Məhkəmə qərarları › İş №2-1(103)-498/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-498/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-498/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi İddiaçının nümayəndələri X5, Nümayəndə, Cavabdehin nümayəndələri K.X6 və X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş vəsaitin geri qaytarılması, müvafiq rəyin tərtib edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8167/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2020-ci ilin noyabr ayında GB**********6521 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş və 13 noyabr 2020-ci il tarixdə gömrük rəsmiləşdirilməsi başa çataraq buraxılışa verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq saxlanılmasının, bəyannamənin geri qaytarılmasının və heç bir qanuni əsası olmadan bəyannaməni dəyişdirtdirərək, əlavə 2599.09 manatın gömrük rüsum və ödənişləri kimi İddiaçı tərəfindən ödətdirilməsinin qanunsuz hesab edilməsi, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2020-ci ilin noyabr ayında İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi GBO**********521 nömrəli gömrük bəyannaməsində gömrük dəyərinə 2599.09 manatın əlavə olunması barədə qanunsuz tələbi ilə dəyişdirilmiş bəyannamənin dəyişdirilərək gömrük dəyərinin YM281020-KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılması, İddiaçı MMC-nin 2020-ci ilin noyabr ayında gömrük orqanına təqdim etdiyi GB**********6521 nömrəli gömrük bəyannaməsi üzrə aparılmış gömrük rəsmiləşdirilməsi zamanı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətləri nəticəsində İddiaçı MMC-dən əsassız olaraq tutulmuş cəmi 2599.09 manatın iddaçı İddiaçınə geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8167/2021 saylı iş üzrə qəbul etdiyi 12 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, GB**********6521 nömrəli bəyannamədə göstərilən məlumatlar və sənədlər düzdür, iddiaçı tərəfindən bank vasitəsi ilə ödənilmiş gömrük rüsum və ödənişləri də qəbul olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına uyğun olaraq mallar gömrük orqanı tərəfindən 24 saat ərzində buraxılmalı idi. 17 noyabr 2020-ci il tarixdə saat 09:12-də rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və gömrük rüsum və ödənişlərin 1987.59 manat olması bir daha təsdiq olunmuş, lakin təxminən 1 saat sonra, yəni saat 10:37-də gömrük bəyannaməsindəki məlumatlarla təqdim olunan sənədlərin uyğun olmadığı üçün gömrük orqanı tərəfindən geri qaytarılması qeyd olunmuşdur (Rəsmi və faktiki olaraq bəyannamə geri qaytarılmamışdır. Bu barədə yalnız elektron sistemdə formal qeyd olunmuşdur). Burada sual da doğurur ki, 13 noyabr 2020-ci il tarixdə buraxılışa verilmiş malların buraxılmasını nəyə əsasən dayandırır və nəyə görə dərhal deyil, 4 gündən sonra bəyannamənin geri qaytarılması barədə X3 qeydlər aparır? 17 noyabr 2020-ci il tarixdə bank vasitəsi ilə əlavə olaraq 260 manat idxal gömrük rüsumu, 360 manat əlavə dəyər vergisi, 10 manat elektron gömrük xidməti üzrə ƏDV və 30 manat elektron gömrük xidməti üzrə ƏDV, cəmi 660 manat bank vasitəsi ilə pul ödədik. Ödəniş etməyimizə baxmayaraq mallarımız yenə də buraxılmadı. Gömrük orqanının əməkdaşı Əfqan Əkbərov bizdən bəyannamə dəyərini bu dəfə isə 1939.09 AZN artırılmasını tələb etdi. 23 noyabr 2020-ci il tarixdə bank vasitəsi ilə ödədik Yəni gömrük yığımları kimi 60 manat, ƏDV kimi 1093.59 manat və idxal gömrük rüsumu kimi 785,5 manat tərəfimizdən bank vasitəsi ilə ödənilmişdir. Yalnız bundan sonra, yəni 25 noyabr 2020-ci il tarixdə gömrük orqanı yükümüzü buraxdı və əlavə olaraq anbara da yüksək məbləğdə anbar pulu ödətdirdikdən də sonra mallarımızı özümüzə təhvil verdi. Gömrük orqanı gömrük tarifinin tənzimlənməsini həyata keçirmiş, bizim bəyan etdiyimiz malların sövdələşmə qiymətini qəbul etməyərək, malların gömrük dəyərini eyni malların sövdələşmə qiyməti ilə müəyyən etmişdir. Cavabdeh gömrük orqanı bizim bəyan etdiyimiz gömrük dəyəri ilə gömrük tənzimlənməsi aparmamışdır. Əks halda gömrük dəyəri ilə bağlı cavabdeh gömrük orqanında gömrük yoxlaması və ya gömrük auditin aparılması ilə bağlı gömrük orqanının vəzifəli şəxsinin qərarı, yoxlamaların vahid məlumat reyestrindən çıxarışı, İddiaçı MMC-in göstərdiyi gömrük dəyərinin «Gömrük tarifi haqqındı» Qanunda göstərilmiş 1-ci üsul ilə müəyyən edilməsinin mümkün olmadığına dair sübutlar, 2-ci üsulla müəyyən edilməsinə dair sübutlar, iddiaçıya ünvanlanmış yazılı rəsmi bildiriş, məktub, pretenziya və digər maliyyə sənədləri məhkəməyə təqdim olunardı. bəyannəmənin 1-ci Qrafasında onun tipi İD 40, yəni idxal edilən malların bəyannaməsi və malların gömrük sərhəddindən keçirilmə proseduraları Təsnifatına uyğun olaraq gömrük rejiminin iki rəqəmli kodu 40 (Sərbəst dövriyyə üçün buraxılış) göstərilmişdir. Bəyannamənin 42-ci «İnvoys dəyəri» Qrafasında malların invoys dəyəri 3100 ABŞ dolları göstərilmiş (Qrafada mövcud qanunvericiliyə uyğun olaraq, 22-ci qrafada göstərilmiş, valyuta ilə 31-ci qrafada bəyan olunmuş malların invoys dəyəri göstərilir), 43-cü (Gömrük dəyəri səhvlərinin düzəldilməsi əlaməti) Qrafada (həmin qrafa gömrük orqanının vəzifəli şəxsi tərəfindən doldurulur) isə «0», yəni göstərilən gömrük dəyərində düzəlişlər olmamışdır və «1», yəni gömrük dəyərinin təyini Təsnifatına (13 saylı Əlavə) uyğun olaraq təyinat metodunun (Gətirilən malların sövdələşmə qiyməti) nömrəsi göstərilmişdir. Yəni qeyd olunan bəyannamədə malların sərbəst dövriyyə buraxılış üçün bəyan edildiyi, onların invoys dəyərinin 3100 ABŞ dolları olması, gömrük dəyərinə dair hər hansı bir düzəlişlərin aparılmaması və gömrük dəyərinin gətirilən malların sövdələşmə qiyməti ilə müəyyən olunması göstərilmişdir. Belə olan halda gətirilən malların gömrük rüsum və yığımlarını bəyannamənin 47-ci Qrafasında malların sövdələşmə qiyməti ilə deyil gömrük orqanı tərəfindən kortəbii yolla müəyyən olunmuş guya statistik dəyərə əsasən hesablanması səhvdir, qanunsuzdur. Əgər gömrük orqanı həqiqətən də gömrük dəyərinə düzəlişlər aparmış olsa idi bu halda gömrük bəyannaməsinin 43-cü qrafasında gömrük dəyərinə düzəlişlərin aparılması və bunun hansı metodla həyata keçirilməsi göstərilərdi. Gömrük orqanının məhkəməyə Koreya ixrac bəyannaməsi adı ilə təqdim etdiyi saxta sənədi də qanuni sənəd kimi qəbul etmiş və həmin sənədə əsaslanmışdır. Hansı ki, həmin sənədin əsli və ya etibarlı sənəd olmasına dair hər hansı bir təsdiqi olmamışdır. Eyni zamanda həmin saxta sənədin üzərində onun tərtib edildiyi vaxt 2021-ci ilin aprel ayı göstərilmiş və bizim iddiamızda göstərilən 2020-ci ilin noyabr ayında tərtib olunmuş GB**********6521 nömrəli gömrük bəyannaməsinə heç bir aidiyyəti yoxdur. Koreya RespublikasıncTa ixrac gömrük bəyannaməsinin yalnız elektron formada rəsmiləşdirildiyi və həmin sənədin heç yerə göndərilmədiyi göstərilmişdir. Belə ki, Koreya Respublikasının gömrük qanunvericiliyinə əsasən həmin ölkədə gömrük rəsmiləşdirilməsi zamanı kağız daşıyıcılarından istifadə olunmur, buna görə də Koreyanın gömrük orqanları ixrac bəyannamələrinin surətlərini təqdim etmirlər. Zərurət yarandıqda isə müvafiq sorğu əsasında Koreya gömrük orqanları yalnız müqaisələndirmə məlumatlarını təqdim edə bilərlər. Buna görə də Koreya Respublikasının Gömrük Xidmətindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ixrac bəyannaməsinin göndərilməsi mümkün deyildir. Çox güman ki, həmin sənəd Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və ya Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müvafiq proqram təminatı vasitəsi ilə kompyuterdə hazırlanmışdır. Bundan sonra həmin sənəd tərcümə edilmiş və tərcüməçinin imzası notariat qaydasında təsdiq olunmuşdur. Buna görə də həmin sənədin əsli gömrük orqanı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Çünki, sənəd həqiqi deyil, bunun əsli yoxdur. Məhkəməyə təqdim olunmuş həmin sənədin kserosurətinin əsli ilə düz olması gömrük orqanı tərəfindən müvafiq qaydada möhürlə və ya notariat qaydasında təsdiq olunmamışdır. Əsli olmayan və ya müvafiq qaydada apostıl ilə təsdiq olunmayan və ya leqallaşdırılmayan xarici sənədlərin Azərbaycan Respublikasında hüquqi qüvvəsi yoxdur. Mövcud qanunvericiliyin tələblərinə əsasən gömrük orqanının vəzifəli şəxsinin müvafiq əsaslandırılmış qərarı olmadan malların buraxılışı dayandırıla bilməz, mallar saxlanılmaz, digər şəxsin anbarında saxlanılması üçün təhvil verilməz. Mal sahibinin iştrakı olmadan gömrük orqanı tərəfindən mallarla bağlı hər hansı bir əməliyyat ümumiyyətlə aparıla bilməz. Müvafiq protokol tərtib edilmədən mallar gömrük orqanı tərəfindən götürülə bilməz. Müvafiq tranzit bəyannaməsi tərtib edilmədən mallar sərhəd və gömrük zonasından digər ünvana aparıla bilməz. Hər hansı bir təhvil-təslim aktı rəsmiləşdirilmədən mallar anbara verilməz. Cənubi Koreyadakı şirkətlərlə MMC-nin hər hansı bir əlaqəsi, razılaşması, müqaviləsi yoxdur. Malları ünvana Cənubi Koreyadan həmin malların ticarət markasının sahibi, istehsalçısı və dünya distributoru olan Böyük Britaniyanın «Yuma Medikal» LP-si göndərir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, iddianın tmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarın dəyişdirilmədən qüvvədə saxlanlmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İddia ərizəsinin məzmunudan aydın olur ki, iddiaçının tələbləri biri-biri ilə bağlı olan 3 tələbdən ibarətdir. Məhkəmə kollegiyası iddia tələblərinin qeyri-müəyyənliyini və iddiaçının prosessual marağının cavabdehin hərəkətlərinin qanunsuz olmasının müəyyən edilməsi və artıq ödənilmiş gömrük haqqının qaytarılması ilə bağlı olduğunu nəzərə alaraq iddia tələbini aşağıdakı kimi qəbul edir: “İddiaçı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsininə qarşı “əlavə gömrük rüsumu və ödənişləri tələb edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi, artıq tutulmuş 2599.09 manatın geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edir. İş materiallarında olan: - Satıcı «Yuma Medical» LP ilə alıcı İddiaçı MMC arasında bağlanmış 04KOMP/2019 saylı, 01 noyabr 2019-cu il tarixli müqavilədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında dəyəri 15.000,00 ABŞ dolları təşkil edən «Phillex» kosmetik vasitələrinin alqı-satqısına dair müqavilə bağlanmış, 28 vevral 2020-ci il tarixli müqaviləyə Əlavəyə əsasən müqavilənin ümumi dəyərinin 15.000,00 ABŞ dollarından 30.000,00 ABŞ dollarına artırılması müəyyən edilmişdir. - 04.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Yma Medical” LP-nin bank hesabına 3100 ABŞ dolları ödəniş edilmişdir. - 11.11.2020-ci il tarixli, **********6521 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, «Yuma Medical» LP tərəfindən göndərilmiş mənşə ölkəsi Koreya Respublikası, göndərən ölkə Böyük Britaniya olan «Phillex» kosmetik və dəriyə qulluq vasitələri İddiaçı MMC tərəfindən qəbul edilmiş və gömrük rəsmiləşdirilməsi üçün 11.10.2020-ci il tarixdə bəyannaməsi təqdim edilmişdir. Gömrük bəyannaməsinin 33-cü qrafasında mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 3100,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 5270,00 manat, 46-cı qrafasında statistik dəyəri 3.100,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0/1 seçilərək “İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Bəyənnamənin B qrafasında hesablama detallarının cəmi olaraq gömrük ödənişi cəmi 1987,59 manat müəyyən edilmişdir. Həmin bəyənnamənin 50-ci qrafasından görünür ki göstərilən məlumatlar “Express customs Services" MMC ilə İddiaçı MMC arasında bağlanan K/E saylı 06.10.2020-ci il tarixli xidmət müqaviləsi əsasında GB-də göstərilən məlumat təsdiq edilmiş və bəyan edilmişdir. - Eyni təyinatlı 16.11.2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 2.594,49 manat məbləğində, 25.11.2020-ci il tarixli digər gömrük bəyannaməsi üzrə 4.525,39 manat məbləğində malların gömrük rəsmiləşdirilməsi aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC ilə Böyük Britaniyanın «Yuma Medical» LP arasında bağlanmış 01.11.2019-cu il tarixli, 04KOMP/2019 nömrəli müqavilə əsasında idxal edilmiş «Phillex» kosmetik vasitələri gömrük rəsmiləşdirilməsi üçün 16.11.2020-ci il tarixdə **********6521 sorğu nömrəli gömrük bəyannamələri cavabdehə təqdim edilmişdir. Təqdim edilmiş gömrük bəyənnamələrinə əsasən gömrük rəsmiləşdirilməsi aparılmışdır. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı cavabdehə təqdim olunmuş müqavilə və invoysa əsasən malın rəsmiləşdirilməsinə imkan verilməməsi və süni surətdə yükün dəyərinin qaldırılması, nəticədə onlar tərəfindən artıq ödəniş edilməsini göstərməklə, artıq ödənilmiş məbləğin geri ödənilməsi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətə cavab verilməmişdir. Bundan sonra iddiaçı yuxarıda göstərilən tələblərlə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli məsələni iddia tələbini təmin etməməklə həll etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “...Qanunvericiliyin tələbi baxımından gömrük rəsmiləşdirilməsi zamanı gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etmək gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslərin, hazırki halda iddiaçının vəzifəsinə daxildir. Gömrük bəyannaməsini və gömrük orqanlarının qanunvericiliyin tələblərinə uyğun olaraq tələb etdiyi siyahı üzrə müəyyən edilmiş sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına cavabdehdir. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin, yəni iddiaçının gömrük orqanına malların gömrük rəsmiləşdirilməsi ilə bağlı 11.11.2020-ci il tarixdə **********6521 sorğu nömrəli bəyannaməsini təqdim etdiyi vaxtdan başlamış, zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və qanunla nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Həmin bəyənnamədə göstərilən məlumatların düzgünlüyü iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin təqdim etdiyi gömrük bəyənnaməsi üzrə gömrük rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir..... Qanunvericiliyin tələblərindən göründüyü kimi malların gömrük dəyərinin təyin olunması məqsədilə mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən xüsusi biliklər tələb olunduğu hallarda gömrük ekspertizası aparıla bilər. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi gömrük ekspertizasının aparılması ilə bağlı məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin bu müraciət gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra deyil, gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən edilə bilər. İddiaçı hüquqi şəxs “İddiaçı MMC-nin göstərilən hüququ olduğu halda vaxtında bundan istifadə etməmiş, təqdim etdiyi **********6521 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyü səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmış və idxal etdiyi kosmetik vasitələr iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş 11.11.2020-ci il tarixdə **********6521 sorğu nömrəli bəyannaməsi onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edildiyindən, gömrük ödənişləri ödənilərək, gömrük rəsmiləşdirilməsi başa çatdırıldığından, kosmetik vasitələr artıq iddiaçının sərəncamına verildiyindən, iddiaçının artıq alınmış 2599,09 manat vəsaitin ona geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və gömrük dəyərinin YM281020KOM nömrəli invoys dəyərinə uyğunlaşdırılınası barədə tələbi əsassızdır və rədd edilməlidir.” Birinci instansiya məhkəməsinin nəticəsi ilə kollegiya razılaşmır. Belə ki, X4 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********6521 nömrəli bəyannamə 13.11.2020-ci il tarixdə saat 10:39-da növbəyə qəbul olunmuş, 13.11.2020-ci il tarixdə saat 11:33-də gömrük rəsmiləşdirilməsi başlamış və GBdəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 14:10-da isə ödəniş qəbul edilərək, malların buraxılması üçün gömrük postuna göndərilmişdir. 13.11.2020-ci il tarixdə saat 16.53-də qeydə alınmış bildirişdən görünür ki, malların buraxılışa hazır olması qeyd edilmişdir. Lakin, işdən görünür ki, 17.11.2020-ci il tarixdə GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün bəyannamə geri qaytarılmış və hər hansı qanuni əsas gətirmədən əlavə 660 AZN ödəniş edilməli olması üçün malları buraxmaqdan imtina etmişdir. 17.11.2020-ci il tarixdə saat 09.12-də ödəniləcək məbləğ 1987,59 AZN göstərilməklə rəsmiləşdirməyə təqdim edilən sənədlərin düzgünlüyü təsdiq edilmiş, lav haqq dənilmiş lakin, 24.11.2020-ci il tarixli saat 11.57 bildirişində ödənişin məbləği hər hansı əsas olmadan yenidən artıq qeyd edilməklə 4521,39 AZN göstərilmişdir. Yenidən əsassız tələb edilən məbləğ iddiaçı tərəfindən ödənildikdən sonra 25.11.2020-ci il tarixdə saat 14.19-da gömrük rəsmiləşdirilməsi başa çatmış, iddiaçının malları buraxılmışdır. Göründüyü kimi, cavabdehə təqdim edilmiş 04.12.2020-ci il tarixli ödəniş tapşırığına və YM281020-KOM nömrəli invoysa uyğun olaraq iddiaçı tərəfindən 11.11.2020-ci il tarixli bəyannamədə malların statistik dəyəri 3100 ABŞ dolları göstərilsə də, cavabdeh orqan tərəfindən 16.11.2020-ci il tarixdə malların statistik dəyərinin 4100 AZN, sonradan isə 7100 AZN olması qeyd edilərək iddiaçıdan müvafiq olaraq 660 AZN və 1939,09 AZN əlavə gömrük rüsumu tələb edilmiş, lakin qeyd edilən məbləğlərin hansı əsasla hesablanmasının izahı verilməmişdir. AR Gömrük Məcəlləsinin 150.4-cü maddəsinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanunun 11.2-ci maddəsinə əsasən, aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələblərini nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Qeyd edilən qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi zamanı müəyyən edilir ki, İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və təsdiq edimişdir. Əks halda, yəni gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə cavabdeh gömrük orqanı rəsmi olaraq 62-ci maddənin tələbinə əsasən, İddiaçı MMCdən müvafiq düzəlişlərin aparılmasını tələb etməli idi. Bunun əksinə orqan tərəfindən iki dəfə təqdim edilmiş bəyannamələr geri qaytarılmış, ödənişin məbləği süni artırılaraq hər hansı əsas təqdim edilmədən, bildiriş verilmədən ödənilməsi tələb edilmiş, həmin müddət ərzində isə iddiaçıya məxsus mallar saxlanılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. 2.3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2013-cü il tarixli 73 saylı Qərarı ilə təsdiq olunmu “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələblər”inin 1.1-ci bəndinə əsasən bu Tələblər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 180.3-cü və 181.5-ci maddələrinə əsasən hazırlanmışdır və müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə və anbar sahibinə dair tələbləri müəyyən edir. 7.3-cü bəndinə əsasən malları anbara yerləşdirən şəxslə anbar sahibinin münasibətləri mülkihüquqi müqavilə əsasında qurulur. Kollegiya iddiaçıya məxsus malların anbarda saxlanılmasına münasibətdə qeyd edir ki, iddiaçıya məxsus malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mülki-hüquq münasibətləri, yəni mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malları ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş İddiaçı MMC-yə məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən həmçinin qeyd etmişdir ki, “... Malın gömrük dəyərinin müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi gömrük ekspertizasının aparılması ilə bağlı məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Lakin bu müraciət gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra deyil, gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən edilə bilər. İddiaçı hüquqi şəxs “İddiaçı MMC-nin göstərilən hüququ olduğu halda vaxtında bundan istifadə etməmiş, təqdim etdiyi **********6521 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyü səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş və gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatdırılmış və idxal etdiyi kosmetik vasitələr iddiaçının sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır.” AR Gömrük Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Həmin Məcəllənin 322.3-cü maddəsinə əsasən gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. İstinad edilən normaların tələblərindən göründüyü kimi, gömrük ekspertizası o halda təyin olunur ki, Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən, malların gömrük dəyərinin) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunsun. Hazırkı işdə iddiaçıya məxsus malın dəyərinin müəyyən edilməsi üçün xüsusi biliklərin tələb olunduğuna, bu səbəbdən də gömrük ekspertizasının təyin olunmasını zəruri edən hallara dair hər hansı məlumat yoxdur. Deməli, bu hüquqdan iddiaçının istifadə etməsi üçün də zərurət və əsaslar olmamışdır. Əksinə, iddiaçı gömrük ərazisinə gətirdiyi malın gömrük dəyərinin “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulla (malın sövdələşmə qiyməti ilə) müəyyən edilməsi üçün sənədləri cavabdehə təqdim etmişdir. Eyni zamanda, həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan və 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun tətbiqini istisna edən şərtlərin mövcudluğuna dair sübut da işdə yoxdur. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinin tələbinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinin tələbinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 23.2-ci maddəsinin (İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) müddəalarının tələbinə görə, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh inzibati orqanın maraqlı şəxsə yardım göstərilməsi, məsləhətlərin və zəruri məlumatların verilməsində ifadə olunan xidməti vəzifələrinə dair məcburi göstərişlər Gömrük Məcəlləsində də təsbit olunmuşdur. Belə ki, həmin Məcəllənin 40.4-cü maddəsinin tələbinə görə, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir. Kollegiya bildirir ki, qeyd edilən normaların birinci instansiya məhkəməsi tərəfindən edilmiş şərhinin əksinə, gömrük ekspertizasının keçirilməsi yalnız mal sahibi və ya bəyannaməçinin tələbilə deyil, gömrük orqanın özünün təşəbbüsü ilə də keçirilə bilər. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Hazırki işin hallarından isə aydındır ki, iddiaçı tərəfindən idxal edilən malın invoys dəyəri cavabdeh gömrük orqanı tərəfindən mübahisələndirilmiş, lakin ziddiyyətlərin aradan qaldırılması üçün qanunda qeyd edilən ekspertiza hüquququndan da istifadə edilməyərək, əsassız olaraq gömrük ödənişinin məbləği süni artırılmışdır. Cavabdeh orqan əsassız gömrük ödənişi hesablanmasına və ödəniş edilənədək malların saxlanması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən ölkəyə idxal edilən malların dəyərinin digər şirkətlər və fiziki şəxslər tərəfindən idxal edilən eyni cinsli və eyni istiqamətdən gələn yüklərin dəyərindən kəskin fərqlənmişdir. Cavabdeh inzibati orqan mövqeyini belə əsaslandırır ki, risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə malları ixrac edən ölkənin ixrac bəyannaməsində ödəniş məbləğinin FOB-USD 15012.00 olduğuna istinad edərək artıq gömrük ödənişi tələb etmişdir. Dəlil olaraq isə iş materiallarına əlavə edilmiş 27.04.2021-ci il tarixli, 13523-21 040057X saylı Koreya ixrac bəyannaməsi göstərilmişdir. 27 aprel 2021-ci il tarixli ixrac bəyannaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC tərəfindən 15,012 ABŞ dolları məbləğində «Phillex» gözəllik və kosmetika hazırlıqları vasitələrin FOB göndəriş vasitəsilə ümumi çəkisi 50,0 kq barəsində hesabat verilmiş, yükləmə öhdəliyi 27.05.2021-ci il tarix müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən bəyannamə iş materiallarına əlavə edilmiş və mötəbər sübut kimi iddianın rədd edilməsinə əsas olmuşdur. Bu dəlilə etiraz edən iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “... həmin saxta sənədin üzərində onun tərtib edildiyi vaxt 2021-ci ilin aprel ayı göstərilmiş və bizim iddiamızda göstərilən 2020-ci ilin noyabr ayında tərtib olunmuş GB**********6521 nömrəli gömrük bəyannaməsinə heç bir aidiyyəti yoxdur. ... Koreya Respublikasının gömrük qanunvericiliyinə əsasən həmin ölkədə gömrük rəsmiləşdirilməsi zamanı kağız daşıyıcılarından istifadə olunmur, buna görə də Koreyanın gömrük orqanları ixrac bəyannamələrinin surətlərini təqdim etmirlər. Zərurət yarandıqda isə müvafiq sorğu əsasında Koreya gömrük orqanları yalnız müqayisələndirmə məlumatlarını təqdim edə bilərlər. ... Əsli olmayan və ya müvafiq qaydada apostil ilə təsdiq olunmayan və ya leqallaşdırılmayan xarici sənədlərin Azərbaycan Respublikasında hüquqi qüvvəsi yoxdur.” Qeyd edilən bəyannaməyə baxış keçirən kollegiya iddiaçının dəlilləri ilə razılaşaraq bildirir ki, cavabdeh orqan tərəfindən iddiaçının dəlillərini təkzib edən və təqdim edilmiş bəyannamənin mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən gətirilmiş malların qiymətləri ilə bağlı yaranmış şübhə nəticəsində gömrük orqanı Koreya ixrac bəyannaməsini əldə etmək məqsədi ilə Koreya gömrük orqanı ilə yazışmalar aparmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh təqdim olunmuş xidməti məktubu və 27.04.2021-ci il tarixli ixrac bəyannaməsini əsas götürərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin bəyan edilən dəyərdən yüksək olduğuna istinad etmişdir. Məhkəm kollegiyası hesab edir ki, bu məktubun sübut qismində sayılması və cavabdeh inzibati orqanın xeyrinə təsir göstərməsi mümkün deyildir. Kollegiya ilk öncə qeyd edir ki, işdən aydın göründüyü kimi iddiaçı tərəfindən malların gətirilməsi və bəyan edilməsi 2020-ci ilə aid olduğu halda, cavabdehin təqdim etdiyi məktub və bəyannamə 2021-ci ilə aiddir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 102.1 Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2.Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. 146.1.Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.2. Gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 18.2.3. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 8.300 ABŞ olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. Yuxarıda adıçəkilən Qanunun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, Koreya ixrac gömrük bəyannaməsi adı ilə əldə etmiş olduğu məlumata istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində gömrük dəyərini müəyyən etmək üçün xarici malların istehsal və göndərildiyi ölkədə rəsmiləşdirilmiş ixrac gömrük bəyannaməsindən istifadə edilməsi nəzərdə tutulmamışdır. Hazırki işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən yuxarıda qeyd edilənlər nəzərə alınmamış, işin faktiki halları hərtərəfli araşdırılmadan yekun qərar qəbul edilmişdir. Yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən İddiaçı MMC tərəfindən təqdim edilmiş 11.11.2020-ci il tarixli, GB**********6521 nömrəli gömrük bəyannaməsinin geri qaytarılaraq, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş və 13 noyabr 2020-ci il tarixdə gömrük rəsmiləşdirilməsi başa çataraq buraxılışa verilmiş yükün buraxılışının dayandırılması, 660 AZN və 1939,9 AZN olmaqla cəmi, 2599,9 AZN əlavə gömrük rüsumunun ödənilməsinə məcbur edilməsi və ödənişlər edilənədək malların anbarda saxlanması qanunsuz olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»n -2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. - 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. -5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. -6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. -6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. -6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. -6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. -6.5. Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edir. -6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. -6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. -6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ərizəlarlə cavabdehə və Dövlət Gömrük Komitəsinə müraciət edərək gömrük orqanını gömrük ödənişlərini artıq tutmaqda ittiham etmiş və həmin pulun geri qaytarılmasını tələb etmiş, lakin iddiaçının müraciəti cavabdeh tərəfindən cavablandırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 660 AZN və 1939,9 AZN olmaqla cəmi, 2599,9 AZN məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayəttəmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8167/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçındən əlavə gömrük rüsum və ödənişləri tələb edilməsinə dair cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin. İddaçı İddiaçındən artıq tutulmuş 2599.09 manatın geri qaytarılması barədə müvafiq qərarın qəbul edilməsi, müvafiq rəyin tərtib edilməsi, həmin sənədlərin maliyyə orqanına göndərilməsi vəzifəsi cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar