Məhkəmə qərarları › İş №2-1(103)-3454/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3454/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3454/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Həşim Rəşad Əlisahib oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci ilin mənfəət vergisi üzrə 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində İddiaçı MMC-yə 74.659,80 manat vergi məbləği hesablanmışdır. Həmin qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləği əsassız olaraq hesablanmışdır. Sözügedən qərar qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən ona ünvanlanmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən aşağıdakı kimi cavab təqdim edilmişdir: Vergi orqanının 8 iyul 2022-ci il tarixli **********076300 nömrəli məktubuna əsasən təqdim edilmiş cavab məktubunda da qeyd edildiyi kimi, göstərilənlər MMC tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, vergi orqanının göstərdiyi fərq mal-material hesabatları ilə aşkar edilməmişdir. Göndərilən məktubda qeyd edilən məbləğ bütün il ərzində idxal bəyannamələri əsas götürülərək müəyyən edilmişdirsə də, bunun açıqlamasının MMC-yə təqdim edilməsini vergi orqanından xahiş olunur. MMC qanunvericiliyə uyğun olaraq malların uçotunu aparmışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 14, 20, 24, 71, 72, 89-cu maddələrinə, Vergi Məcəlləsinin 3.8, 15, 37, 53, 62, 64, 94-cü maddələrinə, İPM-in 2, 8, 32, 35, 45, 46, 74-cü maddələrinə əsaslanaraq, cavabdehin 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Baş İdarə iddia tələbi ilə razılaşmır və hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 670.992,61 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 8 iyul 2022-ci il tarixli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2021-ci il MV bəyannaməsi üzrə 74.659,8 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 6.621.638,81 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 5.950.646,19 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Yəni, vergi ödəyicisi yük gömrük bəyannaməsinə əsasən 5.950.646,19 manat dəyərində mal-material idxal etmiş, 527.915,7 manat dəyərində elektron-qaimə əsasında mal-material almışdır. 2021-ci il mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsinə əsasən 2020-ci ilin sonuna mal qalığı 112.676,9 manat dəyərində olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin xərcinin 6.964.267,63 manat olması müəyyən edilmiş, 373.299 manat xərc sənədlərlə təsdiqini tapmamış, xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 23.1, 24, 36, 37, 108, 134 – 136, 139, 162-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 670.992,61 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 6.621.638,81 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 5.950.646,19 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Yəni, vergi ödəyicisi yük gömrük bəyannaməsinə əsasən 5.950.646,19 manat dəyərində mal-material idxal etmiş, 527.915,7 manat dəyərində elektron-qaimə əsasında mal-material almışdır. 2021-ci il mənfəət vergi bəyannaməsinin 1 nömrəli Əlavəsinə əsasən 2020-ci ilin sonuna mal qalığı 112.676,9 manat dəyərində olmuşdur. Lakin vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci il tarixli mənfəət vergisi bəyannaməsinə əsasən vergi ödəyicisinin xərcinin 6.964.267,63 manat olması müəyyən edilmiş, 373.299,0 manat xərc sənədlərlə təsdiqini tapmamış, xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi satıcının ölkəsində təhvil aldığı malların təyinat nöqtəsinə çatdırılması ilə bağlı daşıma xərclərinə aid təsdiqedici sənədləri (müqavilə, invoys, təhvil-qəbul aktları) araşdırmaya təqdim etməmiş və qeyri-rezidentin göstərdiyi daşıma xidmətinə görə müvafiq ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilməmişdir. Məhkəmə qərarında qeyd edilmişdir ki, vergi qanunvericiliyinin qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 60 iş günü müddətində keçirilməsini nəzərdə tutur, mənfəət vergisi üzrə müvafiq bəyannamə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir. Hazırkı işin hallarına görə isə, 2022-ci ilin mart ayının 31-dən sonrakı dövrdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir tutarlı münasibət bildirməmiş və bununla əlaqədar sübut, dəlil təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci bəyannamənin verdiyi və ya 2022ci ilin mart ayının 31-dən 60 iş günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddət ötürülməklə (pozulmaqla) keçirmişdir. Bununla da, 21 iyul 2022-ci il tarixli həmin qərar qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmənin də vurğuladığı kimi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən aparılır və həmin bəyannamələrdə uyğunsuzluqlar aşkar edildikdə bununla bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilir. Həmin məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədikdə bir başqa ifadə ilə uyğunsuzluq götürülmədikdə qanunvericiliyin tələblərinə əsasən əlavə ödəməli vergi məbləği müəyyən edilir və bununla bağlı müvafiq qərar qəbul edilir. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən həmin Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. İddiaçı 2021ci il üzrə mənfəət vergi bəyannaməsini gecikdirmədən - xx.xx.2022-ci il tarixdə vergi orqanına təqdim etmiş, 3 dəfə isə (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində) dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. İddiaçıya xx.xx.2022, xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə uyğunsuzluq məktubları göndərilmiş, kameral vergi yoxlamasının başa çatdırılması üçün iddiaçıdan zəruri sənədlər, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Göründüyü kimi qanunvericilikdə Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd edilmiş müddətlər başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilə bilmədiyi qeyd edilmişdir. Faktiki hala münasibətdə isə 37.2-ci maddəsində qeyd edilmiş müddət başa çatmamış, həmçinin iddiaçıya 37.2-1-ci maddəsində göstərilən bildiriş təqdim edilməmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması xx.xx.2022-ci il tarixdə, sonuncu dəqiqləşdirilmiş bəyannamənin təqdim edildiyi xx.xx.2022-ci il tarixindən 60 iş günü müddəti ötürülmədən keçirilmişdir (2022-ci ilin istehsalat təqvimində iş günü hesab edilməyən günlər nəzərə alınmaqla). Yəni, vergi ödəyicisi ilkin bəyannaməni xx.xx.2022-ci il tarixdə təqdim edən vaxtdan başlayaraq vergi orqanının 60 iş günü müddətində kameral vergi yoxlaması keçirmək hüququ var, lakin 60 iş günü tamam olmadan vergi ödəyicisi xx.xx.2022-ci il tarixində ilk dəfə dəqiqləşdirilmiş bəyannamə vermiş, 4 gün sonra xx.xx.2022 və 13 gün sonra xx.xx.2022-ci il tarixlərində yenidən dəqiqləşdirilmiş bəyannamələr təqdim etmişdir. Göründüyü kimi nə vergi ödəyicisi tərəfindən, nə də vergi orqanı tərəfindən müddət ötürülməmişdir. Məhkəmənin cavabdeh tərəfindən müddətin pozulması ilə bağlı gətirdiyi dəlil və arqumentlər isə tamamilə absurddur, məhkəmə tərəfindən qanunvericilik normalarının yanlış təfsirinin və tətbiqinin nəticəsidir. Məhkəmə qərarının digər dəlilində qeyd edilmişdir ki, inzibati orqanın (vergi orqanının) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Həmin inzibati aktın özündə inzibati orqan yalnız Vergi Məcəlləsinin 59.1, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddələrinə (vergi borcu üzrə faizlərin hesablanması və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad etməklə kifayətlənmiş, inzibati icraatda vergi borcuna dair qərar qəbul olunarkən hesablamanın səbəblərini və düsturunu aydın şəkildə göstərməmişdir. Həmçinin, məhkəmənin qənaətinə görə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 21 iyul 2022-ci il tarixli **********699000 nömrəli qərarı qanunazidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Məhkəmə vergi orqanının kameral vergi yoxlamasını səhvən inzibati icraat kimi dəyərləndirərək, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun prosedur xarakterli normalarını Vergi Məcəlləsinin xüsusi normaları ilə tənzimlənən münasibətlərə tətbiq etməkdə haqlı olmamışdır. Çünki həyata keçirilmiş icraat inzibati icraat deyil, vergi qanunvericiliyi ilə tənzimlənən kameral vergi yoxlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Belə ki, kameral vergi yoxlamasının həyata keçirilməsi qaydası və nəticələrinin rəsmiləşdirilməsi Vergi Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Odur ki, mübahisələndirilən qərar həm mahiyyətinə, həm də ki, məzmununa görə vergi qanunverciliyinə uyğundur və Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Göründüyü kimi, məhkəmə tərəfindən inzibati aktın ləğvi əsası olaraq qeyd edilən dəlillər işin faktiki hallarına uyğun olmamaqla və vergi qanunvericiliyinin tələblərinə zidd olmaqla əsaslı olmamışdır. Həmçinin, müvafiq inzibati iş üzrə 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyi alınmış, ekspert rəyində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********699000 nömrəli 21 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə hesablanmış mənfəət vergisinin düzgün hesablanmadığı qeyd edilmişdir. Məhkəmə qərarında ekspert rəyi ilə bağlı bildirilmişdir ki, iş üzrə alınmış 31 mart 2023-cü il tarixli 9/357 saylı ekspert rəyi formal şəkildə əsaslandırılmış, vergi ödəyicisi kimi iddiaçının təqdim etdiyi bəyannamə üzrə göstəricilər sadalanmış, hansı səbəbdən son nəticə əldə olunması tam açıqlanmamışdır. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə vergi orqanının hesablamasını təsdiq etməyən və hesablamanın əsassız olduğunu qeyd etmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etməməklə, əslində, vergi orqanının hesablamasını əsaslı saymışdır. Həmçinin, qərarın digər hissələrində, ümumiyyətlə, iddianın mahiyyəti barədə heç bir araşdırma aparılmamış, yalnız formal dəlillər və məhkəmənin vergi orqanının pozmasını ehtimal etdiyi prosessual normalar qeyd edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib iddia təmin olunmamalıdır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi cavabdehin 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə, kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarından görünür ki, İddiaçı MMC-yə 2021-ci il üçün mənfəət vergisi üzrə 74.659,80 manat məbləğində vergi və ya sığorta haqqı hesablanmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı MMC-yə ünvanlanmış 2021-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə məktubdan görünür ki, “MMC tərəfindən təqdim edilmiş 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatların, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəfinizdən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 670.992,61 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir və bununla əlaqədar məlumatların (məktuba əlavə edilmiş forma üzrə) araşdırmaya təqdim edilməsi xahiş olunmuşdur. Yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun və müvafiq təsdiqedici sənədlərin, dəqiqləşdirilmiş vergi bəyannaməsinin araşdırmaya təqdim edilməsi Sizə bildirilir. Tərəfinizdən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə ilə məktubda qeyd olunan kənarlaşmalar aradan qaldırılmadığı təqdirdə bu uyğunsuzluq məktubu əsasında kameral vergi yoxlaması ilə əlavə hesablama aparılacaqdır. Kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər məktubda göstərilən tarixədək (5 iş günü) təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəasına əsasən vergi orqanının Sizin vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır”. Kameral vergi yoxlamasının aparılması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının dəqiqləşdirilmiş bəyannamə təqdim etdiyi vaxtdan bir neçə dəfə vergi orqanı tərəfindən vergi ödəyicisinə məktub göndərilərək zəruri sənədlərin təqdim olunması təklif olunmuş, lakin belə sənədlər təqdim olunmadığı üçün vergi orqanı özünün bir neçə məktubu ilə hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığını ödəyicinin nəzərinə çatdırmışdır. Sonda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə əvvəlki məktublarında da göstərildiyi kimi kameral vergi yoxlamasının keçirilməsinin mümkün olmadığını nəzərə alaraq (bu barədə formal qərarlar olsa da, hesablanmış vergilər iddiaçıdan tələb olunmamış, araşdırma aparılmışdır) 21 iyul 2022-ci il tarixli **********699000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” qərarı ilə İddiaçı MMC-yə 2021-ci il üçün mənfəət vergisi üzrə 74.659,80 manat məbləğində vergi hesablamış və bu zaman iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddət ötürülməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Kollegiya qeyd edir ki, Məcəllənin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki, malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir. Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur ki, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəri daxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoysda, yəni hesab fakturada tapır. Hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Lakin işə birinci instansiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, mənfəət bəyannaməsinin xərclərində malın dəyəri olaraq gömrük dəyərinin tanınması düzgün olmuşdur. Bu zaman məhkəmə mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin xərcə salmalı olduğu məbləğə malın gömrük dəyərinin aid olması qənaətinə gəmişdir. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsuludur. “Gömrük tarifi haqqında” Qanunun 13-cü maddəsində qeyd olunan şərtləri ödədikdə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Müddəanın tələbindən göründüyü kimi, gömrük dəyəri müəyyənləşdirilərkən təkcə alıcı tərəfindən faktiki ödənilmiş məbləğlər deyil, həm də ödənilməli olan məbləğlər də nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyəridir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin xərclər hissəsində 373.299 manat fərq yaranmışdır ki, bu da vergi orqanı tərəfindən düzgün olaraq vergi ödəyicisi tərəfindən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırki işin hallarını düzgün araşdırmamış və maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmənin bir dəlili də ondan ibarət olmuşdur ki, “inzibati orqanın 21 iyul 2022-ci il tarixli **********699000 saylı qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır”. Bununla əlaqədar Kollegiya nəzərə alır ki, oxşar işlər üzrə oturuşmuş məhkəmə təcrübəsi və vergi münasibətləri üzrə mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Odur ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi üçün əsaslar cavabdeh orqanın təqdim etdiyi və iddiaçının özünün də məlumatlı olduğu “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubda göstərildiyi üçün bu hal mübahisələndirilən qərarın qanuniliyi və əsaslılığı yoxlanılarkən nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmədiyi üçün cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2023 saylı 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar