Məhkəmə qərarları › İş №2-1(103)-584/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-584/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-584/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi); Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, idiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İqtisadi Tədqiqatlar Mərkəzi X6nın cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İqtisadi Tədqiqatlar Mərkəzi X6 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 25 yanvar 2021-ci il tarixli hər iki informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi barəsində iddiaçının informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 (bundan sonra İTM və ya iddiaçı) 1999-cu ildə X6 kimi qeydiyyatdan keçib və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi təqdiqatlar sahəsində ixtisaslaşmış analitik fikir mərkəzidir. İTMin əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı idarə etməyə yardım etməkdir. İTM-in məqsədi dövlətin sosial-iqtisadi siyasətinin aktual istiqamətləri üzrə təqdiqatlar aparmaq və onu daha da təkminləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəyə əhalinin bir hissəsinin effektiv və daimi cəlbinə və hökumət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqdır. Bu səbəbdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə (bundan sonra cavabdeh) 26 yanvar 2021-ci il tarixində 2 sorğu göndərib. 01/21 saylı 25 yanvar 2021-ci il tarixli birinci informasiya sorğusu ölkəmizdə aqroparklar tərəfindən torpaq, su və digər təbii resurslardan istifadə olunması vəziyyətini, belə təsərrüfatların ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, məhsulbolluğunun yaradılmasında, müxtəlif ərzaq məhsullarına olan daxili tələbatın ödənilməsində və qeyrineft ixracının artırılmasında rolunu qiymətləndirməsini tələb edib. Bu səbəbdən iddiaçı yanvar ayının 26-sı 2021-ci ildə (poçt kodu: SS664863756AZ) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə informasiya sorğusu göndərib. Bu sorğuda tələb olunan məlumatlar aşağıdakılardır: a) 1 yanvar 2021-ci il tarixində ölkədə mövcud olan aqroparkların sayı və hər bir aqroparkın əhatə etdiyi torpaq sahəsi; b) 2018- 2020-ci illər üzrə aqroparklarda məhsul istehsalı göstəriciləri (hər bir aqropark üzrə göstərilməklə); c) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Mərkəzi tərəfindən aqroparklara 2018-2020-ci illərdə güzəştli şərtlərlə verilən kənd təsərrüfatı kreditlərinin həcmi (hər bir aqropark üzrə göstərilməklə); d) 2018-2020-ci illər üzrə aqroparklara ödənilmiş əkin, toxum, məhsul və heyvandarlıq üzrə subsidiyaların həcmi (hər bir aqropark üzrə göstərilməklə). 03/21 saylı 25 yanvar tarixli ikinci informasiya sorğusu da iddiaçı tərəfindən cavabdehə 26 yanvar 2021-ci il tarixində (poçt kodu: SS664863708AZ) tarixində göndərilib. Sorğunun mətni aşağıdakı kimidir: a) 2018-2020-ci illərdə Azərbaycan Respublikası fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə); b) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə); c) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında əkin subsidiyası ayrılmış əkin sahələri, ha ilə (illər üzrə göstərilməklə); d) 2018-2020-ci illərdə Azərbaycan Respublikasında subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtina səbəblərinin təsnifatı (illər üzrə göstərilməklə). Lakin cavabdeh hər iki informasiya sorğusuna cavab verməyib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. İddiaçının nümayəndəsi X5 11.08.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 25 yanvar 2021-ci il tarixli 01/21 saylı sorğuya (aqroparklarla bağlı) cavab verilməsi vəzifəsinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin qoyduğu öhdəliklərdən biridə məlumata çatımlılıqdır. Yuxarda göstərilən məlumatları verməyərək və ümumiyyətlə verməməsini əsaslandıra biləcək heç bir cavab verməyən cavabdeh dövlətin Konvensiya qarşısında həm pozitiv, həm də prosedural öhdəliklərini pozur. Apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozmaqla icraatına qəbul etdiyi iddia ərizəsi üzrə qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də həmin qərar ləğv edilməklə iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Apellyasiya icraatı zamanı kollegiya tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22.01.2021-ci il tarixli 1257 saylı Fərmanına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxs statuslu X2 Agentliyi yaradılmışdır. Fərmana əsasən X2 Agentliyinin Nizamnaməsinin və “Aqroparklar haqqında Nümunəvi Əsasnamə"nin layihələrinin hazırlanması ilə bağlı tapşırıqların icrası olaraq hazırda adıçəkilən layihələrin, habelə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərin hazırlanaraq təqdim edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir. Həmçinin Fərmanın 7.1-ci bəndinə əsasən X2 Agentliyinin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş X2 Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X2 Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir. Nizamnamənin 1.6-cı bəndinə əsasən agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, blankları və loqotipi (emblemi) vardır. Nizamnamənin 1.7-ci bəndinə əsasən qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Nizamnamənin 2.1-ci bəndinə əsasən agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahədə dövlət siyasətinin və göstərilən dövlət dəstəyi tədbirlərinin formalaşdırılmasında iştirak etmək, bu istiqamətdə tənzimləməni həyata keçirmək; 2.1.2. iqtisadi zonalarla bağlı görülən işlərin səmərəliliyinin artırılması və yeni iqtisadi zonaların yaradılması üçün tədbirlər hazırlamaq, habelə onların həyata keçirilməsini təmin etmək; 2.1.3. iqtisadi zonaların infrastruktur tələblərini müəyyən etmək, onların həyata keçirilməsi ilə bağlı Nazirliyə və digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) təkliflər vermək; 2.1.4. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. Nizamnamənin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, məqsədli proqramların, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.1.2. iqtisadi zonaların yaradılmasına, bununla bağlı investisiya qoyuluşuna (investisiyanın məqsədəuyğunluğu, səmərəliliyi və s.) dair təhlillər aparmaq və Nazirliyə müvafiq təkliflər vermək; 3.1.3. dövlət tərəfindən yeni iqtisadi zonaların yaradılması, onların fəaliyyəti üçün nəzərdə tutulan ərazilərin müəyyən edilməsi və torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək, digər dövlət orqanları (qurumları) qarşısında məsələ qaldırmaq; 3.1.4. dövlət tərəfindən yaradılan iqtisadi zonaların ərazisinin genişləndirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, habelə bu sahədə idarəetmənin yaxşılaşdırılması məqsədilə Nazirliyə təkliflər vermək; 3.1.5. dövlət tərəfindən yaradılan iqtisadi zonaların fəaliyyəti üçün ayrılmış əraziləri istifadəyə yararlı vəziyyətə gətirmək, həmin ərazilərin planlaşdırılmasını müvafiq tikinti ərazisi üçün qüvvədə olan ərazi planlaşdırılması sənədləri əsasında həyata keçirmək, elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, nəqliyyat, rabitə, logistika, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektlərinə olan ehtiyacını müəyyən etmək və onların dövlət–özəl tərəfdaşlığı əsasında qurulmasını təşviq etmək; 3.1.6. iqtisadi zonaların və onların rezidentlərinin reyestrini aparmaq, onun müntəzəm yenilənməsini təmin etmək; 3.1.7. dövlət tərəfindən yaradılan sənaye parklarının və aqroparkların əsasnaməsini təsdiq etmək, özəl aqroparkın əsasnamə layihəsinə rəy vermək; 3.1.8. dövlət tərəfindən yaradılan sənaye parklarının rezidenti olmaq istəyən hüquqi və fiziki şəxslərlə niyyət razılaşmaları bağlamaq; 3.1.9. iqtisadi zonaların rezidenti kimi qeydiyyata alınmaq üçün müraciət edən ərizəçilərin investisiya layihəsini qiymətləndirmək, onları iqtisadi zonaların rezidenti kimi qeydiyyata almaq və ya qeydiyyata alınmasından imtina barədə qərar qəbul etmək, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyat şəhadətnamələri vermək, yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ləğv etmək; 3.1.10. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda torpaq sahələrinin, habelə dövlət mülkiyyətində olan tikililərin iqtisadi zonaların rezidentlərinə, habelə sənaye parklarının qeyri-rezidentlərinə icarəyə (subicarəyə) verilməsi ilə bağlı tədbirlər görmək, bu məqsədlə Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icarə (subicarə) müqavilələri və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilələr bağlamaq, onların şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görmək; 3.1.11. iqtisadi zonalarda investisiya qoyuluşunu təşviq etmək, o cümlədən potensial investorlarla danışıqlar aparmaq, onlara dair məlumat bazası yaratmaq, onların iqtisadi zonaların fəaliyyətinə cəlb olunması və orada istehsalın inkişafı ilə bağlı tədbirlər görmək; 3.1.12. xarici və beynəlxalq təşkilatlarla, maliyyə qurumları ilə, potensial investor və məsləhətçilərlə əməkdaşlığın həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak etmək; 3.1.13. iqtisadi zonalarda aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətlərinin həyata keçirilməsi üçün şərait yaratmaq; 3.1.14. dövlət orqanları (qurumları) tərəfindən iqtisadi zonaların rezidentlərində, habelə sənaye parklarının qeyri-rezidentlərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən yoxlamalarda onların dəvəti ilə iştirak etmək; 3.1.15. iqtisadi zonaların rezidentləri, habelə sənaye parklarının qeyri–rezidentləri arasında mübahisələrin danışıqlar yolu ilə həllinə kömək göstərmək; 3.1.16. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi zonaların rezidentlərinə, habelə sənaye parklarının qeyri–rezidentlərinə kömək göstərmək; 3.1.17. iqtisadi zonaların rezidentlərinin ixtisaslı kadrlara olan ehtiyacını öyrənmək və bununla bağlı təkliflər hazırlamaq, tabeliyindəki qurum vasitəsilə müvafiq ixtisaslar üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etmək; 3.1.18. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda idarəetməni və təsərrüfat fəaliyyətini təşkil etmək; 3.1.19. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda daxili infrastrukturu qurmaq, ona xidmət göstərmək, onun normal fəaliyyətinin təmin edilməsi, cari və əsaslı təmiri ilə bağlı tədbirlər görmək; 3.1.20. dövlət tərəfindən yaradılan iqtisadi zonalarda istilik və elektrik enerjisinin, suyun və qazın paylanması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması ilə bağlı tədbirlər görmək; 3.1.21. dövlət tərəfindən yaradılan iqtisadi zonaların idarə olunması üçün operator seçdiyi halda onunla idarəetmə sazişi bağlamaq, operator tərəfindən idarəetmə sazişindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək; 3.1.22. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; 3.1.23. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, elmtəhsil müəssisələrinin, hüquqi və fiziki şəxslərin iqtisadi zonalar üzrə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı tədbirlər görmək; 3.1.24. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; 3.1.25. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək; 3.1.26. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; 3.1.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; 3.1.28. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; 3.1.29. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; 3.1.30. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; 3.1.31. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; 3.1.32. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; 3.1.33. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək; 3.1.34. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Nizamnamənin 3.2-ci bəndinə əsasən öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır: 3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklif vermək; 3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək; 3.2.3. müvafiq sahədə beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlığın həyata keçirilməsində iştirak etmək və xarici dövlətlərin təcrübəsini öyrənmək; 3.2.4. müvafiq sahədə elmi-texniki potensialın inkişafı və gücləndirilməsi məqsədilə yerli, xarici elm və təhsil müəssisələri ilə əməkdaşlıq etmək, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, həmin təcrübənin və elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; 3.2.5. sənaye parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə vergi və gömrük sahəsində müəyyən edilmiş güzəştlərdən istifadə etmək üçün təsdiqedici sənədlərin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv olunmasına dair Nazirliyə təkliflər vermək; 3.2.6. sənaye parklarında və dövlət tərəfindən yaradılan aqroparklarda istilik enerjisinin, suyun və qazın (sənaye parklarında həmçinin elektrik enerjisinin) topdansatış qiymətlərlə alınması və sənaye parklarının rezidentlərinə və qeyri-rezidentlərinə, dövlət tərəfindən yaradılan aqroparkın rezidentlərinə pərakəndə satış qiymətləri ilə satılması, tullantı sularının axıdılması və məişət tullantılarının yığılması xidmətlərini göstərmək; 3.2.7. dövlət tərəfindən yaradılan sənaye məhəllələrində məişət tullantılarının yığılması xidmətlərini göstərmək; 3.2.8. dövlət tərəfindən yaradılan aqroparklarda irriqasiya və meliorasiya xidmətlərini göstərmək; 3.2.9. iqtisadi zonaların idarə olunması və inkişafı ilə bağlı Nazirliyə təkliflər vermək; 3.2.10. iqtisadi zonalarda ofis, konsaltinq, laboratoriya müayinəsi, biznes-inkubasiya, treninq, peşə hazırlığı, marketinq, hüquq, logistika, rabitə, mühafizə, ictimai iaşə, təşviqat, xarici iqtisadi əməliyyatlarla bağlı məsləhət xidmətlərinin və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunla qadağan olunmayan digər xidmətlərin göstərilməsini müqavilə əsasında təmin etmək; 3.2.11. iqtisadi zonaların rezidentlərinin, habelə sənaye parklarının qeyrirezidentlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onların yazılı müraciəti əsasında dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları qarşısında agent və təmsilçilik (“bir pəncərə”) funksiyasını yerinə yetirmək; 3.2.12. dövlət tərəfindən yaradılan iqtisadi zonaların ərazisində innovativ texnologiyaların, texnika və materialların tətbiqi, eləcə də istifadəsi ilə bağlı tədbirlər görmək; 3.2.13. iqtisadi zonalarda məhsul istehsalının dəyər zənciri üzrə inkişaf etdirilməsi və ixracının dəstəklənməsi ilə bağlı təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.2.14. aqroparklarda məhsul istehsalının “tarladan-süfrəyədək” prinsipi üzrə izlənməsinə imkan verən sistemin qurulmasını təşviq etmək, bununla bağlı təkliflər vermək; 3.2.15. aqroparklara turistlər üçün turların təşkili məqsədilə Nazirliyə təkliflər vermək və həyata keçirilməsində iştirak etmək; 3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq; 3.2.17. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə fəaliyyəti ilə bağlı məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq; 3.2.18. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; 3.2.19. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək; 3.2.20. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; 3.2.21. Agentliyin əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim olunması üçün Nazirliyə təkliflər vermək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək; 3.2.22. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək; 3.2.23. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; 3.2.24. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. Göründüyü kimi, iddiaçının sorğusuna cavab verilməsi Agentliyin nizamnaməsinə əsasən ona həvalə edilmişdir. İddiaçı isə qeyd olunan sorğu ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi İPM-də nəzərdə tutulmuş mümkünlük şərtlərinə (cavabdehin həmin iddiaya cavab verməli olmaması) cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 87, 89-90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı İqtisadi Tədqiqatlar Mərkəzi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5265/2021 saylı, 11.08.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı İqtisadi Tədqiqatlar Mərkəzi X6nın cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “cavabdehin üzərinə informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar