Məhkəmə qərarları › İş №2-1(103)-462/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-462/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-462/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəzliyi Agentliyinin Bakı Regional bölməsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7133/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X1 Bakı Regional bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli «Malların geri çağırılması barədə» İD1081/22 saylı Qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi tələbini irəli sürmüşdür İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi uzun illərdir ki, quşlar üçün nəzərdə tutulmuş yem və yem əlavələrinin qanuni əsaslarla ölkəyə idxalı və satışı ilə məşğuldur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərdə heç bir qanun pozuntusuna yol verməmiş, idxal etmək istədiyi məhsullara əvvəlcədən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyat şəhadətnaməsi almış, daha sonra isə həmin təşkilatdan idxala hər dəfə rəsmi icazə aldıqdan sonra verilmiş icazəyə uyğun olaraq yem məhsullarını müşayiət sənədləri əsasında gömrük nəzarəti altında sərhəd keçid məntəqəsindən keçirməklə, ölkəyə idxal edib onun satışı ilə məşğul olub. Bu zaman malın gömrük dəyərinə uyğun olaraq məndən tələb olunan vergiləri, üstəlik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qanunda nəzərdə tutlmuş digər ödənişlərini vaxtlı-vaxtında edib. Yəni, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağına qanuni əsaslarla nəzarət edən hər hansı dövlət orqanları ilə problemi olmamışdır. Bununla belə, eyni seriyadan olan və Azərbaycan Respublikasında qeydiyyatının aparılmasını təmin etdiyi yem məhsullarının ölkəyə idxal olunmasına növbəti icazələrin verilməsi üçün 31 yanvar və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə müraciətlər etmiş, müraciətlərinə müsbət cavablar verilmişdir. Bundan sonra, ona verilmiş icazə sənədləri əsasında əvvəllər də eyni qaydada və maneəsiz idxal etdiyi qeydiyyatdan keçirdiyi, eyni seriyadan olan yem məhsullarını gömrük nəzarəti altında Gürcüstan Respublikasından keçirərək Azərbaycana gətirib. Bu dəfə də bütün qanuni prosedurları yerinə yetirdikdən sonra həmin məhsulları realizə edib. Yem məhsullarının satışından təqribən 5-6 gün sonra özünü Qida Təhlükəsizliyinin əməkdaşı kimi təqdim edən şəxs məhsulları boşaltdığı anbara gələrək, məhsullara baxış keçirib, yoxlanış üçün nümunə götürəcəyini bildirib. Baxmayaraq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bu illər ərzində bir dəfə də olsun həmin təşkilatın nümayəndəsi belə bir tələblə çıxış etməmiş, heç bir baxış və yoxlama aparmamışdır. Yalnız bir neçə il əvvəl ilk dəfə məhsulun qeydiyyata alınması zamanı belə bir tələb olmuşdur, o da onun tərəfindən təmin edilmişdir. Bununla belə, gəlmiş əməkdaşa bildirmişdir ki, yem məhsulları satılıb, anbarda yoxdur. Vaxtında xəbərdar etsəydilər, tələb etdikləri həcmdə nümunələr saxlayardılar. Lakin əməkdaş narazılığını bildirirək, icrası mümkün olmayan satılmış məhsulun geri qaytarılmasını tələb etdi. Həmin əməkdaşa izah edilib ki, həmin tələbi istəsələr də, icra etmək mümkün deyil, çünki məhsul cücələr tərəfindən yeyilibdir. Bir də ki, uzun illərdir ki, hər hansı yoxlama aparılmamış, faktiki olaraq hər gün məhsul idxal etsələr də, heç vaxt nümunələr götürülməmiş, ümumilikdə belə bir tələb də olmamışdır. Əgər nümunələrin götürülməsi zəruridirsə, bu gün-sabah növbəti məhsul partiyası idxal olunacaqdır, zəruri olan həcmdə nümunələr götürülə bilər. Bu sözlərindən sonra həmin əməkdaş əsəbi halda çıxıb getdi. Bununla belə, 16 fevral 2022-ci il tarixində ünvanına Cavabdeh adından “Malların geri çağrılması barədə” 15 fevral 2022-ci il tarixli Qərar daxil oldu. Qərarda göstərilir ki, “Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli icazələr əsasında idxal olunmuş “Broiler max Grover”, X7/Grover”, “Chickyuvin”, “Layer-Max”, Serebrist Max-Star” adlı yem məhsullarının xx.xx.2022-ci il tarixinədək dövriyyədən çıxarılaraq anbara geri çağırılsın və məhsul partiyasından nümunə götürülməsi üçün şərait yaradılması təmin edilsin. Qərarı qəbul etmiş vəzifəli şəxs tələbini onunla əsaslandırıb ki, “Azərbaycan Respublikası Nazirlər Kabinətinin 66 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası baytarlıq qaydalarının 2.1-ci bəndinə əsasən yem və yem əlavələri baytarlıq preparatlarına aid edilir.” O səbəbdən “Baytarlıq haqqında” Qanunun tələblərinə görə, preparatlar ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir.” Hesab edir ki, qərar tam qanunsuz və əsassız olmaqla onun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilədən başqa bir şey deyildir. Belə ki, cavabdehin istinad etdiyi “Azərbaycan Respublikası baytarlıq qaydaları” haqqında Nazirlər Kabinetinin qərarı mövcud deyil. Bundan əlavə, NK-nin Qərarının qəbul edilmə ilinin göstərilməməsi də belə bir qərarın mövcud olmadığına dəlalət edir. Bundan əlavə, cavabdeh “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 18.5 maddəsinə istinad edərək bildirir ki, “baytarlıq preparatlarının dövlət reyestrində qeydə alınmış xarici baytarlıq preparatlarının hər bir yeni seriyaları (partiyaları) qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizadan keçirildikdən sonra baytarlıq normativlərinin tələblərinə cavab verdikləri hallarda onların tətbiqinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Məhkəmənin nəzərinə çatdırır ki, baytarlıq preparatları deyəndə, “Baytarlıq haqqında” Qanunun 1.0.5-ci bəndinə görə, yalnız heyvan xəstəliklərinin müalicəsi, diaqnostikası və heyvanların məhsuldarlığının artırılması üçün istifadə olunan baytarlıq təyinatlı ummunobioloji, bioloji, bitki, kimyəvi və kimya-əzcazçılıq mənşəli maddələr nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik preparat anlayışını heyvan xəstələkliklərinin ümumi formada nəzərə alınsa, müalicəsi və məhsuldarlığının süni artırılması ilə bağlı etmişdir. Onun uzun zamandır ki, ölkəyə idxal etdiyi məhsullar isə sırf cücələr üçün nəzərdə tutulmuş yem məhsulları olduğundan «preparat» anlayışından kənarda qalır. «Baytarlıq haqqında» Qanunun məqsədləri üçün müxtəlif maddələrdə məsələn, 1.0.11; 3.0.6.; 12.0.3.; 18.1.; 18.2; 18.3.; 18.4.; və 18.6. maddələrində «preparat» və «yem və yem əlavələri» anlayışının ayrı-ayrılıqda işlədilməsi bir daha onu deməyə əsas verir ki, cavabdeh Qanunun 18.5-ci maddəsinin tətbiqində səhvə yol vermiş, ekspertizanın keçirilməsi «preparatlara», özü də yeni qeydə alınacaq seriyalara münasibətdə tələb olunsa da, cavabdeh bu tələbi yem və yam əlavələrinə də tətbiq etməyə cəhd etmişdir. Qərarın özündən görmək olmur ki, cavabdeh idxal və istifadə olunmuş yem məhsulunun dövriyyədən çıxarılaraq anbara geri çağrlılmasını tələb edərkən, tələbini hansı qanunla əsaslandırır və geri çağrılma hansı qaydada aparılmalıdır. Bundan əlavə, cavabdeh Qərarının nəticə hissəsində fikir formalaşdırmağa çalışır ki, onun üçün əlverişsiz akt hesab olunan Qərarı icra etməməklə inzibati Xətalar Məcəlləsinin 544.2. maddəsinin tələblərini pozub. Lakin Qərardan yenə bilmək olmur ki, quşlar üçün nəzərdə tutulmuş yem məhsulunun qanuni əsaslarla idxalından, istifadəsindən sonra onun geri çağrılmasına dair Qərarın icra edilməsinin mümkünsüzlüyü hansı istehlakçıların hüquqlarını pozmuşdur. İddiaçının ərizəsi əsasında iddia tələbi Azərbaycan Respublikası Qida Təhlükəsizıliyi Agentliyi Bakı Regional Bölməsinin xx.xx.2022-ci il tarixli «Malların geri çağırılması barədə» İD1081/22 saylı Qərarın etibarsız hesab edilməsi kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli 66 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən baytarlıq preparatları - yem və yem əlavələri, heyvan xəstəliklərinin müalicəsi, profilaktikası, diaqnostikası, heyvanların süni mayalanması, onların məhsuldarlığının artırılması məqsədilə və heyvan embrionlarının transplantasiyası zamanı işlədilən bütün preparatlar, maddələr, materiallar və s. vasitələr, heyvan və insanlar üçün ümumi olan baytarlıq təyinatlı (müşayiətedici və ya istifadə təlimatlarında baytarlıqda tətbiq ediləcəyinə dair məlumatlar olan) preparatlar, antiseptiklər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri, kimya, əczaçılıq mənşəli maddələr, vitaminlər, bioloji stimulyatorlar, yem məqsədilə işlədilən kənd təsərrüfatı və sənaye tullantıları, heyvan orqanizminə və onun saxlandığı mikromühitə təsir edə bilən hər cür maddələr və s. baytarlıq preparatları anlayışına aid edilmişdir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasına idxal edilən və qeydiyyat şəhadətnaməsi olan baytarlıq preparatlarının hər partiyasından nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 oktyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvan, heyvan mənşəli məhsullar və xammal istehsalı, tədarükü, saxlanması, emalı və satışına, habelə yem və yem əlavələrinin dövriyyəsinə dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, 3.1-ci bəndinə əsasən, Ölkə ərazisində istehsal və ya idxal edilməsindən asılı olmayaraq heyvanların yemləndirilməsi üçün nəzərdə tutulan bütün növ yem və yem əlavələrində yoluxucu heyvan xəstəlikləri törədicilərinin aşkarlanması üçün onlar dövlət baytarlıq nəzarətindən keçirilməlidir. İstifadə üçün yararlı olduğu halda onun yararlılığı barədə səlahiyyətli dövlət baytarlıq orqanı tərəfindən müsbət rəy verilməlidir. Həmin Qərarın 10.11-ci maddəsinə əsasən, Hüquqi və ya fiziki şəxs baytarlıq preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi qaydalarını pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-5-ci yarımbəndinə əsasən baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə malqaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların təhlükəsizliyinə, istehsalına, saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə, dövriyyəsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək; 3.0.9. qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin vəzifələrinə aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7133/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh “Malların geri çağırılması barədə” xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Malların geri çağırılması barədə Azərbaycan Respublikasının Qida Təhlükəzliyi Agentliyinin Bakı Regional bölməsinin xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli qərarına əsasən, fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli icazələr əsasında idxal olunmuş "Broiler max Grover", X7/Grover", “Chickyuvin", "Layer-Max", Serebrist Max- Star" adlı yem məhsullarının xx.xx.2022-ci il tarixinədək dövriyyədən çıxarılaraq anbara geri çağırılması və məhsul partiyasından nümunə götürülməsi üçün şərait yaradılması təmin edilməsi müəyyən edilmişdir. Qərarın qeyd hissəsində qeyd edilir ki, İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4000 (dörd min) manatdan 5000 (beş min) manatadək məbləğdə cərimə nəzərdə tutulmuş və inzibati aktdan 30 gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, Fiziki şəxs X2 tərəfindən idxal olunan yem və yem əlavələrinə idxal icazə sənədinin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müraciətlər daxil olmuşdur. Müraciət “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu”na müvafiq qaydada icraya götürülmüşdür. Müraciətinə əsasən ona xx.xx.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, xx.xx.2022-ci il tarixli, İD1080/22 nömrəli, İD1081/22 nömrəli idxal icazə sənədləri verilmişdir. Həmin müraciət üzrə idxal olunmuş məhsullardan nümunə götürülməsi məqsədilə Bakı şəhəri Xətai rayonu Naximov 2-ci Zeytun ünvanında yerləşdiyi anbara Agentliyin əməkdaşı tərəfindən baxış keçrilən zaman “X5”, “X7/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsullarının anbarda olmadığı aşkar edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 66 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası baytarlıq qaydalarının 2.1-ci bəndinə əsasən yem və yem əlavələri baytarlıq preparatlarına aid edilir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli İD816/22 nömrəli, xx.xx.2022-ci il tarixli İD817/22 nömrəli və xx.xx.2022-ci il tarixli İD1080/00 nömrəli sənədlər əsasında idxal olunmuş yem və yem əlavələrindən nümunələr götürülməsi üçün məhsulların saxlandığı anbara baxış keçirilən zaman bütün məhsulların satıldığı, həmçinin xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında idxal olunmuş yem və yem əlavələrindən “X5" adlı məhsulun satıldığı müəyyən olunduğundan (satılmış məhsullar barədə müvafiq akt tərtib edilmişdir), məhsullardan nümunələr götürülməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli İD1081/22 nömrəli sənəd əsasında ölkəyə idxal olunan X7" adlı məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi institununun müvafiq laboratoriyasına təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Birinci instansiya məhkəməsi tərəfindən satıldığı müəyyən olunsa da, inzibati orqan yem məhsullarının dövriyyədən çıxarılaraq anbara geri çağırılması barədə qərar qəbul etmişdir. Odur ki, həmin qərar faktiki səbəblər üzündən (yem məhsulları realizə olunduğundan) icrası mümkün olmayan inzibati aktdır. Digər tərəfdən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3-cü bəndinə əsasən reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. İş materiallarına əsasən iddiaçıya məxsus anbarda yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qaydada qeydə alındığı müəyyən edilmir. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların isə hüquqi nəticəsi yoxdur. Odur ki, mübahisələndirilən qərar etibarsız inzibati akt olmaqla yararsızdır (əhəmiyyətsizdir) və heç bir hüquqi nəticə yaratmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 2-1(112)-7133/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar