Məhkəmə qərarları › İş №2-1(103)-4098/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4098/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4098/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sosial sığorta haqlarının hissəvi qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi müddət ərzində ödədiyi məcburi dövlət sosial sığorta haqlarının - fərdi şəxsi hesabında toplanmış pensiya kapitalının sığorta hissəsi saxlanılmaqla qalan məbləğin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı işləyərək məcburi sosial sığorta haqqı ödəmişdir, hazırda 62 yaşı hələ tamam olmamışdır, pensiya hüququ 14 noyabr 2027-ci il tarixdə yaranacaqdır. Pensiya kalkulyatoru ilə öyrəndiyinə görə hazırda 83806,79 (səksən üç min səkkiz yüz altı manat, yetmiş doqquz qəpik) manat pensiya kapitalı toplanmışdır. 04 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin 5 saylı Bakı Dost Mərkəzinə müraciət edərək indiyə qədər ödədiyi məcburi dövlət sosial sığorta haqlarının sığorta hissəsini saxlamaq şərtilə qalan məbləğin ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı 06 aprel 2024-cü il tarixli 3-17-1/2-A-79580/2024 nömrəli məktubla müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin müraciətinin təmin edilməsindən imtinası əsassızdır. Belə ki, hazırda pensiya yaşına çatmasa da, bir sıra xəstəliklərdən əziyyət çəkir, mütəmadi olaraq müalicə və müayinə olunur, buna isə xeyli məbləğdə pul vəsaiti lazımdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərar çıxarmışdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, iddiaçı fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının sığorta hissəsi saxlanılmaqla qalan məbləğin ona qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Sığortaolunanın hesabından çıxarışdan görünür ki, iddiaçının 83806,79 manat pensiya kapitalı toplanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (1.1.1.). Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar (2.). Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti) sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. (4.0). Həmin Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq; əlilliyin müəyyən edilməsi; ailə başçısını itirmək; əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləlik və doğum; uşağın anadan olması; uşağa qulluq; ölüm; sanatoriya-kurort müalicəsi zərurəti. Məcburi dövlət sosial sığortası bu maddədə göstərilən bütün hadisələr üzrə, könüllü (əlavə) sosial sığorta isə tərəflərin seçdiyi sığorta hadisələri üzrə tətbiq edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələri almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisələrinə pensiya yaşına çatmaq, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun olması, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti daxildir. Sığortaolunanlar sosial sığorta hadisələri baş verdikdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərlə təmin olunurlar. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət, sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi, dəfn üçün müavinət daxildir. Məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin hesablanması və ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin tələblərinə uyğun həyata keçirilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sığorta hadisələrindən biri və ya bir neçəsi baş verməmişdirsə, sığortaçıya ödənilən məcburi dövlət sosial sığorta haqlarının sığortaolunana (ailə üzvlərinə və digər şəxslərə) münasibətdə digər məqsədlər üçün istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının “məcburi dövlət sosial sığorta haqlarının hissəvi qaytarılması” tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9159/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9159/2024 saylı, 28 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar