Məhkəmə qərarları › İş №2-1(103)-3782/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3782/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3782/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin geri qaytarılması” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə məhkəmə qərarının icrasının təmin edilməsi məqsədi ilə məcburi icraya yönəldilməsi barədə iddiaçının qanuni təmsilçisi tərəfindən verilmiş ərizəyə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5005/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının nümayəndəsi Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(112)- 5005/2022 nömrəli qərarının tam icrası barədə ərizələrlə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2- 1(112)-5005/2022 nömrəli qərarı ilə iddia təmin olunmuşdur və borclu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi artıq ödənilmiş vergilərin geri qaytarılması barədə rəyi tərtib edərək Maliyyə Nazirliyinə göndərmişdir. Bu zaman ərizənin qanunvericilikdə nəzərdə tutulduğu müddətdə icra olunmadığı üçün ərizənin təqdim edildiyi tarixdən artıq ödəmənin vergi ödəyicisinin hesabına qaytarıldığı günədək 0,1% penya hesablanmalı idi (Vergi Məcəlləsi: 59.3. maddəsi, Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (16 iyul 2019-cu il 313 nömrəli Qərar ilə dəyişikliklərlə) 6.1. bəndi), lakin bu barədə rəydə və ya ona əlavə olunmalı hər hansı bir sənəddə 0,1% peniyanın hesablanması barədə Maliyyə Nazirliyinə hər hansı məlumat və ya rəy verilməmişdir. Bununla da icra zamanı adı çəkilən qanun və qərar kobud şəkildə pozulmuşdur. Beləliklə, məhkəmə qərarı tam icra olunmamışdır. Yəni artıq ödəmə qanunvericilikdə nəzərdə tutulduğu müddətdə qaytarılmadığı təqdirdə 0,1% penya ilə birlikdə qaytarılmalıdır. Borclunun təqdim etdiyi rəydə isə bu vəzifəsini icra etməmiş, rəyi yarımçıq göndərmişdir. Məhkəmə Qərarının 7-ci səhifəsi sondan 4-cü abzasda bu xüsusilə vurğulanmışdır: “Halbuki, hazırkı göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir.” Yəni məhkəmə qərarının təsviri hissəsində göstərilən: qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir, müddəası üzrə öz vəzifəsini tam yerinə yetirməmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə borcluya vəzifəsini tam icra etməsi üçün müraciət edilmiş, lakin 30 iş günü (“Vətəndaşların müraciəti haqqında” Qanun) keçməsinə baxmayaraq, borclu tərəfindən hər hansı bir tədbir görülməmişdir. İddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə cavab verilərək, qanunvericilikdə və məhkəmə qərarında göstərilən vəzifələrini icra etməkdən yayınmışlar. Borcludan artıq ödəmənin hər gecikdirilən günə 0,1% olmaqla penya məbləğinin hesablanması Maliyyə Nazirliyinə təqdim edilən rəyə əlavənin göndərilməsi vacib olmuşdur. İddiaçı tərəfindən artıq ödəmənin geri qaytarılması ərizəsinin təqdim edildiyi gün xx.xx.2021-ci il tarixdən artıq ödəmə məbləğinin ödənildiyi gün xx.xx.2023-cü il tarixədək olan dövr 805 gün edir ki, bu müddət üzrə də 0,1 faiz penya məbləği 135113 manat 33 qəpik (167842,65*0.1%*805) təşkil etmişdir. Göründüyü kimi borclu penyaya aid hissədə rəyi tamamlamamış, yəni rəyi qanunamüvafiq təqdim etməmiş, bununla da məhkəmə qərarını tam icra etməmişdir. Ona görə də məhkəmə qərarı üzrə təqdim olunmalı rəyin tamamlanması məcburi hal almışdır və bu, hazırkı məhkəmə qərarının icrası üzrə təqdim olunmalı rəyin tərkib hissəsidir. Odur ki, qanunvericiliyə əsasən tam haqqları olan 135113 manat 33 qəpik penya məbləğinin də artıq ödəmənin geri qaytarılması ərizəsində göstərilən hesaba ödənilməsinin təmin edilməsi və məhkəmə qərarının tam icra olunması üçün qanunvericiliyə uyğun tədbir görülməsi, bu borclu tərəfindən könüllü icra edilmədiyi təqdirdə məhkəmə qərarının tam icra olunması üçün məcburi icraya yönləndirilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5005/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin geri qaytarılması” tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarının icra icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 59.3. maddəsinə əsasən penya məbləği artıq ödənilmiş məbləğ ödənildikdə hər gecikdirilmiş gün üçün 0,1 faiz penya ödənilməsi məcburiyyətini ödəyən orqanın üzərinə qoyur. Bu zaman artıq ödənilmiş məbləği alan vergi ödəyicisinin həmin orqana penya üçün mütləq müraciət edilməsi məcburiyyətini qoymur. Məhkəmə tərəfindən qərardad qəbul edilərkən bu nüans nəzərə alınmamışdır və artıq ödəməni alan vergi ödəyicisinin inzibati orqana müraciət etməsindən sonra penya məbləğini yeni iddia ilə tələb etmək hüququ göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 59.3. maddəsinə əsasən penya məbləği artıq ödəmə ödənilərkən ödənilməlidir. Rəy təqdim olunarkən rəyi təqdim edən orqan artıq ödəmənin gec qaytarıldığını bilirdi və penya ödənilməsinin təmin edilməsi üçün aidiyyatı orqana rəyi təqdim edərkən bunun nəzərə almalı və müvafiq əlavəni və ya qeydi etməli idi. Yəni penya məbləği də artıq ödəmənin tərkib hissəsi olduğu Vergi Məcəlləsinin 59.3. maddəsinə əsasən rəydə bu barədə qeyd olunmalı və ya rəyə əlavə yazılmalı idi. Göründüyü kimi məhkəmə Qərarı borclu tərəfindən tam deyil, qismən icra edilmişdir. Odur ki, borclunun məhkəmə Qərarının tam icra edilməsi təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında ərizəçi apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərardadının qanunsuz olduğunu və ləğv edilməsini, ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qarşı tərəf isə məhkəmə qərarının tam icra olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq mübahisələndirilən qərardad ləğv edilməli, ərizə isə təmin edilməməlidir. Kollegiya ilk növbədə məhkəmənin qəbul etdiyi icra icraatına xitam verilməsi ilə bağlı qəbul etdiyi qərardada münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi məhkəmə iclasını ərizənin baxılması ilə əlaqədar açaraq ərizəyə baxmış və qərardadın əsaslandırıcı hissəsində ərizəyə münasibət bildirilmiş, lakin həmin qərardadın nəticə hissəsində ərizəyə münasibətdə hər hansı yekun nəticə qeyd edilməmişdir. Yəni, məhkəmə ərizənin təmin, rədd və ya qeyri-mümkün sayılıb-sayılmaması ilə bağlı hər hansı nəticəyə gəlməmişdir. Bu səbəbdən də Kollegiya hesab edir ki, qərardad ləğv olunmalı, ərizədə qeyd edilən tələbə münasibətdə yekun nəticəyə gəlinməlidir. Ərizədən görünür ki, ərizəçi məhkəmə qərarının tam icra olunmadığı qənaətindədir və artıq ödəmənin geri qaytarılması ərizəsinin təqdim edildiyi xx.xx.2021-ci il tarixdən artıq ödəmə məbləğinin ödənildiyi xx.xx.2023-cü il tarixədək olan dövr - 805 gün üzrə də 0,1 faiz penya məbləği olan 135113 manat 33 qəpik (167842,65*0.1%*805) artıq ödəmənin geri qaytarılmalı olduğunu bildirir. Kollegiya hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5005/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 167842.65 manat artıq ödəmə məbləğinin geri qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiaçının qanuni təmsilçisinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5005/2022 saylı 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2021- ci il tarixli **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsində göstərilən 167842.65 manat artıq ödəmə məbləğinin qaytarılması barədə rəyin tərtib edilərək göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmış və həmin qərar yuxarı instansiyada qüvvədə qaldıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən qərarın icra olunması cavabdehə həvalə edilmiş, cavabdeh tərəfindən də məhkəmə qərarında göstərilən tələblər icra olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia tələbi artıq ödənilmiş 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin tərtib edilərək göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olmuş və məhkəmə tərəfindən də iddia tələbi təmin edilərək həmin öhdəlik cavabdehin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, cavabdeh məhkəmə qərarının tam icra olunduğu ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlamış və bildirmişdir ki, məhkəmənin qərarının icrasının təmin olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli **********692300 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. “İnzibati Prosessual Məcəlləsi”nin 52-ci maddəsində qeyd edilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, qeyd olunanlardan aydın olur ki, iddiaçının iddia tələbinə göstərdiyi iddia tələbi məhkəmə tərəfindən təmin olunaraq bu barədə qərar qəbul edilmiş və məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulan öhdəlik cavabdeh tərəfindən tam icra edilmişdir. Ərizəçinin tələbi ilə bağlı Kollegiya qeyd edir ki, həmin tələb icra icraatı qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı olan tələblərdəndir. Ərizədə göstərilən tələb yeni tələb oldugundan ilk öncə cavabdeh inzibati orqana müvafiq tələblə müraciət edilməli, həmin tələb icra olunmadığı təqdirdə isə ərizə ilə deyil, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5005/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçının “artıq ödəmənin geri qaytarılması ərizəsinin təqdim edildiyi xx.xx.2021-ci il tarixdən artıq ödəmə məbləğinin ödənildiyi xx.xx.2023-cü il tarixədək olan dövr - 805 gün üzrə də 0,1 faiz penya məbləği olan 135113 manat 33 qəpik (167842,65*0.1%*805) artıq ödəmənin geri qaytarılması” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı ApellyasiyaMəhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar