Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-598/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi kimi qeydiyyata alınma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-1(112)- 7313/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17-də yerləşən 2 nömrəli mənzilin təyinatının fərdi yaşayış evinə dəyişdirilməsi, bu dəyişikliyin dövlət reyestrində qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********69- 05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra “iddiaçı”) məxsusdur. Həmin ev qeyd olunan çıxarışda mənzil kimi göstərilsə də, faktiki olaraq qeyd olunan ərazidə bina yoxdur və fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evi 530,37 kv.m sahəsi olan və uzun illərdir iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərində yerləşir. Sözügedən mənzilə dair çıxarışda daşınmaz əmlakın növünün dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsində və bununla bağlı müvafiq tədbirlərin görülməsində köməklik göstərilməsi üçün iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, “qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********54 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır”. Cavabdeh orqanın bu cavab məktubu tamamilə əsassızdır. Belə ki, cavab məktubunda qeyd edilən xx.xx.2023- cü il tarixli məktub yuxarıda qeyd edilən məsələ ilə, yəni daşınmaz əmlakın təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsi ilə bağlı deyildir. Cavabdeh orqanın bəhs etdiyi müraciət sözügedən fərdi yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçının hazırki müraciətinə, yəni daşınmaz əmlakın növünün dəyişdirilərək fərdi yaşayış evi kimi qeyd edilməsi məsələsinə heç bir münasibət bildirməmiş, müraciət üzrə müvafiq tədbirlərin görülməsindən əsassız olaraq imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı Bakı şəhəri, Suraxanı ryonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17-də yerləşən 2 nömrəli mənzilin təyinatının fərdi yaşayış evinə dəyişdirilməsi, bu dəyişikliyin dövlət reyestrində qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bakı şəhəri, Suraxanı ryonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17-də yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi ərazidə mənzilə bitişik 45.0 kv.m əlavə tikilinin inşa olunduğu və mənzilin ətrafında yerləşən 460 kv.m torpaq sahəsinin hasara alınaraq istifadə olunduğu aşkar edilmişdir. Həmçinin, 1995-ci ildə tərtib edilmiş texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-1(112)-7313/2024 saylı qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17, 2 nömrəli mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-1(112)-7313/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsinin xx.xx.1995-ci il tarixli 52245 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 X2 adına qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən X2 adına tərtib olunmuş fevral 1995-ci ildə tərtib edilmiş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportuna əsasən ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 34.1 kv.m olan, 1-ci otaq – 26.0 kv.m, 2ci otaq – 8.1 kv.m, mətbəx – 7.8 kv.m, ön giriş – 1.6 kv.m təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 229956 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 46.6 kv.m olan 2 saylı mənzil X2 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 229956 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən ümumi sahəsi 46.6 kv.m olan 2 saylı mənzil İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********69-05101- 093002 reyestr nömrəli texniki pasporta əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı mülkiyyətindədir. -Binanın yerləşdiyi torpaq sahəsinin planı M1:500, faktiki sahə 0.01528 ha və tikinti altı sahəsi 0.01528 ha təşkil edir. -Mənzilin yerləşdiyi mərtəbə 1; otaqların sayı 2; ümumi sahəsi 46.6 kv.m; yaşayış sahəsi 34.1 kv.m-dir. dəhliz-2.0 kv.m, sanitar qovşağı 1.7 kv.m, mətbəx 8.8 kv.m, yaşayış otağı 8.1, digəri isə 26.0 kv.m-dir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kommunal küçəsi, ev 17 yerləşən 2 saylı mənzilin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 34.1 kv.m., faktiki 12.5 kv.m artıqdır. Mənzil 1; 2 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin 1 hissəsində yerləşir. Mənzilə bitişik 45.0 kv.m əlavə tikili inşa olunmuşdur. Mənzil ətrafı 460 sahəsi daş hasara alınaraq ərizəçinin istifadəsindədir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********22 nömrəli idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi ərazidə mənzilə bitişik əlavə tikilinin inşa olunduğu və mənzilin ətrafında yerləşən 460 m2 torpaq sahəsinin hasara alınaraq istifadə olunduğu aşkar edilmişdir. Əlavə olaraq qeyd edirik ki, mənzilin yerləşdiyi torpaq sahəsinə dair sənəd təqdim edilmədiyindən ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Beləliklə iş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak ilkin olaraq X2 adına xx.xx.1995-ci il mənzil kimi qeydiyyata alınmış, daha sonra vərəsəlik qaydasında ümumi sahəsi 46.6 kv.m mənzil olmaqla İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddiasında İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın-mənzilin təyinatının dəyişdirilərək fərdi yaşayış evi kimi dövlət reyestrində qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin mübahisəli əmlakı fərdi yaşayış evi kimi qeydiyyata alınmasından imtinanın əsası ondan ibarət olmuşdur ki, iddiaçı mənzilin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqandan əldə edilmiş sözügedən əmlaka dair təqdim edilmiş arxiv sənədlərindən də müəyyən olunur ki, işin mübahisələndirilməyən halı iddia predmeti olan əmlakın yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”da sadalanan torpaq sahəsinin ayrılmasına dair ilkin torpaqayırma sənədlərinin mövcud olmamasıdır. Lakin, iddiaçının tələbi mülkiyyətində olan yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması deyil, adına reyestrdə qeydi aparılmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlıdır. Odur ki, cavabdehin məhz əmlakın yerləşdiyi tikintialtı və ya həyətyanı sahə ilə bağlı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyinə istinad etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, sözügedən yaşayış sahəsi mənzil qismində qeydiyyata alınmış əmlak olsa da, lakin tikili olaraq mənzil kimi texniki göstəricilərə deyil, fərdi yaşayış evinə xas olan yerləşmə və texniki xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir və aşağıda göstərilənlərə görə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan normalardan görünür ki, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsi olsa da, lakin fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Hazırkı iş üzrə mübahisəli əmlakın texniki pasportundan görünür ki, mənzil ümumi sahəsi 46.6 kv.m olmaqla 0.01528 ha ölçüdə torpaq sahəsi üzərində yerləşir. Mənzil tikinitaltı torpaq sahəsi olmaqla, çoxmənzilli binanın struktur bölməsi kimi çıxış etmir. Başqa sözlə, mənzil faktiki cəhətdən çoxmənzilli binaya aidiyyəti olmayan ayrıca sahəli mənzil deyil, məhz fərdi müəyyən edilmiş evdir. Belə olan halda iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış mənzilin texniki pasportundakı məlumatlara əsasən və qanunla yuxarıda göstərilən fərdi yaşayış evi meyarlarına cavab verdiyinə görə onun fərdi yaşayış evi kimi qeydiyyata alınması mümkündür və əsaslıdır. Mənzilə bitişik 45.0 kv.m əlavə tikilinin inşa olunması və mənzilin ətrafında yerləşən 460 kv.m torpaq sahəsinin hasara alınaraq istifadə olunması belə hazırkı iddianın təmin edilməsini istisna etmir. Belə ki, iddiaçının tələbi nə inşa olunmuş əlavə tikilinin, nə də istifadədə olan torpaq sahəsinin qeydiyyatı ilə bağlı deyildir. İddiaçının tələbi 46.06 kv.m ölçüdə mülkiyyət hüququ tanınmış mənzilin fərdi yaşayış evi kimi qeydiyyatı ilə bağlıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə yerli baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, mənzilin yerləşdiyi bina vaxtı ilə 2 mənzildən ibarət vahid dam örtüyünə və ortaq divarlara malik 1 mərtəbəli tikili olmuşdur. Lakin sonradan qeyd edilən 1 mərtəbəli binanın bir hissəsində yerləşmiş qonşu mənzil sökülmüş və yerində 2 mərtəbəli, zirzəmili tikili inşa edilmişdir ki, Suraxanı Rayon İH-nin xx.xx.2004-cü il tarixli 25N-li Sərəncamına əsasən qeydiyyata alınmışdır. Nəticədə mənzil- 1 və mənzil-2 arasında mövcud olmuş divarlar və vahid dam örtüyü ayrılmışdır. Hal-hazırda qeyd edilən 2 nömrəli mənzil bir mərtəbəli ayrı tikilidir. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mənzilin yerləşdiyi bina vaxtı ilə 2 mənzildən ibarət vahid dam örtüyünə və ortaq divarlara malik 1 mərtəbəli tikili olmuşdur. Lakin sonradan qeyd edilən 1 mərtəbəli binanın bir hissəsində yerləşmiş qonşu mənzil sökülmüş və yerində 2 mərtəbəli, zirzəmili tikili inşa edilmişdir ki, Suraxanı Rayon İH-nin xx.xx.2004-cü il tarixli 25 №li Sərəncamına əsasən qeydiyyata alınmışdır. Nəticədə mənzil - 1 və mənzil - 2 arasında mövcud olmuş divarlar və vahid dam örtüyü ayrılmışdır. Hal-hazırda qeyd edilən 2 nömrəli mənzil bir mərtəbəli ayrı tikilidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2-1(112)-7313/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-598/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-598/2025
04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver