Məhkəmə qərarları › İş №2-1(103)-3246/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3246/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3246/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 64 saylı evin 33B saylı yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdehə etdiyi müraciəti hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi əsası ilə təmin edilməmişdir.

2. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 64 saylı evin 33B saylı yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2010- cu il tarixədək "xxxx" ASC-nin 1 saylı tikiş sahəsində tikişçi işləmişdir. İşlədiyi dövrdə, işəgötürənin 81 saylı xx.xx.2008-ci il tarixli orderi ilə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ona ayrılmışdır. xx.xx.2023-cü il tarixdə müraciət edərək həmin yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh 200 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə müvafiq müqaviləni bağlamaqdan imtina etmişdir.

4. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iş üzrə iddia təmin edilmiş, İddiaçı ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 64 saylı evin 33B saylı yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır.

6. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2-1(112)- 1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin iştirakı:

7. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı İnzibati Məhkəməsinin qərarından cavabdeh tərəfindən müddət ötürüldüyündən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsini və şikayətin qəbulundan imtina edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər.

9. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 75.3. Məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

MƏHKƏMƏNİN MÖVQEYİ

11. Məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün əsaslar müəyyən olunmamışdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır

13. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qeyd olunan qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin son günü xx.xx.2024-cü il tarix (növbəti iş günü) olmuş, apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni 30 günlük şikayət vermə müddəti ötürülməklə Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir.

14. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət üzürlü səbəbdən ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir.

15. Bununla bağlı prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən ərizə təqdim edilməmişdir.

16. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, cavabdehə apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, cavabdehin həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır.

17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1730/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar