Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3295/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vergi ödəyicisi şəhadətnamənin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4466/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vergi ödəyicisi şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evindən məişət tullantılarının daşınması üçün cavabdehə ödənişlər etmiş və torpaqdan istifadəyə görə vergiləri ödəmişdir. İddiaçı qeyd edilən ödənişləri həyata keçirməklə onun cavabdeh tərəfindən vergi ödəyicisi kimi qeydiyyatı aparılmalı idi. İddiaçıya məxsus, onun istifadəsində və sahibliyində olan fərdi yaşayış evinə dair məlumatların qeydiyyata alınıb-alınmaması barədə cavabdehə sorğu edilmişdir. Cavabdeh tərəfindən sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçıya aid fərdi yaşayış evinin qeydiyyatına dair məlumat və sənəd mövcud deyildir. İddiaçı tərəfindən məişət tullantılarının və torpaq vergi ödənişinin edilməsinə baxmayaraq cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən bərk məişət tullantılarının 2020-ci ildən etibarən bələdiyyə tərəfindən daşınması həyata keçirilmir. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzasə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evində xx.xx.2007-ci il tarixindən "xxxx" ASC, xx.xx.2010-cu il tarixindən “Azəriqaz” İB və xx.xx.2007-ci il tarixindən "xxxx" ASC ilə bağladığı müqavilələr əsasında kommunal xidmətlərdən istifadə edir. İddiaçı kommunal xidmətlərdən istifadəyə görə aidiyyəti üzrə illərdir ödənişlər edir. Eyni zamanda torpaq vergisinin ödənişi ilə bağlı əvvəllər cavabdehə ödənişlər etsə də, sonradan onun adı Bələdiyyədə qeydə alınmadığından verginin ödənilməsi mümkün olmamışdır.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4466/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vergi ödəyicisi şəhadətnamənin verilməsi” barədə iddiası təmin edilməmişdir.
4. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
5. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.
IV.Məhkəmə icraatı iştirakçılarının izahatları:
6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Əsaslandırıcı hissə
V. Tətbiq olunan hüquq
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra – Vergi Məcəlləsi) əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi (8.1.). Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir (8.2.). Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti (12.1.). Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir (12.2.). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (12.3.). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (12.4.). 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan Yaşayış məntəqələri yaşayış və qeyri-yaşayış sahələri (manatla) Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron 0,3 rayonu Digər şəhərlər (rayon tabeliyində olan 0,2 şəhərlər istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron 0,1 rayonunun qəsəbə və kəndləri istisna olmaqla)
8. 206.1. bu Məcəllənin 206.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 2 manat müəyyən edilir.
VI. Məhkəmənin mövqeyi
9. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı hazırkı iddia tələbində ona vergi ödəyicisi şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Tələbin əsası kimi iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, “Stroydetal” yaşayış sahəsində yerləşən 39 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin onun istifadəsində olmasını göstərir. O, həmin fərdi ev və torpaq sahəsinə görə cavabdehə torpaq və əmlak vergisi ödəmişdir.
10. Lakin, cavabdeh onu vergi ödəyicisi kimi qeydiyyata götürməkdən imtina edir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, həmin fərdi yaşayış evi və onun torpaq sahəsi iddiaçının mükiyyətində deyildir.
11. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.
12. Belə ki, yuxarıda göstərilən qanunvericiliyin müddəalarından görünür ki, Vergi Məcəlləsinin 198.1 və 206.1-ci maddələrində nəzərdə tutulan hallarda torpaq və əmlak vergisi yerli vergilərə aiddir.
13. Vergi Məcəlləsində həmçinin göstərilir ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır (maddə 203.1). Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar (maddə 203.2). Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir (maddə 204). Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur (maddə 208.1.).
14. Göründüyü kimi fiziki şəxslərdən əmlak vergisi tutulması üçün həmin əmlak onların mülkiyyətində olmalı, torpaq vergisi tutulması üçün isə torpaq sahəsi onların mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində olmalıdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 noyabr 2022-ci il tarixli **********435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin və sahibkarlıq fəaliyyəti subyektlərinin uçota alınması ilə bağlı Metodiki Vəsait”in 2.1-ci bəndinə əsasən bələdiyyə ərazisində yerləşən əmlaka mülkiyyət, torpaq sahələrinə (o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə) isə mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın (torpağın) yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır.
16. Məhkəmə kollegiyası hesab edir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, “Stroydetal” yaşayış sahəsi ərazisində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində və ya hər hansı qanuni əsaslarla istifadəsində olmadığından iddiaçının həmin əmlaka görə vergi ödəyicisi kimi qeydiyyata alınması tələbi qanuni hesab edilə bilməz.
17. İddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının nə vaxtsa məişət tullantılarının daşınmasına görə bələdiyyəyə haqq ödəməsi, həmçinin torpaq və ya əmlak vergisi qismində ödənişlər etməsi onun hazırda vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas hesab edilə bilməz.
18. Həmçinin iddiaçının təqdim etdiyi SMS bildirişlə bağlı qeyd edilməlidir ki, həmin SMS bildiriş məhz iddiaçıya deyil, sakinlərin qeyri-müəyyən dairəsinə ünvanlanmışdır. Həmçinin, həmin bildirişin məhz bələdiyyənin səlahiyyətli şəxsi tərəfindən göndərilməsi bildirişin məzmunu ilə müəyyən edilmir.
19. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4466/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır.
Nəticə hissəsi
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4466/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.