Məhkəmə qərarları › İş №2-1(103)-3561/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3561/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3561/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “bildirişin ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X5 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. 1RSKAUB000103 nömrəli X4 əsasən: İşəgötürən: İddiaçı İşçi: X8 (FİN: 1RSKAUB) İşçının vəzifəsinin (peşəsinin) adı: Məşğulluq təsnifatı üzrə: Sürücü, Əmək müqaviləsi üzrə: Sürücü.

2. BD141566 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən 99XZ654 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2021).

3. BD153683 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən 77BM169 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir (qeydiyyat tarixi: xx.xx.2021).

4. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi iş materiallarına əlavə edilmişdir.:

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim olunan “gömrük dəyərinə düzəlişlər edilməsi üçün bildiriş” sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xarici ticarət iştirakçısı İddiaçı “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququ əldə etmiş sahibkarlıq subyekti kimi iqtisadi fəaliyyətində həmişə şəffaflığı, düzlüyü, dürüstlüyü rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə yaradılan “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ xarici iqtisadi fəaliyyətlərində qanunvericiliyin tələblərinə tam riayət edən, şəffaf işləyən sahibkarlıq subyektlərinə verilir. İddiaçı da fəaliyyət göstərən bir subyekt kimi xaricdən (Türkiyə, Rusiya, Çin və s.) idxal edərək gətirdiyi malların Nazirlər Kabinetinin qərarına uyğun olaraq xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında qeyd edir, invoys sənədlərini və digər bəyanetmə sənədlərini gömrük orqanlarına təqdim edir. Həmçinin iddiaçı xarici və daxili iqtisadi-biznes fəaliyyətində haqsız qazanc əldə etmək, haqsız rəqabətə səbəb olacaq hallardan uzaq durmaq, ədalətli qiymət formalaşmasında iştirak etmək kimi şərtlərin formalaşmasına müsbət təsirlərini göstərir. Beynəlxalq ticarətlə məşğul olan, geosiyasi prosesləri izləyən hamı bilir ki tikinti materiyallarının qiyməti müxtəlif mövsüm, müxtəlif səbəblərə görə fərqlilik göstərə bilir. ddiaçı da uzun müddətli idxalatçı fəaliyyəti ilə bağlı müxtəlif satıcılardan bəzi hallarda (dəb, həcm, malın keyfiyyət göstəriciləri, nağd alış həcmi və s. nüanslar rol oynayır) müəyyən qədər əlverişli qiymətlərə (endirimli) mallar əldə edir ki, bunları da müqavilə, bank ödənişləri, köçürmələr formasında rəsmi sənədləri gömrük və vergi orqanlarına taqdim edir. İddiaçının yanvar ayının əvvəlində Türkiyə Respublikasından idxal edərək Azərbarbaycan Respublikasının gömrük ərazisinə gətirdiyi “Keramikadan sanitar-texniki məmulatlar” yükü xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəsi ilə bəyan edib Bakı Baş Gömrük İdarəsində gömrük rəsmiləşdirmə prsosesinə cəlb olunmuşdur. İddiaçı bəyanetmə sənədlərində satıcı şirkətlə olan müqavilə sənədlərini də (müəyyən qədər endirimli) təqdim etmişdir. Təqdim etdiyi rəsmi sənədlərə, beynəlxalq müqavilə bağlama səlahiyyətli subyektlərin rəsmi elan sənədlərinə və s. təsdiq etmə hallarına baxmayaraq gömrük orqanı bu sənədləri əsassız sayaraq malların gömrük dəyərində düzəliş etməyi ilə bağlı rəsmi bildiriş təqdim edib. Malların dəyərində düzəliş etməyi üçün gömrük orqanı “gömrük tarifi haqqında” qanunun tələblərini tətbiq etməli və iddiaçıya eyni növ, cins, marka, model olan mallarla qiymət eyniləşdirməsi edərək fikirlərini sübut etməlidirlər. Təqdim edilən bildiriş ilə gömrük dəyərində 10.940 manat, gömrük ödənişlərində isə 3.905,58 manat fərq yaranır. Bu yaranan əlavə ödəniş ilə iddiaçının satacağı tikinti materiyalının maya dəyəri qalxır və iddiaçının ədalətli bazar şəraitində rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi qeyrimüəyyən və əsassız olduğundan mümkünlüyü yoxlanılmalı, mümkün sayıldığı halda isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.2-ci maddəsinə əsasən gömrük dəyəri dedikdə malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri başa düşülür. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdan ibarətdir Məhkəməyə ünvanlanan iddia ərizəsinin mahiyyəti ilə bağlı bildirmək istərdik ki, AR Gömrük Məcəlləsinin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb etmək hüququna malikdir. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmçinin, malların gömrük dəyərinin yenidən müəyyən edilməsi və mallara dair fiziki, texniki, ticarət və sair özünə məxsus göstəricilərini təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı müraciət edildikdə, Gömrük Məcəlləsinin 258-ci və 246.1 -ci maddələrinin tələblərinə uyğun, müəyyən edilmiş gömrük ödənişlərin həcminə barəbər təminat təqdim olunduqdan sonra mallar şərti olaraq sərbəst dövriyyəyə buraxıla bilər. İddiaçının ərizədə mübahisələndirdiyi **********1925 sorğu nömrəli gömrük bəyannaməsi 09.01,2025-ci il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında "Keramikadan sanitar-texniki məmulatlar" adlı malların gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim edilmiş, bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönləndirilmişdir. Araşdırma zamanı bəyannaməçı tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir Belə ki, təqdim olunmuş xx.xx.2025-ci il tarixli İHR**********001 və İHR**********002 nömrəli invoys sənədində mallar haqqında məlumatlar içərisində onların hansı keyfiyyətdə olduğu və ya istifadə olunmuş olub-olmadığı barədə göstəricilər qeyd edilməmişdir. Bundan əlavə, mallar haqqında məlumatlar qeyd olunmuş digər sənədlərdə, məsələn alğı-satqı müqaviləsində, ixrac gömrük bəyannaməsində, çəki listində və s bu haqda qeydlər nəzərdə tutulmamışdır. Buna müvafiq olaraq təqdim edilmiş gömrük bəyannaməsinin 31-ci qrafasında da qeyd edilmiş göstəricilər haqqında məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmiş "Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ının 1.4.2.-ci bəndinə əsasən, endirim anlayışı “müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə mütləq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalma” kimi nəzərdə tutulur. Həmin qərarın 2.18-ci bəndinə görə gömrük dəyərləndirilməsi zamanı satıcı tərəfindən idxal olunan mala aid olan və bəyanetmə anında qüvvədə olan müqavilədə tətbiqi və həcmi nəzərdə tutulan endirimlər gömrük orqanı tərəfindən nəzərə alınır. Eyni zamanda qeyd edilir ki, NK-nin sözügedən qərarı endirimi yalnız konkret mallara münasibətdə, həcmi və şərtləndirən amilləri qeyd edildiyi halda gömrük dəyərinin müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Məlumat üçün bildirilir ki, Dövlət Gömrük Komitəsinin 3-33/3-2-000212/2023 nömrəli xx.xx.2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Gömrük dəyərinin müəyyən edilməsinin Vahid Metodikası” nın 4-cü bölməsi “Gömrük dəyərində endirimlərin tətbiqi xüsusiyyətləri” adlanır. Həmin bölmədə qeyd edilir ki, Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor-kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi, barter, nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Endirimlər təsir dairəsinə görə iki cür olur: mal vahidinə tətbiq edilən endirimlər (distribüter, diler, partnyor, malın həcminə və ya miqdarına verilən, mövsümi və müddətli); ticarət-kommersiya endirimləri (ödəniş üsuluna görə, birdəfəlik, bəzi xərclərin əvəzlənməsi məqsədi ilə verilən bonuslar). Gömrük dəyərinə münasibətdə endirimlər yalnız bilavasitə mal vahidinə tətbiq ediləndə nəzərə alınır, ticarət-kommersiya endirimləri isə gömrük dəyərinin müəyyən edilməsi zamanı qiymət əmələgəlmə amili kimi çıxış edə bilməz. Beynəlxalq ticarət əlaqələrində endirimlər alqı-satqı sənədlərində əks olunmuş və ya müxtəlif sövdələşmə tiplərinə görə gizli şəkildə təqdim edilən bonuslar, debitor- kreditor maliyyə borclarının silinməsi, xərclərin təyinatının dəyişdirilməsi barter nümunə və ya reklam təyinatlı və s. endirimlərdən ibarətdir. Gömrük dəyərinin müəyyən edilməsi zamanı endirimlərin nəzərə alınması tələb olunan mütləq kriteriyalar aşağıdakılardır: • distribüter endirimlərində: mal satan həmin malın istehsalçısı olmalıdır; qiymət preskurantı alqı-satqı sənədlərinə əlavə olunmalıdır. • diler endirimlərində: mal satan həmin malın istehsalçısı və yaxud distribüteri olmalıdır; qiymət cədvəli mütləq şəkildə alqı-satqı sənədlərinə əlavə olunmalıdır; • partnyor endirimlərində: qiymət cədvəli alqı-satqı sənədlərinə əlavə olunmalıdır; • malın kəmiyyətinə görə endirimlərdə: həcm və ya miqdara görə edilən endirim cədvəl şəklində alqı-satqı sənədlərinə əlavə edilməlidir. Mal vahidinə tətbiq edilən endirimlər beynəlxalq təcrübədə qəbul edilmiş ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) gömrük dəyərində nəzərə alına bilər. Təklif edilən endirimlərin ticarət məqsədi (dövriyyənin artırılması, bazar payının yüksəldilməsi, miqdar — qiymət nisbəti və s.) aydın olmalıdır və müvafiq sənədlərdə (əvvəlcədən bağlanmış müqavilələr və s.) əks etdirilməlidir. Yuxarıda qeyd olunmuş əsaslar nəzərə alındıqda iddiaçı öz iddia ərizəsində idxal etdiyi mallann müxtəlif əsaslarla endirimli qiymətə aldığını bildirsə də, bununla bağlı gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına hər hansı təsdiqedici sənəd təqdim etməmişdir. Eyni zamanda gömrük orqanına təqdim olunan İHR**********002 nömrəli invoys hər bir malın qarşısında 74 faiz endirim olunmuş sövdələşmə qiyməti ilə tərtib edilmiş olsa da, bunu əsaslandıran səbəblər və şərtlər, endirimin hansı növ olduğu və bunun nəticəsində alıcı və satıcının əldə edəcəyi mənfəət öz əksini tapmamışdır. Malların əsas sövdələşmə sənədi hesab edilən xx.xx.2023-cü il tarixli xx.xx.2023 nömrəli alğı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli 1 nömrəli müqaviləyə Əlavədə isə ümumiyyətlə malların endirimli qiymətlə alıcıya satıla biləcəyi şərtlər və digər əsaslar haqqında heç bir bənd daxil edilməmişdir. Daha əvvəl də qeyd edildiyi kimi mallara tətbiq olunmuş endirimin ağlabatan faiz nisbətində (malın maya dəyərindən aşağı olmamaq şərtilə) olması əsas götürüldüyü halda, iddiaçının idxal etdiyi mallar üçün tərtib edilmiş invoysda malların satış qiymətinin 74 faizi məbləğində endirimin özü də ağlabatan məbləğ kimi müəyyən edilə bilməz. Sözügedən malların maya dəyərinin məbləği ilə bağlı müqavilə və ya digər hər hansı bir sənəddə hər hansı müddəa göstərilməmişdir, lakin tətbiq edilmiş endirimin həcminin malın maya dəyərindən də az ola biləcəyi ehtimalını təxmin etmək çətin deyildir. Əlavə olaraq bildirilir ki, malların alıcının ünvanına çatdırılma şərtləri sənədlərdə “EXW İstanbul” kimi qeyd olduğunu nəzərə alaraq onların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənməboşaldılması, sığortalanması, dəniz limanlarında saxlanc və demuraj xərclərinin təfsilatları barədə sənədlər və məlumatlar təqdim edilməmişdir Məhz bu əsaslarla gömrük orqanı əməkdaşı tərəfindən malların gömrük dəyərində durustləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli xx.xx.2025-ci il tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin gömrük dəyərinə düzəlişlə bağlı bildirişdə yuxarıda sadalanan səbəblərlə bağlı malların gömrük dəyərində 10940 manat fərq yarandığı qeyd edilmişdir. Lakin bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişi təsdiq etməkdən imtina etmişdir. AR Gömrük Məcəlləsinin 221.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının tələblərini rəhbər tutaraq, iddiaçının cavabdehə qarşı iddia tələbinin mümkünlüyünün yoxlanılaraq mümkün sayılmaması barədə qərardad qəbul edilməsini, mümkün hesab edildiyi təqdirdə İnzibati Prosessual Məcəllənin 68-ci və 69-cu maddəsinin tələblərinə əsasən rədd edilməsi xahiş edilir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, , hazırki iş üzrə mübahisənin yaranma səbəbi xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə İddiaçı tərəfindən idxal olunan malların gömrük dəyərinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq “ehtiyat üsulu” ilə hesablanmasıdır. 22.İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ümumi invoys dəyəri 15110 AZN olan 481 ədəd keramikadan sanitar-texniki məmulatlar, istehsalçı “İdeal seramik sihhi tesisat malzemeleri san ve tic” keramikadan sanitar-texniki məmulatlardan ibarət malı sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirməsi məqsədilə Bakı Baş Gömrük İdarəsinə elektron qaydada bəyan etmişdir. 23.Məhkəmə nəzərə alır ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri 6 üsul – 1) malların sövdələşmə qiyməti, 2) eyni malların sövdələşmə qiyməti, 3) eynicinsli malların sövdələşmə qiyməti, 4) dəyərin çıxılması üsulu, 5) dəyərin toplanması üsulu, 6) ehtiyat üsulu əsasında müəyyən edilir və həmin üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir, bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Odur ki, gömrük ərazisinə gətirilən malların dəyərinin “ehtiyat” üsulu ilə hesablanmasına həmin malların dəyərinin 1) malların sövdələşmə qiyməti, 2) eyni malların sövdələşmə qiyməti, 3) eynicinsli malların sövdələşmə qiyməti, 4) dəyərin çıxılması üsulu, 5) dəyərin toplanması üsulu ilə hesablanması mümkün olmadıqda yol verilir. Məhkəmə qeyd edir ki, mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət malların sövdələşmə qiyməti hesab olunur və malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Hazırki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal etdiyi malları Türkiyə Respublikasında yerləşən İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə əsasında almışdır (müqavilənin surəti iş materiallarına əlavə olunmuşdur). 25.Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş malların sövdələşmə qiymətini əks etdirən invoyslar (yerləşən İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti tərəfindən verilmiş) iş materiallarına əlavə olunmuşdur. 26.Məhkəmə eyni zamanda müəyyən edir ki, İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Azərbaycan bazarında rəqabəti təmin etmək üçün ilkin olaraq İddiaçı 73% endirim tətbiq edilsə də, şirkətlə danışıqlardan sonra endirim dərəcəsi artırılıb. Kommersiya qaimə-fakturasında Excel formul sahəsində yol verilmiş səhvə görə endirim dərəcəsinin artırılması yanlış və natamam olub. xx.xx.2025-ci il tarixində İddiaçı adına 25080100EX00000322 bəyannamə və İHR**********001 və İHR**********002 faktura nömrələri ilə 2-ci keyfiyyətli məhsul satışı və ixracı həyata keçirilmişdir. Tətbiq olunan bu qiymətlər və müvafiq kommersiya hesabfakturalarında bəyan edilmiş məbləğlər düzgündür Belə olan təqdirdə məhkəmə nəzərə alır ki, xx.xx.2023-cü il tarixli müqavilə (xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilən mallar barədə müqavilə) üzrə satıcı/təchizatçı tərəf İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş İddiaçı tərəfindən idxal olunan malların 2-ci dərəcə keyfiyyətli mallar olduğunu, bu səbəbdən malların dəyəri ilə bağlı yüksək faiz dərəcəsi endirim tətbiq olunaraq satıldığını və malların sövdələşmə qiymətinin bəyannamə ilə uyğunluq təşkil etdiyini təsdiqləmişdir. İddiaçı tərəfindən idxal olunmuş mallara dair fotoşəkillərdən görünür ki, müvafiq mallar 2-ci dərəcə keyfiyyətli, müəyyən qüsurları olan mallardır. Məhkəmə hesab edir ki, iddiaçı malların invoys qiyməti ilə bağlı tətbiq edilmiş əhəmiyyətli endirimin açıqlamasını ağlabatan şəkildə, müvafiq təsdiqedici sənəd və məlumatlarla təqdim etmişdir. 30.Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli bəyannamə üzrə idxal olunan malların sövdələşmə qiyməti və iddiaçı tərəfindən bəyan edilmiş gömrük dəyəri arasında hər hansı uyğunsuzluq olduğu aşkar edilmir. İddiaçı və İDEVİT SERAMİK SANAYİ ve TİCARET A.Ş şirkəti arasında bağlanılmış müqavilədə məhsulun satıcıdan alıcıya çatdırılması şərtləri ümumi qəbul olunmuş standartlar səviyyəsində 2020-ci il 1 yanvar tarixindən Azərbaycan Respublikası da daxil olmaqla əksər ölkələrdə tətbiq edilən 2019-cu il tarixli 723E saylı Beynəlxalq Ticarət Palatasının (international Chamber of Commerce) “İncoterms” (İnternational Commercial Terms) beynəlxalq ticarətin çatdırılma qaydaları adlı braşurası (bələdçi) ilə tənzimlənir. “Gömrük bəyannamələrinin doldurulması qaydası haqqında Metodika”nın 4 saylı Əlavəsində əksini tapan çatdırılma şərtlərinin Təsnifatı 2020 “İncoterms” qaydalarına uyğunlaşdırılmışdır. İddiaçı "xxxx" MMC-nin idxal etdiyi mallar üzrə rəsmiləşdirilən gömrük bəyannamələrinin «Çatdırılma şərtləri» adlı 20-ci qrafalarının birinci yarımbölmələrində göndərmə şərtlərinin iki rəqəmli kodu (01 kodu - Ex Works/Anbarda təhvil) göstərilmişdir. 723E saylı 2020 “İncoterms” qaydalarına əsasən EXW (Ex Works - Anbarda təhvil) kommersiya şərtində mümkün qədər az öhdəlik yüklü satıcının əsas vəzifəsi müqavilə üzrə razılaşdırılmış vaxtda və malların qablaşdırılmış formada yükləmənin ediləcəyi yerə (əsasən, anbar) çatdırılmasıdır. Müvafiq Qaydalara əsasən satıcının malları alıcının nəqliyyat vasitəsinə yükləmək öhdəliyi yoxdur). Bir sözlə, tərəflər arasında bağlanan müqavilənin şərtlərində satıcının ixracatçı qismində yalnız malın növündən, daşınma üsulundan asılı olaraq ölçülməsi, qablaşdırılması, çəkilməsi və ya sayılması kimi xərcləri qeyd edilir, razılaşdırılmış yerdən idxalatçının olduğu yerə qədər ödənilən və ya ödənilməli olan bütün xərclər, mallarla bağlı itki və ya zədə risklərinə qarşı sığorta xərcləri tərəflərin razılaşdırdığı qaydada alıcının öhdəliyi altına keçir. Odur ki, müvafiq Müqavilə üzrə nəqliyyat xərcləri, malların yüklənməsi, boşaldılması, yenidən yüklənməsi və yenidən boşadılması ilə bağlı xərclər, sığorta xərcləri İddiaçı öhdəliyində olmuşdur. 33.Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunan mallar iddiaçının özünə məxsus olan şəxsi nəqliyyat vasitəsi ilə və iddiaçının öz işçiçi tərəfindən gətirilmişdir. 34.Məhkəmə iş materiallarının araşdıraraq müəyyən edir ki, xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən bəyan olunan mallar 77BM169 nişan nömrəli və 99ZX654 nişan nömrəli nəqliyyat vasitələri ilə Azərbaycan Respublikasına idxal edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş BD141566 nömrəli və BD153683 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat nişannamələrinə əsasən 99ZX654 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi və 77BM169 qeydiyyat nişan nömrəli nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən etibarən İddiaçı mülkiyyətindədir. 35.Məhkəmə eyni zamanda müəyyən edir ki, iş materiallarına əlavə olunmuş 1RSKAUB000103 nömrəli X6 əsasən X13 adlı şəxs İddiaçı yanında sürücü vəzifəsində işləyir (əmək müqaviləsi qüvvədədir) 36.Belə olan təqdirdə İddiaçı xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilən malları şəxsi mülkiyyətində olan nəqliyyat vasitəsi və öz işçisi tərəfindən idxal etməsi məhkəmədə hər hansı şübhə yaratmır. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, İddiaçı tərəfindən idxal olunan mallara münasibətdə gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə hesablanmasını istisna edən hal mövcud olmamışdır. 38.Məhkəmə nəzərə alır ki, cavabdeh orqan İddiaçı tərəfindən təqdim edilmiş sövdələşmə qiymətinin malların real dəyərini əks etdirmədiyini və ümumi bazar qiyməti ilə uyğunsuzluq təşkil etdiyini bildirsə də, bu faktı əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən **********1925 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə gömrük orqanına sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında “Keramikadan sanitar-texnikı məmulatlar" adlı malların gömrük rəsmiləşdirilməsi məqsədilə təqdim edilmiş, bəyannamə gömrük yoxlaması üçün gömrük əməkdaşına yönləndirilmişdir. Araşdırma zamanı bəyannaməçi tərəfindən gömrük orqanına təqdim olunan mal-müşayiət sənədlərində ciddi uyğunsuzluqlar olduğu aşkar edilmişdir. Malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli xx.xx.2025-ci ıl tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin gömrük dəyərinə düzəlişlə bağlı bildirişdə yuxarıda sadalanan səbəblərlə bağlı malların gömrük dəyərində 10940 manat fərq yarandığı qeyd edilmişdir.Lakin bəyannaməçi təqdim edilən gömrük dəyərinə düzəlişlə bağlı sözügedən bildirişi təsdiq etməkdən imtina etmişdir. Sözügedən mallar xx.xx.2025-ci il tarixli bank qarantiyası əsasında şərti olaraq sərbəst dövriyyəyə buraxılmışdır. Bakı İnzibati Məhkəməsinin qərarında hazırki ış üzrə mübahisənin yaranma səbəb xx.xx.2025-ci il tarixli **********1925 sorğu nömrəli gömrük bəyannaməsi üzrə İddiaçı tərəfindən idxal olunan malların gömrük dəyərinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə uyğun olaraq "ehtiyat üsulu” ilə hesablanmasıdır.” İfadəsinə münasibətdə qeyd edirik kı, mübahisəli malların gömrük dəyəri ehtiyat üsulu əsasında deyil, iş materiallarında da mövcud olan gömrük dəyərinə düzəliş bildirişində də qeyd edildiyi kimi “Gömrük tarifi haqqında" AR qanununun 14-cu maddəsinə müvafiq olaraq eyni malların sövdələşmə qiyməti üsulu əsasında müəyyən edilmişdir. Malların gömrük dəyərinin dürüstləşdırilməsinə olan zərurət onların dəyərinə 74 faiz məbləğdə endirim edilməsi, lakin endirimin tətbiq edilməsinin qanunvericiliklə nəzərdə tutulmuş xüsusiyyətlərinin mövcud olmaması olmuşdur. Məhkəmə qərarında malların təqdim edilmiş fotoşəkillərindən də göründüyü kimi onların 2-ci dərəcəli keyfiyyətə məxsus mallar olduğunu, məhz bu səbəbdən sövdələşmə qiymətinin endirim nəzərə alınmaqla tətbiq edilməli olduğunu vurğulamışdır. Lakin mübahisələndirilən malların real olaraq 2-ci dərəcəli olub-olmadığını müəyyən etmək üçün hər hansı məhkəmə ekspertizası aparılmamış və ya mallara fiziki olaraq baxış keçirilməsi təmin edilməmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş fotoşəkillərin maddi sübut kimi hansı əsasla qiymətləndirilməsinə məhkəmə tərəfindən mülahizə verilməmişdir. Qərarda bildirilir ki. məhkəmə hesab edir ki, iddiaçı malların invoys qiyməti ilə bağlı tətbiq edilmiş əhəmiyyətli endirimin açıqlamasını ağlabatan şəkildə, müvafiq təsdıqedıcı sənəd və məlumatlarla təqdim etmişdir. Cavabdeh iddiaya yazılı etirazında da əsaslandırdığı kimi endirimin xüsusiyyətləri təqdim edilmiş sənədlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar” ının 1.4.2-ci bəndinin (endirim anlayışı “müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə miitiəq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalma” kimi nəzərdə tutulur.) şərtlərinin pozulduğunu bildirmiş olsa da, məhkəmə tərəfindən qanunvericiliyin şərtlərinin tətbiqinə münasibət bildirilməmişdir. Bakı İnzibati Məhkəməsinin qərarında "müvafiq müqavilə üzrə nəqliyyat xərcləri, malların yüklənməsi, boşaldılması, yenidən yüklənməsi və yenidən boşadılması ilə bağlı xərclər, sığorta xərcləri İddiaçı öhdəliyində olmuşdur.” mülahizəsinə əsaslanaraq gömrük dəyərinin formalaşması üçün əsas premetlərdən bırı olan nəqliyyat, siğorta, yükləmə-boşaltma və s xərclərinin nəzərə alınmadan sövdələşmə qiymətinin əsas götürülməsi bildirilmişdir ki, bu hal birbaşa Gömrük Məcəlləsinin və İncoterms-2020 şərtlərinin pozulması deməkdir, çünki bu xərclərin gömrük dəyərinə daxıl edilməməsi ilə bağlı hər hansı istisna mövcud deyildir. Əlavə olaraq qeyd etməliyik ki. məhkəmənin qərarında qeyd edilməsə, iddianın təmin edilməsinin həlledici əsası kimi sonuncu məhkəmə baxışı zamanı təqdim edilən iddiaçının sövdələşmə apardığı tərəf müqabili ilə olan “whattsapp” platforması üzərindən qeyri-rəsmi yazışmaları sübut qismində dəyərləndirilmişdir. Halbuki, cavabdeh tərəfindən rəsmiləşdirilmə prosesində gömrük orqanına təqdim edilmiş sənədlər məhkəmə araşdırması zəminində daha mötəbər sübut hesab edilməli idi. Həmçinin, bu yazışmaların hansı hüquqi qüvvəyə məxsus olması və onun həqiqiliyinin əsası da sual altındadır. Azərbaycan Respublikası Gomrıık Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gomruk dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə. GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və X2 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:

Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması 151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; 151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. 151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. 151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi 152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. 249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar.

16.“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

22. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 2-1(112)-7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

23. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

24. İddiaçının hazırkı iş üzrə hüquqi marağı xx.xx.2025-ci il tarixli GDD********** nömrəli Gömrük dəyərinə düzəlişlər edilməsi barədə Bildirişin ləğv edilməsinə nail olmaqdır.

25. Azərbaycan Respublikası Ali Məhəkəməsinin 2-1(102)-710/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli 4 ulduzla işarələnmiş qərarında qeyd edilmişdir ki, Gömrük Məcəlləsinin 48-ci maddəsinin tələbinə əsasən əlavə gömrük ödənişi müəyyən etməyə dair məsələni gömrük orqanı bu barədə müvafiq qərar (inzibati akt) qəbul etməklə həll etməlidir. Hər hansı səbəbdən gömrük orqanı bu qaydada davranmayaraq, əlavə gömrük ödənişləri öhdəliyi yaradan məsələni formal baxımdan ayrıca inzibati akt qəbul etməklə deyil, rəsmi bildiriş və ya məktub vasitəsilə bildirmiş olduqda belə, həmin sənədlərin məzmunu nəzərə alınmaqla onlar inzibati akt kimi qəbul edilə bilər. Çünki inzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər.

26. Kollegiya qeyd edir ki, “Gömrük tarifi haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır.İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün yazılı bildiriş təqdim edilmişdir. 27.Cavabdeh inzibati orqan malların gömrük dəyərində dürüstləşmə zərurəti olduğundan bəyannaməçiyə GDD********** nömrəli xx.xx.2025-ci il tarixli elektron bildiriş (GDD) təqdim edilmişdir. Həmin bildirişdə gömrük dəyərinin məbləğinə təsir etmiş gömrük dəyərinin müəyyənləşdirilməsi üsulu və ya gömrük dəyərinin hesablanması üçün əsas səhvin seçildiyi, həmçinin metodoloji və texniki səhvlərin eyni vaxtda aşkarlanması zamanı zamanı, yoxlama nəticəsində 1 mal mövqeyində olan malın gömrük dəyərində 10940 manat, gömrük ödənişlərində 3.905,58 manat məbləğində uyğunsuzluq aşkar edildiyi qeyd edilmişdir.

28. Apellyasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli malların gömrük dəyəri ehtiyat üsulu əsasında deyil, iş materiallarında da mövcud olan gömrük dəyərinə düzəliş bildirişində də qeyd edildiyi kimi “Gömrük tarifi haqqında" AR Qanununun 14-cu maddəsinə müvafiq olaraq eyni malların sövdələşmə qiyməti üsulu əsasında müəyyən edilmişdir. Malların gömrük dəyərinin dürüstləşdirilməsinə olan zərurət onların dəyərinə 74 faiz məbləğdə endirim edilməsi, lakin endirimin tətbiq edilməsinin qanunvericiliklə nəzərdə tutulmuş xüsusiyyətlərinin mövcud olmaması olmuşdur. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Göstərilən müddəa “Gömrük tarifi haqqında” Qanuna “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 27 dekabr 2022-ci il tarixli , 775-VİQD nömrəli Qanunla əlavə edilmişdir.

29. Göründüyü kimi, 27 dekabr 2022-ci il tarixindən sonra qanunvericilik ölkəyə idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydaları müəyyən etmiş və bunun nəticəsində “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024cü il tarixli 312 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bununla da Gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin istər malların sövdələşmə qiyməti ilə, istərsə də ““Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə göstərilən digər üsulların tətbiqi qaydaları müəyyən edilmişdir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 12.4-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqi ilə bağlı təşkilati və hüquqi əsasları müəyyənləşdirir. Həmin “Qaydalar”ın 1.4.2-ci bəndinə əsasən endirim - müəyyən vaxt və şərtlər daxilində müəyyən müştərilər üçün konkret malların ilkin müəyyənləşdirilmiş qiymətinə münasibətdə mütləq məbləğdə və ya faiz nisbətində ifadə olunan azalmadır. Həmin Qərarın 2.18-ci bəndinə əsasən gömrük dəyərləndirilməsi zamanı satıcı tərəfindən idxal olunan mala aid olan və bəyanetmə anında qüvvədə olan müqavilədə tətbiqi və həcmi nəzərdə tutulan endirimlər gömrük orqanı tərəfindən nəzərə alınır. 31.Qanunvericiliyin qeyd edilən müəddalarından da müəyyən olunur ki, satıcı tərəfindən ölkəyə idxal olunan malların gömrük dəyəri, həcmi və endirimlərə dair məsələlər tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmalı idi. Lakin iş materiallarından və iddiaçı tərəfin şifahi məhkəmə iclaslarında verdiyi ifadələrdən də müəyyən olunur ki, iddiaçının mal aldığı təşkilatla yuxarıda qeyd edilən şərtlərə cavab verən məzmunda bağladığı müqaviləsi mövcud deyil. İddiaçı tərəfin bununla bağlı gətirdiyi əsas dəlil ondan ibarət olmuşdur ki, o mal aldığı xarici ölkə müəssisəsi ilə əvvəlcədən vahid formada müqavilə bağlamış və həmin müqavilədən irəli gələrək mütəmadi mal almışdır, buna görə də malların həcmi və qiyməti və s. məlumatları həmin müqavilədə göstərilməmişdir.

32. Beləliklə də, iddiaçı tərəfindən 24 iyul 2024-cü il tarixindən sonra ölkəyə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqi qaydalarını tənzimləyən normativ hüquqi aktın tələblərinə riayət edilmədiyi müəyyən edilmişdir.

33. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən malların 2025-ci il tarixində sifariş veridliyi və “Qaydalar”ın 24 iyul 2024-cü il tarixində qəbul edildiyi nəzərə alındıqda iddiaçının həmin qaydaların tələblərinə uyğun olaraq müqavilənin yenidən bağlanması və ya sonuncu sifariş verilmiş mallar üzrə malların həcmi və həmin mallara tətbiq edilən endirimləri müəyyən edən yeni müqavilə bağlamaq və ya əvvəl bağlanmış müqaviləyə “əlavələr” etmək imkanı mövcud olmasına baxmayaraq, iddiaçı heç bir mötəbər sübutla öz təsdiqini tapmayan əsaslandırmalardan çıxış etmişdir.

34. Belə ki, birinci instansiya məhkəməsi də öz qərarında qeyd etmişdir ki, “xx.xx.2025ci il tarixində İddiaçı adına 25080100EX00000322 bəyannamə və İHR**********001 və İHR**********002 faktura nömrələri ilə 2-ci keyfiyyətli məhsul satışı və ixracı həyata keçirilmişdir. İddiaçı tərəfindən idxal olunmuş mallara dair fotoşəkillərdən görünür ki, müvafiq mallar 2-ci dərəcə keyfiyyətli, müəyyən qüsurları olan mallardır”.

35. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçı tərəfindən müvafiq malların endirimlə əldə edildiyi qeyd edilsə də Nazirlər Kabinetinin qərarına uyğun olaraq həmin münasibətləri rəsmiləşdirməmişdir, yəni idxal olunan mallara endirimin tətbiqi şərtləri, həcmi və qiymətləri müvafiq müqavilədə göstərilməmişdir. Bununla yanaşı yuxarıda qeyd edildiyi kimi, iddiaçı idxal etdiyi malların 2ci dərəcə keyfiyyətli məhsul olduğunu qeyd etsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bunun əksi olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “İHR**********001” nömrəli, xx.xx.2025-ci il tarixli invoys” sənədində “Description of goods” bölməsində “Ceramic Sanitary ware The goods are of first quality” qeyd edildiyi müəyyən olunur. Həmçinin, iddiaçı mübahisəli malın dəyərinin aşağı göstərilməsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2024-cü il tarixli 312 nömrəli Qərarına uyğun endirim tətbiq edilməsinin obyektiv səbəblərini sübut edən hər hansı yeni sənəd təqdim etməmişdir. Bundan əlavə Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi müqavilə, invoys və digər ticarət sənədlərində malın kefiyyəti (1 və ya 2-ci dərəcəli keyfiyyətdə olması) əvvəlki idxal əməliyyatları ilə müqayisədə fərqlənmir. Eyni zamanda iddiaçı tərəfindən malların keyfiyyətinə dair istinad etdiyi fotoşəkillərin idxal olunan məhsullara aid olması və həmin foto şəkillərdəki malların sözügedən mallara aid olduğuna dair mötəbər sübutlar təqdim edilməmişdir.

36. Beləliklə, müvafiq müqavilədə malın keyfiyyət göstəricilərində və texniki xüsusiyyətlərində heç bir dəyişikliyin edilmədiyi (nəzərə alınmalıdır ki, invoysda 1-ci dərəcə keyfiyyətli məhsul göstərilmişdir), əvvəlki idxal olunan mallardan fərqli qiymətin müəyyən edilməsinin əsası və səbəbi, yəni əvvəlki qiymətlərdən kənara çıxılmasının (aşağı qiymətin) Nazirlər Kabinetinin qərarında göstərilmiş qaydada müqavilə ilə rəsmiləşdirilmədiyindən, həmçinin sözügedən malların keyfiyyətinin əvvəlki malların keyfiyyəti ilə müqayisədə aşağı olduğu sübuta yetirilmədiyindən iddiaçının hazırkı tələbi əsassızdır.

37. Bu səbəbdən cavabdeh gömrük orqanı tərəfindən gömrük dəyərinə düzəliş edilməsi ilə bağlı bildirişi gömrük qanunvericiliyinin tələblərinə uyğundur.

38. Yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsinə uyğun olaraq tərəfindən ətraflı araşdırılmamış və sübutlara hüquqi qiymətləndirilmədən kənarda qalmışdır.

39. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamış, işin qeyd edilən faktiki və hüquqi hallarına dair araşdırma aparmamış və mübahisə üzrə yalnış nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7175/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar