Məhkəmə qərarları › İş №2-1(103)-3230/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3230/2025

11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3230/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1998/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, ona təyin olunmuş əmək pensiyası və əmək pensiyasına əlavənin 2009-cu ildən başlayaraq yenidən hesablanması və indeksləşdirilməsi, xx.xx.2009 - xx.xx.2011-ci və xx.xx.2016 - xx.xx.2018-ci il tarixləri, həmçinin xx.xx.2023 xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər üzrə 16.376 manat məbləğində əsassız olaraq hesablanmış artıq pul vəsaitinin silinməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir .

2. Məhkəmənin qərardadı iddiaçının ərizəsinə əsasən iddia tələbi “cavabdeh təşkilatın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarın “qeyd” hissəsində göstərilən xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri üçün “ödənilən məbləğ nəzərə alınsın qeydi”nin ləğv edilməsi, əsassız hesablanmış 16.376 manat borc məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş 4.657 manat pensiya məbləğinin geri qaytarılması və 2024-cü ilin yanvar ayından başlayaraq dayandırılmış pensiya ödənişinin bərpa edilməsi məqsədi ilə müvafiq qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zahidov X1 Birliyi dövründə Ukrayna Respublikasının Xarkov şəhərində ali hüquq təhsili alaraq Ukrayna Respublikası Daxili İşlər Nazirliyinin Xarkov Vilayəti üzrə Baş Polis İdarəsində yüksək rütbəli zabit kimi müxtəlif vəzifələrdə çalışmışdır və qulluq stajı ilə bağlı yaşa görə pensiya hüququ əldə etmişdir. Pensiyaya çıxdıqdan sonra doğma vətəninə Azərbaycan Respublikasında yaşamaq üçün pensiya təminatı hüququ verən sənədlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim etmişdir. Mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində Dövlət Miqrasiya Xidmətinin 2009-cu ildən başlayaraq müxtəlif vaxtlarda daimi və müvəqqəti yaşamaq üçün verdiyi icazə vəsiqəsinə əsasən ona yaşayış yeri üzrə pensiya təyin olunmuş və 2009-cu il sentyabr ayının 1dən, 2023-cü ilin dekabr ayının 23 nə kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hər ay pensiya ödənişləri həyata keçirilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan müddətdə (yəni 1 il müddətinə) mülkiyyətimdə olan fərdi yaşayış evində qeydiyyata alınmaqla Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmiş və 2024-cü ilin yanvar-fevral-mart ayları üçün ödənişlər pensiya kartına köçürülmüşdür. 2024-cü ilin yanvar ayından başlayaraq Respublika üzrə bütün pensiya məbləğlərinin müvafiq artımlarla ödənilməsinə baxmayaraq onun pensiyasının məbləği azaldıldığı üçün onun adından xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi ərizə ilə müraciət edilərək pensiya məbləğinin hansı səbəbdən azaldıldığına aydınlıq gətirilməsi xahiş edilmiş, lakin bu məsələyə rəsmi qaydada cavab verilməsi əvəzinə heç bir rəsmi bildiriş təqdim edilmədən pensiyanın ödənişi dayandırılmış və 2024-cü ilin yanvar-fevral-mart ayları üzrə pensiya kartına köçürülmüş məbləğlərin nağdlaşdırılmasına qadağa qoyularaq geri çəkilmişdir. Qeyd edilən anlaşılmazlıqla bağlı xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-Z**********024 nömrəli məktubla hazırki məsələyə aidiyyəti olmayan tamamilə başqa məzmunlu cavab verilmiş və müraciətlə əlaqədər müvafiq məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verildiyi və sorğuya cavab verdikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacağı bildirilmişdir. Zəruri maddi ehtiyaclarının təmin olunması üçün yeganə dolanışıq mənbəyi kimi təyin olunmuş əmək pensiyanın heç bir hüquqi əsas göstərmədən dayandırılmasının hansı səbəblə bağlı olduğunu aydınlaşdırmaq məqsədi ilə təkrar olaraq bir daha AR Dövlət Sosial Müdafiə Fondu və Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala xx.xx.2024-cü il tarixli eyni məzmunlu ərizələrlə müraciət edərək pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir. Müraciəti ilə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3- 17-1/2-R-124737/2024 nömrəli cavab məktubunda sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən Əmək Pensiyaları haqqında “AR Qanunun 20.14.1-ci” maddəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq ona xx.xx.2009-cu il tarixdən hərbi qulluqçu (Xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunduğu bildirilmiş, həmçinin “Əmək Pensiyaları haqqında” qanunun 3.2-ci maddəsinə istinad edərək xx.xx.2009 - xx.xx.2011-ci illər və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə ona ölkə ərazisində müvəqqəti yaşamaq hüququ ilə icazə vəsiqəsinin verilməsi yəni həmin dövr ərzində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığını əsas tutaraq guya Əmək Pensiyası təminatı hüququna malik olmadığı halda və eyni zamanda xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr də, daxil olmaqla ümumilikdə 16.376,45 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi aşkar edilmiş və pensiyanın yenidən hesablanaraq indeksləşdirilməsi nəzərə alınmaqla ötən dövr üçün ona ödənilməli olan 4.657,04 manat fərq məbləği müəyyən edilərək 11.719,41 manat pul vəsaitinin büdcəyə qaytarılması tələb edilmiş və bununla da, ölkədaxili qanunvericilik aktlarına, Azərbaycan dövlətinin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qoşulduğu Konvensiyalara zidd olaraq yeganə maddi təminat mənbəyi olan pensiya məbləğinin ödənişi dayandırılmışdır. Hazırki mübahisə predmeti üzrə iddiaçı X2 xidmət illərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu 1998-ci il tarixindən qazanmış və pensiya təminatı hüququnun yaranmasına əsas verən sənədlərini 2009-cu il tarixdən AR DİN-nə təqdim edərək müvafiq icazə vəsiqəsinə əsasən 2024-cü ilin 01 yanvar tarixinədək Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə “artıq qazanılmış” pensiya təminatı hüququndan istifadə etmişdir. Beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması mahiyyətcə ondan ibarətdir ki, qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdıra bilməz. II. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin xx.xx.2024cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, ona xx.xx.2009-cu il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq, İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, adıçəkilən şəxsə xx.xx.2009- xx.xx.2011-ci il və xx.xx.2016xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilib. Həmçinin İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin müddətinin xx.xx.2023-cü il tarixində bitməsi ilə əlaqədar adıçəkilən şəxsə pensiya ödənişi həmin tarixdən dayandırılmalı olduğu halda, texniki səhv səbəbindən ona xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində də əmək pensiyası ödənilib. Nəticədə İddiaçı ümumilikdə 16.376,45 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, Mərkəzi Filiala daxil olmuş İddiaçı dair yeni məlumat vərəqinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 786,85 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 4.657,04 manat fərq məbləği müəyyən edilmişdir. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 16.376,45 manat vəsaitdən ona ödənilməli olan 4.657,04 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 11.719,41 manat vəsaiti könüllü şəkildə büdcəyə qaytarılması barədə məktub ünvanlanmışdır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

III. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1998/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə İddiaçı tutulmuş pul vəsaitinin geri qaytarılması cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil... . İddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilmişdir. Həmçinin iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin müddətinin 23 dekabr 2023-cü il tarixində bitdiyi halda, texniki səhv səbəbindən xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində də əmək pensiyası ödənilmişdir.”

6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Daha sonra iddiaçı qərardan apellyasiya şikayəti təqdim edərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi.

IV. Apellyasiya şikayətinin dəlilləri:

8. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024- cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, ona 1 sentyabr 2009-cu il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində yalnız daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Buna baxmayaraq, İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, adıçəkilən şəxsə xx.xx.2009- xx.xx.2011-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilib. Həmçinin İddiaçı Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin müddətinin 23 dekabr 2023- cü il tarixində bitməsi ilə əlaqədar adıçəkilən şəxsə pensiya ödənişi həmin tarixdən dayandırılmalı olduğu halda, texniki səhv səbəbindən ona xx.xx.2023- xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində də əmək pensiyası ödənilib. Nəticədə İddiaçı ümumilikdə 16376,45 manat məbləğində artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildiririk ki, Mərkəzi Filiala daxil olmuş İddiaçı dair yeni məlumat vərəqinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 786,85 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 4657,04 manat fərq məbləği müəyyən edilmişdir. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6– 6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 16376,45 manat vəsaitdən ona ödənilməli olan 4657,04 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 11719,41 manat vəsaiti könüllü şəkildə büdcəyə qaytarılması barədə məktub ünvanlanmışdır. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

9. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.

V. Tərəflərin izahatları:

10. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

11. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.

Əsaslandırıcı hissə

VI. Tətbiq olunan hüquq

12. “Əmək pensiyaları haqqında” Qanundan: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz

VII. Məhkəmənin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

16. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilmişdir. İddiaçıya aid Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyası ödənilmişdir. Nəticədə iddiaçıya ümumilikdə 16.376,45 manat məbləğində artıq pul vəsaiti ödənilimişdir. İddiaçının yeni məlumat vərəqinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və 2023-cü il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla) 786,85 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 4.657,04 manat fərq məbləği müəyyən edilmişdir.

17. İddiaçının iddia tələbi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024- cü il tarixli qərarın “qeyd” hissəsində göstərilən xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2016- xx.xx.2018-ci il tarixləri üçün “ödənilən məbləğ nəzərə alınsın qeydi”nin ləğv edilməsi, əsassız hesablanmış 16.376 manat borc məbləğinin bir hissəsi ilə əvəzləşdirilmiş 4.657 manat pensiya məbləğinin geri qaytarılması və 2024-cü ilin yanvar ayından başlayaraq dayandırılmış pensiya ödənişinin bərpa edilməsi ilə bağlı olmuşdur.

18. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri iddiaçının hüquqlarını pozur, ona görə də artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılması cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirilmişdir.

20. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi, AR Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir.

21. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər.

22. İş materiallarına əlavə edilən sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulmasına iddiaçının razılığı ifadə olunmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil.

23. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir.

24. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır.

25. İddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda, xx.xx.2009-xx.xx.2011-ci il və xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər üzrə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilmişdir. Həmçinin iddiaçının Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin müddətinin 23 dekabr 2023-cü il tarixində bitdiyi halda, texniki səhv səbəbindən xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində də əmək pensiyası ödənilmişdir.

26. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qismən təmin etmiş, artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlər qanunsuz hesab edilməklə iddiaçıdan tutulmuş pul vəsaitinin geri qaytarılmasını cavabdehin üzərinə vəzifə olaraq qoymuşdur.

27. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

28. Odur ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1998/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1998/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar