Məhkəmə qərarları › İş №2-1(103)-425/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-425/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-425/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X9 Xüsusi şərtlərlə təyinat idarəsinin vəkili X2 iştirakı ilə pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsivəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4298/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında işləyə-işləyə 25 illik qulluq keçmiş şəxs kimi ona təyin edilmiş pensiyasını “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulmuş prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişləri də nəzərə almaqla, yenidən hesablayıb təyinat aparılan ilk gündən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya pensiyasının təyin edilməsi zamanı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətini və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımı nəzərə almaqla pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunnmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, AR Baş prokurorunun ümumi əmrinə əsasən mart, oktyabr, dekabr aylarında ümumilikdə 3 qat əmək haqqı həcmində əlavələr AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda nəzərə alınmayan ödənclərin siyahısına əsasən orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənişlərdən biri də birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla), həmçinin maddi yardım şəklində verilən müxtəlif növ ödənişlərdir. İddiaçının təqdim etdiyi AR Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli 11/532 nömrəli arayışıdan göründüyü kimi, 2001-2016-cı illərdə AR Baş Prokurorunun əmrləri ilə Prokurorluq işçilərinə maddi yardım və mükafatlar ancaq bayram günləri ilə əlaqədar verilmişdir. Həmçinin, qeyd edilən arayışda iddiaçıya hər hansı bir mükafat və ya maddi yardımın verilməsi qeyd edilməmişdir. Beləliklə, AR Baş Prokurorluğu tərəfindən təqdim edilmiş 11/532 nömrəli arayışda göstərilən mükafatlar bilavasitə iddiaçıya verilmədiyindən və həmin mükafatlar digər Prokurorluq orqanları əməkdaşlarına ancaq bayramlarla əlaqədar verildiyindən AR Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınmayan vəsaitə daxildir və qeyd edilən vəsait iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdır. AR Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan Siyahıda nəzərə alınmayan ödənclərin siyahısına maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər də qeyd edilmişdir. AR Baş Prokurorluğu tərəfindən verilmiş arayışdan göründüyü kimi, prokurorluq orqanlarının digər əməkdaşlarına verilən maddi yardımlar da məhz dövlət səviyyəsində keçirilən bayrmlarla əlaqədar prokurorluq əməkdaşlarına verilmiş və qeyd edilən maddi yardımlar iddiaçıya verilməmişdir. Bu səbəbdən həmin dövrlərdə verilmiş maddi yardımların AR Nazirlər Kabinetinin qərarına əsasən onun əmək haqqına əlavə edilməyən ödənişlərə aid olduğundan qeyd edilən vəsait də iddiaçının pensiyası hesablanarkən nəzərə alınmamalıdır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 20.9-cu maddəsinə münasibətdə isə bir məqam diqqətə alınmalıdır. Maddənin dispozisiyasından görünür ki, birinci və ikinci cümlələrdə istifadə edilmiş “prokurorluq işçiləri” ifadələrinin əhatə dairəsi fərqlidir. Belə ki, qanunverici birinci cümlədə “prokurorluq işçiləri” deyərkən həm işləyən, həm də pensiyaya çıxmış işçiləri diqqətə almış, ikinci cümlədə isə yalnız işləyən prokurorluq işçilərini nəzərdə tutumuşdur. Yəni, müalicə üçün müavinət işləyən işçilərə verilməlidir, pensiyada olan işçilər isə pulsuz tibbi xidmətlə təchiz edilirlər. Sözügedən əlavələrin əmək haqqının sonrakı artımı kimi qiymətləndirilməsi əsassızdır. Əlavələri almamış iddiaçının yenidən hesablama tələbinin əsasında dayanan yeganə dəlil onların əmək haqqının sonrakı artımı kimi nəzərə alınmalı olmasıdır. Cavabdehə görə həmin əlavələr sonrakı artım deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.8-ci maddəsinə (hazırda qüvvədə olan mətninə) görə, bu Qanunun 20.1.5ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, ... müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.8-ci maddəsi pensiyanın “əmək haqqının orta aylıq məbləğindən” hesablanmalı olmasını, bu zaman əmək haqqındakı sonrakı artımların da diqqətə alınacağını nəzərdə tutur. Demək ki, “Əmək pensiyaları haqqında” AR Qanunu “orta aylıq məbləğ” və “sonrakı artım” anlayışlarını fərqləndirir. Əsas fərq ondan ibarətdir ki, “orta aylıq məbləğ” şəxsin pensiyaya çıxan andaki aylıq gəlirinin orta aylıq miqdarını, “sonrakı artım” isə orta aylıq məbləğin deyil, əmək haqqındakı artımı ifadə edir. Başqa sözlə, “orta aylıq əmək haqqı” anlayışı “əmək haqqının sonrakı artımı” anlayışından daha genişdir, çünki “orta aylıq əmək haqqı”na sonradan artması mümkün olmayan gəlirlər də daxildir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş ödənişlərin əmək haqqı ilə heç bir bağlılığı yoxdur. Belə ki, 20.8-ci maddəyə görə, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Qanunun 21.4-cü maddəsinə görə, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Göründüyü kimi, hər üç məbləğ əmək haqqı əsasında hesablanır. Aydındır ki, bu ödənişlərin əmək haqqı kimi qəbul edilməsi məntiqsizlik olardı. Çünki əmək haqqından əmək haqqı hesablana bilməz. Beləliklə, bu məbləğlər əmək haqqının sonrakı artımı deyil. Əgər prokurorluq işçisi bu məbləği alıbsa, onda pensiyaya çıxarkən əsas götürülən “əmək haqqının orta aylıq məbləği”nə daxil ola bilər, almayıbsa, həmin maddələrə istinad edilə bilməz. “Əmək pensiyaları haqqında” AR Qanununun 20.8-ci maddəsi onun digər müddəaları, xüsusilə də 1.0.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməlidir. Belə ki, “əmək haqqındakı sonrakı artım” ifadəsi mücərrəd artımı deyil, konkret pensiyaçının əmək haqqındakı artımı ifadə edir. Daha açıq ifadəylə, şəxs pensiyaya çıxarkən onun pensiyasının hesablanması zamanı əsas alınmış “əmək haqqının orta aylıq məbləği”nə şəxsin pensiyaya çıxdığı anda aldığı “əmək haqqı” və “digər ödənclər” daxildir. Dolayısı ilə, əgər şəxs pensiyaya çıxarkən almadığı, yəni “əmək haqqının orta aylıq məbləği”nə daxil olmayan məbləği “əmək haqqındakı sonrakı artım” kimi tələb edə bilməz. Bu nəticə, “Əmək pensiyaları haqqında” AR Qanununun 1.0.1-ci maddəsində əmək pensiyasına verilmiş anlayışla da uzlaşır. Çünki, həmin maddəyə görə, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.8.2-ci maddəsinin həm 2017-ci ilin iyul ayının 1-dək olan, həm də həmin tarixdən qüvvəyə minmiş və hazırda qüvvədə olan mətnindən aydın olur ki, prokurorluq orqanlarının əməkdaşlarının pensiyasına əlavələr onun əmək haqqının 80 faizi miqdarından çox olmamalıdır. İşdən göründüyü kimi, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3787 nömrəli Sərəncamından sonra iddiaçının orta aylıq əmək haqqının məbləği 3.722,68 manat təşkil etmiş, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.8.2-ci maddəsinə əsasən 28 il 10 ay 21 gün xidmət müddətinə görə iddiaçıya qeyd olunan vəzifələr üzrə orta aylıq əmək haqqının (3.722,68 manat) 80 faizi miqdarında - 2.978,14 manat məbləğdə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” Qanunda imperativ norma olan 20.8.2-ci maddəsində bir başa qeyd edilmişdir ki, “... lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir”. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun: 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir; 20.9-cu maddəsinə görə, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir; 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə görə, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir. Göründüyü kimi, tələbin hüquqi əsasını pensiyaya qulluq stajına görə hesablanan əlavəyə dair müddəalar təşkil edir. Yəni, əmək pensiyasına əlavələrin hesablanması əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 21.1-ci maddəsində verilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən İbarətdir. Bundan belə nəticə hasil olur ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavələr hesablanarkən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun qüvvəyə mindiyi xx.xx.2001-ci il tarixdən başlayaraq prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlər nəzərə alınmalıdır. Odur ki, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, sözügedən əlavələrin verilməsi yalnız 2001-ci ilin iyul ayından qanunla təsbit edildiyindən, iddiaçının seçiminə əsasən pensiyasının təyin edildiyi 1993-1998-ci illəri əhatə edən ardıcıl gələn 60 ay ərzində həmin əlavələr nəzərə alınaraq pensiyanın yenidən hesablanması tələbinə dair iddia təmin edilə bilməz. Bütün bunlar da birinci instansiya məhkəməsinin iddiaçının belə bir hüququ olmadığı halda maddi hüquq normalarını pozaraq iddianı qismən təmin etməkdə haqsız olduğunu göstərir və məhkəmə kollegiyası da məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2019-cu il tarixli ********** nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4298/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı prokurorluq orqanlarında işləyə-işləyə 25 illik qulluq keçmiş şəxs kimi ona təyin edilmiş pensiyasını “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” AR Qanununun 20.8, 20.9 və 21.4-cü maddələri ilə nəzərdə tutulmuş prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsinə dair ödənişləri də nəzərə almaqla, yenidən hesablayıb təyinat aparılan ilk gündən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar