Məhkəmə qərarları › İş №2-1(103)-473/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-473/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-473/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6681/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzillə təmin olunmasına dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbini dəqiqləşdirərək “onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayor rütbəli ehtiyyatda olan zabitidir. Silahlı Qüvvələrdə 24 il (21.08.1992- 27.08.2016) müddətində hərbi xidmət keçmişdir. Xidmət etdiyi dövrdə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) Yubiley Medalı, “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli” və “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli” medallarla təltif olunmuş, hərbi xidmət dövründə dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Hazırda 20 il və daha artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçular dövlət hesabına mənzillə təmin olunurlar. Lakin iddiaçı hərbi xidmət keçdiyi dövrdə və ehtiyyata buraxıldıqdan sonra mənzillə (daimi yaşayış sahəsi ilə) təmin olunmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 18 iyul 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 255- ci maddəsinin “b” bəndi və 238-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və barəsində CM-in 42-ci maddəsi tətbiq edilmişdir. Qeyd edilənlər, yəni İddiaçı xidmət dövründə az ağır cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6681/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia əraizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vətəndaşın hərbi xidmət keçməsi barədə elektron arayışından görünür ki, İddiaşı 21.08.1992-ci il tarixdən 12.08.1993-cü il tarixədək, 12.08.1993-cü il tarixdən 27.08.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur Tərtər qarnizonu hərbi məhkəməsinin 18 iyul 1998-ci il tarixli hökmü ilə leytenant İddiaçı Azərbaycan Respublikasının CM-nin 255-ci maddəsinin “b” bəndi ilə təqsirli bilinmiş və 7 il müddətinə, Azərbaycan Respublikasının CM-nin 238-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı təyin edilmiş cəzalar Azərbaycan Respublikasının CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə onun üzərində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza kimi saxlanılmışdır. Onun barəsində Azərbaycan Respublikasının CM-nin 42-ci maddəsi tətbiq edilərək döyüşən orduya göndərilməklə hərbi əməliyyatlar qurtaranadək hökmün icrası təxirə salınmışdır. Daha sonra Tərtər qarnizonu hərbi məhkəməsinin 24 iyun 1999-cu il tarixli Qərardadı ilə Leytenant İddiaçı cəzadan azad edilməsinə dair N saylı hərbi hissə komandanlığının vəsatəti təmin edilmiş, İddiaçı ona təyin edilmiş cəzadan azad edilmişdir. İşdə olan vəsiqələrdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0103t nömrəli 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 05/t nömrəli 26.06.2015-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 0121t nömrəli 26.06.2016-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 19.09.2016-cı il tarixli 221 nömrəli Əmrindən çıxarışdan görünür ki, mayor İddiaçı, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Humanitar və sosial fənlər kafedrasının hərbi fənlər silsiləsinin baş müəllimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27 avqust 2016-cı il tarixli 0576 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim forması daşımaq hüququ verilməklə, ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmişdir. İddiaçı 2016-cı il yanvar-oktyabr ayındakı xidmətlərinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını 100 faiz həcmdə almağa layiqdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi müəyyən edilmişdir. Göründüyü kimi həmin Fərmanın 1-ci bəndində “qüsursuz xidmət etmiş” hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Həmin Fərmanın 3-1-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. Həmin Fərmanın 3-2.3-cü bəndinə əsasən məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. Kollegiya qeyd edir ki, iddiaçının məhkum olduğu dövr nəzərə alınmasa belə 20 təqvim ilindən artıq xidmət etdiyi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü hissəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 20 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. İddiaçının mənzillə təmin olunması üçün digər zəruri şərt qüsursuz xidmətinin olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyri-müəyyən olmaları ilə fərqlənirlər. İnzibati orqanlar qanunları tətbiq edərkən praktikada həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməli olurlar. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının interpretasiyası zamanı şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri bağlı faktiki halları qiymətləndirməli və nəzərə almalıdır. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən onun xidmət göstəriciləri bir vəhdətdə götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. İddiaçının barəsinə hökm çıxarılan dövrdə qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakılar məhkumluğu olmayan şəxslər hesab edilirlər: cəzadan azad edilmiş (45-46-cı maddələr), intizam batalyonunda cəza çəkmiş və ya ondan vaxtından əvvəl azad edilmiş şəxslər, habelə islah işləri əvəzinə qaupvaxtda saxlanma növündə cəza çəkmiş olan hərbi qulluqçular; bu Məcəllənin 42-1-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər, bu şərtlə ki, onlar hökmün icrasının təxirə salındığı müddət ərzində yeni cinayət törətməmiş olsunlar və onlar barəsində hökm müəyyən edilmiş qaydada icra edilməmiş olsun. Məhkumluğun ödənilməsi müddəti cəzanı çəkib qurtarma və ya cəzadan azadolma günündən hesablanır. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda, iddiaçının əvvəllər məhkum olunması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Daxili İşlər Nazirliyinin 02.06.2021-ci il tarixli, ***-**** G-3221 nömrəli Arayışından görünür ki, Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1974-cü il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Qeyd edilməlidir ki, iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olunması səbəbindən hər hansı məhdudiyyətə məruz qalması onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Belə olan halda, iddiaçının əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir. “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hisəsinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 444-İVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci madəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da Azərbaycan Respublikası Müdafiə nazirinin 0103t nömrəli 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 05/t nömrəli 26.06.2015-ci il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin 0121t nömrəli 26.06.2016-cı il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü bəndinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Göründüyü kimi, qanunverici ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququnun verilməsini qüsursuz xidmətlə əlaqələndirmiş və həmin hüququ yalnız qüsursuz xidmət etmiş şəxslərə tanımışdır. İşdə olan iddiaçıya məxsus hərbi biletdən müəyyən edilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman iddiaçıya aidiyyəti orqan tərəfindən hərbi geyim formasını daşımaq hüququ verilmişdir. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən hərbi xidmətin qüsurlu olması əsas gətirilməklə müraciətini təmin etməkdən imtina edilməsi əsaslı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6681/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar