Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3781/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4315/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...İran vətəndaşıdır. 13 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X1 ilə nikaha daxil olmuş, və birgə nikahdan onların xx.xx.2002-ci təvəllüdlü X5, xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 adlarında qızları vardır. Müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin başa çatmasına az qaldığı üçün xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin veriməsi ilə bağlı müraciət (bildiriş №9157403) etmiş, cavabdehin xx.xx.2023-cü il qərarı ilə imtina edilmişdir. Azərbaycan ərazisində yaşayan yaxın qohumları, o cümlədən, ailə üzvləri - arvadı və birgə nikahdan övladları olduğu halda, cavabdeh tərəfindən xx.xx.2023-cü il qərarla onun müraciətinə imtina verilməsi qanunsuzdur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə etdiyi müraciəti əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinə əsasən müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4315/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmunu təkrarlanmaqla əsaslandırmaqla yanaşı, eyni zamanda, aşağıdakıları mübahisələndirmişdir: “...Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərar təmamilə əsassızdır. Məhkəmə tərəfindən ilkin hüquqverici sənədlər nəzərə alınmadan, onun qanunla qorunan hüquqları pozulmuşdur. İnzibati iş materiallarında cavabdehin qərarı ilə iddiaçının müraciətinə onun və ailə üzvlərinin yalan məlumat təqdim etməsi, yaxud dövlətin milli təhlükəsizliyinə zərər vura biləcək insan olması ilə bağlı heç bir sübut və ya dəlil olmadığı halda imtina edilmişdir. Hesab edir ki, qanunvericiliyin maddəsində yazılan hallara edilən istinad hər hansı mötəbər sübutla təsdiq edilmədiyindən imtina barədə məhkəmənin də qərarı əsassız və qanunsuzdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarına əsasən müəyyən olunur ki, Dövlət Miqrasia Xidməti tərəfindən iddiaçının müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı cavabdehə müraciətinə baxılaraq 04 noyabr 2023-cü il tarixdə Xidmətin ******* saylı qərarı ilə təmin edilməmiş və bu barədə ona eyni tarixli məktubla yazılı məlumat verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində ərizəçinin müraciətinə imtina verilməsi üçün Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulan əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Cavabdehin iddia ərizəsinə etirazından görünür ki, iddiaçıya məhz Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulan əsasa görə imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, cavabdeh imtina edərkən qanunvericiliklə müəyən olunan diskression səlahiyyətlərinə uyğun hərəkət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin Məcəllənin 47.2-ci maddəsinin tələbinə görə Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsini almaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. Həmin maddənin aşağıdakı müddəaları ilə müvəqqəti yaşamaq icazəsini və ya o müddətinin uzadılması üçün aşağıdakı prosedur qaydalarnı nəzərədə tutur. 47.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. 47.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq həmin qanunda nəzərdə tutulmuş müddətdə baxılır. 47.6. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında 10 iş günü ərzində rəy verir. 47.7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 10 iş günü ərzində müvafiq rəy bildirilmədikdə, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. 47.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması icazənin verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 47.9. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddəti bitənədək müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazənin müddəti uzadılmamışdırsa və ya belə uzadılma üçün ərizə qəbul edilməmişdirsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 47.10. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı müvafiq məlumatların toplanması və rəylərin alınması, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin fərdi olaraq doldurulması və verilməsi, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə əlaqədar müraciət etmiş, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış və ya belə icazənin verilməsindən imtina edilmiş, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi ləğv edilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması X6 Sistemi vasitəsi ilə həyata keçirilir. Miqrasiya Məcəlləsinin 48.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. Məcəllənin qeyd edilən müddəalarının tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməməsinə (müddətinin uzadılmamasına) əsas olan hallardan biridir. Konkret halda, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcək halın kriteriyası isə Miqrasiya Xidməti tərəfindən yox, digər aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyindən, Xidmətin diskression səlahiyyətlərindən istfiadə edərək, səlahiyyətli dövlət orqanının mövqeyi nəzərə alınmaqla, qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən halların mövcudluğu müəyyən olunmur. İPM-in 73.3-cü maddəsi nəzərdə tutur ki, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Konkret halda, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı tərəfindən iddiaçının milli təhlükəsizliyə təhdid yaratması barədə mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan həmin qiymətləndirmə və ictimai marağın fərdi maraqdan üstünlüyü nəzərə alınmaqla cavabdeh tərəfindən diskression səlahiyyətləri çərçivəsində olaraq iddiaçının müracətinin təmin edilməməsi haqqında qərarın qəbul edilməsini zəruri etmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının sübutlara uyğun olmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4315/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4315/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3781/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3781/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver