Məhkəmə qərarları › İş №2-1(103)-4317/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4317/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4317/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X3 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7398/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində “B” (118.4 kv.m) tikilisi istisna olmaqla, digər tikililərin – “A” (111.5 kv.m), “V” – (132 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazılarının cavabdeh tərəfindən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7398/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7398/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7398/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, İPM-in 13-cü maddəsinə əsasən cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixli məktub yerləşdirilərək Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, apellyasiya şikayəti məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən ifadələr işlətməklə, şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə kobud, təhdidkar və.sair ifadələr istifadə etməsi ilə tərtib olunmuşdur. İddiaçıya yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətini düzgün tərtib edərək məhkəməyə təqdim etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında onun tərəfindən heç bir kobud və təhdidkar ifadələr işlədilmədiyini bildirərək apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 81, 85, 85, 86, 87-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiKollegiyasının 2-1(102)-1082/2024 saylı xx.xx.2024-cü il tarixli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərardadındakı, habelə “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləki, sözügedən qərardadlarda izah olunmuşdur ki, “...təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-istifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər (§60)” və “şikayət hüququndan sui-istifadə edildikdə, şikayət əsaslandırılmamış hesab edilə bilər (§61)”. Əsaslandırılmamış kassasiya şikayəti isə İPM-in 94.2-ci maddəsinə əsasən mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən qərardadlarındakı hüquqi mövqelərə əsasən hesab edir ki, iddiaçının şikayəti açıq-aşkar əsassız və məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən ifadələr işlətməklə, şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə kobud, təhdidkar və.sair ifadələr istifadə etməsi ilə tərtib olunmuşdur. Beləliklə, iddiaçı prosessual qanunla ona verilmiş şikayət hüququndan sui-istifadə etmişdir. Avropa İnsan hüquqları haqqında Konvesiyanın 35-ci Maddənin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) elan edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq bir çox hallarda tətbiq etmişdir. Belə ki, şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə, işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəmənin işin araşdırılması üçün əsaslı bir sübut barədə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etdiyi hallarda; eləcə də, şikayətçi təkrartəkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayətə bənzədiyi; və buna bənzərdigər hallarda tətbiq etmişdir (Miroļubovs və başqaları Latviyaya qarşı, №798/05, §§ 6265, 15 sentyabr 2009; və S.A.S. Fransaya qarşı [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014). Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıqaydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl törədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələr istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır. Avropa Məhkəməsinin presedent hüququna görə ərizəçi Məhkəmə ilə yazışmasında cavabdeh Hökumət, onun səlahiyyətli nümayəndəsi, cavabdeh hökumətin hakimiyyət orqanları, Avropa Məhkəməsi və ya onun hakimləri, Katibliyi və ya onların üzvlərinin ünvanına təhqiramiz, alçaldıcı, hədə-qorxu və ya təxribat xarakterli ifadələr işlətdikdə, şikayət hüququndan sui-istifadə halı meydana gəlir (Rehak Çex Respublikasına qarşı (qər.); Düranje və Qrünj Fransaya qarşı (qər.); X1rşı, Komissiya qərarı). Məhkəmə üçün onun Konvensiya çərçivəsində real funksiyaları ilə üstüstə düşməyən, gərəksiz iş yükü yaradan, açıq-aydın əsaslandırılmamış və bezdirici ərizələrə baxmaq və ya ərizəçinin və ya onun səlahiyyətli nümayəndələrinin başqa açıqaşkar təhqiramiz davranışı ilə məşğul olmaq Məhkəmənin vəzifəsi deyil (Bekauri Gürcüstana qarşı (ilkin etirazlar), § 21; həmçinin bax: Migliore və başqaları İtaliyaya qarşı (qər.); SimitziPapaxistu və başqaları Yunanıstana qarşı (qər.)) Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkəmənin iddiaçının şikayət hüququndan sui-istifadə etməsini təsbit etməsi iddiaçının şikayət hüququndan məhrum edilməsi kimi başa düşülməməlidir, belə ki, onun hər hansı əsaslandırılmış və mümkün sayılan şikayəti olarsa apelyasiya icraatı qaydasında mahiyyəti üzrə baxılacaqdır. Amma iddiaçı şikayət hüququndan sui-istifadə etməyə davam edərsə, məhkəmə iddiaçıya qarşı adekvat tədbirlər görə bilər. Məhkəməyə qarşı hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7398/2024 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar