Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3305/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-9084/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, o, ağır şəkərli-diabet xəstəsidir. İ qrup əlildir. Xəstəlik üzündən hər iki ayaqları, diz hissəsindən yuxarı amputasiya olunub. Yalnız, ev şəraitində əlil arabası ilə hərəkət edir. Tək yaşayır. Dövlət tərəfindən 2021-ci ilin mart ayından 280 manat sosial yardım alır. Şikayəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 üzrə Mərkəzi Filialı adlı qurumdandır. Bu qurum ona 6 avqust 2021-ci il tarixində, Mərkəzi Filialın direktor müavini Anar Mirzəyev adlı şəxsin imzası ilə, 1 saylı DOST Mərkəzi tərəfindən “əlliliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” yazılı Bildiriş təqdim olunmuşdur. Səbəb kimi onun xx.xx.1979-cu ildə tərtib edilmiş əmək kitabçasına və keçmiş sovet hərbi biletinə əsasən, ümumi iş stajı guya 14 il 7 ay olmaqla, tələb olunan 15 ay, 4 ay müddətindən azdır. O dəfələrlə əmək kitabçasındakı ümumi stajını hesablayarkən ümumi stajı 20 il 8 ay hesab olunur. Əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında məktubda bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Müraciətilə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib edilmiş əmək kitabçasına və ИЗ № ******* saylı hərbi biletin surətinə əsasən sığorta stajınız 14 il 7 ay olmaqla tələb olunan müddətdən (15 il 4 aydan) azdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı ərizəsi əsasında cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı nəzərə alınmaqla iddia tələbi xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunması kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-9084/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixli əmək kitabçasına və ИЗ № ******* saylı hərbi biletin surətinə əsasən sığorta stajı 14 il 7 ay olmaqla tələb olunan müddətdən (15 il 4 aydan) azdır. Bu səbəbdən iddiaçı M.N. Əmrahova əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı S78.1 Bud-çanaq və diz oynaqları arasındakı səviyyədə travmatik amputasiyası, sağ aşağı ətrafın budun orta 1/3-dən amputasion güdülü; ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ aşağı ətrafın budun orta 1/3- dən amputasiyasından sonrakı vəziyyət; ağırlaşma İ87.2 (xroniki) (periferik) venoz çatmamazlıq, sol aşağı ətrafın İV dərəcəli xroniki işemiyası; ağırlaşma İ87.0 Posttrombotik sindrom, sol baldır arteriyalarının stenookkulizasiyası diaqnozu ilə qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən birinci dərəcə müddətsiz əlillik təyin olunmuşdur. Qeyd edilən qərara əsasən şəxs əmək qabiliyyətsizdir, kənar şəxsin daimi qulluğuna möhtacdır. İddiaçının əlilliyə görə əmək pensiyasının təyini ilə bağlı müraciəti xx.xx.2021-ci il tarixdədir. İddiaçının əmək kitabçasına əsasən sığorta stajı xx.xx.1976-xx.xx.1977 (Quba konserv zavodu); xx.xx.1977-xx.xx.1979 (həqiqi hərbi xidmət dövrü); xx.xx.1979-xx.xx.1979 (Bakı mebel fabriki); xx.xx.1979-xx.xx.1985 (Azon zavodu); xx.xx.1985-xx.xx.1987 (peşə təhsili); xx.xx.1987-xx.xx.1992 (Mərkəzi xəstəxana); xx.xx.1993-xx.xx.1999 (Səbail rayon 6№-li stomatoloji poliklinika) olmaqla cəmi 20 il 10 ay 17 gündür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 12-1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı müraciət etdiyi vaxta həmin Qanunun 12.1-ci maddənin redaksiyasına əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin qanunun 31.3-cü maddəsinə əsasən təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. İddiaçının tələb edilən sığorta stajı aşağıdakı kimi hesablanır: 62 yaş (əlilliyə görə pensiya təyinatı üçün müraciət edərkən yaşı) – 15 yaş (qanunvericiliklə əmək müqaviləsinin bağlanmasına imkan verilən yaş həddi) = 47 il (əmək qabiliyyətli yaş dövrü) 47x4/12= 15 il 6 ay. Yəni qanunla iddiaçıya münasibətdə tələb olunan 15 il 6 ay sığorta stajının müqabilində iddiaçının əmək kitabçasına əsasən 20 il 10 ay 17 gün sığorta stajı mövcuddur. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş sığorta stajına malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2-1(112)-9084/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-3305/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3305/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver