Məhkəmə qərarları › İş №2-1(103)-3304/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3304/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3304/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı xxxxnın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xxxx (bundan sonra mətndə ASC "xxxx" Bankı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (bundan sonra mətndə DVX) qarşı Azərbaycan Respublikası Respublika Xammal və X7 Mərkəzi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 276/1 saylı hesabfaktura və xx.xx.2019-cu il tarixdə 29034 saylı ödəniş tapşırığı əsasında ASC "xxxx" Bankı” tərəfindən hərrac təşkilatçısı "xxxx" MMC-nin hesabına ödənilmiş və sonuncu tərəfindən də öz növbəsində xx.xx.2019-cu il tarixli, müvafiq olaraq 175, 176, 177 nömrəli və xx.xx.2020-ci il tarixli 01 №li ödəniş tapşırıqları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması və 10 manat dövlət rüsumunun çəkilmiş xərc kimi iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-2(103)-6/2019 №-li qanuni qüvvəsini almış qətnaməsi ilə “Mars-M” firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına tutma yönəldilməsi və “Mars-M” firmasından Kredit xətti müqaviləsi üzrə 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində dəbbə pulunun, cəmi 19400119,08 ABŞ dollar məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin ipoteka predmetinin dəyərindən ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. İcra icraatı qaydasında "xxxx" MMC tərəfindən keçirilmiş hərraclarda həmin qeyri-yaşayış sahəsi satılmadığından o, əldə edilməsi üçün iddiaçıya təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilərək, əmlakın satın alınması üçün dəyərinin 0.25% miqdarında xidmət haqqı və həmin məbləğ üzrə hesablanmış əlavə dəyər vergisi hərrac təşkilatçısına köçürmə yolu ilə xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Lakin hərrac təşkilatçısı Vergi Məcəlləsinə xx.xx.2018-ci il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişikliyi əsas gətirərək, 655720,65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsini də Bankdan tələb etmişdir. İpotekaya xitam verilmə təhlükəsi yarandığından Bank tərəfindən hesab-fakturada nəzərdə tutulan məbləğ xx.xx.2019-cu il tarixdə "Külək'’ MMC-nin hesabına ödənilmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilmişdir. Bundan sonra hərracın yekunları barədə 67/01 nömrəli protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə müvafiq olaraq qeyri-yaşayış sahəsinin son satış qiyməti 24607500 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bank tərəfindən əldə edilməsinə baxmayaraq, borc alanın kredit xətti müqaviləsi üzrə qətnamə ilə əmlak hesabına ödənilməsi qət edilən borcunun təxminən 4 925 119,08 ABŞ dolları məbləğində hissəsi ödənilməmiş qalmışdır. Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın əldə edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak iddiaçıya deyil, borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də Vergi Məcəlləsinin normalarına əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Hazırkı halda isə faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bankın həmin əməliyyat üzrə sadələşdirilmiş vergiyə cəlb olunmasını mülki qanunvericilik baxımından da düzgün hesab edilmir...» Sonradan iddiaçı ASC "xxxx" Bankı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3379/2020 №li xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı ASC "xxxx" Bankının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3379/2020 №li xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-992/2021 №li xx.xx.2021-ci il tarixli qərardadından Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1528/2021 №li xx.xx.2021-ci il tarixli qərardadı ilə mümkün sayılmayaraq, kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı ASC "xxxx" Bankı”nın apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-819/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-200/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş yenidən birinci instansiyada olarkən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə (tələbin dəqiqləşdirilməsi) ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli 276/1 saylı hesab-faktura və xx.xx.2019-cu il tarixdə 29034 №li ödəniş tapşırığı əsasında ASC "xxxx" Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən də öz növbəsində xx.xx.2019-cu tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı ASC "xxxx" Bankına qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Milli Gəlirlər Baş İdarəsi ilə əvəz olunması və iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi; iddiaçı ASC "xxxx" Bankının cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin (sadələşdirilmiş vergi məbləğinin) qaytarılması ilə bağlı iddiası üzrə ASC "xxxx" Bankı tərəfindən Milli Gəlirlər Baş İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPMnin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Milli Gəlirlər Baş İdarəsinə 45 (qırx beş) gün müddət təyin edilməsi qərara alınmışdır Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6122/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadda istinad edilmiş “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” barədə normanın ümumiyyətlə hazırki işə münasibətdə tətbiq edilməsi düzgün deyildir. Belə ki, həm VM-in 87-ci maddəsinin məzmunundan, həm də NK-in müvafiq Qaydalarında müraciət üçün nəzərdə tutulmuş ərizə formasından da göründüyü kimi qeyd edilən norma vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması hallarında tətbiq olunmalıdır. Onların iddia tələbləri isə qanunvericiliklə (VM-in 218.5-ci maddəsi) sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan Bankdan düzgün tutulmamış verginin geri qaytarılmasını təşkil edir. Belə ki, Hərrac təşkilatçısı tərəfindən Bankın həmin əmlakın ələ edilməsinin sadələşdirilmiş verginin ödənilməsi ilə şərtləndirilməsinin hüquqi əsasları ilə bağlı nəzərə alınmalıdır ki, sadələşdirilmiş vergi ödəyicilərinin mütləq dairəsini müəyyən edən Vergi Məcəlləsinin 218.4-cü maddəsinin tərkib hissəsi olan 218.4.3-cü maddəsinə görə mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu halda isə hərracdan satılan əmlak Banka deyil, müvafiq kredit müqaviləsi üzrə borc alan qismində çıxış edən “Mars-M” firmasına mülkiyyət hüququ ilə məxsus olduğu üçün sadələşdirilmiş vergini də VM-in yuxarıda qeyd edilmiş maddələrinə əsasən “Mars-M” firması ödəməlidir. Digər tərəfdən, VM-in 218.5-ci maddəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış etmək hüququ olmayan şəxslərin siyahısı müəyyən edilmişdir ki, həmin maddənin 218.5.2-ci maddəsinə əsasən kredit təşkilatları sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edə bilməzlər. Lakin faktiki olaraq Bank başqa bir vergi ödəyicisinin əvəzinə yuxarıda qeyd edilən sadələşdirilmiş vergi məbləğini ödəməklə əslində vergi yükünü öz üzərinə götürmüşdür. Bundan başqa bildirilir ki, 1-ci instansiya məhkəməsinin Bankın “sadələşdirilmiş vergi qismində ödənilmiş məbləğin qaytarılması tələbi ilə bağlı Hərrac təşkilatçısı olan Külək MMC-yə qarşı iddia tələbi ilə mülki qaydada məhkəməyə müraciət etməsilə bağlı mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, Bankla Hərrac təşkilatçısı arasında olan münasibətlərdə Bank vergi ödəyicisi, Hərrac təşkilatı isə vergi agenti qismində çıxış edir. Vergi agenti isə AR Vergi Məcəlləsinin 17.1-ci maddəsinə əsasən Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. Vergi agenti vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə; vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə; bu Məcəllə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməyə borcludur. Vergi agenti qanunla ona həvalə edilmiş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Vergi agenti birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə vergi agentinin bilavasitə və ya dolayısı ilə tabe olduğu şəxs bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Bank pozulmuş hüquqlarının bərpa edilməsi üçün ödənilmiş vergi məbləğinin geri qaytarılması ilə bağlı bilavasitə bununla bağlı cavabdehlik daşıyan vergi orqanına qarşı deyil iş üzrə vergi agenti qismində çıxış edən 3-cü şəxs Hərrac təşkilatına qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi və bununla da Bankın hüquqularının bərpa edilməsinin hərhansı başqa bir şəxsdən asılı hala gətirilməsi tamamilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının tələbi ASC "xxxx" Bankı tərəfindən "xxxx" MMC-nin (Hərrac təşkilatçısı) hesabına ödənilmiş, Hərrac təşkilatçısı tərəfindən də öz növbəsində xx.xx.2019-cu tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin hesabına sadələşdirilmiş vergi qismində ödənilmiş 655720,65 (altı yüz əlli beş min yeddi yüz iyirmi manat 65 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı ASC "xxxx" Bankına qaytarılmasının təmin edilməsi öhdəliyinin cavabdeh Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi mümkün hesab edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbini düzgün cavabdehə qarşı irəli sürməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırki tələblə mülki hüquq münasibətlərindən irəli gələn mübahisə qaydasında Hərrac təşkilatçısı olan "xxxx" MMC-yə qarşı tələb irəli sürmək hüququna malikdir. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi cavabdeh ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. 24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd olunan normalardan görünür ki, vergi orqanları ödənilmiş vergiləri o halda geri qaytarmağa borcludurlar ki, vergi ödəyiciləri tərəfindən vergi məbləği onun özü tərəfindən cababdehə artıq ödənilmiş olsun, vergi düzgün tutulmasın və s.. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı tərəfindən ödənilən məbləğ hazırkı iş üzrə üçüncü şəxs olan hərrac təşkilatına ödənilmişdir. İş materiallarından görünür ki, Hərrac təşkilatçısı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə xx.xx.2018 il tarixli 1356-VQD nömrəli qanunla edilmiş dəyişiklik əsas gətirilərək, 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin ödənilməsi üçün 276/1 saylı, xx.xx.2019-cu il tarixli Hesab-faktura da Banka təqdim edilmiş, bank tərəfindən isə Hərrac təşkilatçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 2784 №-li məktubla qeyd olunan sadələşdirilmiş verginin bank tərəfindən ödənilməsinin tələb edilməsinin əsassız olduğu bildirilmişdir. Buna cavab olaraq Hərrac təşkilatçısı tərəfindən qeyd olunan vergi məbləği ödənilmədiyi təqdirdə ASC "xxxx" Bankına həmin daşınmaz əmlaka mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməyəcəyi bildirilmişdir. İşin faktiki hallarından görünür ki, Bank tutma yönəldilmiş əmlakı əldə etmək ücün həmin hesab-fakturada nəzərdə tutulmuş məbləği (655 720,65 manat) xx.xx.2019-cu il tarixdə 29034 №-li ödəniş tapşırığı əsasında "xxxx" MMC-nin hesabına ödəmişdir. Hərrac təşkilatçısı tərəfindən də qeyd edilən məbləğ öz növbəsində vergi agenti qismində xx.xx.2019-cu il tarixli müvafiq olaraq 175, 176, 177 №-li və xx.xx.2020-ci il tarixli 01 №-li ödəniş tapşırıqları əsasında Milli Gəlirlər Departamentinin hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı "xxxx" MMC tərəfindən tələb olunan 655720.65 manat məbləğində sadələşdirilmiş vergi məbləğini “Mars-M” firmasının ödəməli olduğu qənaətində olsa da, öz marağı naminə könüllü olaraq “Mars-M” firmasının cavabdeh qarşısında öhdəliyini onun əvəzindən yerinə yetirərək, 655.720,65 manat pulu "xxxx" MMC-ə ödəmiş, sonuncu tərəfindən də həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür. Qeyd edilənlərdə əsasən Kollegiya belə hesab edir ki, iddiaçı hazırki tələblə mülki hüquq münasibətlərindən irəli gələn mübahisə qaydasında birinci instansiya məhkəməsinin hesab etdiyi kimi "xxxx" MMC-yə qarşı deyil, “Mars-M” firmasına (onun əvəzindən vergi öhdəliyini icra etdiyinə görə) qarşı ümumi məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddiaçının səlahiyyətli məhkəməyə müraciət etməsi ilə bağlıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı sayır. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6122/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar