Məhkəmə qərarları › İş №2-1(103)-3201/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3201/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3201/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, qətnamənin icra edilməsi öhdəliyinin qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10103/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməllərinin qanunsuz hesab edilməsi, cavabdehdən 15300 manat maddi, 5000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçıya ödənilməsi, cavabdehin üzərinə Yasamal Rayon Məhkəməsinin 2(004)- 3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin tamamilə icra edilərək həmin qətnamənin icrası üzrə tutulmaların borclunun bütün qazancının və gəlirinə, borclunun əmək haqqına tətbiq edilmiş əmsallara da (bütün növ əmsallar tətbiq edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «... Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsinə əsasən, X1 hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı qızma ödənilməsi müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və hazırda Yasamal Rayon İcra Şöbəsinin icraatındadır. Sözügedən qətnamənin icrasına diar icra işi üzrə borclu X4 İşlər Nazirliyində çalışmaqdadır və qətnamə onun aylıq məvacibindən tutulmaqdadır. Təxminən, 2023 aprel ayından şifahi əldə etdiyi məlumata görə borclu Q.Qasımovun vəzifəsində və buna uyğun olaraq da qazancında artım olmuşdur. Bundan sonra cavabdehə müraciət edilərək qətnamənin icrasını qanuni şəkildə həyata keçirilməsini xahiş etmiş, lakin artıq bir ildən çox vaxt keçsə də, cavabdeh məhkəmə qətnaməsini icra etmir, bu isə iddiaçıya maddi və mənəvi ziyan vurulmasına səbəb olur. Müxtəlif müraciətlərdən sonra cavabdehin Hüquq şöbəsinin müdir müavininin imzaladığı Yasamal İcra Şöbəsinə cavab məktubunda qeyd edilmişdir ki, borclu şəxs İraq Respubikasındakı səfirlikdə fəaliyyət göstərir və ona işlədiyi ölkə üzrə dövlət məvacibinə fərqləndirici əmsallar tətbiq edilir. Sözügedən məktubdan o da müəyyən edilir ki, XİN məhkəmə qərarının icra edilmədiyini etiraf edir. Lakin vergi və əmək qanunvericiliyinə görə aylıq məvacibə tətbiq edilən əmsallardan vergi tutulmur. Bundan başqa, istinad edilən Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində qeyd edilən əmək haqqına tutulmağa imkan verilməyən müdəalar göstərilmişdir Əgər məhkəmə qərarı ilə tutulmanın konkret növü göstərilibsə bu zaman da tutulmaya yol verilmir. Belə ki, qeyd edilən məhkəmə qərarında hər hansı banka və ya şəxsə borcu olan məbləğin tutulmasından yox, konkret olaraq aylıq qazancdan tutulmadan bəhs edilir. “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərınin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarında konkret olaraq aliment tutulmayan ödənişlərin siyahısı göstərilmişdir. Mübahisə predmeti olan halla bağlı, yəni cavabdehin qərarı icra etməməsinə səbəb olan arqumentlə bağlı isə heç bir müddəa yoxdur. Ümumiyyətlə, aliment uşaq və qadın hüquqlarının əhəmiyyətli və ən önəmli məfhumlarından biridir. Bu isə Konstitusiyamız və digər mətəbər qanunlarımızla nizamlanır. Uşaq hüquqları, bu hüquqların təmini dövlətin vacib öhdəliyindədir. Bu öhdəlik eyni zamanda konstitusion olaraq valideynlərin əsas vəzifələrindən biridir. Cavabdeh tərəfindən hərəkətsizliyi nəticəsində məhkəmə qərarı icra edilmir. Bu səbəbdən də hesab edir ki, cavabdehin əməlləri qanunsuz hesab edilməli, cavabdehdən 15300 manat maddi, 5000 manat mənəvi zərərin əvəzi kimi tutularaq iddiaçıya ödənilməli, o cümlədən, cavabdehin üzərinə məhkəmə qətnaməsinin tamamilə icra edilərək tutulmaların borclunun bütün qazancına, məvacibinə və ona verilməli olan əmək haqqına tətbiq edilmiş əmsallara da tətbiq edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10103/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini vəii baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Qərardad aşağıda qeyd edilənlərə əsasən qanunsuz və əsassızdır:qanunsuz və əsassızdır. Məhkəmə tərəfimdən iddia ərizəsi icraata qəbul edilməli idi. Belə ki, Yasamal RM-nin müvafiq qətnaməsində mübahisə predmeti olan hər hansı bir hal mövcud olmamışdır. Cavabdeh tərəfindən qəsdən qətnamənin icrası yubadılır. Burada hər hansı bir aydınlaşdırılmalı, izaha ehtiyac olmalı məqam yoxdur. O, iddia ərizəsində bütün halları, qanunvericiliyi, xüsusilə aliment tutulan və tutulmayan gəlir və qazanc növlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin də müvafıq qərarlarına, o cümlədən, digər qanunvericilik aktlarına istinadən qeyd etmişdir. Xüsusilə, ən azı inzibati orqana qarşı kompensasiya tələbinə dair hissədə iddia ərizəm icraata qəbul edilməli idi...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş və məhkəməyə gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, qərardadın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. Konkret halda, iddiaçının cavabdehə qarşı doğum haqqında tibbi şəhadətnamə verilməsi tələbinin məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. Belə ki, işin hallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3895/2020 nömrəli, xx.xx.2020-ci il tarixli tarixli qətnaməsi ilə X1 hər ay qazancının və gəlirinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı qızma ödənilməsi müəyyən edilmiş və hazırda Yasamal Rayon İcra Şöbəsi tərəfindən həmin icra sənədinin icrası həyata keçirilərək Xarici İşlər Nazirliyində işləyən borcludan, icra sənədi üzrə tutulmalı onun aliment məbləği onun aylıq məvacibindən tutulur. Lakin konkret halda, iddiaçı, əldə etdiyi şifahi məlumatlar əsasında borclunun əmək haqqında artım baş verdiyini müəyyən edərək cavabdeh Xarici İşlər Nazirliyi tərəfindən qətnamənin icrasının düzgün həyata keçirilmədiyini iddia etməklə ona qarşı inzibati məhkəmə icraatı qaydasında hazırkı “hərəkətlərinin qanunsuz hesab edilərək, ondan maddi və mənəvi zərərən tutulması və qətnamənin icra edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, işin qeyd olunan hallarından göründüyü kimi, aliment işinə baxan və icra sənədini verən məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, həmin icra sənədini icra edən orqan isə Yasamal Rayon İcra Şöbəsidir. Belə olan halda, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Digər tərəfdən, «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, qanunvericiliklə icra sənədinin icra edilməsinə nəzarəti icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası həmin tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. İPM-in 2.1-ci maddəsinin mənasına görə qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilə bilməz. Beləliklə də, iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, iddia İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Ona görə də qeyd olunanları nəzər ə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının cavabdehə qarşı “hərəkətlərinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi, qətnamənin icra edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddiasının mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu, prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 10103/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10103/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar