Məhkəmə qərarları › İş №2-1(103)-4736/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4736/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4736/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və X9 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti X2 inkişafı və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderinə əsasən 0,12 ha sahəsi olan 1209 “v” saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın Axundova (Həsənova) Samirə Ağaverdi qızına verilməsinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cümaddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra hakimiyyəti X2 inkişafı və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv. metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair Axundova (Həsənova) Samirə Ağaverdi qızının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 inkişafı və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 128 saylı orderi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində ayrılmış, faktiki ölçüsü 1174 kv. metr olan 1209 “v” saylı bağ torpaq sahəsinə dair iddiaçı X3 xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, plan ölçünün tərtib edilməsi və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı X1 100 (bir yüz) manat məbləğində pulun alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-25/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1700/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-25/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-25/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli məktubu ilə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Sonradan xx.xx.2024-cü il tarixdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, icraatın təzələnməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 256/2022 nömrəli qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxaraq X3 iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, idarəyə daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icra edilib məlumat verilməsi ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-256/2022 nömrəli məktubu ilə bağlı aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, X7 tərəfindən 1209v saylı bağ sahəsi kimi kənardan şərti olaraq göstərilən ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində, dövlət mülkiyyətində yerləşir. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmamışdır. Bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək mülkiyyətçilərin borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-cimaddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin “yeni açılmış hallarla bağlı” ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və yeni açılmış hallara dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2- 1(103)-907/2025 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2-1(112)-256/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və yeni açılmış hallara dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1285/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-907/2025 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Təkrar apellyasiya şikayətinə baxılması 16 dekabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, iş üzrə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 378 №li xx.xx.1992-ci il sərəncamından xx.xx.2015-ci il tarixli T-27-112 saylı arxiv çıxarışından görünür ki, X4 Nardaran bağlar massivində 205 saylı bağ tikinti kooperativinin nəzdində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X2 İnkişafı və X6 bağlar sahəsindəki 205 saylı kooperativin 128 saylı orderi ilə X4 Bakı şəhəri İcra Hakimiyyətinin 13 mart 1992-ci il tarixli 378 saylı qərarına əsasən Nardaran bağlar sahəsində 205 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1209 “v” saylı bağ ayrılmışdır. İddiaçı ona məxsus bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh quruma müraciət emiş, lakin cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu ilə bağ sahəsinin onun adına daşınmaz əmlakın hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusun məktubu) təqdim edilmədiyi, həmçinin göstərilən hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı ərazinin bir hissəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi bildirilmişdir. İddiaçı Axundova (Həsənova) Samirə Ağaverdi qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə dair plan və ölçü, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və iddiaçının iddiası təmin olunmuş və bu barədə məhkəmə qərarı qanuni qüvvəsini almış və Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli məktubu ilə məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-256/2022 nömrəli qərarı icra olunması üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabadeh qərarın icrası zamanı birinci intansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə təqdim edərək, aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutların müəyyən edildiyini bildirmişdir. Həmin hallar kimi X7 tərəfindən 1209v saylı bağ sahəsi kimi kənardan şərti olaraq göstərilən ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində, dövlət mülkiyyətində yerləşməsini göstərmişdir. Cavabdeh yuxarıda qeyd olunan halın məhkəmə prosesi zamanı ona məlum olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Cavabdehin ərizəsində hazırki inzibati işdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas dəlil kimi -X7 tərəfindən 1209v saylı bağ sahəsi kimi kənardan şərti olaraq göstərilən ərazinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində, dövlət mülkiyyətində yerləşməsi qeyd edilir. Hazırki inzibati işdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə baxan kassasiya instansiya məhkəməsi də öz qərarında qeyd etmişdir ki, cavabdeh ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na istinad etsə də, məhkəmələr tərəfindən həmin halın, yəni mübahisələndirilən ərazinin Baş planda göstərilməsinin cavabdehə hansı tarixdən məlum olması halını araşdırmamışdır. Ərizənin təkarar apellyasiya baxışı zamanı məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Komitənin sifarişi iə hazırlanmış Bakı şəhərinin baş plan layihəsinə rəyin bildirilməsi barədə məktuba İqtisadiyyat Nazirliyində baxılmışdır. Bununla bağlı sözügedən baş plan layihəsində İqtisadiyyat Nazirliyi tərəfindən təklif və tövsiyələr nəzərə alındığından sənədə dair irad və təkliflərimizin olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 35/2-8088/2023 nömrəli məktubu ilə sonuncuya bildirilmişdir ki, Komitənin sifarişi ilə beynəlxalq məsləhətçi şirkətlər tərəfindən Bakı şəhərinin Baş planının layihəsi hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmışdır. Hazırda sözügedən layihənin müvafiq qaydada təsdiq edilməsi üçün yekun hazırlıq işləri həyata keçirilir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2338 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.9-cu hissəsinə əsasən razılaşdırılmaq üçün göndərilən normativ hüquqi akt layihəsinə razılıq verilməsi barədə cavab məktubu müvafiq dövlət orqanının (qurumunun) rəhbəri (o olmadıqda isə onun vəzifələrini icra edən şəxs) tərəfindən imzalanmalıdır. Qeyd edilənləri, habelə baş planın layihəsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli İN-X/O-4267/2021 nömrəli razılıq məktubunu nəzərə alaraq, təqdim olunmuş layihənin mümkün qədər qısa müddət ərzində razılaşdırılması xahiş edilmişdir. Beləliklə, ərizəçinin subordinasiya baxımından tabe olduğu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında olan yazışmalardan görünür ki, ərizəçi Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının layihəsi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilməmişdən daha öncə məlumatlı olmuş, hətta Plana dair Komitəyə təklif və tövsiyələr təqdim etmişdir. Bundan başqa, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi zaman icraatının təzələnməsini tələb etdiyi hazırki inzibati iş yekunlaşmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olmuşdur. Apellyasiya şikayəti ilə bağlı yekun məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Yəni ərizəçi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na əsasən “İctimai Zona” statusunda olan ərazi daxilində olmasını inzibati iş nə apellyasiya, nə də ki kassasiya instansiyası məhkəməsinin icraatında olanda aidiyyatı məhkəmələrə bildirməmişdir və bu halı mübahisələndirməmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin cavabdeh qurumun “yeni açılmış hallarla bağlı” ərizəsini təmin etməməsi işin fatiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-256/2022 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Kamran Əkbərov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar