Məhkəmə qərarları › İş №2-1(103)-3500/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3500/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3500/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(81)-3904/2017 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 1971-ci ildən 1974-cü ilə qədər və 1974-cü ildən 1979-cu ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 55 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 və 27.1-ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqını əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3904/2017 №-li qərarı ilə iddia təmin edilərək İddiaçı 1971-ci ildən 1974-cü ilə qədər və 1974-cü ildən 1979-cu ilə qədər təhsil aldığı dövrü ümumi iş stajına daxil etməklə 55 yaşı tamam olduğu tarixdən, yəni 23 avqust 2009-cu ildən həmin dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8 və 27.1- ci maddəsi, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13, 17, 71 və 72-ci maddələrinə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqını əsas götürülməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-2111/2017 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 12/5319 №-li apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3904/2017 saylı, 19 iyun 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(102)-2215/2017 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin xx.xx.2017-ci il tarixli, 12/7414 №-li kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(103)-2111/2017 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 12/10525 №-li məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-3904/2017 saylı qərarı icra edilmişdir. xx.xx.2021-ci il tarixdə ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-3904/2017 №-li qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti və verilmiş güzəştli arayışların saxtalaşıdırıldığı müəyyən olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(81)-3904/2017 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi ərizə 3 illik müddət ötürülməklə verildiyindən mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-980/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(81)-3904/2017 №-li qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1015/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(103)- 980/2022 №-li qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (müvafiq işlərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinin səlahiyyətlərini həyata keçirən qurum kimi) təkrarən məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı adına səlahiyyətli şəxs(lər) tərəfindən məzmunu təhrif edilməklə yanlış məlumatlar daxil edilmiş rəsmi sənədin (güzəştli arayışın) tərtib və təsdiq olunması ilə hüquq münasibətlərinə təsir etmək imkanlarına malik olan hüquqi əhəmiyyətli faktın əldə olunması və iddiaçıya ötən dövrlərdən güzəştli şərtlərlə əmək pensiyası hüququ olmadan müvafiq növə görə orta aylıq əmək haqqı əsas götürülməklə aylıq məbləği yüksək olan əmək pensiyasının təyin edilməsi nəticəsində 233.186,50 manat artıq vəsait ödənilmişdir. İddiaçı müvafiq sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(81)-3904/2017 saylı qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardaddan ərizə ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-in 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir Həmin Məcəllənin 106-cı (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktlarların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin qanunvericiliyin tərəfin təqsiri ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. İş materiallarından göründüyü kimi iş üzrə mübahisə edilən məhkəmə qərarı xx.xx.2017-ci il tarixdə qanuni qüvvəyə minmiş, cavabdeh inzibati orqan isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bundan əlavə, cavabdeh hələ xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmiş, həmin ərizə də müddətin ötürüldüyünə görə mümükün hesab edilməmiş (xx.xx.2021-ci il tarixli, 2-1(81)-3904/2017 №-li qərardad), bu barədə məhkəmənin qərardadı apellyasiya və kassasiya qaydasında da qüvvəsində saxlanılmışdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Hazırkı mübahisəyə münasibətdə də qeyd edilən qaydalar nəzərə alınmalı və tətbiq olunmalıdır. Ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Nəzərə alınmalıdır ki, müddətin buraxılması da ərizəçinin məsuliyyət sferasına aiddir. Müddət məhdudiyyəti ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Beləliklə, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2-1(81)-3904/2017 saylı qərarı yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və qanuni qüvvəsini almış məhkəmə qərarı icra edilmişdir. Cavabdeh yeni açılmış hallarla bağlı ərizəni ilk dəfə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürməklə xx.xx.2021-ci il tarixdə, təkrarən isə xx.xx.2022-ci il tarixdə vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin mümkün hesab olunmaması barədə qərardad qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2-1(81)-3904/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar