Məhkəmə qərarları › İş №2-1(103)-3326/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3326/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3326/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X13, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5954/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli, 8 yanvar 2024-cü il tarixli qərarının ləğv olunması və iddiaçı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli 8 yanvar 2024cü il tarixli qərarının ləğv olunması və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci il tarixində "xxxx" MTK ilə 26 aprel 2021-ci il tarixli A010 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 kv.metr olan, 3 otaqlı, 48 nömrəli mənzili ilkin 25.000 manat, qalan hissəsini isə aylar üzrə bölünmüş müvafiq qrafik üzrə ödəmək şərtilə ümumilikdə 70.389 manat ödəyərək əldə etmişdir. Sonuncu ödənişi 7 dekabr 2023-cü ilin tarixində etdikdən sonra MTK-dan mənzilə görə ödənişin tam həyata keçirilməsinə dair maliyyə arayışını əldə edərək, Azərbaycan Respublikası Prezidentinin 25 may 2023-cü il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələbinə uyğun olaraq Vergi Xidməti tərəfindən istifadəyə verilmiş müvafiq portalda şəxsi kabinetini yaradaraq 9 dekabrda 2023-cü il tarixində mənzilin alqı-satqısına dair müqavilə, MTK-nın təqdim etdiyi maliyyə arayışı və ödəniş qəbzlərini əlavə edərək elektron müraciət ünvanlamışdır. Bundan sonra, alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə ödəniş (tam və ya bir hissəsi) alıcı tərəfindən deyil, digər şəxs tərəfindən aparıldıqda yalnız ödəniş tarixinə nümayəndənin səlahiyyətini notariat qaydasında təsdiq edən etibarnamə və ya həmin ödəmələrin alıcı tərəfindən ona etibar edilməsinə dair notariat qaydasında təsdiq olunmuş müvafiq sənədlərin 10 iş günü müddətində təqdim edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubu 19 dekabr 2023-cü il tarixdə elektron qaydada iddiaçıya təqdim edilmişdir. Bundan sonra, İdarənin məktubunda tələb olunan sənədin hazırkı məsələyə münasibətdə əsassız olması və əlavə dəyər vergisinin qaytarılması barədə müraciətinin təmin edilməsi barədə iddiaçı tərəfindən 27 dekabr 2023cü il tarixli elektron müraciət ünvanlanmış, 8 yanvar 2024-cü il tarixində isə İdarənin **********153600 nömrəli qərarı ilə iddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilmişdir. Qərarda və məktubda qeyd olunanlarla əlaqədar iddiaçı bildirir ki, ödənişlərin müəyyən hissəsini həyata keçirən şəxsin səlahiyyətli olması ilə bağlı notariat qaydasında təsdiq edilmiş etibanamənin təqdim edilməsi ilə bağlı tələb tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2023-cü il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 2-ci maddəsinin 2.0.2-ci və 2.0.3-cü yarımbəndlərinə əsasən, müvafiq olaraq alıcı dedikdə satıcıdan yaşayış və qeyriyaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı, satıcı dedikdə isə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs başa düşülür. Tərəflər arasında imzalanmış 26 aprel 2021-ci il tarixli A010 nömrəli müqavilədən görünür ki, satıcı qismində "xxxx" MTK, alıcı qismində isə Qardaşova (Qocayeva) Aydan Fazil qızı çıxış edir. Bundan başqa, müqavilənin tərəflərin rekvizitləri hissəsində MTK-nın m/h kimi AZ80NABZ******************** nömrəli hesabı qeyd edilmiş, iddiaçı tərəfindən ilkin 25.000 manat və digər ödənişlər, o cümlədən anası X6 tərəfindən həyata keçirilmiş ödənişlər məhz həmin hesaba ödənilmişdir. Eyni zamanda, təqdim edilmiş bank qəbzlərindən göründüyü kimi, bütün ödənişlərin təyinatı hissəsində “xx.xx.2021-ci il tarixli A010 nömrəli alqı-satqı müqaviləsinə əsasən aylıq ödəniş X10” ifadəsi qeyd edilmişdir. Satıcı tərəfindən təqdim edilən 8 dekabr 2023-cü il tarixli maliyyə arayışında da təsdiq edilir ki, alıcı Qardaşova (Qocayeva) Aydan Fazil qızı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binasının A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Əgər İdarənin məktub və qərarında qeyd olunduğu kimi, ödənişlərin iddiaçının anası - Zəminə Qardaşova tərəfindən edilməsinin əsası kimi notariat qaydada etibarnamə hüquqi əsas hesab olunursa və yalnız bu halda ödənişlər hüquqi nəticəyə səbəb olursa, onda sual yaranır ki, nəyə görə həmin ödənişlər zamanı, eləcə də ümumilikdə mənzilin alışına görə ödənilmiş 10.737,31 manat əlavə dəyər vergisi qurum tərəfindən təsdiq edilərək büdcəyə mədaxil olunmuşdur?! Deməli, sözügedən əlavə dəyər vergisi tam hüquqi əsaslarla ödənilmişdir. İddiaçı əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Bundan başqa, Azərbaycan Respublikasında bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını müəyyən edən “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda hesablaşma-kassa xidmətləri, pul vəsaitinin köçürülməsi üzrə xidmətlərdə ödəniş səlahiyyətini təsdiq edən etibarnamənin təqdim edilməsi ilə bağlı hər hansı tələb və ya məhdudiyyət müəyyən edilməmişdir. O cümlədən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Mərkəzi X16 17 sentyabr 2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”da ödəniş zamanı notariat qaydasında təsdiq edilmiş etibarnamənin təqdim edilməsinə dair hər hansı tələb və ya qayda müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs tapşırığın icrası nəticəsində əldə olunanların hamısını tapşırığı verən şəxsə təqdim etməyə borcludur. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı tərəfindən bəzi hallarda anası - X5 mənzilin aylıq ödənişinin həyata keçirilməsi ilə bağlı verilmiş şifahi tapşırıqlar sonuncu tərəfindən vicdanla icra edilmiş və ödəniş həyata keçirilməsinə dair qəbzlər ona təqdim edilmişdir. Ödənişlər həyata keçirilərkən, anası evdar xanım olmuş, onun heç qazancı və gəlir mənbəyi olmamış, ödəniş üçün vəsait iddiaçı tərəfindən aylıq əmək haqqı gəlirindən ödənilmişdir. Beləliklə, Qaydanın 25 may 2022-ci il tarixdə təsdiq edildiyini, tətbiqi ilə bağlı keçid müddəalarında müəyyən edilmiş şərtləri, Azərbaycan Respublikası Konstitusiya Qanununun üstün hüquqi qüvvəsini nəzərə alaraq, etibarnamə ilə bağlı tələbin hazırkı halda əsassız və qanunsuz olduğu sübut olunur. Əlavə olaraq bildirir ki, "xxxx" ASC-nin Bakıxanov filialının 25 dekabr 2023-cü il tarixli 1903 nömrəli məktubunda bankın 3 ödəniş qəbzində vaxtilə bankın əməkdaşları tərəfindən yol verilmiş texniki səhvlərin düzgün redaktəsinə dair məlumat qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-5954/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********153600 nömrəli 8 yanvar 2024-cü il tarixli qərarı ləğv olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilmiş yaşayış binanın A blokunun, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.m olan, 3 otaqlı, 48 nömrəli mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən (FİN:xxxxxxx) aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli **********459000 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Belə ki, ödəniş tarixinə həmin ödəmələrin alıcı tərəfindən ödənişləri həyata keçirən şəxslərə etibar edilməsinə (səlahiyyət verilməsinə) dair notarial qaydada təsdiq edilmiş etibarnamə araşdırmaya təqdim edilməmişdir. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. İddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş bank ödəniş qəbzlərinin surətlərindən görünür ki, bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X11, digər bank qəbzlərində isə bank ödəniş qəbzlərində “ödəyən” şəxs qismində X7 qeyd olunmuşdur. Bakı İnzibatı Məhkəməsinin qərarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi (1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı) portala əlavə etmək aydın şəkildə göstərilməyinə baxmayaraq, “ödəyən” şəxs qismində tamamilə digər şəxsin məlumatları göstərilməyini əsaslı hesab edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci bəndinə əsasən normativ hüquqi akt olan fərman dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər tərəfindən alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişlər həyata keçirilməlidir. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Əlavə olaraq, qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsinin uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. ƏDV-nin qaytarılması və bununla əlaqədar Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin digər əsas məqsədi “kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatları” daha da stimullaşdırmaqdır. Lakin təəssüflər olsun ki, belə uğurlu bir layihənin həyata keçirilməsi zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydaları”nın tələbləri pozularaq, onlara edilmiş güzəştdən sui-istifadə edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X21 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X10 xx.xx.2021-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra ərə Qocayev, arvada Qocayeva soyadı verilmişdir. İş materiallarında olan Satıcı "xxxx" MTK ilə X2 arasında bağlanmış A010 nömrəli 26 aprel 2021-ci il tarixli Mənzilin alqı-satqısına dair müqavilənin 1 və 2-ci bəndlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov küçələrinin əhatə etdiyi ərazidə yerləşən, mənzilin 1 kv.metr sahəsinin qiyməti 990 manat olan 3 otaqdan ibarət, ümumi sahəsi 71.1 kv.metr olan, 48 saylı mənzilin ümumi dəyəri 70.389,00 manat, müqavilə üzrə ilkin ödəniş 25.000,00 manat çıxılmaqla, qalan 45.389,00 manat məbləğində pul vəsaitinin 36 ay ərzində aylıq bərabər hissələrə bölünməklə ödəniş cədvəlinə uyğun olaraq ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan A010 saylı müqaviləyə 10 №li Əlavəyə əsasən 71.1 kv.metr mənzilə görə alıcı A.Qardaşova tərəfindən ümumilikdə 70.389,00 manat məbləğdən 25.000,00 manat məbləğində ilkin ödəniş, ümumi məbləğdən qalan 45.389,00 manat məbləğin isə xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli CCRTOB**********028734 №li qəbzə əsasən A010 nömrəli 26 aprel 2021-ci il tarixli Mənzilin alqı-satqısına dair müqavilə üzrə X10 tərəfindən 25.000,00 manat məbləğində pul vəsaiti "xxxx" MTK-nın hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il qəbzlərə əsasən A010 nömrəli 26 aprel 2021-ci il tarixli Mənzilin alqı-satqısına dair müqavilə üzrə X12 tərəfindən, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən A010 nömrəli 26 aprel 2021-ci il tarixli Mənzilin alqı-satqısına dair müqavilə üzrə X7 tərəfindən hər bir qəbz üzrə 1.260,00 manat məbləğində "xxxx" MTK-nın bank hesabına ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 683,4 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 576,6 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 2135,59 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 384,41 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 3203,38 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 576,62 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023cü il tarixli ödəniş tapşırığı əsasında 1067,8 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 192,2 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 3227,88 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında 581,12 manat İddiaçı tərəfindən A010 nömrəli 26 aprel 2021-ci il tarixli Mənzilin alqı-satqısına dair müqavilə üzrə "xxxx" MTK-nın bank hesabına ödənişlər edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilən 08 dekabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X10 payçı olduğu “S AND N “ MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa etdiyi yaşayış binasının A blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71.1 kv.metr olan, 48 saylı, 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 08 yanvar 2024-cü il tarixli **********153600 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarına əsasən təqdim edilmiş sənədlərin araşdırılması zamanı xx.xx.2021-xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən aparılmadığı (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) müəyyən edildiyi və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023cü il tarixli **********459000 nömrəli bildirişin alıcının portalda yaratdığı elektron kabinetə göndərildiyi, lakin alıcı X14 tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqların aradan qaldırılmadığı qeyd olunaraq “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmadığı əsası ilə İddiaçı 09 dekabr 2023-cü il tarixli ərizə üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “Bakıxanov” filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubda qeyd edilir: Yazıb Sizə bildirmək istərdik ki, X10 ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli A010 saylı müqaviləyə əsasən 2021-2023-cü illər arasında aylıq ödənişlər şirkətin Bankımızdakı hesabı vasitəsilə edilmişdir. Edilmiş aylıq ödənişlər zamanı aşağıda sadalanan düzəlişləri nəzərə almağınızı xahiş edirik: xx.xx.2021-ci il tarixli, CCRTOB**********006006 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2021-ci il tarixli, CCRTOB**********056087 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2023-cü il tarixli, CCRTOB**********079743 saylı mədaxil qəbzi- Müqavilə tərəfinin adı X3 nəzərə alınsın. İş materiallarında olan "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış 08 aprel 2024-cü il tarixli sorğuya cavab məktubunda X6 ilə "xxxx" MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı ilə bağlı hər hansı müqavilənin imzalanmadığı bildirilmişdir. İş materiallarında olan X9 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı həmin dövrdə işlədiyi üçün və işdən icazə almasında çətinliklər olduğu üçün xx.xx.2021-ci il tarixli A010 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil üçün ödənişləri onun tərəfindən verilmiş pul vəsaiti əsasında banka ödəmişdir: xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qəbzlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (Həmin maddə «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir və xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir). “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası» təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»: 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.6. müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklar; 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaimə-fakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.9. Müvəkkil bank bu Qaydaya əsasən qaytarılmış ƏDV məbləği barədə məlumatı ƏDV-nin qaytarıldığı tarixdən 3 (üç) iş günü müddətində vahid məlumat bazası üzərindən operatora ötürür. 5.13. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi zamanı (yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda) satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarda yeni alıcının adına dəqiqləşdirmə aparır. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşin faktiki hallarından görünür ki, iddiaçı Qocayeva (Qardaşova) Aydan Fazil qızı "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli A010 nömrəli Mənzil alqısatqısına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək mənzilin dəyərini tam ödəmiş və həmin məbləğin ödənilməsini təsdiq edən sənədlərlə birlikdə ödənilmiş ƏDV-nin qaytarılması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021xx.xx.2023-cü il tarixlərdəki ödəniş sənədlərində ödənişin İddiaçı tərəfindən aparılmadığına (ödənişi aparan şəxsin soyad, ad və ata adının fərqli olduğu) istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası»nın tələblərinə əsasən ƏDV-nin qaytarılması üçün əsas tələb alınmış yaşayış sahəsinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməsi və bu halı təsdiq edən sübut kimi bank ödəniş sənədinin təqdim edilməsidir. İş materiallarına əlavə edilmiş qəbzlərdən və ödəniş tapşırıqlarından görünür ki, iddiaçı bu sənədləri cavabdehə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, mənzilin dəyərini qismən ödəyən şəxs kimi alıcı İddiaçıdır, ödəniş isə həmin mənzilin alınmasına dair İddiaçı ilə "xxxx" MTK arasında imzalanmış xx.xx.2021-ci il tarixli A010 nömrəli Mənzil alqı-satqısına dair müqaviləyə əsasən həyata keçirilmişdir. Qeyd olunan Qaydaların tələblərinə əsasən ödəniş sənədində ödənişi aparan alıcının soyadı, adı və atasının adı, ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi, ödənişin təyinatı göstərilməlidir. Qəbzlərdə adları qeyd olunan X6 alıcı kimi mənzilin dəyərini ödəyən şəxs deyil, pul vəsaitini iddiaçının adından banka təqdim edən şəxs olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin “Bakıxanov” filialı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, X10 ilə "xxxx" Mənzil Tikinti Koorperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli A010 saylı müqaviləyə əsasən 2021-2023-cü illər arasında aylıq ödənişlər şirkətin Bankdakı hesabı vasitəsilə edilmişdir və edilmiş aylıq ödənişlər zamanı aşağıda sadalanan düzəlişləri nəzərə alınması xahiş edilmişdir - xx.xx.2021-ci il tarixli, CCRTOB**********006006 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2021-ci il tarixli, CCRTOB**********056087 saylı mədaxil qəbzi- ödəyənin adı X1 nəzərə alınsın, xx.xx.2023-cü il tarixli, CCRTOB**********079743 saylı mədaxil qəbzi- Müqavilə tərəfinin adı X3 nəzərə alınsın. Həmçinin "xxxx" MTK tərəfindən məhkəməyə ünvanlanmış 08 aprel 2024-cü il tarixli sorğuya cavab məktubunda X6 ilə "xxxx" MTK arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev, E.Bəkirov və K.İsmayılov ünvanında inşa edilən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı ilə bağlı hər hansı müqavilənin imzalanmadığı bildirilmişdir. X9 tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizədən isə görünür ki, xx.xx.2021-ci il tarixli A010 nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil üçün ödənişləri İddiaçı tərəfindən verilmiş pul vəsaiti əsasında X9 banka ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların 5.1.2-ci yarımbəndində “ödənişi aparan alıcının soyadı, adı və atasının adı” dedikdə, hərfi mənada pulu təqdim edən şəxs deyil, mənzilin dəyərini vermək öhdəliyi daşıyan alıcı nəzərdə tutulur. Çünki Qaydalara əsasən ƏDV yaşayış sahəsini nağdsız qaydada almış ödəyiciyə qaytarılır, alıcı isə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs ilə müqavilə bağlayan fiziki şəxs, hazırkı halda İddiaçıdır. Bunun əksini düşünmək, yəni Qaydaların, pul vəsaitini başqa şəxs vasitəsilə banka ödəyən alıcıya ƏDV-nin qaytarılmasını istisna etməsi həm onun qəbul edilmə məqsədlərinə, həm hüququn ümumi prinsiplərinə, həm də qanunvericiliyin tələblərinə zidd olar, bu hal bərabər vəziyyətə fərqli rəftara gətirib çıxarar. Göründüyü kimi, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən mənzilin dəyəri nağdsız qaydada satıcıya tam ödənilmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5954/2024 nömrəli, 21 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar