Məhkəmə qərarları › İş №2-1(103)-3718/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3718/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3718/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Abbasovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və X3 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-4701/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2000-ci il tarixli 659 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri Suraxanı rayonu Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində cizgi əsasında istifadə etdiyi 400 kv.m torpaq sahəsi ayrılmış və iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmçinin 28 aprel 2000-ci il tarixdə Suraxanı rayonunun baş memarı, mütəsəssis, Bülbülə qəsəbə nümayəndəliyi və sair şəxslər tərəfindən akt tərtib olunaraq torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Onun müraciətinə xx.xx.2022-ci il tarixdə baxılaraq bildirilmişdir ki, “elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilən sənədlərdə hüquq sahibinin soyadı Babayeva qeyd edilsə də, notariat məktubunda Rüstəmova qeyd olunmuşdur”. Sözügedən torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələrlə bağlı cavabdehə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli məktuba əsasən müraciətə baxılmış və qeyd olunmuşdur ki, “RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Bülbülə qəsəbəsi, keçmiş Çaparidze yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 ayrılmış 400,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 659 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq vətəndaş D.Babayevaya verilmişdir”. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000ci il tarixli 659 saylı Sərəncamına əsasən səlahiyyətli şəxslər tərəfindən akt tərtib olunaraq torpaq sahəsinin cizgiləri müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi ilə bağlı sərəncam və cizgilər Dövlət Arxivinin Bakı Filialında da mövcuddur. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi iddiaçının iradəsindən asılı olmayan səbəbdir. Bu məsələlər müvafiq orqanların tərtib etdiyi sənədlər əsasında müəyyən olunur. Hal-hazırda İddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən istifadə edir. Bu səbəbdən də hazırki imtinada göstərilən əsaslar onun müraciətinə imtina cavabının verilməsi üçün əsas ola bilməz. İddiaçı hesab edir ki, imtina tamamilə qanunsuz va əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

4. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-4701/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi (istinad və məsafələrin qeyd edilməsi) öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini və iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

11. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2- 1(112)-4701/2025 nömrəli qərarı ləğv edilməli, iddia mümkün hesab edilməməlidir.

12. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

13. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

14. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

15. Göründüyü kimi, İPM-nin 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

16. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

19. İşdən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

20. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Bülbülə qəsəbəsi, keçmiş Çaparidze yaşayış sahəsində fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X1 ayrılmış 400,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 659 nömrəli sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq vətəndaş D.Babayevaya verilmişdir.

21. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 28 dekabr 2024-cü il tarixli məktubu ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 659 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

22. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 659 saylı Sərəncamına əsasən X1 fərdi yaşayış evi tikmək üçün Çaparidze yaşayış sahəsində, cizgi əsasında istifadə etdiyi 400 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 400.0 kv.m olsa da, faktiki olaraq 690.0 kv.m təşkil edir (290.0 kv.m artıqdır). Torpaq sahəsi üç tərəfdən mişar daş hasarla, bir tərəfdən isə metal torla sərhədlənib. Sahə üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Sahəyə dair yerləşmə cizgisində perimetrik ölçülər göstərilməyib. Göstərilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli 35 kVt-lıq elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Balaxanıneft NQÇİ). Həmçinin sahənin təqribən 535.0 kv.m hissəsi (sahə üzərindəki fərdi yaşayış evidə) yüksək gərginlikli (35 kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

24. Hazırki işdən görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi, istinad və məsafələrin qeyd edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir.

25. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 aprel 2000-ci il tarixli, 659 saylı Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Çaparidze (indiki Aşurbəyovlar) yaşayış sahəsində yerləşən 400 kv.metr torpaq sahəsinin yerləşmə sxemini-cizgisi Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən təqdim edilmişdir (iş v. 9).

26. Göründüyü kimi inzibati hüquq münasibətlərindən yaranmış mübahisə mövcud deyildir.

27. Odur ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır.

28. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

29. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün sayılmamalıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü araşdırmadan mahiyyəti üzrə qərar qəbul etmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)- 4701/2025 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2-1(112)-4701/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar