Məhkəmə qərarları › İş №2-1(103)-362/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-362/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-362/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2 may 1983-cü il tarixdə doğulmuşdur və halhazırda pasport qeydiyyatında olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, mənzil 9 A-da yaşayır. Yaşadığı mənzil əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında olmuşdur. İddiaçının atası X5 həmin Şirkətin əməkdaşı olmuş və 21 yanvar 1988-ci il tarixdən mənzil uçotuna götürülmüşdür. Uzun müddət bu mənzilin alınmasını gözləmiş, nəhayət Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vahid uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda dayanan X5 21 yanvar 1988-ci il tarixdə mənzil uçotuna götürülmüşdür. 9 nəfər ailə tərkibi ilə (özü, arvadı, 3 qızı, oğlu, 2 nəvəsi və kürəkəni) Bakı şəhəri, Oaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsi, 7 saylı evin 2 otaqdan ibarət yaşayış sahəsi 28,41 kv.m olan 39 saylı mənzilində qeydiyyatda olmuşlar. Rafiq Əhmədovun övladlarından 4-ü ailəli olduğu üçün oğlu İddiaçıla birlikdə yeni mənzilə köçmək niyyətində olduğundan, yaşadıqları mənzil digər ailə üzvlərinə saxlanılmaqla özü, arvadı və oğlu İddiaçı (hazırkı iddiaçı) nəzərə alınmaqla ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi ev 10, mərtəbə 1, yaşayış sahəsi 39,55 kv.m olan 2 otaqlı, 9a saylı mənzili təklif olunmuşdur. Təklif olunan mənzilə köçmək razılığı olduqlarından, onlar yəni, X5, arvadı X4 və oğlu İddiaçı həmin mənzilə köçmüşlər. ARDNŞ-ın mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında 18 iyul 2013-cü il tarixli 213 saylı sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi ev 10, mərtəbə 1, yaşayış sahəsi 39,55 kv.m. olan 2 otaqlı, 9a saylı mənzil onlara ayrılmış və təqdim edilmişdir. Qeyd edilən şəxslər həmin ünvanda qeydiyyata düşmüş və yaşamağa başlamışlar. 1 sentyabr 2022-ci il tarixdə X1 və X5 arasında Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilə imzalanmışdır. Digər ailə üzvlərinin təşəbbüsü və razılığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10 ünvanında yerləşən 9a saylı mənzil üzərində hüquqların ailənin oğlu İddiaçı adına daşınmaz əmlak dövlət reyesrində qeydiyyata alınmasına qənaətinə gəlmişlər. İddiaçı mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq formal xarakterli **********96 saylı 1 noyabr 2022-ci il tarixli məktubla ona imtina cavabı verilmişdir. Məktubda qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmiş, eyni zamanda həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Lakin həmin sənədlər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur. İddiaçının atası X5 faktiki olaraq 21 yanvar 1988-ci il tarixdən mənzil uçotuna götürülməsinə baxmayaraq, mənzillə yalnız 18 iyul 2013-cü il tarixdə təmin olunaraq mənzil onun istifadəsinə verilmişdir. Qanuna və normativ akta əsasən hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin müəyyənləşdirilmiş funksiyanal vəzifəsidir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlanmış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsin mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Odur ki, həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq iddiaçının yaşadığı Bakı şəhəri, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, mənzil 9A mənzilin onun adına özəlləşdirilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, X5 ARDNFŞ-nin əməkdaşı olmuş, 21 yanvar 1988-ci ildən mənzil uçotuna götürülmüşdür. SOCAR rəhbərliyi və Azərbaycan Neft Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli 9 nömrəli protokolu ilə X5 yaşadıqları mənzil digər ailə üzvlərinə saxlanılmaqla özü, arvadı və oğlu İddiaçı (hazırkı iddiaçı) nəzərə alınmaqla ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, mərtəbə 1, yaşayış sahəsi 39.55 kv.m olan 2 otaqlı, 9a saylı mənzil təklif olunmuşdur. Təklif olunan mənzilə köçmək razılığı olduqlarından, onlar yəni, X5, arvadı X4 və oğlu İddiaçı həmin mənzilə köçmüşlər. ARDNŞ-nin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında 18 iyul 2013-cü il tarixli 213 saylı sərəncamına əsasən yaşayış sahəsi 39,55 kv.m olan 2 otaqlı, 9a saylı mənzil onlara ayrılaraq təqdim edilmiş və onlar mənzil növbəsindən çıxarılmışlar. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı atası X5 işlədiyi müəssisə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətində 1988-ci ildən mənzil uçotuna götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mərkəzləşdirilmiş mənzil uçotu üzrə işçilərinin mənzil məsələsi haqqında 18 iyul 2013-cü il tarixli 213 saylı sərəncamına əsasən ona 3 nəfər ailə tərkibi – özü, arvadı X4 və oğlu İddiaçı ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi ev 10, mərtəbə 1, yaşayış sahəsi 39,55 kv.m olan 2 otaqlı, 9a saylı mənzil ayrılmışdır. İddiaçı digər ailə üzvlərinin yazılı razılığı da əlavə olunmaqla ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsinin təqdim edilməməsini əsas gətirərək məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Tətbiq edilən hüquq normaları: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının 2 iyul 2019-cu il tarixli 1653- VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə aşağıdakı yeni məzmunda 146.4-cü maddə əlavə edilmişdir, lakin həmin Qanunun 27 avqust 2019-cu il tarixdən qüvvəyə minmişdir: - (maddə 146.4) Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi 10 saylı evin 2 otaqlı 9a saylı mənzili Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə aid edilməyən mənzil olduğundan, iddiaçının adına özəlləşdirilə bilməz” Göründüyü kimi, birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə istinad etmişdir. Həmin maddədə qeyd olunmuşdur ki, “bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.” Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. “Mənzil Məcəlləsi”nin yuxarda qeyd edilən müvafiq normalarına əsasən, mülkiyyət formasından asılı olaraq mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusundan ibarət xüsusi mənzil fondundan, mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət dövlət mənzil fondundan və mülkiyyət hüququ əsasında bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusundan ibarət bələdiyyə mənzil fondundan ibarətdir. Məhkəmənin bu qənaəti həmçinin sözügedən mənzilin yerləşdiyi binanın Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 83 nömrəli sərəncamı ilə də təsdiq olunur. Belə ki, həmin sərəncama əsasən, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan, Qaradağ rayonunun ərazisində yerləşən və müvafiq olaraq 150, 152, 156 saylı Mənzil-kommunal istismar sahələrinin istismarındakı yaşayış binaları, o cümlədən mübahisəli mənzilin də yerləşdiyi, 1973-cü ildə inşa edilmiş C. Qəhrəmanov küçəsi, ev 10 ünvanında yerləşən bina inventarları daxil olmaqla bütün aktivləri ilə birlikdə həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına və xidmət dairəsinə verilmişdir. Yəni qeyd olunan sərəncamın məzmunundan da sözügedən mənzilin iddiaçıya ayrıldığı dövrdə Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu və dövlət mənzil fonduna aid olmadığı görünür. Odur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Belə ki, istinad olunan həmin normaya görə, əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur. Bundan əlavə, həmçinin nəzərə almaq lazımdır ki, mənzilin ayrıldığı zaman iddiaçı ilə mənzilə dair sosial kirayə müqaviləsi və ya xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmamış, eləcə də mənzilin həmin məqsədlərlə ayrıldığı hər hansı şəkildə rəsmiləşdirilməmişdir və bunun üzərindən mənzilin qeyd-şərtsiz onun mülkiyyətinə verilməsinə dair iddiaçıda qanuni gözləntilər yaranmışdır. Belə hallarda iddiaçının etimad hüququ da nəzərə alınmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft-Qaz X2 İttifaqı Respublika Komitəsinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli protokol qərarına əsasən, iddiaçıya ayrılmış mənzilə hüquqtəsdiqedici sənədin verilməsi üçün onun uçot qovluğunun Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi qərara alınmışdır. Bu mənada həmin protokol qərarının təsdiq edilməsi barədə Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 213 nömrəli sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır. Nəzərə alınmalıdır ki, cavabdeh səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş həmin sərəncama bağlıdır və həmin sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Kollegiya onuda qeyd edir ki, sözügedən sərəncamla mənzil iddiaçının atası və onun ailə üzvlərinə ayrılsada, iş materiallarında olan iddiaçının ailə üzvlərinin (atası- X5 və anası X4) notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3948/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Lökbatan qəsəbəsi, C.Qəhrəmanov küçəsi, ev 10, 9A mənzilinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar