Məhkəmə qərarları › İş №2-1(103)-3459/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3459/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3459/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmişdir. xx.xx.2000ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq Şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2007-ci il tarixdən tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin edilməsi ilə əlaqədar 08 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir. xx.xx.2008-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə hakim vəzifəsində səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakimlik fəaliyyətinə xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iddiaçıya pensiya hesablanması üçün əmək haqqı barədə verilmiş arayışa əsasən iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək son 5 illlik əmək haqqı 391810,60 (üç yüz doxsan bir min səkkiz yüz on manat 60 qəpik) manat təşkil etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən iddiaçıya sabiq hakimi kimi əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona hakim kimi təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi qeyd olunmuşdur ki, “...10 yanvar 2025-ci il və 24 yanvar 2025-ci il tarixlərində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddəsinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə). Sizə 60 ay ərzində ödənilmiş əmək haqqına dair təqdim etdiyiniz Şirvan Apellyasiya Məhkəməsinin 2 dekabr 2024-cü il tarixili 3-9-1/2- 735/2024 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 16 il 4 ay 7 gün hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (8272,92 manat) 54 faizi-4467,38 manat və 13 dekabr 2024-cü il tarixinədək ödənilmiş əmək pensiyanızın tərkibindəki 77,50 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4544,88 (4467,38+77,50) manat məbləğində sabiq hakim kimi 14 dekabr 2024-cü il tarixindən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilib. Təqdim etdiyiniz müvafiq sənədləriniz araşdırılarkən hazırda sizə sabiq hakim kimi yaşa görə ödənilən 4544,88 manat əmək pensiyasının məbləğinin müraciətinizdə göstərdiyiniz xx.xx.2022-xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyətiniz əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3630,68 manat pensiya məbləğindən çox olduğu müəyyən edilib. Buna görə də, əmək pensiyanızın həmin dövr üzrə yenidən hesablanması təxirə salınıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixinədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. Siz hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixindən sonra 6 avqust 2008-ci il tarixindən təyin edildiyinizdən sözügedən Qaydada əmək pensiyanızın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil”. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hakim vəzifəsində işlədiyi son 24 ay və ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair təqdim etdiyi arayışlardan daha üstün pensiya təminatına əsas verən arayışa uyğun olaraq sabiq hakim kimi ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixə yenidən hesablanaraq həmin tarixdən 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin (fərqin) ödənilməsi, pensiyanın 14 dekabr 2024-cü il tarixə hesablanacaq yeni məbləğinə cari 2025-ci ilin indeksasiyası tətbiq edilməklə 1 yanvar 2025-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin müəyyənləşdirilərək ödənilməsi, 01 yanvar 2025-ci il tarixdən qərar qüvvəyə minənə və qərar icra edilməyə başlanana qədər aylar üzrə ödənilməmiş qalan məbləğlərin (fərqlərin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ilin avqust ayından Daxili İşlər orqanlarından xidmət illərinə görə təqaüdə çıxmış, ona həmin tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Ehtiyatda olan daxili xidmət podpolkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 saylı Fərmanına uyğun olaraq xx.xx.2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. DİO-dan təqaüdə çıxdıqdan sonra Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilərək 2003-cü ilə qədər həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Sabirabad Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 28 avqust 2010-cu il tarixdən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 65 yaşının tamam olduğu 14 dekabr 2024cü il tarixədək həmin vəzifədə işləmişdir. Cavabdehin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır və hesab edir ki, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normalarına uyğun olaraq yenidən hesablanmalı və onun işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq pensiya təyin olunmalıdır. Belə ki, onun hakimlik stajı 16 il 4 ay 07 gün təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normaları onun pensiyasının və pensiyasına əlavələrin əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında əlavələr hesablanmaqla ona aylıq vəzifə maaşının 45 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında (stajı 16 il 4 ay 07 gün olduğundan 10 ilə qədər 55 faiz, 10 ildən yuxarı 6 il 4 aylıq hakimlik stajımın hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında (55%+6x5%=85)) Şirvan Apellyasiya Məhkəməsində hakimlik fəaliyyətinin başa çatdığı və 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixdən hesablanmasına əsas verirdi. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı 60 ay ərzində ödənilmiş əməkhaqqına dair təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 3-9-1/2-735/2024 nömrəli arayışı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən 16 il 4 ay 7 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqının (8272,92 manat) 54 faizi-4467,38 manat və 13 dekabr 2024-cü il tarixədək ödənilmiş əmək pensiyasının tərkibindəki 77,50 manat maddi yardım nəzərə alınmaqla ümumilikdə 4544,88 (4467,38+77,50) manat məbləğində sabiq hakim kimi 14 dekabr 2024-cü il tarixdən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən təqdim edilən müvafiq sənədlər araşdırılarkən hazırda ona sabiq hakim kimi yaşa görə ödənilən 4544,88 manat əmək pensiyasının məbləğinin müraciətdə göstərilən xx.xx.2022- xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə əmək fəaliyyəti əsas götürülməklə yenidən hesablanaraq müəyyən ediləcək 3630,68 manat pensiya məbləğindən çox olduğu müəyyən edilmişdir. Buna görə də İddiaçı əmək pensiyasının həmin dövr üzrə yenidən hesablanması təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin edilmiş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinin əmək pensiyası həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə uyğun hesablanmalıdır. Yəni sözügedən Plenum Qərarına əsasən 30 dekabr 2005-ci il tarixədək hakim təyin olunmuş şəxsə beş il iş stajına əsasən maksimum 80 faiz miqdarında pensiya təyin edilə bilər. İddiaçı hakim vəzifəsinə 30 dekabr 2005-ci il tarixdən sonra, yəni 06 avqust 2008-ci il tarixdə təyin edildiyindən sözügedən qaydada əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı iddia ərizəsinin əsasları kimi Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Sabirabad rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edildiyini, 28 avqust 2010-cu il tarixdən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, 65 yaşının tamam olduğu 14 dekabr 2024cü il tarixədək həmin vəzifədə işlədiyini qeyd etmiş, cavabdeh tərəfindən təyin edilmiş pensiyanın düzgün hesablanmadığını bildirərək ona sabiq hakim kimi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faiz olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət və müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, 14 dekabr 2024-cü il tarixədək ödənilmiş əmək pensiyasının tərkibində ödənilmiş maddi yardım nəzərə alınmaqla ona əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında pensiyaya əlavənin, cari 2025-ci ilin indeksasiyası da nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. - 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. - 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən Hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç" sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2024-cü il tarixdə çatmışdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki: «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyasını tətbiq etsək belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur.Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi təmin edilərək, İddiaçı hakim vəzifəsində işlədiyi son 24 ay və ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair təqdim etdiyi arayışlardan daha üstün pensiya təminatına əsas verən arayışa uyğun olaraq sabiq hakim kimi ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixə yenidən hesablanaraq həmin tarixdən 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin (fərqin) ödənilməsi, pensiyanın 14 dekabr 2024-cü il tarixə hesablanacaq yeni məbləğinə cari 2025-ci ilin indeksasiyası tətbiq edilməklə 1 yanvar 2025-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin müəyyənləşdirilərək ödənilməsi, 01 yanvar 2025-ci il tarixdən qərar qüvvəyə minənə və qərar icra edilməyə başlanana qədər aylar üzrə ödənilməmiş qalan məbləğlərin (fərqlərin) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından imtinanın və iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı, qanunsuz hesab edilməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi-mütəxəssis X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin digər nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, 2-1(112)-7432/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Məhkəmələr və hakimlər haqqında” Qanunu: Maddə 109. Hakimlərin sosial müdafiəsi Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı hakim vəzifəsində işlədiyi son 24 ay və ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair təqdim etdiyi arayışlardan daha üstün pensiya təminatına əsas verən arayışa uyğun olaraq sabiq hakim kimi ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, 16 il 4 ay 7 günlük hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi olmaqla hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə haqq, hakimlik səlahiyyətlərinin (hakimiyyət səlahiyyətlərinin) yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla əmək pensiyasının orta aylıq əmək haqqının və əlavələrin 80 faizi miqdarı əsas götürülməklə 65 yaşının tamam olduğu 14 dekabr 2024-cü il tarixə yenidən hesablanaraq həmin tarixdən 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin (fərqin) ödənilməsi, pensiyanın 14 dekabr 2024-cü il tarixə hesablanacaq yeni məbləğinə cari 2025-ci ilin indeksasiyası tətbiq edilməklə 1 yanvar 2025-ci il tarixdən ödənilməli olan pensiya məbləğinin müəyyənləşdirilərək ödənilməsi, 01 yanvar 2025-ci il tarixdən qərar qüvvəyə minənə və qərar icra edilməyə başlanana qədər aylar üzrə ödənilməmiş qalan məbləğlərin (fərqlərin) hesablanaraq ödənilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarına görə, iddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edilmiş və xx.xx.2024- cü il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə onun artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, sabiq hakim kimi pensiya hüququ və pensiyaya əlavələri almaq hüququ yaranmışdır. Həmin vaxt qüvvədə olan qanunun normalarını və Konsitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərardakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, hakimin pensiya hüququ ilə bağlı sonradan qəbul edilən və hakimə pensiya hüququ verən şərtləri ağırlaşdıran normaların iddiaçıya tətbiq edilməsi yolverilməzdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti iddiaya etiraza uyğun olmaqla əsas dəlili ondan ibarətdir ki, “...Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyasını tətbiq etsək belə, hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur.Göründüyü kimi, şəxsə hakim kimi yaşa görə pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 05 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. İddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir.” Qeyd etmək lazımdır ki, apellyasiya şikayətinin qeyd olunan dəlili iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından göründüyü kimi, iddiaçının 16 il 4 ay 7 gün hakim stajına uyğun olaraq, qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən ona orta aylıq əməkhaqqının 80 faizi miqdarında deyil, 54 faiz (15 ilə görə 50% + 1 il 4 ay 7 günə görə 4%) miqdarında pensiya təyin edilmişdir. Hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İşin hallarından görünür ki, iddiaçı 06 avqust 2008-ci il tarixdən 14 dekabr 2024-cü il tarixədək hakim vəzifəsində işləmiş və hakim stajı 16 il 4 ay 7 gündür. İddiaçının xx.xx.2024-cü il tarixdə hakimlik səlahiyyətlərinin son yaş həddinə çatması ilə əlaqədar olaraq xitam verilmiş və xx.xx.2024-cü il tarixdə ona 4544,88 manat məbləğində pensiya təyin olunmuşdur. Bundan narazı qalan iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası tətbiq edilməklə, ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavələr nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsini xahiş edir. Cavabdeh isə qüvvədən düşmüş normaların tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində haqlıdır. Həmçinin qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə artıq Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi mövcuddur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1728/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1927/2023 nömrəli, xx.xx.2024- cü il tarixli, 2-1(102)-1087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1205/2024 nömrəli qərarları). Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi (mütəxəssis) ilə iddiaçı arasında son 24 ay və ya ardıcıl gələn 60 ayın nəzərə alınmasına dair ətraflı müzakirə aparılmışdır. Müəyyən olunmuşdur ki, ardıcıl gələn 60 ay ərzində əmək haqqının orta aylıq məbləğinə dair hesablama aparılacağı təqdirdə iddiaçının pensiya məbləği daha yuxarı olacaqdır. Odur ki, məhkəmə tərkibi “qərara aldı” hissəsindən “son 24 ay” sözlərinin çıxarılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının “qərara aldı” hissəsindən “son 24 ay və” sözləri çıxarılmaqla dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 2-1(112)-7432/2025 nömrəli qərarı “qərara aldı” hissəsindən “son 24 ay və” sözləri çıxarılmaqla dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar