Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3797/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı İran İslam Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* nömrəli, 17 aprel 2023-cü il tarixli qərarla Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması barədə qərar qəbul etmişdir.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
3. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 aprel 2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı X1 Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ******* nömrəli, 17 aprel 2023-cü il tarixli qərarla Miqrasiya Məcəlləsinin 50-ci maddəsini rəhbər tutaraq onun Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması barədə qərar qəbul etmişdir. Həmçinin qərarda H.Amirhosseinin üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulduğu qeyd edilmişdir. Belə ki, H.Amirhossein Azərbaycan Respublikası ərazisində 5 ildir ki, icazə müddəti olmaqla müvəqqəti yaşayır və işləyir. Bugünə qədər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müvəqqəti yaşamaq üçün icazəyə dair etdiyi müraciətlər barədə rədd qərarı almamışdır. Yaşadığı müddət ərzində Azərbaycan Respublikası ərazisində hər hansı qanun pozuntusuna yol verməmiş, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmamışdır. Bu müddət ərzində H.Amirhossein Azərbaycan Respublikasının vətəndaşı ilə nikaha daxil olmuş və sonradan Məhkəmə qaydasında nikahları pozulmuşdur. Həmin nikahdan bir uşaqları dünyaya gəlmişdir. H.Amirhossein hər ay aliment ödəməsinə və uşağı ilə hər həftə ünsiyyətdə olmağına dair Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur.İnzibati orqan işə baxarkən və qərar qəbul edərkən Miqrasiya Məcəlləsinin 50ci maddəsini rəhbər tutması, lakin konkret olaraq müvafiq bəndə istinad olunmaması, iddiaçının əməli ilə bağlı hər hansı sübutun göstərilməməsi və qərarda da buna əsaslandırılmaması onu səmərəli müdafiə olunmaq imkanından məhrum edir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin (bundan sonra- MYİ) verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50-ci maddəsinə əsasən MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır.
7. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırmışdır ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə aşağıdakı hallarda verilir: Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması; Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidirlər. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə, ərizəçinin müraciətində göstərilən, lakin 1 ildən artıq olmayan müddətə verilir və müvafiq əsas olduqda, hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. Miqrasiya Məcəlləsinin 20.3cü maddəsində (Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə, həmin şəxs bu barədə rəsmi məlumat aldığı tarixdən 30 gün ərzində ölkəni tərk etməli, yaxud bu Məcəllənin 45-ci maddəsində (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) müəyyən edilmiş əsaslar olduğu təqdirdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Belə müraciətə baxıldığı dövrdə şəxs Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan hesab edilir) nəzərdə tutulan müraciətlər zamanı şəxsdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti tələb edilmir Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsi. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar onun işində mövcud idi.lakin Məhkəmə tərəfindən nəzərə alınmayıb.Belə ki, vəkili və Bakı İnzibati məhəkəməsi tərəfindən qeyd edilmişdir ki, iddiaçı iyun ayının 5 -nə kimi ölkədə qala bilər və o, bu barədə Miqrasiya xidmətinin qaynar xəttinə zəng edib bildirmişdir ki, məhkəmə ona bunu qeyd edir və bildirir ki , iclasa kimi ölkədə qala bilər.Lakin Məhkəmə tərəfindən məsələ aydınlaşdırılmadan qərar verilməsi hesab edir ki, iddiaçının səmimi peşmançılığı və ondan asılı olmayan hallara görə bu inzibati xəta törənib. Nəzərə çatdırır ki, ona rəsmi xəbərdarlıq edilsəydi ki, ölkə ərazisini tərk etsin o gedərdi.Lakin ona heç bir xəbərtdarlıq edilməyib və protokoldan belə xəbəri olmayıb.Yalnız ona sərhəddi keçirdəndə qərar təqdim olunub. Onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixində uşağı ilə görüş vaxtı keçmiş arvadı tərəfindən 102-yə şikayət olundu və o, Sumqayıt şəhər polis idarəsinə gətirildi. xx.xx.2023-cü il tarixində onu miqrasiya əməkdaşları saxlanma yerine polis idarəsindən götürüb apardılar və o yalnız oradan 24 may 2023 cü il tarixində sərhəddə aparıldı və sərhəddə ona qərarı verib keçirtdilər.Qanuna əsasən iddiaçını yalnız 24 saat saxlama yerində saxlaya bilərlər.Lakin 4 gün saxlanılmağı hesab edir ki, qərar kimi bu da qərəzlidir.Bu qərəz hesab edir ki, keçmiş arvadının əsassız şikayətləri ilə olunub. Keçmiş arvadı Sadıxova Zəminə tərəfindən edilmiş əsassız şikayətə görə onun ölkəyə girişi məhdudlaşıb.Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar əlavə olaraq qeyd edə bilər ki, Sadıxova Zəminə özü belə ikili vətəndaşdır və miqrasiyaya etdiyi şikayət yalandır.Miqrasiya onun şikayəti əsasında qərəzli olaraq onun hüququnu məhdudlaşdırıb.Hesab edir ki, məhkəmə sorğu verərərk X8 Respublikasının vətəndaşı olmasına aydınlıq gətirə bilərdi və miqrasiyaya yazılmış olmuş olan yalançı ərizəyə əsasən əsassız ona imtina verilməzdi və ona yaşama izni belə verilmişdi. Onu da qeyd edir ki, poçtla məktub iddiaçıya 29aprel 2023 tarixdə çatıb və o də vəkilinə demişdir və 02 may 2023 tarixdə dayandırma ərizəsi verilib.(sənədləri əlavə edir.) Əgər onun oturma izni bitmişdirsə niyə miqrasiya onu yaşadığı evdən məcburi saxlanma yerinə aparmayıb, yəni ki, onların dediyinə görə xx.xx.2023 tarixdən 21may 2023 tarixə qədər niyə miqrasiya heç bir hüququ məlumat və tədbir görməyib və iddiaçıya inzibati xəta törətdiyi barədə belə məlumat verməyib.Yalnız Zəminənin şikayəti əsasında 21mayda onu polis idarəsindən aparıblar. Onu da qeyd edir ki, səmimi peşmançılığını, ondan asılı olmayan səbəbləri, yəni BİM-si və vəkil tərəfindən iclasa qədər burda olmağını bildirilməsini nəzərə almadan iddiaçıya inzibati tənbət növündə cəza verilib. Birinci dəfə xətanı törətməyini və yüngülləşirici halları nəzərə alaraq onu cərimə də edə bilərdilər.
9. Məhkəmə Kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
11. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
13. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
15. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 17 aprel 2023-cü il tarixli, ******* №-li qərara əsasən İran İslam Respublikası vətəndaşı B97427639 nömrəli pasporta malik olan X4 14 mart 2023-ce il tarixli müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı B97427639 nömrəli pasporta malik olan X2 üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur.
16. Məhkəmə Kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi rədd olunmalıdır.
17. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin 17 aprel 2023-cü il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə Qərarını mübahisələndirir.
18. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 19.Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. 20.Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə.
21. Göründüyü kimi nəinki Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurma halı, həmçinin də milli təhlükəsizliyə zərər vurula biləcəyi halı da müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün və əvvəlki icazənin ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
22. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vurula biləcəyi halının kriteriyası isə Miqrasiya Xidməti yox, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən Miqrasiya Xidmətinin səlahiyyəti dövlət orqanının rəyi nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını istisna edən hal hazırkı iş üzrə mövcud deyil. 23.Digər tərəfdən nəzərə alınmalıdır ki, ümumiyyətlə şəxsin hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətməsinin müəyyən edilməsi aidiyyəti inzibati orqanın diskresion səlahiyyətlərinə aid edilir.
24. İnzibati Prosessual Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
25. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o,elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
26. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur.İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
27. Yuxarıda adıçəkilən maddənin şərhində isə qiymətləndirmə azadlığının mövcudluğu konkretdir. Belə ki, qeyd edilən cümlədən görünür ki, ziyan vurma halı yox, məhz ziyan vurma halının mövcud ola biləcəyi formasında ifadədən istifadə edilmişdir ki, aidiyyəti səlahiyyətli qurum tərəfindən şəxs barəsində gəlinən milli təhlükəsizliyə təhdid törətməsi barədə mövqe qeyd olunan səbəblərdən də əsaslı qəbul edilir.
28. Hazırkı iş üzrə də cavabdeh iddiaçı barədə araşdırma aparılması məqsədlə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 47.5 və 47.6-cı maddələrinin tələblərinə uyğun olaraq rəy alınması üçün müvafiq icra hakimiyyəti orqanlarına sorğular göndərilmiş, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanı etiraz edərək müvəqqəti icazənin uzadılması barədə mənfi mövqe nümayiş etdirilmişdir ki, dövlət təhlükəsizliyinin müdafiəsi sahəsində xüsusi bilik və təcrübəyə malik aidiyyəti şəxslər tərəfindən aparılan qiymətləndirmə cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmalıdır ki, cavabdeh də mübahisələndirilən qərarı qəbul etməklə həmin halı əsaslı olaraq nəzərə almışdır.
29. Bu zaman aidiyyəti elektron rəy (inzibati icraat materiallarında elektron sorğuya cavab kimi qeyd olunmuş etiraz) məhkəmə iclasında tətqiq edilmiş, qərarın qəbulu zamanı həmin halın əsas götürülməsi barədə qərarın qəbuluna əsas olan digər hallar nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir. 30 Məhkəmə qeyd edir ki, milli təhlükəsizliyə ziyan vurma ehtimalının mövcudluğu özündə Azərbaycan Respublikasında yaşayan şəxslərin, o cümlədən ailələrin təhlükəsizliyini ehtiva edir. Hazırkı qərarın ləğv edilməməsinin zəruriliyi isə ictimai marağın fərdi maraqdan üstünlüyü baxımından da əhəmiyyətlidir.
31. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, iddiaçının birinci dəfə xətanı törətməyini və yüngülləşirici halları nəzərə alaraq onu cərimə də edə bilərdilər.Həmçinin keçmiş arvadının şikayəti əsasında hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.
32. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bir daha vurğulayır ki, şikayətin göstərilən dəlili, yəni cavabdeh orqanın mübahisələndirilən qərarının qanunsuz, qərəzli qəbul edilməsi işin faktiki halları və təkzib edilməz mötəbər sübutlarla təsdiqini tapmır.
33. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalıdır.
34. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.
36. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10061/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.