Məhkəmə qərarları › İş №2-1(103)-3783/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3783/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3783/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10907/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona 15 il 7 ay 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqısının 51,75 faizi məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla bağlı müraciət edərək iddiaçı ona orta aylıq əmək haqqısının 80 faizi miqdarında pensiya təyin edilməli olmasını tələb etsə də, müraciətin təminindən əsassız imtina edilmişdir. Cavabdeh nəzərə almamışdır ki, onun pensiya almaq hüququna dair münasibətlər 28 iyul 2012-ci il tarixdə yaranmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş normasının tətbiqi üçün əsas mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır. Cavabdeh iddiaya yazılı etirazını Bakı İnzibati Məhkəməsinə təqdim etmiş və göstərmişdir ki, 01 may 2023-cü il tarixindən iddiaçının hakimlik stajına xitam verildiyindən onun hakim kimi pensiya hüququ 02 may 2023-cü il tarixdən yaranmışdır və bu səbəbdən pensiya məbləği hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsi əsasında hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10907/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya 2 mart 2023-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 639,00 manat, digər növ əlavələri 4515,60 manat olmaqla orta aylıq əmək haqqı 8860,80 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 15 il 7 ay 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (8860,80 manat) 51,75 faizi - 4585,46 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, adıçəkilən şəxsə pensiya təyin edilərkən xx.xx.2021- xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə əməkhaqqı cədvəllərində qeyd olunan bütün növ ödənişlər nəzərə alınmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən əmək pensiyaçılarına Qanunun 20.1.4-cü və 20.7-ci maddələrinə uyğun olaraq sabiq hakim kimi əmək pensiyasına qulluq stajına görə əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. - 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. - 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin altıncı abzasına əsasən pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28- cı misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 13 may 2022- cil tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçının hakimlik səlahiyyətlərinə 1 mart 2023- cü il tarixdən xitam verildiyindən onun sabiq hakim kimi əmək pensiyası hüququ 2 mart 2023-cü il tarixdən yaranmışdır. Bununla əlaqədar iddiaçının əmək pensiyası müraciətində və iddia ərizəsində göstərdiyi qaydada deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 93996/2023 nömrəli məktubundan da göründüyü kimi, iddiaçının hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 639,00 manat, digər növ əlavələri 4515,60 manat olmaqla nəzərə alınsa da, məhkəmə iddianı bu hissədə də təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: “Məhkəmələr və hakimlər haqqında” Qanunun iddiaçı hakim təyin edilən zaman qüvvədə olan 109-cu maddəsinin redaksiyası Maddə 109. Hakimlərin sosial müdafiəsi Hakimlərin həyatı və sağlamlığı dövlət büdcəsi hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimlər həlak olduqda (vəfat etdikdə) və ya onlar xidmətin davam etdirilməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir. Hakimlərə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan hakimlərə və ya onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilir. Hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. Əməkhaqqı artımındakı sonrakı dəyişikliklər pensiya məbləğinə şamil edilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 yanvar 2006-cı il tarixdən 1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-). 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; (-). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.7-1. Bu Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarı: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq “X1” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Yuxarıda sadalanan qanunvericiliyin tələbindən də göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının hakim kimi əmək pensiyasının hesablanması ilə bağlı yuxarıda adıçəkilən Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədən olan redaksiyasının və ya hazırkı redaksiyasının tətbiq edilibedilməməsi ilə bağlıdır. İddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya tətbiq edilməklə onun əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyasının təyin edilməli olması qənaətindədir. Cavabdeh isə, qüvvədən düşmüş normalarının tətbiqinin istisna edilməklə, Qanunun xx.xx.2017-ci il tarixdən sonrakı müddəalarının tətbiq edilməli olması qənaətindədir. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq adıçəkilən Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. İş materiallarından da müəyyən edildiyi kimi iddiaçı 28 iyul 2007-ci il tarixdən Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmış, daha sonra 06 avqust 2013cü il tarixdən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmiş, 01 mart 2023-cü il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi son yaş həddinə çatması əsası ilə səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Onun hakim kimi iş stajı 15 il 7 ay 3 gün təşkil etmişdir. İş üzrə materiallardan görünür ki, iddiaçıya 01 mart 2021-ci il -28 fevral 2023-cü il tarixlərdə Sumqayıt Apellyasiya Məhkəməsində işlədiyi dövrdə vəzifə maaşı, bir aylıq vəzifə maaşına görə əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məhkəmənin həmkarlar ittifaqı komitəsinin sədri kimi əmək haqqı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı ödənilmiş və sosial sığorta haqqları həmin məbləğlərdən tutulmuşdur. Yuxarıda adıçəkilən normanın xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, pensiya yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Əmək pensiyasına əlavələr əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə istənilən beş ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Odur ki, iddiaçı bir aylıq vəzifə maaşına görə əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məhkəmənin həmkarlar ittifaqı komitəsinin sədri kimi əmək haqqı, məzuniyyət haqqı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 48/2022 saylı, xx.xx.2022 saylı və 2-1(102)-1881/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarlarında). Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın həmin təmin edilməməsi üçün əsas yaratmır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10907/2023 nömrəli, 24 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar