Məhkəmə qərarları › İş №2-1(103)-4031/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4031/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4031/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X1rşı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 10582/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X1rşı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-2006-cı illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almış və 2006-cı il tarixdə həmin müəssisəni müvəffəqiyyətlə bitirdikdən sonra sözügedən təhsil müəssisəsi tərəfindən ona xx.xx.2006cı il tarixli, ДИС ******* nömrəli ali təhsil haqqında diplom verilmişdir. Sonradan həmin diplomun tanınmasına dair şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilmiş, nəticə etibarı ilə NA00029415 nömrəli, xx.xx.2024-cü il tarixli qərarla Agentlik tərəfindən əsassız olaraq imtina edilmiş və imtinanın əsası kimi formal olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3, 10, 1-ci və 4,1.1-ci bəndləri göstərilir. Başqa sözlə Dağıstan Dövlət Universitetinin fəaliyyət göstərdiyi bəzi dövrlərində Azərbaycan Respublikasında təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi əsas gətirilmişdir. Qeyd edilən məsələ ilə əlaqədar olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş imtina qərarı əsassız va qanunsuz olduğu üçün iddiaçının konstitusiyon və əlaqəli hüquqlarının pozulmasına səbəb olmaqdadır. Həmçinin, iddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində təhsilini bitirib diplom almış, daha sonra həmin diplom əsasında 2-ci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olmuş, həmin universiteti BB-İ 015963 nömrəli fərqlənmə diplomu ilə bitirmiş və Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ila ona Beynəlxalq hüquq ixtisası verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı müəssisənin Bakı filialının akkreditasiyası olmamışdır. Həmçinin iddiaçı diplomunu təhsil müəssisəsi fəaliyyətini dayandırdığı dövrə qədər aldığını bildirsə də, Dağıstan Dövlət Universiteti Azərbaycan Respublikasında təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən lisenziya əldə etməmiş və akkreditasiyadan keçməmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydaların 1.3-cü bəndinə əsasən, tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 4.1.1-ci bəndinə görə, tanınma üçün müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsi fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməlidir. Həmin Qaydaların 3.10-cu bəndinə müvafiq olaraq, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın 4-cü fəslin 1-ci bəndinə əsasən, hər bir iştirakçı dövlət digər iştirakçı dövlətin ali təhsil sisteminə aid olan proqramlarının əldə edilməsinə imkan vermək məqsədilə bu ölkələrdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi tələblərə cavab verən ixtisasları, həmin dövlətdə ali təhsilin əldə edilməsinə imkan verən ümumi lələblər arasında əsaslı fərqlər olmadığı halda tanıyacaqdır. Azərbaycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatf’nın 3-cü hissəsində qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olubolmaması nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 2 nömrəli əlavəsinə ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır.Yuxarıda göstərilənlərdən aydın olur ki, iddiaçının ali təhsilə aid kvalifikasiyasının tanınmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddiа tələbi təmin еdilmiş, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2006-cı il tarixli ali təhsil haqqında diplomunun akademik və peşə tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X4n üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin qərarı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7 və 73.3-cü maddəsinin tələblərinin, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın pozulması ilə qəbul edilmişdir. Həmçinin, iddiaçının təhsil aldığı müddətdə qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 04 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən, ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin iddiaçının təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən, müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aid olması bir daha vurğulanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 03 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci yarımbəndinə əsasən, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması kvalifikasiyanın tanınmasından imtina etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozaraq, cavabdeh orqanın iddiaçının təhsil aldığı illərdə bu kimi qanuni əsas olmadan fəaliyyət göstərən ali təhsil müəssisələrinin filiallarının fəaliyyətinin qarşısının alınması üçün hansı işləri gördüyünü araşdırmamışdır. Belə ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəb rektorlarına və təhsil müəssisələrinin rəhbərlərinə göndərilən məktublarla səlahiyyətli qurumun sözügedən istiqamətdə bir sıra işlər aparması müəyyən olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2-ci maddələrinə əsasən, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Lakin məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulamışdır. Qeyd olunanlara əsasən cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarının ləğv edilməsi, iddia ərizəsinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Rusiya Federasiyası Maxaçkala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli ali təhsil haqqında diplomun surətindən görünür ki, Dövlət attestasiya komissiyasının xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı Hüquqşünaslıq ixtisası üzrə Hüquqşünas kvalifikasiyası verilmiş, diplom xx.xx.2006-cı il tarixdə 3825 nömrə ilə qeydiyyata alınmış və xx.xx.2006-cı il tarixdə diploma apostil verilmişdir. Apostil sənədin verilmə faktını, təhsil sənədini imzalamış şəxsin imzasının həqiqiliyini və hansı qisimdə çıxış etdiyini və müvafiq halda rəsmi sənədə vurulmuş möhürün həqiqiliyini təsdiq edir. İş materiallarında olan BB-İ 015963 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 2007-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin universitetin Beynəlxalq hüquq ixtisası üzrə tam kursu bitirmiş və Dövlət attestasiya komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə ona Beynəlxal hüquq ixtisası verilmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00029415 nömrəli Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarında aşağıdakılar göstərilmişdir: “ ... Ərizəçinin müraciətinə baxılaraq onun əldə etdiyi kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə təhsil fəaliyyəti göstərmək üçün səlahiyyətli qurum tərəfindən dövlət lisenziyası əldə etmədiyi və səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçmədiyi müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.1-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair ümumi tələblərə aiddir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə əsasən təhsil müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir”. Həmin qərarla İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş, apellyasiya şikayətinin əsas məhzi də qərarda istinad olunan dəlillərdən ibarətdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təhsil aldığı Dağıstan Dövlət Universitetinin Bakı Filialı lisenziyası olmadan fəaliyyət göstərmişdir. Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanuna uyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırılmalıdır. Lakin həmin qətnamədən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağıstan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir. Qətnaməyə əsasən, Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar. Qeyd edilməlidir ki, Nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia verilən vaxta qədər verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir. İddiaçı da məhkəmə tərəfindən 20 iyun 2007-ci il tarixli qətnamə qəbul edildikdən əvvəl - 2006-cı ildə Filialı bitirmişdir. Odur ki, iddiaçı 26 iyun 2006-cı ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə görə, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. 08 sentyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının 1992-ci il 07 oktyabr tarixli 324 nömrəli Təhsil Qanununun 13-cü maddəsinə əsasən, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarında aşağıdakılar göstərilmişdir: “ ... Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. ... Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. ... Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). ... Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. ... Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə”. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətləri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 10582/2024 saylı qərarından cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh «Təhsildə Keyfiyyət Təminatı Agentliyi» X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10582/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar