Məhkəmə qərarları › İş №2-1(103)-4143/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4143/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4143/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8976/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə, pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarinda pensiyaya əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1995-ci ilədək müxtəlif vəzifələrdə çalışmışdır. 1995-ci ildə Naxçıvan MR Arbitraj Məhkəməsinə hakim təyin edilmişdir. 1998-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasının Ədliyyə Naziri vəzifəsinə təyin edilmişdir. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisad Məhkəməsinin sədri, 2007-2017-ci illərdə Nizami rayon məhkəməsinin sədri, 2017-ci ildən 2023-cü ilin sentyabr ayınadək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsində işləmişdir. Təqaüd yaşına çatmağı ilə əlaqədar həmin tarixdən hakimlik fəaliyyətimə xitam verilmişdir. Ümumilikdə 28 ildən artıq hakimlik stajı vardır. Lakin iddiaçıya yaşa görə təqaüd hesablanarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən yanlışlığa yol verilmişdir. Belə ki, ilkin olaraq iddiaçıya hakim kimi yaşa görə 4929,05 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Təkrar müraciətlərdən sonra iddiaçıya 5853,77 manat məbləğində pensiya müəyyən edilmişdir. Bu barədə elektron poçta məlumat daxil olmuş, lakin iddiaçının dəfələrlə müraciət etməyinə baxmayaraq, yazılı cavab verilməmişdir. İddiaçı bildirir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən pensiyanın təkrar olaraq fərqli məbləğdə müəyyən edilməsi qanunvericiliyə uyğun olaraq düzgün təyin edilməmişdir. ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, hakimlərin müstəqilliyinin təminatlarından biri kimi onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına hakim kimi yaşa görə əmək pensiyasının hesablanma qaydası ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq, Ədliyyə Nazirliyi tərəfindən Mərkəzi Filialın sorğusuna cavab olaraq göndərilmiş yeni əməkhaqqı arayışına əsasən əmək pensiyası cari ilin aprel ayında yenidən hesablanaraq 5481,10 manatdan 5853,77 manata artırılmış, həmçinin xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan ümumilikdə 3004,16 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 3004,16 manat fərq məbləği cari ilin may ayından etibarən hissə-hissə (hər ay 375,52 manat) iddiaçının müvafiq kart hesabına köçürülür. İddiaçı iddia ərizəsinin əsasları kimi 1995-ci ildən 1998-ci ilədək Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsinə hakim təyin edildiyini, 2000-2007ci illərdə Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin sədri vəzifəsində çalışdığını, 2017-ci ildən 2023-cü ilin sentyabr ayınadək Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edildiyini, hakim kimi 28 ildən artıq stajı olduğunu, cavabdeh tərəfindən təyin edilmiş pensiyanın düzgün hesablanmadığını bildirərək Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarına əsasən hesablanmalı olduğunu qeyd etmişdir. Məhkəmədən ona hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi (cəmi 45 faiz) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əməkhaqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin hesablanması, eləcə də qeyd olunan əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əməkhaqqının 80 faizi miqdarında əlavənin hesablanması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yasa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. - 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. - 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 96-cı maddəsinə əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2014-cü il tarixli 168- İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasına əsasən 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin (əmək pensiyası yaşına çatmış sabiq hakimlər) əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materiallarında olan İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2023-cü il tarixdə çatmışdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki,

1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109- cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: - 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; - 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. İddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qüvvədə olan qanunun redaksiyasını tətbiq etsək belə, hakim kimi yasa görə pensiya təyin edilməsi üçün “Məhkəmələr və hakimlər haqqında» Qanunun 2019-cu ilədək qüvvədə olan redaksiyasının 109-cu maddəsinin 5-ci bəndində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” ifadəsi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsə hakim kimi pensiya təyin edilməsi üçün hər iki şərt eyni anda mövcud olmalıdır. Yəni Qanunun əvvəlki redaksiyasında da, iddiaçıya hakim kimi pensiya təyin edilməsi üçün 5 il hakim işləməsi ilə yanaşı, pensiya yaşına çatması da tələb olunurdu. Lakin iddiaçı həmin dövrdə hakim kimi pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya yaşına çatmamışdır. Yuxarıda istinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və işin faktiki hallarından məlum olur ki, İddiaçı hakim kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan staja daha əvvəl malik olsa da, qanunla müəyyən olunan yaş həddinə çatmadığına görə ona hakim kimi işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən pensiyanın yenidən hesablanması mümkün olmamaqla yanaşı qanunsuz hesab edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8976/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək, İddiaçı sabiq hakim kimi hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla məhkəmə sədri vəzifəsində fəaliyyətinin son 24 ayı, yəni xx.xx.2021-xx.xx.2023-cü illlər ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80 faizi miqdarında hesablanması və yenidən hesablanmış (artırılmış) əmək pensiyası ilə hazırki pensiyası arasında olan fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2- 1(112)-8976/2024 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Əsaslandırıcı hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; -Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.1995-xx.xx.1998-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimi vəzifəsində, xx.xx.2000-xx.xx.2007-ci illər ərzində Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin sədri vəzifəsində, xx.xx.2007-xx.xx.2017-ci illər ərzində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri vəzifəsində, xx.xx.2017-xx.xx.2023-cü illər ərzində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində işləmişdir (ümumi: 25 il 10 ay 17 gün). - Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2-59/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı Naxçıvan MR İqtisad Məhkəməsinin sədri vəzifəsində işlədiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək əmək haqqı 31859,33 (otuz bir min səkkiz yüz əlli doqquz manat, 33 qəpik) məbləğində olmuşdur. Hal-hazırda məhkəmə sədrinin vəzifə maaşı 2840 manat, vəzifə maaşının 1 misli həcmində əlavə 2840 manat, stajına görə əlavə 45%-i 1278 və hakimlik səlahiyyətlərinə görə əlavə 25%-i 710 manatdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 16-8/2-929/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhər Nizami rayon məhkəməsinin sədri vəzifəsində işlədiyi xx.xx.2012-ci il tarixdən –xx.xx.2017-ci il tarixədək əmək haqqı 157846,53 (yüz əlli yeddi min səkkiz yüz qırx altı manat, 53 qəpik) məbləğində olmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 16-8/2-1108/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi İddiaçı xx.xx.2018-ci il tarixdən – xx.xx.2023-cü il tarixədək əmək haqqı 178306,84 (yüz yetmiş səkkiz min üç yüz altı manat, 84 qəpik) məbləğində olmuşdur. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 16-8/2-928/2023 nömrəli Arayışda qeyd edilmişdir ki, rayon (şəhər) məhkəməsi sədrinin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 2485,00 manat təşkil edir. Eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%- i, 10 ilinə görə 30%-i, 15 ilinə görə 45%-i həcmində əlavə haqq ödənilir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşına 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin, xx.xx.2019cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. İddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. -Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən 10 aprel 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2272,00 manat, hakimlik stajına görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 568,60 manat, xüsusi rütbəyə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1022,40 manat, mükafatı 927,73 manat, mükafatı 549,07 manat və digər növ əlavəsi 1798,67 manat olmaqla orta aylıq əmək haqqısı 7137,87 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən əsasən 22 il 11 ay 12 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7137,87 manat) 73,75 faizi-5264,18 manat məbləğində hesablanıb. Əlavə olaraq bildirilir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixindən 5853,77 manat təşkil edir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-7-4692/2024 nömrəli xx.xx.2024-cü il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən 5841,10 manat hazırkı pensiya məbləği yenidən hesablanaraq 5853,77 manat olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan redaksiyasına görə, həmin qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1-ci maddəsinə görə, 15 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-ci maddəsinin xx.xx.2017-ci il tarixədək güvvədə olmuş redaksiyasına görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə, 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla, 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla əlavə hesablanır. Hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati - İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, “hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya-hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur. Belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir”. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Qanunun Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Rüspublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pesiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl) əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının xx.xx.1995-xx.xx.1998-ci illərdə Naxçıvan Muxtar Respublikası Arbitraj Məhkəməsinin hakimi vəzifəsində işlədiyi dövr hakim stajı kimi nəzərə alınmır. Halbuki, Konstitusiyanın 125-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİ hissəsinə əsasən, Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. V hissəsinə əsasən, Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Qüvvədən düşmüş 25 fevral 1992-ci il tarixli “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 2. Arbitraj məhkəməsinin təşkili, fəaliyyət qaydası və səlahiyyəti haqqında qanunvericilik aktları Azərbaycan Respublikasının arbitraj məhkəməsinin təşkili, fəaliyyət qaydası və səlahiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas kollegiyaları, ixtisas attestasiyası, intizam məsuliyyəti haqqında qanunvericilik arbitraj məhkəmələri hakimlərinə də aiddir. Maddə 3. Arbitraj məhkəməsinin vəzifələri Arbitraj məhkəməsinin vəzifələri aşağıdakılardır: 1) ədalət mühakiməsini həyata keçirmək yolu ilə hüquqi şəxs olan hüquq münasibətləri subyektlərinin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini təmin etmək;... Maddə 6. Arbitraj məhkəməsinin sistemi Azərbaycan Respublikasında aşağıdakı arbitraj məhkəmələri fəaliyyət göstərir: Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi; Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi. “Məhkəmələr və hakimlər haqqında” Qanunun keçid müddəalarından:

4. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr bu Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni prosessual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vaxtilə Naxçıvan Muxtar Respublikasının Arbitraj Məhkəməsi məhkəmə sisteminin tərkib hissəsi olduğundan həmin məhkəmənin hakiminə hakim kimi qanunvericliklə müəyyən edilmiş təminatlar şamil edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanundan: Maddə 106. Hakimlərin maddi təminatı Hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir... ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. Maddə 107. Hakimlərin məzuniyyət müddəti və haqqı ...Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. 8 iyul 2022-ci il tarixli 582- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılmışdır. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almış, həmçinin məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət almışdır. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılmışdır. Həmin cümləyə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Odur ki, iddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır. İddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçasının surətindən aydın olur ki, iddiaçı xx.xx.1995-xx.xx.1998-ci illər, xx.xx.2000-xx.xx.2007-ci illər, xx.xx.2007-xx.xx.2017ci illər xx.xx.2017-xx.xx.2023-cü illər ərzində hakim vəzifəsində işləmişdir. (25 il 10 ay 17 gün) Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına uyğun olaraq iddiaçının 19 il 09 ay 02 gün stajı mövcud olduğundan ona münasibətdə həmin Qanunun 20.7.3-cü maddəsinin tətbiqinə əsas verir. İddiaçı (19 il 09 ay 02 gün) 10 ildən yuxarı hakim işlədiyi üçün hakim vəzifəsində aldığı 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla (55+9x5=95%), lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə (odur ki, iddiaçıya münasibətdə 80% tətbiq olunmalıdır) müəyyən olunan məbləğlə təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixdə iddiaçının hakim kimi (19 il 09 ay 02 gün) stajı (sonradan) ona pensiya təyini üçün imkan verirdi. Qanunun hazırda qüvvədə olan 20.7.2-ci maddəsinin redaksiyasına əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Odur ki, hətta qeyd edilən redaksiya belə ona şamil olunduğu halda İddiaçı 25 il 10 ay 17 gün hakim stajına malik olmaqla 15 ildən yuxarı hakim işləmiş sabiq hakim olduğundan (50%+10ilx3%+10aya görə 2,5% olmaqla orta aylıq əmək haqqının ən azı 82%) orta aylıq əməkhaqqının 80 miqdarında əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə almaq hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir (12 iyul 2019-cu il tarixə olan redaksiyada). Həmin Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Həmin Qanunun 109-cu maddəsinə görə hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 08 iyul 2022-ci il tarixədək olan redaksiyasında). Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2021-xx.xx.2023-cü illərdə (məhkəmə sədri vəzifəsindəki fəaliyyətin son 24 ayı) aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının hesablanmasını, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. İddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normalarının tətbiq edilməli olduğu və iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının onun işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yenidən hesablanmalı olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti iddiaçıya verilən imtina ilə eyni məzmunda əsaslandırılmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8976/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar