Məhkəmə qərarları › İş №2-1(103)-3844/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3844/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3844/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi barədə qərarın ləğv edilməsi və pensiyanın dayandırılması haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi barədə qərarın ləğv edilməsi və pensiyanın dayandırılması haqqında qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11765/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə pensiyanın dayandırılmasına dair cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 № li “əmək pensiyasının dayandırılması barədə” qərarının, xx.xx.2022-ci il tarixli, **********6 № li “DSMF-nin Suraxanı rayon Şöbəsinin pensiya təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması” barədə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, mülki aviasiya sahəsində, o cümlədən xx.xx.1994-cü ildən etibarən “X9” şirkətində bort operatoru vəzifəsində işləyir. Ona cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin ona təyin edilmiş əmək pensiyası 2022-ci ilin dekabr ayında dayandırılmışdır. Qeyd olunmalıdır ki, şəxsin pensiyası dayandırılarkən «İnzibati icraat haqqında» Qanunun normalarına riayət olunmuşdur. Belə ki, ilk öncə iddiaçıya pensiya ödənişi dayandırılmazdan əvvəl onun mülahizəsinin dinlənilməsi üçün cavabdeh inzibati orqanın qəbul mərkəzinə dəvət olunması ilə əlaqədar məktub ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçının inzibati icraatda mövqeyi dinlənilmiş, lakin irəli sürdüyü əsaslar nəzərə alınmadan pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyi onunla əsaslandırılmışdır ki, bort operatorları və böyük bort operatorları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli qərarında qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006- cı il tarixli qərarında həmin vəzifələr uçuş və uçuş sınaq heyəti üzvlərinin sırasında mövcud olmamışdır. Hesab edirlər ki, cavabdeh inzibati orqanın müövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətində işləyənlərin sığorta satjlarının hesablanması qaydalarının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafiq olaraq Mülki Aviasiyanın uçuş və uçuş sınaq heyyətində işləyən hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinin (kapitan, ikinci plot, naviqator, şturman, bort mühəndisi, bort mexanik, bortradis, və digər uçuş mütəxəssisləri) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Göründüyü kimi, qanunvercilik uçuş heyətinin əhatə dairəsini tam şəkildə konkretləşdirməmiş və uçuş heyətinin üzvlərinin müəyyən olunmasını açıq saxlamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11765/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11765/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın qeyri-mümkün sayarkən hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia növü üzrə tələb irəli sürüldüyündən həmin tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə hesab etmişdir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən inzibati aktın təqdim edilməsi ilə yanaşı elan olunduğu vaxtdan da iddia müddətinin axımı başlamışdır. İddiaçı da öz növbəsində təyin olunmuş əmək pensiyasının dayandırıldığından məlumatlı olduğu üçün hazırkı iş üzrə iddia müddətini ötürmüşdür. Hesab edirik ki, məhkəmənin gəldiyi bu nəticə ədalətli olmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh orqan tərəfındən iddiaçıya münasibətdə inzibati icraat başlanılmış, inzibati icraatda iştirak üçün vətəndaşa dəvət göndərilmiş, iddiaçı həmin dəvətə gəlməmiş və yekunda onun pensiyasının dayandırılması ilə bağlı məlumat xarakterli məktub ünvanlamışdır. İstər cavabdeh orqan tərəfindən təqdim olunan sənədlərdən, istərsə də iş materiallarından görünür ki, hazırda mübahisə predmeti olan qərarlar iddiaçıya rəsmi şəkildə təqdim olunmamışdır. İddiaçının əmək pensiyasının dayandırılmasına yönəlmiş hərəkətlər İPM-dəki iddia növləri üzrə iki növə aid edilə bilər. 1.Öhdəliyin icrası haqqında iddia növü; 2.Mübahisələndirmə haqqında iddia növü; İddiaçının pensiyasının dayandırılması ilə nəticələnən məlumatda qəbul edilmiş inzibati akt (qərarlar) qoşma olaraq əlavə edilmədiyindən iddiaçı hazırkı iddia növünün öhdəliyin icrası haqqında iddia növü kimi qəbul etməklə məhkəməyə müraciət etmişdir. Əgər məlumat xarakterli məktuba qəbul edilmiş qərarlar qoşma şəklində əlavə edilsə idi, o zaman iddiaçı iddia müddətini ötürmüş olardı. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubunda yalnız aparılmış araşdırmalar barədə məlumat öz əksini tapmış, yekun olaraq qəbul edilmiş inzibati aktın özü, həmin inzibati aktın məzmunu və ondan şikayət verilməsi üsulu və qaydası əks edilməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 № li “əmək pensiyasının dayandırılması barədə” qərarının və xx.xx.2022-ci il tarixli, **********6 № li “DSMF-nin Suraxanı rayon Şöbəsinin pensiya təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında qərarının ləğv olunması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın növü “mübahisələndirmə haqqında” iddia olduğundan və iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müracit etdiyindən onun tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə qeyd etmişdir ki, iddiaçının pensiyası 2022-ci il tarixdə dayandırılmış və bu hal ona həmin andan məlum olmuşdur. Lakin iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Bununla bağlı iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı qərardadında qeyd olunanlarla bağlı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. İşin faktiki hallarına görə, iddiaçıya əvvəllər müvafiq növdə pensiya təyin olunsa da, sonradan həmin pensiya əvvəlcə ayrıca inzibati aktla dayandırılmış, daha sonra isə təyin olunan pensiyanın ləğv edilməsi ilə bağlı ikinci ayrıca inzibati akt qəbul olunmuşdur. Hazırda iddiaçı onun xeyrinə olan əlverişli inzibati aktın ləğvi və onun pensiyasının dayandırılması ilə bağlı qəbul edilmiş hər iki inzibati aktı mübahisələndirir. İddiaçının iddiası “inzibati aktların ləğvi”, yəni “mübahisələndirilməsi” ilə bağlı olsa da, məhkəmə kollegiyası hesab edir ki, əslində həmin iddiaya “öhdəliyin icrası haqqında” iddia kimi yanaşılmalıdır. Belə ki, təcrübədə pensiya təyinatını aparan orqana qarşı müvafiq növdə pensiyaların təyin edilməsi ilə bağlı iddialara məhz “öhdəliyin icrası” haqqında iddia növləri kimi baxıldığı üçün və həmin öhdəliyin icrası olaraq qəbul edilən qərarların mübahisələndirilməsi ilə bağlı iddialara da həmin icraat çərçivəsində qiymət verildiyi üçün öhdəliyin icrası prizmasından yanaşılmalıdır. Baxmayaraq ki, iddia tələbi məhz “inzibati aktın ləğvi”nə yönəlmişdir ki, nəzərə almaq almaq lazımdır ki, həmin inzibati akt “öhdəliyin icrası” barədə aparılan inzibati icraatda qəbul edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş pensiyanın istər dayandırılması, istərsə də ləğv edilməsi ilə bağlı qəbul edilmiş hər iki inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktların mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil oluna bilməz. Odur ki, iddiaçının sosial təminat hüququna müdaxilə zəminində qəbul edilmiş inzibati aktların ləğvi ilə bağlı qaldırılan iddialara “öhdəliyin icrası” haqqında iddia növü kimi baxılmalı və bu zaman nəzərə alınmalıdır ki, “öhdəliyin icrası” haqqında iddialar üzrə qanunla iddia müddəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının qaldırdığı iddianın növünü düzgün müəyyən etmədiyi üçün onun ümumi və xüsusi mümkünlük şərtlərinə də cavab verib-vermədiyini düzgün yoxlamamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi e-2-1(112)-11765/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: ......inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11765/2024 saylı 04 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar