Məhkəmə qərarları › İş №2-1(103)-529/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-529/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-529/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-8286/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə 13 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, ona “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalının təqdim edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) xx.xx.1996-cı ildən 2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 16 avqust 2021-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Onun 2021-ci ilin iyul ayında Silahlı Qüvvələrdə 25 il xidməti tamam olmuş, lakin xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Silahlı Qüvvələr veteranı” medalının, habelə vəsiqəsi və adının verilməsi üçün heç bir tədbir görülməmişdir. Xidmət müddətində “Qüsursuz xidmətə görə” 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə görə Azərbaycan Respublikası Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikası vətəndaşları Silahlı Qüvvələr veteranları sayılırlar. “Silahlı Qüvvələr Veteranı” adı ehtiyata və ya istehfaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. İddiaçı 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə yazılı müraciət ünvanlamışdır. Müraciət 28 fevral 2022-ci il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərilmiş və Müdafiə Nazirliyinə dəvət olunaraq iddiaçıya “Silahlı Qüvvələr Veteranı” vəsiqəsi təqdim edilmişdir. Müvafiq medal isə, təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli 329-İİQ nömrəli Qanunu ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sırasında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. İddiaçı hesab edir ki, hərbi xidmətdən ehtiyata buraxılarkən xidmət etdiyi Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəhbərliyi tərəfindən “Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medalı ilə təltif edilməsi üçün tədbir görməli və müvafiq qaydada medalı ona təqdim etməli idi. Beləliklə, “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” veteranı ilə qeyri-müəyyən səbəblərdən vaxtında təltif edilməməsinə görə medalın ona təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, İPM-in 45 – 47-ci maddələrini rəhbər tutaraq, iddiaçıya “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalının təqdim edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-8286/2023 saylı saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 1996-cı il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 01 iyun 2021-ci il tarixdə “Hərbi xıdmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnaməyə müvafiq olaraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrdə xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Ordusunun şəxsi heyətinin medallarla təltif olunması Azərbaycan Respublikası Müdafiə nazirinin 223 nömrəli 17 may 2004-cü il tarixli əmri ilə qüvvəyə minmiş Təlimatın tələblərinə əsasən, medallar haqqında Əsasnaməyə uyğun olaraq, Müdafiə Nazirliyinə təqdim olunmuş təqdimatlar və vəsatətlər əsasında həyata keçirilir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı 01 iyun 2021- ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı və xidmət etdiyi müddət ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması üçün təqdim olunmamış və buna görə də iddiaçıya sözügedən medal ilə təltif olunması həmin medalın Əsasnaməsinin tələblərinə ziddir. Müdafiə Nazirliyi istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Medalın təqdim edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən hesab edirik ki, tərəflər arasında mübahisənin xarakteri, tərəflərin hüquq və vəzifələri birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırmamış iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə mövcud mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-8286/2023 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, işin hallarına görə İddiaçı hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirinin 0683 saylı, 1 uyun 2021-ci il tarixli Əmri ilə 1 uyun 2021-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və o, xidmət müddətində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması üçün təqdim olunmamışdır. Beləliklə, əvvəla iddiaçı hazırkı iddianı qaldırarkən və hal-hazırda hərbi xidmətdə olmadığı müəyyən olunur, ikincisi xidmətdən ehtiyata buraxılma barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0683 saylı, 1 uyun 2021-ci il tarixli Əmri ilə ehtiyata buraxılma əmr edilərkən iddiaçının hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qeyd olunmuş, lakin iddiaçının mükafatlandırması barədə qeyd olmamışdır. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərininmövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 23 sentyabr 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1” 20-ci bəndinə əsasən həvəsləndirmələr hərbi qulluqçuların tərbiyə edilməsi və hərbi intizamın möhkəmləndirilməsi üçün mühüm vasitədir.Hər bir komandir (rəis) bu Nizamnamə ilə ona verilən hüquqlar çərçivəsində tabeliyində olan hərbi qulluqçuların onların ağlabatan təşəbbüslərinə, səylərinə, rəşadətlərinə və yaxşı xidmət göstəricilərinə görə həvəsləndirməlidir. Komandir (rəis) hiss edirsə ki, ona verilən hüquqlar tabeliyində olan hərbi qulluqçunu həvəsləndirmək üçün kifayət deyil, o, özündən böyük rəisin səlahiyyəti ilə hərbi qulluqçunu həvəsləndirmək barədə vəsatət qaldıra bilər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın: 3-cü maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Rspublikası orden və medalları ilə ilə təltif olunması Azərbaycan Rspublikasının ordenlərinin və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. 7-ci maddəsinə əsasən Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına göndərilir. Təltifi Müdafiə nazirinin səlahiyyətində olan medallar üçün təqdimatlar isə Müdafiə nazirinə təqdim olunur. 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı X1 21-ci maddəsinə əsasən öz tabeliyində olan hərbi qulluqçuları bu Əsasnamənin 3-cü maddəsində göstərilmiş xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ alay (briqada komandirlərinə), onlara bərabər və böyük komandirlərə, əlahiddə tabor (İİİ dərəcəli gəmilər divizionu) komandirlərinə, həmçinin tabor (İİİ dərəcəli gəmi) komandirlərinin intizam səlahiyyətlərinə malik olan əlahiddə hissə komandirlərinə (rəislərinə) verilir. 13-cü maddəsinə əsasən tabeliyində olanları Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmağa təqdim etmək hüququ olan komandirlər və rəislər, habelə baxılmaq və qərar çıxarmaq üçün təltif olunmağa təqdimatlar almış komandirlər və rəislər Azərbaycan Respublikasının ordenlərinin və statutunu və medalları haqqında əsasnamələri rəhbər tuturlar. 22-ci maddəsinə əsasən hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimatların birinci və ikinci nüsxələri birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə daxil olmuş təltif sənədləri Müdafiə nazirinin əmri ilə yaradılmış təltif komissiyasına təqdim edilir.Təltif komissiyasında baxılaraq haqqında müsbət qərar qəbul edilmiş təltif sənədləri qərar qəbul olunması üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə olunur. Həmin Təlimatın 23-cü maddəsinə əsasən haqqında müsbət qərar qəbul edilmiş təqdimatlar əsasında Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsində Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının Azərbaycan Respublikasının orden və medalları ilə (təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallardan başqa) təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Göründüyü kimi, medallarla təltif etmə barədə təqdimatın verilməsi bir neçə mərhələdən keçir.Təltif səlahiyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirinə verilmiş medallarla bağlı nazirin əmr layihəsi hazırlanır. Qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır. Kollegiya qeyd edir ki, işin hallarına görə İddiaçı hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirinin 0683 saylı, 1 uyun 2021-ci il tarixli Əmri ilə 1 uyun 2021-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və o, xidmət müddətində “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunması üçün təqdim olunmamışdır. Beləliklə, əvvəla iddiaçı hazırkı iddianı qaldırarkən və hal-hazırda hərbi xidmətdə olmadığı müəyyən olunur, ikincisi xidmətdən ehtiyata buraxılma barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0683 saylı, 1 uyun 2021-ci il tarixli Əmri ilə ehtiyata buraxılma əmr edilərkən iddiaçının hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qeyd olunmuş, lakin iddiaçının mükafatlandırması barədə qeyd olmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyi 23 sentyabr 1994-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı X1”, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın tələblərinə zidd olmuşdur. İddiaçı tələbini və birinci instansiya məhkəməsi iddianın təmin olunmasına dair qərarını əsaslandırarkən iddiaçının xidmət etdiyi hərbi hissədən medalla da təltif olunma barədə Müdafiə Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsi Kadrlar İdarəsinə təqdimat göndərilməməsinin Nazirliyin müvafiq qurumlarının öz vəzifələrini düzgün icra etməməsi və vaxtında icra etməməsi üzündən baş verdiyi, habelə iddiaçıya “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” vəsiqəsi verilibsə mütləq medalla da təltif olunmalı olması kimi mövqedən çıxış etsə də, məhkəmə Kollegiyası qeyd edir ki, bu dəlil formal mülahizəyə əsaslanır. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla iddiaçının xidmət etdiyi hərbi hissədən medalla da təltif olunma barədə Müdafiə Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsi Kadrlar İdarəsinə təqdimat göndərilməməsinin Nazirliyin müvafiq qurumlarının öz vəzifələrini düzgün icra etməməsi və vaxtında icra etməməsi üzündən baş verdiyi nə cavabdeh tərəfindən etiraf edilməmiş, nə də bununla bağlı sübut mövcud deyildir. Cavabdehin bununla bağlı dəlili ondan ibarətdir ki, iddiaçının xidmət etdiyi hərbi hissədən Müdafiə Nazirliyinin Şəxsi Heyətlə Baş İdarəsi Kadrlar İdarəsinə təqdimat göndərilməmişdir və belə təqdimat göndərilməməsi hərbi hissənin qiymətləndirmə səlahiyyətinə aiddir. Məhkəmə Kollegiyası medalla təltif olunmanın cavabdeh orqanın (hərbi hissənin) qiymətləndirmə səlahiyyətinə aid olmasına dair cavabdehin dəlili ilə razılaşır. Belə ki, Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Rspublikası orden və medalları ilə ilə təltif olunması Azərbaycan Rspublikasının ordenlərinin və medalları haqqında əsasnamələrə uyğun olaraq hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə, qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatın 3-cü maddəsi.) İkincisi, iddiaçıya “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” vəsiqəsi verilibsə mütləq medalla da təltif olunmalı olması dəlilinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçının medalla da təltif olunmasına yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmə aparılmaqla qərar qəbul etmək mümkündür. Belə ki, vəsiqənin verilməsi əsasları və mərhələləri medalla təltif olunmanın əsasları və mərhələləri ilə eyni deyildir. Göründüyü kimi, medallarla təltif etmə barədə təqdimatın verilməsi bir neçə mərhələdən keçir.Təltif səlahiyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirinə verilmiş medallarla bağlı nazirin əmr layihəsi hazırlanır. Qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. İddiaçının xahiş etdiyi hərəkətin edilməsi (inzibati aktın qəbul edilməsi) bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstərişi əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-8286/2022 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2-1(112)-8286/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar