Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3717/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə,, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9613/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı Əlibala oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aqrar Sığorta Fondunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyan olaraq 22 727.6 AZN pulun və mediasiyaya ödənilmiş 160 xidmət haqqının və vəkilə ödənilmiş 120 manat pulun verilməsi vəzifəsinin cababdeh Aqrar Sığorta Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyun və iyul aylarında təbii fəlakət - fırtına olmuş və iddiaçının təsərrüfatı xeyli ziyan çəkmiş, iddiaçı həm maddi, həm mənəvi ziyan çəkərək böyük zərərlə üzləşmişdir. Sığorta hadisəsi olan fırtına baş verdiyi müddətdə sığorta müqaviləsi qüvvədə olmuşdur. İddiaçının təsərrüfatına fırtına səbəbindən dəymiş ziyanla bağlı müqavilələrdə göstərilməsinə baxmayaraq heç bir sığorta məbləği ödənilməmişdir. İddiaçı müraciət etsə də, heç bir köməklik göstərilməmişdir. Müxtəlif səbəblər göstərilməklə iddiaçıya fırtına səbəbindən dəymiş sığorta ödənişi ödənilməmişdir. Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 57.36 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı dövlət aktı iki nüxsədən ibarət xx.xx.1998-ci il JM:0042 Kod: 30708028 saylı nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixində Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC (Aqrar Sığortaçı) və İddiaçı arasında müqavilə imzalanmışdır.X2 və Bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnamələrinə əsasən BS-**********-XS şəhadətnaməyə əsasən 7022.4 Azn, BS- **********-XS şəhadətnaməyə əsasən 3511.2 Azn, BS-**********-XS şəhadətnaməyə əsasən 2626.4 Azn, BS**********-XS şəhadətnaməyə əsasən 9567.6 AZN olmaqla ümumilikdə ümumilikdə 22 727.6 AZN təbii fəlakət olanFırtına səbəbindən Sığorta ödənişi müqavilə üzrə qeyd olunmuşdur. İddiaçının torpaq sahəsinə yaxın cavabdeh Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə müqavilə bağlamış qonşu torpaq sahələri də təbii fəlakət - fırtınadan ziyan dəymiş və həmin şəxslərə fırtına təbii fəlakəti ilə bağlı sığorta ödənişləri verilmişdir. Lakin iddiaçıya sığorta ödənişi ödənilməmişdir. Həmin qonşu torpaq sahələrinin sahibləri də şahid kimi fırtınaya görə sığorta məbləğinin ödənildiyini təsdiq edirlər. Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış sığorta şəhadətnaməsində (müqavilələrdə) qeyd olunmuşdur ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən təbii fəlakətlər o cümlədən fırtına risklərinin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təyinatı altında alınır. Yuxarıda qeyd edilən qanun pozuntularından irəli gələrək iddiaçı öz konstitutsiyon hüquqlarıının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9613/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkrethalda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibatı orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “Aqrar sığorta haqqında” qanundan: 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.3. Sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir. 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Aqrar Sığorta Fondu inzibati orqan kimi müəyyən olunmur. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır. “Aqrar sığorta haqqında” Qanunun 17.1 və 17.4cü maddələri hazırkı işə inzibati mübahisə kimi qiymətləndirilməsinə əsas hesab edilə bilməz. Belə ki, Qanunun 17.1-ci maddəsi qəbul edilmiş qərar barədə məlumatın verilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydanın nəzərə alınmalı olduğunu, 17.4-cü maddəsi isə həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüqunu izah edir. Bu isə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olması, mübahisənin xarakterinin isə inzibati mübahisə olması demək deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.(Kommersiya mübahisəsi). Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarını və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını əlavə etmiş, həmçinin işin inzibati məhkəmə icraatında baxılmalı olması qənaətində olduğunu əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli Qərarının surətdindən görünür ki, həmin Qərarla hazırkı iş üzrə tərəflərin arasındakı pul tələbinə dair mübahisəyə Kommersiya məhkəməsi tərəfindən baxılması nəticəsinə gəlinmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə isə iddiaçının cavabdeh Aqrar Sığorta Fonduna qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilmişdir.Həmin qərardada əsasən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ödənişin qismən edilməsi barədə qərar qəbul etmişdir, həmin qərar inzibati aktdır və iddiaçı bu inzibati aktın dəyişdirilməsi tələbi ilə inzibati məhkəməyə müraciət edə bilər. Məhkəmə Kollegiyası qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti verməsi iş materialları ilə müəyyən olunmur. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır. “Aqrar sığorta haqqında” Qanunun 17.1 və 17.4- cü maddələri isə hazırkı işə inzibati mübahisə kimi qiymətləndirilməsinə əsas hesab edilə bilməməsi də yuxarıda qeyd olunmuşdur. Odur ki, birinci instansiya məsəhkəməsi istinad etdiyi hallarla bağlı iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9613/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9613/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3717/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3717/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver