Məhkəmə qərarları › İş №2-1(103)-3633/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3633/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3633/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövr üzrə əmək pensiyasının ödənilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11101/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassız və qanunsuzdur və onun hüquqlarını kobud şəkildə pozur. İş materialları ilə təsdiq olunur ki, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər o, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olub. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan onlar əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə 26 yanvar 2023-cü il tarixdə təmin edilsə də, bu, onun həmin tarixdən əvvəl Azərbaycan Respublikasının vətəndaşı olmadığı anlamına gəlmir. Azərbaycan Respublikası Prezidenti onu, məhz Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün Azərbaycan Respublikası vətəndaşlığına qəbul edib. Göründüyü kimi, onun həm Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər, həm də Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi 16 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi 26 yanvar 2023-cü il tarixə qədər əmək pensiyası təminatı hüququ olub. Cavabdeh iddia tələbinə etirazı imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11101/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi və həmin dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun şəkildə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, əmək pensiyası hüququ olan şəxslərin dairəsi və bu hüququ həyata keçirmək üçün tələb olunan sənədlərin siyahısı qanunvericililə tənzimləndiyindən cavabdeh inzibati orqan imtinasında tam haqlı olmuşdur. Belə ki, pensiya ödənişinin həyata keçirilməsinin mümkün olmadığı müvafiq dövrdə iddiaçının daimi yaşamaq üçün icazə vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı üçün nə Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs, nə də Azərbaycan Respublikası vətəndaşı hüquqi statusunda olmuşdur. Həmçinin məhkəmə yalnız “Azərbaycan Respublikasının vətəndaşlığı haqqınua’ Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının xx.xx.2022-ci tarixdə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi onun həmin tarixdən əvvəl Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşamasının təsdiqidir, cavabdehin aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir. Halbuki daimi yaşama qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verilməsi ilə şərtləndirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 2-ci hissəsinə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. İddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2022ci il tarixə qədər Azərbaycan Respublikasının ərazisində yaşamasının qanuni əsasının olub-olmaması və həmin müddətdə Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxs hesab edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilim; li olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkə ıə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Eyni zamanda iddiaçı iddia tələbini dəqiqləşdirərək pensiyanın bərpa tarixinin xx.xx.2020-ci il tarixdən qeyd edilməklə xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, iddia tələbinin dəqiqləşdirilmişməsi barədə ərizə icraata qəbul edildi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: İş materiallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli, 3654 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra pensiyası bərpa edilmişdir. İddiaçı hazırkı tələbində xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının həmin dövrdə qanuni əsaslarla Azərbaycan Respublikasında yaşamamasını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Cavabdeh apellyasiya şikayətində də eyni dəlilə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Qeyd edilən normandan da göründüyü kimi, əmək pensiyası təminatı hüququna malik olma şəxsiyyəti təsdiq edən sənədlə şərtləndirilmir. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasının vətəndaşları kimi pensiya təminatı hüququna malikdirlər. Çünki pensiya təminatı hüququ konstitusion hüquq olmaqla, qazanılmış hüquqdur. Vətəndaşın və yaxud vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədinin olub-olmasından asılı olmayaraq onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş hallar yarandığı andan əmək pensiyasını almaq hüququnu əldə etmiş olurlar. Hazırki işdə iddiaçı xx.xx.2022-ci il tarixə qədər Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs olub. Həmin tarixdən isə o, Azərbaycan Respublikasının vətəndaşıdır. Kollegiya cavabdehin iddiaçının vətəndaşlıq əldə edənə kimi Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşamaması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı artıq xx.xx.2022- ci tarixdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. Bununla iddiaçının həmin tarixdən əvvəl Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşaması təsdiq edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına gəbul edilə bilər. Göründüyü kimi, yalnız Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərini tam ödədiyi - Qanunun müəyyən etdiyi şəxslərin kateqoriyasına düşdüyü üçün - Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxs olduğu üçün, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi tarixə qədər iddiaçının Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxs statusu tanınıb və bu halın sübuta ehtiyac yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin pensiya təminatı hüququ təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxs kimi müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsi, iddiaçıya AR vətədaşlığının verilməsi ilə aradan qalxmışdır. İddiaçı isə ona vətəndaşlıq verildikdən sonra cavabdehə müraciət etmişdir. Yəni iddiaçı ona ödənilməyən dövrlər pensiyanınə ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, artıq onun Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və beləliklə də, müvəqqəti yaşamaq icazəsinin olmadığı dövrlərdə Azərbaycan Respublikası ərazisində daimi olaraq yaşaması halı təsdiq edilmiş və cavabdehin imtina əsası aradan qalxmışdır. Buna baxmayaraq cavabdehin eyni əsasa istinad edərək aradan qalxmış formal əsaslara söykənərək vətəndaşı pensiya hüququndan məhrum etməsi qəbuledilməzdir. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdırır ki, iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olsa da, “xx.xx.2020ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi” formasında iddianın təmin edilməsi düzgün olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya ilkin olaraq pensiya xx.xx.2008-ci il tarixdən təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin müddəti bitdiyi üçün ona əmək pensiyasının ödənilməsi dayandırılmış, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra pensiyası bərpa edilmişdir. Hazırki işdə də söhbət faktiki olaraq iddiaçıya pensiyanın dayandırıldığı xx.xx.2020-ci il tarixdən təyin edilməsindən yox, bərpa edilməsindən gedir. AR İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərilmiş, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək pensiyanın bərpa tarixinin xx.xx.2020-ci il tarixdən qeyd edilməklə xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11101/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarı dəyişdirilərək, İddiaçı əmək pensiyasının xx.xx.2020-ci ildən bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11101/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı əmək pensiyasının xx.xx.2020-ci ildən bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə ödənilməyən əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar