Məhkəmə qərarları › İş №2-1(103)-3491/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3491/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3491/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7155/2025 saylı qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2023-cü il mənfəət vergisi üzrə 14 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2- 31916/2025 saylı və ƏDV noyabr 2023 üzrə 10 dekabr 2024-cü il tarixli, 3-21-2-3/2- 351878/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş, 2023-cü il mənfəət vergisi üzrə 14 yanvar 2025-ci il tarixl, 3-21-2-3/2-31916/2025 saylı, ƏDV dekabr ayı üçün 15 aprel 2025-ci il tarixli 3-21-2-3/2-440066/2025 saylı və ƏDV noyabr 2023 üzrə 15 aprel 2025-ci il tarixli, 3-21-2-3/2-437161/2025 saylı qərarların ləğv edilməsi” məzmununda icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 2023-cü il mənfəət vergisi üzrə 14 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-31916/2025 saylı və ƏDV noyabr 2023 üzrə 10 dekabr 2024cü il tarixli 3-21-2-3/2-351878/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Vergi orqanı əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsası olaraq, vergi orqanı tərəfindən aşkar edilmiş riskli əməliyyatlar nəticəsində bütün növ əvəzləşmələr üzrə ƏDV məbləği nəzərə alınaraq büdcəyə bərpa edilməsi üçün əlavə vergi məbləğlərinin hesablanması və mənfəət vergisi üzrə sənədlərlə təsdiq edilməyən xərclərin olması qeyd edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən qaimələr üzrə tərəfindən əvəzləşmələr qanunamüvafıq olaraq yerinə yetirilmişdir. Qarşı tərəfə qaimələr göndərilmiş və ya digər tərəfdən qaimələr alınmışdır. Həmçinin qeyd edilən qaimələr üzrə vergi ödəyiciləri fəaliyyət göstərilən dövr üzrə iddiaçı tərəfindən faktiki olaraq mallar alınmış və həmin mallara dair hazırda müqavilələr və digər təhvil-təslim aktları mövcuddur. Bu barədə vergi orqanına müraciət edilməsinə və ətraflı məlumat verilməsinə baxmayaraq vergi orqanı müraciətlərinə məhəl qoymamışdır. Qeyd edilən qaimələr üzrə əmtəəsiz əməliyyat yerinə yetiməyi barədə vergi orqnaı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə vergi orqanı tərəfindən uyğunsuzluq məktubu təqdim edildikdən sonra həmin qaimələr üzrə fəaliyyət göstərilmiş müəssisənin "xxxx" MMC olması iddiaçıya məlum olmuşdur. Həmin müəssisəyə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, qarşılıqlı fəaliyyət göstərilmiş dövr ərzində vergi orqanında həmin müəssisə riskli vergi ödəyicisi hesab edilməmişdir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirildikdən sonra həmin müəssisə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Belə ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixində 3-21-2-3/2-57397/2024 saylı qərara əsasən riskli vergi ödəyici hesab edilmişdir. "xxxx" MMC tərəfindən riskli hesab edilməsi barədə qərar da mübahisələndirilmiş, riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın icrası dayandırılmışdır. Həmin qərardad apellyasiya instansiyasında da qüvvədə saxlanılmışdır. Həmin müəssisə ilə aparılmış alqı-satqı prosesi zamanı imzalanmış müqavilə, təhvil-təslim aktı və digər hüquq müəyyənedici sənədlər qoşma olaraq məkhəməyə təqdim edilib. Həmçinin qeyd edilən qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir. Həmin tarixədək Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır. Yalnızca Vergi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən sonra alqı-satqı zamanı mal-material alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir. Yəni əməliyyatlar aparılan zaman iddiaçının qarşı tərəfdən malların alış sənədləri barədə məlumat almaq öhdəliyi mövcud olmamışdır. Əlavə olaraq faktiki həmin qaimələr üzrə qeyd edilən mallar tərəfindən alınmış və bu barədə tərəflər arasında alqı-satqı müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir. Həmin alınmış malların istehsal üçün olmayan hissəsi satılmış, istehsala yaralı olan digər hissəsi isə istehsal edildikdən sonra digər hüquqi şəxslərə satılmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Baş İdarənin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, 3-21-2-3/2-351878/2024 saylı qərarı elə həmin tarixdə ərizəçi İddiaçı MMC-nin elektron qutusuna göndərilmiş, ərizəçi xx.xx.2024-cü il tarixdə sənədi oxuyaraq qəbul etmişdir. Buna baxmayaraq ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Vergi ödəyicisi tərəfindən müvafiq dövr üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 920957 saylı elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19116.0 manat ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq müvafiq dövr üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19116.0 manat kənarlaşma yaranmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********465300 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023-cü ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 19116,06 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********126300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (303583.66 manat), iddiaçı tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 saylı Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (115587.00) istisna olmaqla) və alış aktlarının məbləği (175154.96 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (10454.20 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3- cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (185609.16 manat) bəyannamənin 1 saylı Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (185609.16 manat) məbləğin müqayisəsi nəticəsində 117974.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********990400 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu, göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2023- cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 23334,41 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2025-ci il tarixli, **********556800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Bununla bağlı ödəyiciyə məxsus Dövlət Vergi Xidmətinin uçotbaza məlumatlarında qeydiyyatda olan ünvanında (AZ5002, Sumqayıt şəhəri, İnşaatçılar qəs.) 2024-cü ilin yanvar və may aylarında vergi nəzarəti tədbiri keçirilmişdir. Lakin ödəyici ünvanda tapılmamışdır. Obyektin boş olduğu müəyyən edilmişdir. Ödəyici tərəfindən uçotbaza məlumatlarında olan nömrələrə cavab verilməmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-7155/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş 2023-cü il mənfəət vergisi üzrə 14 yanvar 2025-ci il tarixli, 3-21-2-3/2-31916/2025 saylı, ƏDV dekabr ayı üçün 15 aprel 2025-ci il tarixli, 3-21- 2-3/2-440066/2025 saylı və ƏDV noyabr 2023 üzrə 15 aprel 2025-ci il tarixli, 3-21-2-3/2- 437161/2025 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-7155/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Eyni zamanda apellyasiya şikayətində qeyd olunmuşdur ki, əslində, birinci instansiya məhkəməsi məntiqi olaraq müəyyən etməli idi ki, həmin qərarların qəbul edilməsi müəssisələr arasında həyata keçirilmiş riskli hesab edilmiş əməliyyatlardan sonra baş verməli olan hadisədir. Yəni, vergi ödəyiciləri arasında ilk olaraq vergi tutulan əməliyyatlar aparılmalı, onlar arasında aparılan əməliyyatlar riskli hesab edilməli və bundan sonra bu əsasda vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməlidir. Həmçinin qeyd edilir ki, aparılan təhlillər zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Bununla bağlı ödəyiciyə məxsus Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan ünvanında 2024-cü ilin yanvar və may aylarında vergi nəzarəti tədbiri keçirilmişdir. Lakin ödəyici ünvanda tapılmamışdır. Obyektin boş olduğu müəyyən edilmişdir. Ödəyici tərəfindən uçot-baza məlumatlarında olan nömrələrə cavab verilməmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarına əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, mübahisələndirilən hər üç qərarın iddiaçıya münasibətdə mahiyyəti ondan ibarətdir ki, iddiaçı riskli vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmləiyyatlar aparmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab olunduğundan əməliyyatlar vergi orqanı tərəfindən qeydə alınmamışdır. Buna görə ki, 2024-cü ilin yanvar və may aylarında vergi ödəyicilərinə vergi nəzarəti tədbirləri keçirilmişdir. Əmtəəsiz əməliyyatların aparılmasına dair şübhələr yaramışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən monitoringlər keçirilmişdir. Bu zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət göstərmədiyi məlum olmuşdur. Eyni zamanda vergi orqanı tərəfindən bildiriş göndərilmiş və açıqlama verilməsi tələb olunmuşdur. Həmin bildirişlər cavabsız saxlanılmışdır. Beləliklə, hüquqi şəxs riskli vergi ödəciyisi hesab edilmişdir. Bu da onu deməyə əsas verir ki, hazırkı iddiaçının da apardığı əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab olunur və bu barədə qəbul edilmiş və hazırda mübahisələndirilən vergi orqanın qərarları əsaslıdır, apellyasiya şikayəti təmin edilməldir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-31916/2025 saylı qərarına əsasən, 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 23.334.41 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 117974.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir.Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (303583.66 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (10454.20 manat), elektron-qaimə fakturalar (riskli eqaimə fakturalar üzrə alınmış mallar (106200.00 manat) istisna olmaqla) 172357.16 manat) və alış aktları (0.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (182811.36 manat) məbləğdən -120772.30 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-437161/2025 saylı qərarına əsasən, 2023-cü il noyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 19.116,00 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 920957 nömrəli elektron qaimə-faktura üzrə aparlan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19116.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19116.0 manat kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-440066/2025 saylı qərarına əsasən, 2023-cü il dekabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 1.689,65 manat əlavə vergi məbləği hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (12.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDW seriyalı 406678 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1689.66 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1689.66 manat kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3- 21-2- 3/2-57397/2024 saylı qərarına əsasən, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaiməfaktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 saylı qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və Şərtləri”nin 2.1-ci bəndinə müvafiq olaraq, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs (2.1.1); qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs (2.1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən isə, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. İş materiallarından görünür ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12- ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı) , "Nəqliyyat xərcləri" (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 303583.66 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların (rislki e-qaimə-fakturaların məbləği (115587.00) istisna olmaqla) və alış aktlarının məbləği (175154.96 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (10454.20 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (185609.16 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0.00 manat) çıxılması nəticəsində yaranan (185609.16 manat) məbləğin müqayisəsi nəticəsində 117974.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi istənilmiş, lakin təqdim olunmadığından 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 23334,41 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2025-cü il tarixli **********556800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Daha sonra 2023-cü il noyabr ayı üzrə 19116.0 manat kənarlaşma yarandığı müəyyən edilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-440066/2025 saylı, xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin verqi orqanı tərəfindən 2023-cü il dekabr ayı üzrə 1689.66 manat kənarlaşma müəyyən edilmiş, bununla əlaqədar həmin tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-437161/2025 saylı qərar qəbul edilmişdir. Mübahisənin yaranmasının səbəbi iddiaçı vergi ödəyicisi İddiaçı MMC tərəfindən təqdim edilmiş EBDT seriyalı 920957 saylı və EBDW seriyalı 406678 saylı elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməməsi olmuşdur ki, bu əməliyyatlar da iddiaçı ilə vergi ödəyicisi "xxxx" MMC aralarında aparılmışdır. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisi "xxxx" MMC-nin (**********) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2- 57397/2024 saylı qərar qəbul edilmişdir. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyicisinin riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı MMC -yə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən “riskli vergi ödəyicisi” anlayışı daxil edilmişdir. Belə ki, həmin tarixdən Məcəlləyə daxil edilən 13.2.82-ci maddəyə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat”a Məcəllədə anlayış versə də (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” anlayışına Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82-ci, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 saylı Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada vacib şərt ondan ibarətdir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Bu zaman, məsuliyyət tədbirinin tətbiqi üçün alıcının barəsində də mütləq riskli vergi ödəyicisi hesab olunmaya dair qərarın qəbul edilməsinə ehtiyac yoxdur. Həlledici olan əməliyyatın özünün əmtəəsiz olduğunun sübuta yetirilməsidir. Bunun üçün əməliyyatın həqiqətən əmtəəsiz olduğu, eləcə də tərəflərin (satıcının və alıcının) bu barədə əvvəlcədən öz iradələrinə uyğun hərəkət etdikləri halı müəyyən olunmalıdır. Başqa sözlə, əmtəəsiz əməliyyat hər iki tərəfin birgə iradəsi və iştirakçılığı ilə baş tutmalıdır. Bu mənada, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi, yəni əmtəəsiz əməliyyatın mövcudluğu halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi alıcıya münasibətdə əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Yalnız əməliyyatın özünün əmtəəsiz olduğu sübut edilərsə, bu halın mövcudluğuna istinadla alıcıya münasibətdə məsuliyyət tədbiri tətbiq oluna bilər. Nəzərə alınmalıdır ki, bu cür hallarda sübutetmə yükü İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. X1 Məcəllənin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, satıcı tərəfindən riskli əməliyyatın aparılması malların alıcısı üçün əlavə vergi öhdəliyi yaratmamalıdır. Birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında EBDT seriyalı 920957 saylı və EBDW seriyalı 406678 saylı elektron qaiməl-fakturalar üzrə aparılmış qarşılıqlı əməliyyatlar vergi orqanı "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq (xx.xx.2024-cü il tarixli) qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl, yəni 2023-cü ilin noyabr və dekabr aylarında aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı MMC ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(103)-18/2025 saylı qərardadından aşağıdakılar müəyyən edilir: “ ... Maraqlı şəxs (iddiaçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhəməyə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 saylı qərarın ləğv edilməsi və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs (iddiaçı) eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək əsas işə mahiyyəti üzrə baxılanadək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "SİLVER 1000” MMC barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 saylı qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ... Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-455/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş, əsas tələb üzrə işə mahiyyəti üzrə baxılıb qurtaranadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC (VÖEN: **********) barəsində qəbul etdiyi “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli qərarının icrasının dayandırılması qərara alınmışdır”. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 15(112)-455/2024 saylı qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(103)-18/2025 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(102)- 99/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 yanvar 2025-ci il tarixli, 15(103)-18/2025 nömrəli qərardadından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 15(102)-99/2025 saylı qərardadı onunla əsaslandırılmışdır ki, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən maraqlı şəxs üçün əlçatan və bəlli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2025-ci il tarixli, 2-1(112)-7155/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar