Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-501/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin aparılaraq malların gömrük buraxılışının həyata keçirilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1178/2023 nömrəli, 16 may 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC tərəfindən ölkəyə **********4688 və **********2031 saylı gömrük bəyannamələri ilə bəyan edilmiş parçaları ********** XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması, malların müvafiq gömrük orqanı tərəfindən buraxılışının həyata keçirilməsi və real zərərə görə 13 aprel 2022-ci il tarixə qədər 6840 AZ (3200ABŞ dolları və 1400 manat) və 13 aprel 2022-ci il tarixindən rəsmiləşdirmə başa çatana qədər hər gününə 176 AZN hesablanmaqla kompensasiyanın iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Çin Xalq Respublikasında yerləşən parça istehsalçı olan “X13 Co” LTD şirkətinin nümayəndəsidir. İlkin olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə “X13 Co” LT -dən iddiaçıya invoys dəyəri 78932,75 ABŞ dolları, digəri 67876,55 ABŞ dolları dəyərində olan ilməsiz, qısaxovlu, maşınla toxunulmuş, kimyəvi saplardan olan trikotaj parça ölkəyə idxal edilmişdir. Həmin məhsullarla bağlı müvafiq sənədlər, o cümlədən gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş, malın XİF kodunun müəyyənləşdirilməsi üçün konteynerdə idxal olunmuş maldan götürülmüş nümunə DGK Mərkəzi ekspertızina göndərilmiş və təsdiqini tapmışdır. (XİF kodu 60019200 - 0% idxal rüsumu, 18% ƏDV) Daha sonra bəyan olunan malın statistik dəyəri (5,23$/kq) iddiaçı ilə razılaşdırıldıqdan sonar artırılmış və rəsmiləşdirilməsi həyata keçirilmişdir (iddiaçının artımla razılaşmasına səbəb konteynerin uzun müddət X14 saxlanılıb ziyana uğramasının qarşısını almaq olmuşdur, çünki bu iki konteyner yük daşıyan avtomobillər üzərində gəlmişdir, belə olduğu təqdirdə gündəlik yaranan xərclər - 170AZN (100 ABŞ dolları) sürücüyə, 68AZN (40 ABŞ dolları gəmi şirkətinə konteynerə görə demuraj) və 9 AZN terminal ambarına ümumilikdə isə günə 247 AZN hər konteynerə görə təşkil edəcəkdir). Rəsmiləşdirilmə bitirilmiş və hər iki konteynerdə olan yük iddiaçı tərəfindən təhvil götürülmüşdür. Bundan sonra xx.xx.2022- cı il tarixdə və xx.xx.2022-ci il tarixdə eyni “X13 Co” LTD-dən iddiaçıya invoys dəyərləri biri 89294,75 ABŞ dolları, digəri 91901,25 ABŞ dolları olan eyni maldan - ilməsiz, qısaxovlu, maşınla toxunulmuş, kimyəvi saplardan olan trikotaj parça ölkəyə idxal edilmişdir. Həmin məhsullarla bağlı bütün müvaiq sənədlər, o cümlədən gömrük bəyannaməsi Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş, lakin adıçəkilən gömrük orqanı məhsulların rəsmi sənədləşməsində qeyd edilmiş dəyərlə razılaşmayaraq, heç bir dəlil gətirmədən həmin məbləğin suni surətdə azaldıldığını və gömrük rüsumunun bəyannamələrdə qeyd edilən kııni ümumi olmamasını iddia edir və iddiaçıdan artıq rüsum tələb edirlər. Bu məqsədlə maliyyə müfəttişi tərəfindən XİF kodunun dəqiqləşdirilməsi məqsədilə əvvəllərdə olduğu kimi konteynerdən nümunə götürülmüş və DGK-nin ekspertiza mərkəzinə göndərilmişdir. Lakin ekspertiza tərəfindən cihazları işləmədiyi səbəbi ilə XİF kodu müəyyən edilməmiş və geri qaytarılmışdır (əvvəlki konteynerlərdə gələn iki yüklərin tərəflərindən bəyan olunan XİF kodu isə ekspertizada təsdiqini tapmışdır). Qeyd etmək istəyirlər ki, əldə etdikləri məlumatlara görə onlarla eyni vaxtda bır neçə şirkətin parça nümunələri labarotariya təqdim olunmuş və ekspertiza tərəfindən XİF kodları müəyyən olunaraq cavablandırılmışdır. Ekspertezinanın rəy verməməsinə səbəb XİF kodunu hansı səbəblərə görə təsdiq etmək istəməməsidir (XİF kodu 60019200 - 0% idxal rüsumu, 18% ƏDV). Daha sonra yükün statistik dəyərinin təyin olunması məqsədilə 02 Mart 2022-ci il tarixində BBGİ-nin rəisi və BBGİ-nin rəis köməkçisi Cəfəralı müəllim ilə iddiaçının nümayəndəsi görüşdü. Statistik dəyər (Ekspertiza rəyi olmadan idxal rüsumu 15% olan XİF koduna dəyişdirilməklə 5,23 $/kq-na təklif olunurdu) ilə bağlı razılıq əldə etmədiyindən, yükün XİF kodunun dəqiqləşdirilməsi məqsədilə BBGİ tərəfindən malin təkrar ekspertizaya göndərilməsi qərara alındı. Təkrar Ekpsertiza keçirildi və ekspertizanın rəyi idxal rüsumu 15%, ƏDV 18% olan XİF kodu (********) göstərildi. İddiaçı bununla razılaşmayaraq yenidən və qanunvericiliyə əsasən artıq iddiaçının iştrakı ilə ekpertizanın keçirilməsi tələb edildi. Belə ki, xx.xx.2022-ci il tarixdə ekspertiza təyin edildi, ekspert qarşısında suallar qoyuldu və BBGİ bu məqsədlə işi DGK-nin Mərkəzi ekspertizasına yönəltdi. Lakin, DGK-nin Mərkəzi Ekspertiza İdarəsinin eksperti V.Allahverdiyeva ekspertiza keçirmədən xx.xx.2022-ci il tarixdə ilkin keçirilmiş ekspert rəyini yenidən BBGİ-yə göndərdi. Hansı ki, iddiaçının iştirakı ilə, yeni komısiyon ekspertiza keçirməli idi. Ekpertin və Mərkəzi Ekspertiza İdarəsinin rəhbərliyinin belə hərəkəti yalnız sahibkara qarşı qərəzli və qanuna zidd addım kimi qiymətləndirilə bilər. Həmçinin qeyd etmək istəyirlər ki, son ay ərzində bir neçə sahibkarın tərkib baxımından iddiaçının yükü ilə eyni olan yüklərin nümunələrinin XİF kodları X11 İdarəsi tərəfindən qanunsuz şəkildə dəyişdirilərək idxal rüsumu 0% olduğu halda aidiyyatı olmayan idxal rüsumu 15%-li XİF kodu verilir və heç bir tutarlı dəlil gətirilmədən sahibkarların hüquqları tapdalanır Bu hal artiq 3 aydır ki, müşahidə olunur. İddiaçının da malında qeyd olunan qanunsuzluqlar baş verdi və baxmayaraq ki, noyabr ayında eyni maldan idxal olunmuşdur və iddiaçının bəyan etdiyi XİF kodu ********** (0% idxal rüsumu) ekspertiza tərəfindən təsdiq olunmuşdur. Hazirda isə təzyiqlər və qeyri şəffaf iş nəticəsində iddiaçının malının XİF kodu dəyişdirilib ********** (15% idxal rüsumu) koda salınır. Sual yaranır necə ola bilər ki, iki dəfə eyni malı idxal olunduğu və rəsmiləşdirildiyi təqdirdə ekspertiza malın XİF kodun idxal rüsumu 0 % olan koda təsdiqləyir, hazirda isə idxal rüsumu 15 % olan kodla əvəzləşdirir. Deməli eyni ekspertizanın iki rəyi arasında ziddəyyət mövcuddur. Açıq aşkar qanunsuz olaraq ilməsiz parça idxal olunduğu təqdirdə qəsdən malın XİF kodu ilməli parçanın koduna əvəzləşdirilir. Satıcı ilə razılaşmaya əsasən mal Bakıya çatdiqdan 1 ay ərzində alıcı satıcaya malın tam dəyərini ödəməlidir. Bundan başqa məhsulları daşıyan nəqliyyat vasitəsi ölkəyə bir konteyner 2022-ci il 23 fevral tarixdə, digəri isə 2022-ci il 07 mart tarixində daxil olmuş və artıq biri 50 gün, digəri 40 gündür ki, X1maqdadır, konteynerin sahibi olan daşıyıcı gəmi şirkəti iddiaçıya konteynerə görə günlük 40 USD məbləğində demuraj cəriməsi hesablayır. X15 Yol Terminalıda gününə 20 AZN olmaqla ambar xidmətləri hesablamaqda davam edir. Dolayısıyla iddiaçının maddi vəziyyəti daha da, pisləşməyə doğru getməkdədir. Çünki, malların buraxılışının həyata keçirilməməsi nəticəsində iddiaçının satışı dayanmış və daşıma şirkəti tərəfindən tətbiq olunan cərimələri. ADT-nın saxlanc cərimələrini, eləcə də, malın dəyərini ödəməyə qadir deyildir. Ümumilikdə bu günə iddiaçıya 3200 ABŞ dolları və 1400 manat ziyan hesablanmışdır və bu ziyan hər gün 176 AZN (80 ABŞ dolları + 40 AZN) artmaqda davam edir Bununla yanaşı, mallar trikotaj parça məhsulları olduğundan, xassələrinə uyğun olaraq, havanın tez-tez dəyişdirilmədiyi yerdə, havasız qaldıqda, həmçinin hava temperaturunun dəyişkən olması səbəbilə rəngini dəyişə bilər, nəm çəkib xarab ola bilər (kiflənə bilər), həşaratlar tərəfindən korlana bilər mallar artıq 150 gündür ki, konteynerdə qalır. Hazırda cəmiyyət maddi cəhətdən çətin vəziyyətdə olduğundan, bunu edə bilməməyi səbəbilə mallar öz keyfiyyətini itirmə mərhələsindədir. Mallar bəyan edildikdən sonra 2 gün müddətində yoxlanılmalı və gömrük nəzarətindən buraxılmalıdır Əks halda həmin müddət uzadılarsa və ya gömrük nəzarətindən buraxılmazsa, bu halda buraxılmamanın səbəbini özündə əks etdirən qərar qəbul edilməlidir. Lakin, ərizəçi MMC-nin həyata keçirdiyi hazırkı idxal əməliyyatı ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən hər hansı bir qərar qəbul edilməmiş və iddiaçıya təqdim edilməmişdir. Digər tərəfdən, mallar üzrə ekspertiza təyin edildiyi halda da belə bir qərar qəbul edilməli idi. Halbuki, belə bir qərar mövcud olmamışdır. Ekspertiza təyin edilməsi barədə qərar vaxtında nümayəndəyə təqdim edilməli və onunla tanış edilməli idi, əks halda qərar olmadan təyin edilmiş ekspertizanın və onun rəyinin hüquqi nəticəsinin olmaması aşkardır. Ekspertiza təyin edilməsi, yəni Baş Gömrük idarəsinin malların idxal dəyərinin araşdırması ilə bağlı hərəkəti həm də ona görə qanunsuzdur ki, idxalçı ilə yanaşı satıcı da bəllidir. Onlar arasında müqavilə bağlanılmış, yükləmə partiyalarına görə invoys tərtib olunmuş və bu müvafiq sənədlərdə malların sayı, çeşidi, tərkibi, ölçü vahidləri, qiyməti və bütün digər şərtlər göstərilmişdir. "Gömrük tarifi haqqında" Qanunun 12.2-ci maddəsində göstərilmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Malların alğı-satqısı barədə mövcud müqavilə real və etibarlı olduğu üçün belə ekspert araşdırmasını və ən əsası Qanunda göstərilən digər üsulların tətbiqini istisna etməlidir. Başqa sözlə, hazırda gömrük orqanları gömrük qanunvericiliyinin bu tələblərini kobud surətdə pozurlar. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi üçüncü şəxslər qismində göstərilməklə, İddiaçı MMC tərəfindən ölkəyə VOLU ******* nömrəli konteynerdə idxal edilən parçanın ********** XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması, malların BBGİ tərəfindən buraxılışının həyata keçirilməsi və real zərərə görə 13 aprel 2022-ci il tarixə qədər 6840 AZN (3200 ABŞ dolları və 1400 manat) və 13 aprel 2022-ci il tarixindən rəsmiləşdirilmə başa çatana qədər hər gününə 176 AZN hesablanmaqla kompensasiyanın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə məhkəmənin 2-1(112)-8811/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl müvafiq ərizə ilə cavabdehə müraciət etməmişdir. İddiaçının cavabdehə ünvanladığı vəsatət iddia ərizə ilə analoji deyil. Belə ki, qeyd olunan vəsatət komission məhkəmə ekspertizası keçirilməsi ilə bağlı olmuşdur. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı MMC tərəfindən ölkəyə VOLU ******* nömrəli konteynerdə idxal edilən parçanın 6001 92 000 0 XİF kodu ilə gömrük rəsmiləşdirilməsinin aparılması və malların buraxılışının həyata keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2023 nömrəli, 16 may 2023-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin 3-cü şəxs kimi inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2023 nömrəli, 16 may 2023-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibatı məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Norma imperativ xarakter daşıdığına baxmayaraq, iddiaçı barəsində başlanmış cinayət işi üzrə icraat başa çatana qədər məhkəmə baxışının dayandırılmasını, məhkəməyə vəsatət verərək xahiş etsək də, məhkəmə icraatının gedişində vəsatətə münasibət bildirməmiş, qərarında da bu məsələyə toxunmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. İddianın mahiyyəti iddiaçı tərəfindən idxal edilmiş parçanın X7 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilərək gömrük rəsmiləşdirilməsi aparılmasından ibarət olduğu halda, məhkəmə qərarının əsaslandırma hissəsində səhvən malların gömrük dəyərinin müəyyənləşdirilməsi üsullarını təsbit edən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilmişdir. Eyni zamanda qeyd edirlər ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 29- 1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş iki ekspert rəyindən görünür ki, iddiaçının ünvanına idxal olunmuş parçalar ilməli, trikotaj parçalardır. İş materiallarına əlavə edilmiş X8 İdarəsinin eksperti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçının ünvanına idxal olunmuş parçalar ilməli, trikotaj parçalardır. İş materiallarına əlavə edilmiş X8 İdarəsinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçının ünvanına idxal olunmuş parçalar ilməsiz, trikotaj parçalardır. İş materiallarında olan 3 ekspert rəyində parça nümunələrinin ilməli olduğu, 1 ekspert rəyində isə parça nümunələrinin ilməsiz olduğu göstərildiyi halda məhkəmə həmin ekspert rəyinə istinad edərək qərar qəbul etmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinin tələblərini pozaraq verilmiş digər ekspert rəyləri ilə razılaşmamasının səbəblərini qərarda əsaslandırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilsə də, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı malların rəsmiləşdirilməsi ilə bağlı cavabdehə bəyannamə təqdim edərək müraciət etmiş, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək, iddiaçının təqdim etdiyi bəyannamədə göstərilmiş malın XİF mal nomenklaturasındakı kod ilə razılaşmayaraq, gömrük ekspertizası təyin edilmiş, təyin edilmiş gömrük ekspertizasının nəticəsindən narazı qalan iddiaçı, cavabdeh tərəfindən malların təqdim edilmiş gömrük bəyannaməsinə əsasən gömrük rəsmiləşdirilməsinin aparılmayacağı qənaətinə gələrək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. -104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. -104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. -121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir. -146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. -146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. -148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək vəzifələri vardır. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunun: -7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. -8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. -10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. -12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: malların sövdələşmə qiyməti ilə; eyni malların sövdələşmə qiyməti ilə; eynicinsli malların sövdələşmə qiyməti ilə; dəyərin çıxılması üsulu ilə; dəyərin toplanması üsulu ilə; ehtiyat üsulu ilə. -12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. -12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. - 13.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin əv ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. -18.2-ci maddəsinə əsasən bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından görünür ki, İddiaçı MMC (alıcı) ilə Çin Xalq Respublikasında yerləşən “X13” CO” LTD (satıcı) arasında bağlanmış 2 nömrəli, 01 fevral 2021-ci il tarixli satınalma müqaviləsi və müqaviləyə edilmiş 10 mart 2021-ci il tarixli 1 nömrəli əlavə razılaşmanın predmetinə əsasən alıcı satıcının kataloqunda yer almış malları almağa razılıq vermişdir. Ayrı-ayrı mallar üçün qiymətlər satıcının hesabfakturalarında göstərilir, müqavilənin ümumi dəyəri 1000000 USD təşkil edir. Satıcı “X13” CO,” LTD tərəfindən ümumi invoys dəyəri 892294,75 ABŞ dolları olan, xx.xx.2021-ci il tarixli BK211122/AT nömrəli, ümumi invoys dəyəri 91901,25 ABŞ dolları olan xx.xx.2021-ci il tarixli, BK211122/RF nömrəli invoyslarla alıcı İddiaçı MMC-nin ünvanına müvafiq olaraq 689 və 763 yer sayında ********** XİF MN kodunda mallar göndərilmişdir. İddiaçı MMC-nin ünvanına daxil olan ümumi invoys dəyəri 89294.75 ABŞ dolları olan mallar xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli; ümumi invoys dəyəri 91901.25 ABŞ dolları olan mallar isə xx.xx.2022-ci il tarixli, **********2031 sorğu nömrəli bəyannamələr ilə gömrük orqanına bəyan edilmişdir. Təqdim edilmiş bəyannamələrdə malın təsnifat kodu 60012 0000 göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi X2 xx.xx.2022ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı MMC-nin ünvanına BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoysun 1-ci mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümunələr “Textile Fabric” adlı, polietilentereftalat (CAS 25038-59-9) əsaslı müxtəlif rəngli liflərdən hazırlanmış xovlu, maşına toxunmuş, ilməli, trikotaj parçalar XİF MN-ə görə 6001 22000 0 alt yarımmövqeyində sinifləşdirilmişdir. Hazırki tələbində iddiaçı gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Belə ki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməli olduğunu bildirir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırki iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin müddəalarına əməl edilməmişdir. Belə ki, cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, inzibati icraat zamanı iş üzrə ekspertiza keçirərək malların 6001 22000 0 alt yarımmövqeyində sinifləşdiriləli olmasına istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində araşdırma aparılarkən iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli **********4688 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodunun müəyyən edilməsi ilə bağlı iş üzrə ekspertiza təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X8 İdarəsinə tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Ümumi gömrük invoys dəyəri 89294,75 ABŞ dolları təşkil edən, “X13” CO,” LTD tərəfindən BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoys, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş parça, xx.xx.2022-ci il tarixdə, **********7818 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş parça ilə eynidirmi?
2. Ümumi gömrük invoys dəyəri 89294,75 ABŞ dolları təşkil edən, “X13” CO,” LTD tərəfindən BK211122/AT nömrəli, xx.xx.2021-ci il tarixli invoys, İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********4688 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların XİF MN kodu müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi tərəfindən 22 fevral 2023-cü il tarixli 2200-015/0xx-xx/001033 nömrəli məktubla ekspert rəyi təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsinə əsasən ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına xx.xx.2021-ci il tarixli BK211122/AT nömrəli invoysun 1-ci mövqeyi üzrə, xx.xx.2022-ci il tarixli **********4688 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükdən təqdim edilmiş nümunələr polietilentereftalat (CAS 25038-59-9) əsaslı liflərdən ibarət, ilməsiz qısaovlu, maşınla toxunmuş müxtəlif rəngli trikotaj parçalar olub XİF MN-ə görə 6001 92000 0 alt yarımmövqeyində sinifləşdirilir. xx.xx.2022-ci il tarixli **********7818 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük sərbəst dövriyyəyə buraxıldığı üçün malların eyniləşdirilməsi mümkün olmadı. Göründüyü kimi ekspert rəyində malların XİF MN-ə görə 6001 92000 0 alt yarımmövqeyində sinifləşdirilildiyi bildirilmişdir. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edilmişdir, cavabdeh inzibati orqan tərəfindən ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq sübutlar təqdim edilməmişdir. Kollegiya həmçinin apellyasiya şikayətinin “iddiaçı barəsində başlanmış cinayət işi üzrə icraat başa çatana qədər məhkəmə baxışının dayandırılmasını, məhkəməyə vəsatət verərək xahiş etsələr də, məhkəmə icraatının gedişində vəsatətə münasibət bildirməmiş, qərarında da bu məsələyə toxunmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, İddiaçı MMC-nin direktoru vəzifəsində işləyən X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə cinayət işi açılmış, hökmlə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 209.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilmişdir. Hökmlə müəyyən edilir ki, cinayət işinin materialları (02 oktyabr 2023-cü il tarixli, 3- 16-16/2-6/3347-9/4529 nömrəli ekspert rəyi, ekspertlərin ifadələri), həmçinin təqsirləndirilən şəxsin ifadəsi ilə X9 tərəfindən mübahisə predmeti olan və dəyəri 89294,75 ABŞ dolları olan malın XİF kodu 60019200 olmaqla düzgün kodla rəsmiləşdirilməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, cavabdeh inzibati orqan yükün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”i üzrə ********** alt mövqeyində sinifləşdirilməli olduğu qənaətindədir. Burada da sırf məqsədin gömrük dəyərinə görə 15 % idxal gömrük rüsumu dərəcəsi tətbiq edilməli olması ilə bağlıdır. Yəni inzibati orqanın hüquqi marağı məhz idxal olunan mallara görə gömrük ödənişlərinin həyata keçirilməsinin təmininə söykənir. Lakin bununla bağlı Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda sözügedən Qərara edilmiş dəyişikliklərdən aydın görünür ki, XİF MN-ə görə ********** alt yarımmövqeyində də sinifləşdirilən mallara münasibətdə xx.xx.2030-cu il tarixinədək 0% idxal gömrük rüsumu tətbiq edilir ( https://e-qanun.az/framework/37035). Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2023 nömrəli, 16 may 2023-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1178/2023 nömrəli, 16 may 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov