Məhkəmə qərarları › İş №2-1(103)-440/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-440/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-440/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Piriyev Vəkil Bağman oğlunun və iddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı “məlumat vərəqində dəyişiklik edilərək yenidən göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-527/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulan zərərin, xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xüsusi rütbəli vəzifə maaşı ilə faktiki ödənilən aylıq əmək haqqı arasındakı fərqin ekspert rəyinə əsasən hesablanıb ödənilməsi və xidmətdə olmağının son yaş həddinə çatması ilə əlaqədar olaraq xidmətkeçməyə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 0776/Ş saylı əmrin tam icra edilməsi və xidməti pensiyasının qanuni əsaslarla təyin edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin xx.xx.2006-cı il tarixli, 010/ş nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə uyğun olaraq 3 ay sınaq müddətinə Nazirliyin Mərkəzi Aparatı üzrə Təsərrüfat və xidmət sahələri ilə Baş İdarəsinin Təsərrüfat idarəsinin baş məsləhətçi vəzifəsinə təyin edilib. xx.xx.2006-cı il tarixli, 533/ş nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinə uyğun olaraq Nazirliyin Təsərrüfat və xidmət sahələri ilə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. xx.xx.2007-ci il tarixli, 1208/ş nömrəli əmri ilə dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. xx.xx.2008-ci il tarixli, 889/Ş saylı əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilərək Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə (xüsusi rütbəli vəzifə hesabına) təyin edilib. Həmin tarixdən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 0032/ş nömrəli əmri ilə daxili xidmət mayoru xüsusi rütbəsi verilmişdir. xx.xx.2021-ci il tarixli, 0776/ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqində iddiaçının cəmi iş stajı – 44 il, 4 ay, 28 gün (təqvimi xidmət illəri - 8 il, 1 ay, 23 gün, ali təhsil ili - 2 il 5 ay, iş stajı - 33 il, 10 ay, 5 gün) kimi qeyd edilmişdir. Xüsusi rütbəli vəzifə hesabına vəzifəyə keçirilməyi əmrdə öz əksini tapsa da, cavabdeh tərəfindən ona xüsusi rütbənin verilməsi xx.xx.2019-cu ilədək gecikdirilib və nəticədə hüquqlarının və qanuni mənafelərinin əsaslı surətdə pozulmasına gətirib çıxarıb. xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək faktiki işlədiyi vaxtlarda xüsusi rütbəli vəzifə maaşını almadığından xüsusi rütbəli vəzifə maaşı ilə ona faktiki ödənilən aylıq maaş arasındakı fərq ekspert tərəfindən hesablanıb verilməlidir. Cavabdeh məhkəməyə göndərdiyi iddiaya dair etirazda göstərmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçının da imzaladığı əmək müqaviləsinin şərtlərində ona ödəniləcək pul təminatı növləri və digər müqavilə şərtləri əks olunmuşdur. Qeyd edilən əmək müqaviləsində Nazirlik iddiaçıya xüsusi rütbə verəcəyi və ya buna görə rütbə maaşı ödəyəcəyi haqqında öhdəlik götürməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli 0776/ş saylı əmrin tam icra edilməsi tələbi aydın deyil. Əmr iddiaçının xidmətdən xaric edilməsi haqqındadır, özünə elan edilmişdir, onunla son haqq-hesab aparılmışdır. İddiaçıya əmək pensiyanın təyin edilərək ödənilməsi vəzifəsi Nazirliyin üzərinə qoyula bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 377 nömrəli Fərmanına müvafiq olaraq əmək pensiyasının təyin edilərək ödənilməsi səlahiyyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 0776/Ş saylı, xx.xx.2021-ci il tarixli əmrinin icrası ilə əlaqədar olaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 25.4-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli, 67 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı əlavəyə əsasən onun hesablanmamış 10 il 6 ay 11 gün xidmət illəri – xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, ümumilikdə 21 il 01 ay 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam, dəqiq, obyektiv hesablanması vəzifəsinin və məmur səhlənkarlığı, hakimiyyətdən sui-istifadəsi nəticəsində ona vurulan zərərin xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xüsusi rütbəli vəzifə maaşı ilə faktiki ödənilən aylıq əmək haqqı arasındakı yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına Cavabdeh tərəfindən təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək, tam düzgün, qərəzsiz, obyektiv, qanunamüvafiq qaydada tərtib edilməsini və onun hesablanmamış 10 il, 6 ay, 11 gün xidmət illəri – xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam, dəqiq və obyektiv hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş 12-12/xr-4707 nömrəli məlumat vərəqinin dəyişdirilərək xidmət illərinin xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması barədə dəqiqləşmə aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirliyin ştat vahidləri (ştat cədvəlləri) Nazirlər Kabineti və Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada təsdiq edilir. Hüquqi baxımdan eyni zamanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi büdcədən maliyyələşən qurumdur - yəni ştat vahidləri Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Onun 13 il müddətində rəisi olduğu İdarənin ştat cədvəlində 1 nəfər mülki işçi, xadimə ştatından başqa bütünlüklə xüsusi rütbəli və Dövlət qulluqçuları ştat vahidləri yer almışdır. Eyni zamanda, onun xüsusi rütbəli vəzifə hüququ vəzifəyə təyin olunduğu gündən, yəni xx.xx.2008-ci il tarixindən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydası”nın 2 nömrəli əlavəsinin 2.1.1-ci maddəsində qeyd edilmişdir ki, Fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti hesablanır. Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 899/Ş saylı xx.xx.2008-ci il tarixli əmrindən sonra onunla Fövqəladə Hallar Nazirliyi arasında çoxlu sayda şifahi və yazılı müraciətləri olduqdan sonra nazirin 0032/ş saylı, 14 yanvar 2019-cu il tarixli əmri ilə daxili xidmət mayoru xüsusi rütbəsi verilib. Kadr Siyasəti Baş İdarəsi xidmətdə yol verdiyi qanun pozuntusunu özləri etiraf etmişlər. Hesab edir ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun 25.4-cü maddəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 may 2011-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə əsasən hesablanmamış 10 il 6 ay 11 gün xidmət ili xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ümumilikdə 21 il, 01 ay, 04 gün hesabını xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmət illərinin tam dəqiq, obyektiv qaydada hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması qanuni və ədalətli olardı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-527/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli məhkəmə qərarının ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məlumat vərəqində onun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlədiyi müddətlər düzgün qeyd edilmədiyindən xx.xx.2021-ci il tarixdən xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar əmək pensiyasını ala bilmir. Bakı İnzibati Məhkəməsinin hakimi cənab Bəhlul Cəlalovun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2- 1(112)-527/2023 saylı iş üzrə “Sənədlərin təqdim edilməsi haqqında” sorğusuna cavabdeh tərəfindən əhəmiyyət verilmədən, sorğuya cavab verilmədən 4 ay gözlədikdən sonra cənab hakimin qanunsuz və əsassız olaraq təsir və təzyiq altında qərar çıxarması cənab hakim tərəfindən Azərbaycan Respublikası qanunlarının və onun hüquq və qanuni mənafelərimin pozulması, hakim özbaşınalığıdır və qanunlarımıza açıqca hörmətsizlikdir. Hakimin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğu vasitəsilə göndərdiyi suallar aşağıdakılardır və hesab edir ki, həmin suallar işin əsasını təşkil edir: 1.Nazirliyin 839/ş nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə təyin edildiyi Nazirliyin Baş Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsi Nazirliyin ştat cədvəlində hansı növ statusda işçilər üçün və ya xidmət keçən şəxslər (dövlət qulluqçusu, xüsusi rütbəli əməkdaş və s.) nəzərdə tutulmuş vəzifədir? 2.İddiaçı xx.xx.2008-ci il tarixli əmr ilə həmin vəzifəyə təyin edilərkən ona xüsusi rütbə verilməməsinin və əmrdə “xüsusi rütbəli əməkdaş hesabına” qeydinin qoyulmasının faktiki və hüquqi əsası nə olmuşdur? 3.Nazirliyin xx.xx.2019-cu il tarixli, 0032/Ş nömrəli əmri ilə iddiaçıya daxili xidmət mayoru xüsusi rütbəsi verilərkən onun tutduğu vəzifədə hər hansı dəyişiklik olmuşdurmu? Olmuşdursa, iddiaçıya xüsusi rütbə verilməsinin əsasları barədə məlumatları 10 gün müddətində məhkəməyə təqdim edilməsi xahiş olunur. Bundan başqa, cavabdehin İddiaçılə xx.xx.2008-ci il tarixli əmrlə əlaqədar heç bir müqavilə bağlamadığı məhkəməyə bildirilsə də, məhkəmə tərəfindən bu sübut araşdırılmadı. X3 xx.xx.2008-ci il tarixli əmri ilə vəzifəyə təyin olunduğu vaxtdan etibarən (xx.xx.2008-xx.xx.2021-ci il tarixədək) “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 10.10.6-cı bəndini rəhbər tutaraq qeyd olunan müddətdə “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və qeyd etdiyi Əsasnaməyə tərəfindən tam riayət olunmuşdur, lakin qeyd edilənlər hakim tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin əməkdaş dedikdə, xüsusi rütbəli əməkdaşın nəzərdə tutulması başa düşülməsi bu günki iddianın motivi də onda özünü göstərir ki, cavabdehin nümayəndəsinin iddiaçıya cənab Nazir tərəfindən verilən əmrin icrasının uzun illər ləngidilməsi ilə iddiaçya həmin xidmət illərinin hesablanmaması olmuşdur. Məhkəməyə təqdim etdikləri sübutlar məhkəmə tərəfindən araşdırılmamış, onlarca keçirilən məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclaslarında cavabdeh tərəfindən yanlış verilən məlumatlar (cavabdeh tərəfindən verilərək iddiaçının xəbəri olmayan əmək müqaviləsi) araşdırılmamışdır. Məhkəmə sübutları araşdırmadan, aydınlaşdırmadan, sübutlara hüququ qiymət vermədən əsassız, qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İşə baxmış məhkəmə həqiqətə nail olmaq, mövcud mübahisəni ədalətli həll etmək üçün tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçıya cənab Nazir tərəfindən imzalanan əmrlərin vaxtında icraya yönəldilməməsi hallarını araşdırmadan, aydınlaşdırmadan tərəflərindən verilmiş sübutlara hərtərəfli, qərəzsiz, obyektiv və tam baxmadan ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iddianın təmin edilməməsi ilə əlaqədar heç bir mötəbər sübuta istinad etməmiş və qərarını əsaslandırmamışdır. Cavabdeh tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilərək şikayətin təmin edilməyib, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iştirak edən iddiaçı, onun nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2008-ci il tarixli əmrlə Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilərək həmin tarixdən onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmrdə xüsusi rütbəli vəzifə hesabına qeydi aparılmış, lakin ona xüsusi rütbə verilməmişdir. İddiaçıya həmin vəzifədə işlədiyi dövrdə xüsusi rütbə Nazirliyin xx.xx.2019cu il tarixli əmri ilə verilmişdir. xx.xx.2021-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar xidmətkeçməsinə xitam verilmiş, Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmuş məlumat vərəqində iddiaçının xidmət illəri hesablanarkən xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, Nazirliyin Bakı Regional Mərkəzinin Təsərrüfat və madditexniki təchizat idarəsinin rəisi vəzifəsində xüsusi rütbəli vəzifə hesabına işlədiyi üçün xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr də onun xidmət illərinə hesablanmalıdır. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə əmək müqaviləsi ilə işə qəbul edilmiş, Nazirlik tərəfindən ona xüsusi rütbə veriləcəyi barədə hər hansı bir öhdəlik götürülməmişdir. Əmək müqaviləsi ilə işlədiyi dövrün xidmət illərinə daxil edilməsi qanunverilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarda qeyd etmişdir ki, Nazirliyin strukturunda dövlət qulluğunda qulluq keçən dövlət qulluqçuları, hərbi xidmət keçən hərbi qulluqçular, xüsusi rütbə verilmiş şəxslər (dövlət qulluğunun xüsusi növü) və qeyd edilənlərdən heç birinə aid olmayan əmək müqaviləsi əsasında işləyən mülki işçilər fərqli statuslarda olan şəxslərdir və onların hüquq və vəzifələrini, xidmət və qulluqkeçməsini statuslarından asılı olaraq fərqli sahəvi qanunvericiliklər: “Dövlət qulluğu haqqında”, “Hərbi xidmətkeçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunları və ya Əmək Məcəlləsi ilə tənzimlənir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Fövqəladə hallar orqanlarının hərbi qulluqçuları, xüsusi rütbəsi olan əməkdaşları və dövlət qulluqçuları xidmət (qulluq) keçərkən xidmət (qulluq) keçmənin bu Qanunun 2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslarına uyğun olaraq öz səlahiyyətləri daxilində fəaliyyət göstərirlər. Qanunun istinad olunan normasından da göründüyü kimi, fövqəladə hallar orqanlarında qulluq (xidmət) yalnız hərbi qulluqçular, xüsusi rütbəli əməkdaşlar və dövlət qulluqçuları nəzərdə tutumuşdur. İddiaçı isə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövrdə xüsusi rütbəli əməkdaş, dövlət qulluqçusu və ya hərbi qulluqçu statusunda işləməmişdir. İddiaçı xx.xx.2008-ci il tarixli əmrlə xüsusi rütbəli vəzifə hesabına işə təyin edilsə də, ona xüsusi rütbə verilməmiş, xüsusi rütbəli əməkdaş statusu olmamış, xüsusi rütbəyə görə əlavələr və əmək haqqı almamışdır. Bu barədə əmr iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı apelyasiya şikayətində ümumi sözlərdən istifadə etməklə şikayətini əsaslandırmaqla, birinci instansiya məhkəməsinin sübutları araşdırmadan, sübutlara hüquqi qiymət vermədən qanunsuz və əsassız qərar qəbul etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri bilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli sorğusuna Cavabdeh tərəfindən verilən 23 yanvar 2024-cü il tarixli cavabından görünür ki, “Nazirliyin 839/ş nömrəli xx.xx.2008-ci il tarixli əmri ilə İddiaçı təyin edildiyi Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsi “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il 394 nömrəli Fərmanının 3-cü bəndi ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin büdcədən maliyyələşdirilən işçilərinin say həddi”nə əsasən Nazirlik üçün müəyyən edilmiş işçi sayı hesabına təsis edilmişdir. Bakı Regional Mərkəzinin ilk ştat cədvəlində bu vəzifəyə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilməklə və xüsusi rütbələr verilməklə təyin edilən şəxslər üçün xüsusi rütbə həddi “daxili xidmət polkovniki” müəyyən edilmişdir. Mərkəzin ştat cədvəli təsdiq edilən 2008-ci ildə xüsusi rütbəli əməkdaşların hüquqi statusunu müəyyən edən normativ hüquqi akt mövcud olmamış, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 22 iyun 2010-cu ildə qəbul edilmişdir. Nazirliyin 839/ş nömrəli xx.xx.2008-ci il tarixli əmrində “xüsusi rütbəli vəzifə hesabına” qeydi Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsinə təyin edilən İddiaçı xüsusi rütbə verilmədən, fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmədən, ərzaq və əşya təminatına götürülmədən təyin edildiyini, ştat cədvəlində bu vəzifə üçün müəyyən edilmiş “daxili xidmət polkovniki” xüsusi rütbə həddinin ona aid olmadığını göstərmək üçün qoyulmuşdur. 2008-2019-cu illər aralığında İddiaçı aylıq əmək haqqı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin X10”nə uyğun olaraq ödənilmişdir. (Əlavə məlumat: xx.xx.2019-cu il - xx.xx.2021-ci illər aralığında İddiaçı aylıq əmək haqqı “Cavabdeh hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nə uyğun ödənilmişdir). X5, xx.xx.2007-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək Fövqəladə Hallar Nazirliyinin Aparatı üzrə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin Dəftərxana təminatı bölməsinin baş mütəxəssisi vəzifəsində dövlət qulluğu keçmiş, xx.xx.2010-cu il tarixdə Bakı Regional Mərkəzinin xilasedicisi (xüsusi rütbəli vəzifə hesabına) xüsusi rütbə verilmədən təyin edilərək hazıradək həmin vəzifədə işləyir. X6 xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı Regional Mərkəzinin Bina və qurğularda texniki təhlükəsizlik işinin təşkili və monitorinqi idarəsinin Texniki təhlükəsizlik işinin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində dövlət qulluğu keçmiş, xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci ilədək həmin şöbənin rəisi vəzifəsində (xüsusi rütbəli vəzifə hesabına) xüsusi rütbə verilmədən işləmiş, xx.xx.2018-ci il tarixdə Bakı Regional Mərkəzinin Fövqəladə halların monitorinqi sektorunun müdiri təyin edilərək hazırda dövlət qulluğundadır. İddiaçı daxili xidmət mayoru xüsusi rütbəsi xx.xx.2019-cu il tarixli 0032/ş nömrəli əmr ilə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”nin 10.10.16-cı bəndi ilə fövqəladə hallar nazirinə verilən səlahiyyətlər çərçivəsində verilmişdir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.4-cü bəndinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması” Qaydalarının 1-ci maddəsinə əsasən, bu Qayda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.4-cü maddəsinə və fövqəladə hallar orqanlarında xidmətin xüsusiyyətlərinə uyğun olaraq hazırlanmışdır və fövqəladə hallar orqanlarının xüsusi rütbəli əməkdaşlarının (bundan sonra - əməkdaşlar) xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması qaydasını müəyyən edir. Həmin Qaydaların 2.1-ci maddəsinə görə, Fövqəladə hallar orqanları əməkdaşlarının fasiləsiz xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. fövqəladə hallar orqanlarında xidmətə qəbul olunmuş əməkdaşlara vəzifəyə təyin olunduğu gündən başlayaraq, sonrakı xidmət müddəti. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşlarının xidmət illərinin və bununla əlaqədar onlara verilən fasiləsiz xidmət illərinə görə haqqın hesablanması Qaydaları”nın tətbiq sahəsi İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək Bakı Regional Mərkəzinin Təsərrüfat və maddi-texniki təchizat idarəsinin rəisi vəzifəsindəki iş dövrünə tətbiq edilə bilməz. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi Qanunun tətbiq sahəsini müəyyən edir: “Bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə (bundan sonra əməkdaşlar) şamil edilir.” İşəgötürənin 2008-ci ildə İddiaçılə bağladığı əmək müqaviləsi və təyinat əmrindən görünür ki, ona xüsusi rütbə verilməmiş sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmətə qəbul edilməmişdir. xx.xx.2008-ci il tarixli 839/ş nömrəli əmrdə “xüsusi rütbəli vəzifə hesabına” qeydi İddiaçı məhz fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmədən, xüsusi rütbə verilmədən, ərzaq və əşya təminatına götürülmədən işləyəcəyini göstərmək üçün aparılmışdır. xx.xx.2008-ci ildən xx.xx.2019-cu ilədək İddiaçı aylıq əmək haqqı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin X10”nə uyğun olaraq ödənilmişdir. Bu səbəblərdən qeyd edilən dövr ərzində İddiaçı fövqəladə hallar orqanlarının əməkdaşı hesab edilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-527/2023 saylı, 21 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar