Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3188/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “pensiyanın yenidən hesablanaraq ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı Apellyasiya Məhkəməsinin 387 nömrəli, 30 dekabr 2023-cü il tarixli “Səlahiyyətlərinə xitam verilmiş hakim İddiaçı əmək haqqının ödənilməsinin dayandırılması haqqında” Əmrinə əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsiüçün son yaş həddinə çatması nəzərə alınaraq Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi İddiaçı 30 dekabr 2023-cü il tarixdən əmək haqqının ödənilməsi dayandırılmışdır.
2. Məhkəmə-Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli Qərarından çıxarışa əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 2023-cü il 30 dekabr tarixdən xitam verilməsi qərara alınmışdır.
3. “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan görünür ki, İddiaçı 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqı aşağıdakılardan ibarət olmaqla, ümumi məbləği 166382.86 (bir yüz altmış altı min yüz səksən iki manat 86) qəpik təşkil etmişdir.
4. İddiaçıya məxsus ИТ –İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Qazax rayon Aqstafa qəsəbəsi üzrə 3-cü (üçüncü) dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci ildə “Qazaxpromostroy” SU Trest-3-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildə xx.xx.1985-ci ildə təhsil almış, xx.xx.1985-ci ildən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M-22520/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşart görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 2556,00 manat, digər növ əlavələr 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçının prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008- ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçiçi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Dövlət quruluşunun qorunmasında, Azərbaycan Respublikasının ərazisində sabitliyin təmin edilməsində, Dövlət çevrilişi cəhdlərinin, təxribatların, terror aktların, digər cinayətlərin açımasında, onların istintaqının aparılmasında müsbət nəticələr göstərməsinə görə dəfələrlə təltif olunmaqla yanaşı, Azərbaycan Respublikası sabiq X4 sərəncamı ilə “İgidliyə görə” medalı ilə şəxsən tərəfindən təltif edilmiş, fəaliyyətinə və yüksək göstəricilərinə görə Azərbaycan Respublikası Prezidentinin 2979 nömrəli 06 avqust 2008ci il tarixli Sərəncamı ilə ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, prokurorluq orqanlarında və məhkəmə sistemində iş stajının müddəti cəmi 38 (otuz səkkiz) il 04 (dörd) ay 27 (ifirmi yeddi) gün olması mübahisələndirilməyən haldır. Buna baxmayaraq cavabdehin 31 yanvar 2024-cü tarixli məktubundan görünür ki, ona yaşa görə əmək pensiyası hesablanarkən prokurorluq orqanlarında olan xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Göründüyü kimi, Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filial istər “Məhkəmələr və hakimlər haqqında”, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə barədə” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozaraq, Qanunları icra etmək əvəzinə özlərinə sərf edəcək formada Qanunlara izah vermişlər. Cavabdeh tərəfindən ona hakim kimi əmək pensiyası təyin edərkən, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hakimlərin maddi təminatı onların müstəqilliyinin əsas elementlərindən biridir və pensiya təminatı da buna daxildir. Belə ki, hakim fəaliyyət göstərdiyi dövrdə təminatının yüksək olması müstəqilliyinin göstəricisi olmaqda, eyni zamanda gələcəkdə pensiya təminatına da əmin olmaqla, maddi rifahı barədə gələcəklə əlaqədar tərəddüdü və narazılığı olmamalıdır. Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 73- cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin müddəaları da bu prizmadan, yəni Konstitusiyanın 126-cı maddəsində, 127-ci maddəsinin 1 və 2-ci hissələrində, 128-ci maddəsinin 1-ci və 2-ci hissələrində, həmçinin də beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir edilməlidir. Nəzərə almaq lazımdır ki, konstitusion hüquqi dəyərlər şəxsin hakim vəziyyətdə işlədiyi dövrdə mövcud olan daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəaların tətbiqini şərtləndirir və zəruri hesab edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “20.0.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hakimlərin səlahiyyət müddətdə olmuş və tədricən dəyişdirilmiş, hakimlərə daha üstün sosial müdafiə təminatını əks etdirən qanunvericiliyin müddəları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliyinin dəyişdirilməsindən asılı olmayaraq, öz qüvvəsini saxlamalıdır. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyinin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişiklərinin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiyanın təminatına neqativ təsirini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli arayışına görə, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq üçün müavinətlər daxil olmuş, habelə göstərilən bütün həmin müavinətlərdən ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq məqsədi ilə müavinətlər verildiyindən, ona pensiya təyin olunarkən, bütün müavinətlər, ödənişlər və çıxılmalar birmənalı şəkildə nəzərə alınmalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, sonradan isə 1238 saylı 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığından, Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə onun hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi əmək stajına daxil edilməklə; onun 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023- cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə; hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmdə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirlməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla, hakim kimi əmək pensiyasının hesablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərininin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavəsi 2556,00 manat, digər növ əlavələri 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib. Aparılmış yenidən hesablama barədə (yəni iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsi barədə) xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli yenidən hesablama barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir. İnzibati orqan inzibati icraatın sonunda inzibati akt qəbul edir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçı Mərkəzi filiala ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2024-cü il tarixində 3-17-1/3-7-256/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixində 3-17-1/3-7- 256/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar da inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun normalarına tam riayət olunaraq qəbul edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişd.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin cavabdeh inzibati orqan tərəfindən mübahisləndirilən halı iddiaçıya hakim kimi yaşa görə əmək pensiyası təyin edilərkən, onun prokurorluq orqanlarıındakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsindən ibarətdir. Məhkəmə cavabdehin bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Beləki, yuxarıda qeyd edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirərkən onların prokurorluqdaki xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Göründüyü kimi, qeyd olunan norma məhz, prokurorluq işçilərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili əsassızdır. 18. Beləliklə, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 38 il 04 ay 27 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilərkən, qanunvericilikdə qeyd edilən əlavələr nəzərə alınmaqla, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə ilə oxşar məzmunda əsaslandırılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17.Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Əmək pensiyaları haqqında” Qanun:
Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
19. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu;
Maddə 32. Prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.
20. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır.
28. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Cavabdehin apellyasiya şikayətinin yeganə və əsas dəlili ondan ibarətdir ki, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərininin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib.
31. Qeyd edilməlidir ki, İddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında, 07 avqust 2008-ci il tarixdən 30.12 2023-cü il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi işləməsi, prokurorluq orqanlarında 23 il 08 gün, hakim kimi isə 15 il 04 ay 24 gün sosial sığorta stajının olması öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən haldır.
32. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsiə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir.
33. Bununla belə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur. Belə olan halda onun prokurorluq orqanlarında 23 il 08 gün, hakim kimi isə 15 il 04 ay 24 gün sosial sığorta stajı toplanır ki, bu da Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarinədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.
34. İddiaçının orta aylıq əmək haqqı hesablanarkən, həm də nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə isə hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.
35. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.
36. Göründüyü kimi iddiaçıya hakim vəzifəsi üzrə əmək haqqı ödənilərkən prokurorluq orqanlarındakı iş stajı da nəzərə alınaraq ona vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq ödənilmişdir.
37. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
38. Həmin Qanunun 1.0.2-ci madəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: “Sorğuda qaldırılan digər məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr edilən şəxslərin müdafiəsi ilə əlaqədar qanunvericilikdəki dəyişikliklərlə bağlı onların pensiyalarının xidmət etdikləri dövrdə qanunvericilikdə nəzərdə tutulmayan və həmin şəxslərə ödənilməyən, məcburi sığorta ayırmalarına cəlb edilməmiş əlavələr də nəzərə alınmaqla yenidən hesablanması ilə bağlıdır.”.
40. xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
41. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
42. Göstərilənlərdən aydın olur ki, iddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işlədiyindən və həmin dövrlər hakimlik stajına nəzərə alındığı üçün iddiaçıya buna görə əlavələr (əmək haqqı) verildiyindən və həmin əlavələrin də hesablandığı əmək haqqından məcburi sosial sığorta ayırmaları həyata keçirildiyindən həmin dövr üzrə stajı hakim kimi pensiyası hesablanarkən nəzərə alınmalıdır.
43. Beləliklə, iddiaçı ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 387/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli oxşar qərarı).
44. Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında işlədiyi dövr nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həyata keçirilməlidir.
45. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.