Məhkəmə qərarları › İş №2-1(103)-3511/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3511/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3511/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “borcun silinməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-10383/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Ləğv prosesində olan bankların ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “2(050)- 482/2022 saylı xx.xx.2022-ci il tarixli Masallı Rayon Məhkəməsinin qətnaməsi nəzərə alınaraq Bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 18 saylı istehlak kredit müqaviləsinə əsasən ləğv prosesində olan "xxxx" ASC tərəfindən 30 ay müddətinə illik 26 % ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, iddia müddəti ötürüldüyündən MM-nin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, kredit tam şəkildə ödənilmişdir. Lakin üzərindən illər keçməsinə baxmayaraq, Bank iddia müddətini ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı hakim tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ödəniş edilmiş, hazırkı tələblə bağlı iddia ərizəsi 17 dekabr 2021-ci il tarixdə tərtib edilmiş və 17 yanvar 2022-ci ildə məhkəməyə daxil olmuşdur. Ona görə də, Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona, X1 və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiası təmin edilməmişdir. Bundan sonra tərəfindən həm Azərbaycan Respublikasının Mərkəzi Bankına, həm də LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək Bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsini xahiş etsə də, istər LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, istərsə də Azərbaycan Respublikasının Mərkəzi Bankı bank sistemi üzrə adında əsassız göstərilən borcun silinməsindən imtina etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın (Qayda) 3-cü hissəsinə görə məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatları təqdim edir və onların dəqiqliyini təmin etməlidir. Qaydanın 3.10-cu bəndinə görə MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Qaydanın 2.1.2-ci yarımbəndinə görə məlumat təchizatçısı dedikdə - MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı başa düşülür. Göründüyü kimi, məhkəmə qərarları istisna olmaqla, MKR-ə məlumatların təqdim edilməsi və ya sonradan həmin məlumatlara düzəlişlərin (dəqiqləşmələrin) aparılması yalnız kredit təşkilatı (və ya onun ləğvedicisi) tərəfindən həyata keçirilir. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-10383/2023 saylı qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-10383/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehlərin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və cavabdehlərin nümayəndələrinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməlidir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış **********662 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə 30 (otuz) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə bank əməliyyat sisteminin məlumatlarına əsasən 2600.43 (iki min altı yüz manat 43 qəpik) AZN məbləğində əsas, 2615.38 (iki min altı yüz on beş manat 38 qəpik) AZN məbləğində faiz, 450.99 (dörd yüz əlli manat 99 qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5666.80 (beş min altı yüz altmış altı manat 80 qəpik) AZN məbləğində borc öhdəliyi mövcuddur. xx.xx.2022-ci il tarixli 2(050)- 482/2022 saylı Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən bankın üzərinə borcun silinməsi ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış 6-1- 26/2-B-95-0-2521/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə "xxxx" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş xx.xx.1992-ci il tarixli, 15 nömrəli bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3620/2016 saylı qərarı ilə "xxxx" ASC-nin məcburi ləğv edilməsi və xx.xx.2016-cı il tarixindən banka ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. Odur ki, qeyd edilən məsələnin araşdırılması üçün müraciət Fonda göndərilmişdir. Müraciətə baxılmasının nəticəsi ilə bağlı Fond tərəfindən ona və Mərkəzi Banka məlumat təqdim ediləcəkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 14(011)- 99/22 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, yaranmış mübahisənin həlli ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-cı maddələrində nəzərdə tutulmuş qaydada iddia ərizəsi formasında cavabdehin rəsmi qeydə alındığı yerin (hüquqı şəxsin ünvanının olduğu yerin) məhkəməsinə müraciət etmək hüququ var. Masallı Rayon Məhkəməsinin 2(050)-482/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı, X1 və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddiası təmin edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı və İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcalana 30 (otuz) ay müddətinə qaytarmaq şərti ilə, 5000 (beş min) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar”. Göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İnzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 60.2-ci maddəsinə görə banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. Həmin Qanunun 72.1.2. və 72.1.3-ci maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 76.1-ci maddəsinə görə bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-10383/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar