir. Lakin bu tələbələrin sənədləri qaydasında olmadığına görə onların digər tələbələrlə birlikdə müvafiq ali məktəblərə yerləşdirilməsi mümkün olmamışdır. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialı Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi (xx.xx.2005-ci il tarixli, A № 164599 saylı lisenziya) və Azerbaycan Respublikası Təhsil Nazirliyi (xx.xx.2007-ci il tarixli, 031972 saylı lisenziya) tərəfindən lisenziyalaşdırılmışdır. Filialın Nizamnaməsinə əsasən buraya tələbə qəbulu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun, ali məktəb tərəfindən aparılmışdır. Filialın qiyabi şöbəsinə qəbul olunmuş tələbələrdən 700-ə qədəri İ kursda Moskva şəhərində olmuş, digərlərinin tədrisi isə filialın Nizamnaməsinə əsasən Bakı şəhərində təşkil edilmişdir. Təhvil-təslim komissiyasının Xüsusi qrupu tərəfindən aparılan araşdırma zamanı həmin tələbələrin xarici pasportlarında olan qeydiyyatlara, qəbul əmrlərinə, imtahan vərəqələrinə və digər sənədlərinə baxış keçirilmişdir. Bununla yanaşı sənədləri araşdırılmış 700-ə yaxm tələbənin 2007-2010-cu illərdə Rusiya Federasiyasına getmələrini dəqiqləşdirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu göndərilmişdir. ABU-nun Moskva filialına qəbul olunmuş tələbələr İ kursu bitirdikdən sonra rektorun əmri ilə əsas ali məktəbin müvafiq ixtisaslarına köçürülmüşlər. Bu tələbələrin bir qisminin əsas ali məktəbə köçürülməsinə təhsil Nazirliyi tərəfindən də müvafiq razılıq verilmişdir. Ötən müddət ərzində filialdan əsas ali məktəbə köçürülən tələbələrin şəxsi işləri əsasən qaydasına salınmışdır. Qeyd olunanları nəzərə alıb və tələbələrin təhsil hüquqlarını təmin etmək məqsədi ilə Əmrə əlavə olunmuş siyahıda adları göstərilən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbələrinin aşağıdakı ali təhsil müəssisələrində təhsillərini davam etdirmələrinin təmin edilməsi: - «riyaziyyat və informatika», «müalicə işi», «pediatriya», «əczaçılıq», «stomatologiya», «hüquqşünaslıq», «neft və qaz yataqlarının işlənməsi və istismarı», «ekologiya», «aqronomluq» və «tibbi biologiya» ixtisaslarmda təhsil alan tələbələr - «Odlar Yurdu» Universitetində; «maliyyə və kredit» və «turizm və sosial mədəni servis xidməti» ixtisasında təhsil alan tələbələr - Azərbaycan Kooperasiya Universitetində; - «beynəlxalq iqtisadi münasibətlər» və «regionşünaslıq» ixtisasında təhsil alan tələbələr - Azərbaycan İctimai-Siyasi Universitetində; - «tarix və ictimaiyyət» ixtisasında təhsil alan tələbələr - Bakı Asiya Universitetində; - «dövlət və bələdiyyə idarəetməsi», «gömrük işinin təşkili» və «vergi işinin təşkili və idarəedilməsi» ixtisaslarında təhsil alan tələbələr - Bakı Biznes Universitetində; «xarici dil (ingilis dili)» və «Jurnalistika» ixtisaslarında təhsil alan tələbələr - Bakı Avrasiya Universitetində; - «xarici dil (ingilis dili)», «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr - Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində; - «dekorativ tətbiqi incəsənət və xalq sənəti» ixtisasında təhsil alan tələbələr- Azərbaycan Rəssamlıq Akademiyasında. Aparat (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) və Təhvil-təslim Komissiyasının Xüsusi qrupuna əavə olunmuş siyahıya uyğun olaraq köçürülən tələbələrin ixtisaslar üzrə adlı siyahısını müvafiq ali məktəblərə təqdim etlərləri; Köçürülməsi nəzərdə tutulan tələbələrin şəxsi işlərini arxivdən müvafiq ali məktəblərə təhvil verilməsini təmin etmələri; Aidiyyatı özəl ali məktəb rəhbərləri ilə birlikdə tələbələrin köçürülməsi ilə bağlı əmrdən irəli gələn digər tədbirləri həyata keçirmələrinin tapşırılmasına; Tələbələrin köçürüldüyü ali təhsil müəssisələrinin rəhbərlərinə qısa müddətdə tələbələrin şəxsi işlərini və qiymət kitabçasından çıxarışlarını qəbul etmək, köçürüldüyü ali məktəbin tədris planına müvafiq olaraq fənn fərqlərinin olub-olmamasını və təhsillərini hansı kursda davam etdirmələrini müəyyənləşdirmək məqsədi ilə müvafiq tədbirlər görmələri; Tələbələrin fənn fərqlərini semestrin sonuna qədər vermələri üçün şərait yaratmalarının tapşırılması əmr edilmişdir. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/90 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X2 aid olan sənədlər (ərizələr, əmrlər, orta təhsil haqqında atestatın əsli) Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə təqdim edilmiş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə ünvanlanmış siyahılarda X1 adı qeyd edilmişdir. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 1484A №-li əmrinin icrası ilə bağlı məktub Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə daxil olmamışdır. - Bakı Avrasiya Universiteti tərəfindən məhkəməyə ünvanlanmış T2219-01/06 nömrəli, 07 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Universitetə İddiaçı haqqında hər hansı müraciət və sənəd daxil olmadığından məhkəməyə təqdim edilməsi üçün sübut qeydə alınmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 02 avqust 2021-ci il tarixli, 18-18- 59/12 nömrəli məktubdan görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3472/2021 saylı qərardadının icrası ilə əlaqədar bildirilir ki, iddiaçının ərizəsi və ona aid sənədlər yenidən araşdırılmışdır. Məlumat üçün bildirilir ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra orada təhsil alan, həmçinin müxtəlif səbəblərdən təhsilləri yarımçıq qalmış tələbələrin sənədləri müvafiq komissiya tərəfindən araşdırılmış və onların digər müəssisələrə köçürülməsinə dair əmrlər imzalanmışdır. Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada ali təhsil müəssisəsinə qəbul olunan və təhsilləri yarımçıq qalmış tələbələrin siyahıları imzalanaraq, təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 322 nömrəli əmrinə uyğun olaraq ixtisaslar üzrə müvafiq ali təhsii müəssisələrinə göndərilmişdir. Eyni zamanda nazirliyin xx.xx.2011-ci il tarixli, xx-xx-1712/17 saylı məktubu ilə “nəqliyyatda daşımaların və idarəetmənin təşkili”, “sənaye və mülki tikinti”, “iqtisadiyyatın hüquqi tənzimlənməsi” və “bədən tərbiyəsi və idman” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-03- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülmüşdür. Həmin universitetlərə köçürülən tələbələrin siyahısında X5 adı aşkar edilməmişdir. Həmin dövrdə qüvvədə olan təhsil qanunvericiliyinə uyğun olaraq, təhsil nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialından ABU-ya köçürülmüş tələbələrin siyahısı məlum olmasına baxmayaraq onların digər ali təhsil müəssisələrində yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən əmr verilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən bildirilir ki, məhkəmə qərardadına uyğun olaraq X5 təhsilinin davam etdirilməsinin təmin edilməsi ilə bağlı müraciətinə baxılmış və onun ali təhsil müəssisəsinə bərpa edilməsi mümkün hesab edilməmişdir. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Balakişiyeva (Kərimova) Fidan Namiq qızı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisası üzrə qiyabi şöbəsinə qəbul olunmuş, Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2007ci il tarixli, M/320 №-li, xx.xx.2007-ci il tarixli əmrlə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının “tərcüməçilik” (ingilis dili) ixtisasının qiyabi şöbə üzrə İİ (ikinci) kurs tələbəsi X3 fərq imtahanlarını vermək şərti ilə ABU-nin “ingilis dili” fakultəsinin əyani şöbəsinin İİ (ikinci) kursuna köçürülmüşdür. X3 Azərbaycan Beynəlxalq Universitetinin Xarici dil (ingilis) ixtisası üzrə Azərbaycan (rus) bölməsi, əyani şöbəsi Xarici Dillər fakültəsində 2007-cı ildən 2010-cu ilə qədər təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xx.xx.2005-ci il tarixli, 003283 №-li xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010cu il tarixli, 1200 №-li və bu əmrin icrası barədə Nazirliyin xx.xx.2010-cu il tarixli, 1210 №-li əmrinin 3-cü bəndinə uyğun olaraq ABU-ya müxtəlif illərdə köçürülən və ya müəyyən səbəblərdən təhsili yarımçıq qalmış tələbələrin siyahısının hazırlanması, köçürülmə ilə bağlı olan şikayətçilərin qəbul olunması üçün Komissiya yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) №-li əmri ilə ABU-nun Moskva filialından köçürülmüş “xarici dil (ingilis dili)”, «iqtisadiyyatın hüquqi tənzimlənməsi», «ibtidai təhsilin pedaqogika və metodikası», «nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələrin Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində təhsillərini davam etdirmələrinin təmin edilməsinə əmr verilmişdir. Komissiya tərəfindən hazırlanmış və Təhsil Nazirliyi tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərilmiş “2012/2013-cü tədris ilinin yay tətili müddətində Təhsil Nazirliyinə müraciət edən və Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 1484a№-li əmrinə əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə yerləşdirilməsi nəzərdə tutulan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Univeristetinin tələblərinin” Siyahısında “xarici dil” ixtisası üzrə Balakişiyeva (Kərimova) Fidan Namiq qızının adı mövcuddur. İddiaçının təhsilini davam etdirmək üçün müraciəti cavabdeh tərəfindən ilkin olaraq Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında adının aşkar edilməməsi, sonradan isə ABU-da təhsil alan “xarici dil (ingilis dili)” ixtisası üzrə təhsil alan tələbələr isə nazirliyin xx.xx.2011-ci il tarixli, 46-03- 1711/17 saylı məktubu ilə Bakı Avrasiya Universitetinə köçürülməsi və həmin universitetə köçürülən tələbələrin siyahısında X5 adı aşkar edilməməsi əsas gətirilərək imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.1-ci maddəsinə əsasən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. - 5.2-ci maddəsinə əsasən dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. - 5.3-cü maddəsinə əsasən dövlət mülkiyyət formasından asılı оlmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin оlunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, iхtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, iхtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. - 5.6-cı maddəsinə əsasən dövlət maddi vəziyyətindən asılı оlmayaraq, istedadlı şəхslərin təhsilini davam etdirməsinə təminat verir, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına şərait yaradır. - 32.1-ci maddəsinə əsasən təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. - 32.2-ci maddəsinin tələblərinə görə bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. - 32.3-cü maddəsinə əsasən təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 32.3.12. müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1-ci bəndinə görə Respublika daxilində: - ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir; - uyğun ixtisas üzrə başqa təhsil müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə küçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, 8-dən çox olduqda isə, öz razılığı il bir kurs aşağıda da (birinci kurs istisna olmaqla) keçirilə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8- dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu təhsil müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. Cavabdeh orqan apelyasiya şikayətində qeyd etmişdir ki, ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə TN-yi tərəfindən təhsillini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş, lakin həmin siyahıda iddiaçının adı qeyd edilməmişdir. Cavabdehin dəlilini əsasssız hesab edən kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, belə ki, məhkəmə qeyd etmişdir ki, “... cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış B-8141/03-24 №-li, xx.xx.2013-cü il tarixli məktubda Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2011-ci il tarixli, 1484 (a) nömrəli əmrinə müvafiq olaraq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində “xarici dillər” (ingilis dili) ixtisası üzrə təhsil alan və ya təhsili yarımçıq qalmış tələbələrin təhsillərinin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində davam etdirilməsinin nəzərdə tutulduğu, bu səbəbdən ərizədə qaldırdığı məsələ ilə bağlı yay tətili müddətində (avqust ayında) adı qeyd olunan ali məktəbə müraciət etməyini məqsədəmüvafiq hesab edilməsi göstərilmiş, həmçinin iddiaçı (Balakişiyeva) Fidan Namiq qızına aid olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin müvafiq sənədlərinin əslinin (əmrlər, ərizələr, orta təhsil haqqında atestatın) Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində mövcud olması müəyyən edilmişdir.” Cavabdehin apelyasiya şikayətində əsaslandığı digər dəlil isə ondan ibarətdir ki, xx.xx.2010-cu il tarixli arayışdan məlum olur ki, iddiaçı artıq 2010-cu il tarixdə ali təhsilini başa vurmuşdur. Buna münasibətdə kollegiya bildirir ki, iş materiallarında olan cavabdehin istinad etdiyi arayışın əsli deyil, ksero-surətidir. Həmçinin, qeyd edilən ksero-surətdən başqa, iddiaçının təhsil müddətini başa vurmasını təsdiq edən digər hər hansı dəlil (diplom, diploma əlavə vəs s.) iş materiallarından müəyyən edilmir. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Eyni zamanda, kollegiya qeyd edir ki, iş materiallarında olan Təhsil Nazirliyinin xx.xx.2011-ci il tarixli, 1484a№-li əmrinə əsasən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə yerləşdirilməsi nəzərdə tutulan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Univeristetinin tələblərinin” Siyahısında “xarici dil” ixtisası üzrə Balakişiyeva (Kərimova) Fidan Namiq qızının adının 10-cu sırada qeyd edilməsi onun təhsilini başa vurmamış olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməmli, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə isə işin faktiki halları baxımından əsaslı olduğundan mübahisələndirilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-546/2022 saylı, 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3119/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3119/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver