Məhkəmə qərarları › İş №2-1(103)-3445/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3445/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3445/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mübahisəli torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7826/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "27K" saylı 0.12 ha torpaq sahəsinə dair hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 27K saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X2 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun kənarında yerləşir. Eyni zamanda torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X7) müraciətləri mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7826/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, təqdim edilən X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun kənarında yerləşir. Eyni zamanda torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X7) müraciətləri mövcuddur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nicat Rzazadə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Apellyasiya şikayətinin “orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir“dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Milli Arxiv İdarəsinin 29 aprel 2002-ci il tarixli, BA-02328- 2022 nömrəli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il 195 nömrəli qərarına və Bakı Şəhər Sovetinin 14 iyun 1988-ci il 6\333 nömrəli qərarına əsasən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15/595 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə 149 nömrəli BTK-dan torpaq sahəsi ayrılmış və Ləiş bağ-tikinti kooperativi üzvlərinə bağ sahəsinin verilməsi siyahısında 10.X1 adı qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş orderdə həmin qərara istinad edilmişdir. Həmçinin, orderin 1 nüsxədən ibarət olaraq, hüquq sahibinə təqdim edilməsi mübahisəsiz haldır. Beləliklə də, iddiaçı tərəfindən təqdim olunmuş orderin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakter daşıdığı müəyyən olunur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə hüquqların qeydiyyatından imtina əsaslarında orderin nüsxəsinin arxivdə saxlanılmaması əsası, həmçinin hüquqların qeydiyyata alınması üçün orderin nüsxəsinin İdarə arxivində saxlanılması tələbi müəyyən edilməmişdir. Belə olan halda sözügedən orderin cavabdehin arxivində olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Qeyd edilənin əksini sübut edən hər hansı sənəd cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətinin “torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsinin qeyd olunmaması” dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 nömrəli Orderin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən 149 nömrəli BTK-nin nəzdində olan Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 27K bağ sahəsi X2 (iddiaçının anasına) ayrılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə order (inzibati akt) qüvvədədir. Başqa sözlə, həmin orderin mötəbərliyi qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Kollegiya qeyd edir ki, torpaq sahəsinin nömrəsinin sxematik xəritədə qeyd olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Qeyd edilən hal qanunvericilikdə imtina dəlilləri arasında yer almamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu bəndində nəzərdə tutulduğu kimi vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, mövcud uyğunsuzluqları aradan qaldırmaq inzibati orqanın vəzifəsidir. Apellyasiya şikayətinin “göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X7) müraciətləri mövcuddur” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş üzrə materiallarda qeyd edilən bağ sahəsi üzərində hüququn hər hansı şəxsin adına qeydiyyata alınmadığı görünür. Eyni zamanda cavabdeh inzibati orqanın göstərilən imtina dəlili ilə bağlı kollegiya qeyd edir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarında eyni torpaq sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olması göstərilməmişdir. Hətta digər bir şəxsin eyni torpaq sahəsinə müraciəti olmuş olsa belə, həmin şəxsin sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlərə malik olmasına dair də cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətinin “torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında kənarında yerləşir” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, göstərilən bu hal, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla təkzib edilir. Belə ki, sözügedən torpaq sahəsi Pirşağa- Bilgəh avtomobil yolunun 2+300-cü kilometr hissəsi yaşayış məntəqələri ərazisində yerləşir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolun qorunma (mühafizə) zolağı barədə məktubundan göründüyü kimi, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilmiş Bakı Bilgəh-Kürdəxanı avtomobil yolu 1-ci texniki dərəcəli 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni yolun oxundan (ayrıc zolağından) hər iki istiqamətdə 17,5 metr olmaqla 35,0 metr təşkil edir. İş materiallarına əlavə edilmiş 01/23-222 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bağlar Təsərrüfatı İdarəsinin 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X2 ayrılmış, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində Bağlar Təsərrüfatı İdarəsinin 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X2 ayrılmış, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Pirşağa-Bilgəh avtomobil yolunun oxundan (ayrıc zolaqdan) 24.4 metr məsafədə olması və Pirşağa-Bilgəh avtomobil yolunun mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh inzibati orqan imtinada torpaq sahəsinin “yolun mühafizəsində” yerləşdiyini göstərdiyi halda məhkəməyə təqdim etdiyi etirazında və apellyasiya şikayətində “yolun kənarında” yerləşdiyini qeyd etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və yerində müayinə zamanı mübahisəli torpaq sahəsinin ətrafının hasarlı olduğu iddiaçıya məxsus mübahisəli torpaq sahəsi hər hansı kommunikasiya xəttinin və ya avtomobil yolunun mühafizə zolağına düşmədiyi (avtomobil yolunun qorunma zolağından kənarda yerləşməsi), həmçinin bitişik torpaq sahələrinə dair digər vətəndaşların mülkiyyət hüquqları qeydə alınaraq buna dair çıxarışın (27 saylı, 27D saylı bağ sahələrinə dair çıxarışlar iş materiallarına əlavə edilmişdir) verildiyi müəyyən edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsin əsasən qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” 11 sentyabr 2015-ci il tarixli Nazirlər Kabineti Qərarının 1.2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X2 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə olan halda, mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 27K saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapdığından, həmin torpaq sahəsinin başqa şəxsə verilməsi, başqa şəxsin adına qeydiyyatdan keçməsi müəyyən edilmədiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi mümkündür. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7826/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar