Məhkəmə qərarları › İş №2-1(103)-627/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-627/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-627/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10770/2023 nömrəli, 18 avqust 2023-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun sənədli ev alıb ailəsinin gələcəyini təmin etməyi üçün bazar qiymətinə uyğun 25.000 (iyirmi beş min) manat məbləğində və eləcə də bununla bağlı aldığı hüquqi yardıma görə ödədiyi 100 (bir yüz manat) manat məbləğində maddi ziyanın ödənilməsi və 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsi öhdəliyinin Binəqədi rayonu Xocasən Bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin avqust ayında qonşuluqda yaşayan vətəndaş X3 özünə məxsus olan evi satırdı və o, həmin evi almaq qərarına gəlmişdi. Evi alan zaman N.Mirzəyeva torpaq sahəsini və evi birbaşa olaraq onun adına sənədləşdirəcəyini bildirmiş və bununla da onlar Xocasən Bələdiyyəsinə getmişlər. Onları qəbul edən Bələdiyyənin müvafiq əməkdaşı qəbzlərini bu ərizəyə əlavə etdiyi, hətta N.Mirzəyevanın ödəməmiş olduğu vergi və kommunal borclarını da ona ödətdirərək, torpaq sahəsinin tez bir zamanda adına sənədləşdiriləcəyinə söz vermişdir. Bələdiyyə əməkdaşının verdiyi sözə etimad göstərərək həmin evi şifahi əqd əsasında 10.000 (on min) manata N.Mirzəyevadan almışdır. Lakin həmin vaxtdan bu günə kimi, torpağı adına sənədləşdirə bilməmişdir. Dəfələrlə Bələdiyyədə olmuş və daha sonra sədr yerində olmadığı üçün sədri əvəz edən şəxs kimi təqdim olunan müavin tərəfindən, daha sonra isə sədr tərəfindən qəbul olunaraq dinlənilmiş, lakin müxtəlif başaldadıcı sözlərlə yola verilmiş və nəticə etibarı ilə, yenə də bu günə kimi torpaq sahəsini adına sənədləşdirə bilməmişdir. Qeyd olunan vaxtdan sonra, həmin evi aldığını təsdiq edən sənəd əldə edə bilməsə də, faktı təsdiq edən hal kimi, elektrik sayğacının abonent kodunu N.Mirzəyevanın adından öz adına keçirmiş, qaz sayğacını isə, onun qazdan qanunsuz istifadəyə görə ödənilməmiş borcu olduğu üçün, adına keçirə bilməmişdir. Bununla yanaşı, evin eskiz layihəsini hazırlatmışdır. 3-cü qrup əlil və epilepsiya xəstəsidir. Aldadıldığını biləndən ciddi mənəvi sarsıntı keçirmiş və bu səbəbdən, xəstəliyi ilə əlaqədar epileptik tutmaları artmışdır. Belə ki, uzun illər ərzində fəhləçilik edərək yığdığı pulun Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri sayəsində havaya sovrulması onun gələcəyə olan ümidlərini məhv etmişdir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi ilə bələdiyyələr də inzibati orqan kimi müəyyən olunmuşdur. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən, qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və va digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. Həmin Qanunun etimad hüququnun qorunması prinsipini müəyyən edən 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü bəndinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır yə şəxsin etimad hüququnun əsasını təşkil edir. Qeyd edilən evin əvvəlki sahibinin ödənilməmiş 2015-2020ci illəri əhatə edən və tərəfindən ödənilmiş əmlak vergisinin və kommunal xərclərin qəbzləri Bələdiyyənin yazılı vədlərini təsdiq edir və Qanunun 13.3-cü maddəsi ilə müəyyən edilmiş etimad hüququnun əsasını təşkil və faktı təsdiq edir. Belə ki, Bələdiyyə əməkdaşlarının evi adına sənədləşdirəcəyi vədi olmasaydı, həmin evi almayacaqdı və təbii ki, o evdə yaşamadığı illərə görə də kommunal və vergi borcunu ödəməyəcəkdi. Eyni zamanda, Qanunun 13.5-ci maddəsinə əsasən isə fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, Bələdiyyə əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifə səlahiyyətlərini aşması nəticəsində ona mühüm ziyan vurulmuşdur. N.Mirzəyeva Bələdiyyə əməkdaşları ilə hansısa qanunsuz maraq çərçivəsində əvvəlcədən razılaşmış və birgə şəkildə onu aldadaraq, sənədsiz torpağı birbaşa olaraq onun adına sənədləşdirəcəyinə söz verməklə satmışdır. Qeyd olunan hallarla bağlı tərəfindən xx.xx.2023-cü il tarixdə Xocasən Bələdiyyəsinə rəsmi müraciət olunmuş, hal-hazırda onun istifadəsində olan torpaq sahəsi Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaş X2 və ya atası Sakit Mirzəyevə ayrılmışdırsa, təsdiq olunmuş surətinin verilməsi, N.Mirzəyevanın, hal-hazırda isə onun istifadəsində olan torpaq sahəsində mövcud olan tikili hansı vaxtdan mövcuddur və həmin torpaq sahəsinə görə əmlak vergisi ödənilməsi kim tərəfindən və hansı vaxtdan başlanılmışdır kimi sualların cavablandırılması xahiş olunmuşdur. Həmçinin, qeyd olunanlara və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 6.6, 6.7, 7.3.1 və 9-cu maddələrinə əsasən, həmçinin yaranmış mübahisənin ədalətli şəkildə, hüquqi müstəvidə aradan qaldırılması məqsədi ilə vətəndaş N.Mirzəyevaya və ya atası S.Mirzəyevə Bələdiyyə tərəfindən hal-hazırda istifadəsində olan torpaq sahəsi ayrılmışdırsa, bununla bağlı olan Qərarın və bütün digər sənədlərin faktiki hallara və sənədlərə əsaslanaraq onun adına dəyişdirilməsi, belə bir Qərar mövcud deyildirsə, həmin Qanununun 16.3-cü maddəsinə (Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, eyni zamanda torpaq vergisinə cəlb edilir) uyğun olaraq hal-hazırda istifadəsində olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini, bunlar mümkün olmadığı halda, Bələdiyyənin təqsiri üzündən ona vurulmuş təqribi 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyanın ödənilməsi və ya bunun da mümkün olmadığı halda torpaq sahəsinin əvəzləşdirilməsi və üzərində halhazırda istifadəsində olan evin formasında evin tikintisini və əlavə olaraq, 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Lakin Bələdiyyə “İnzibati İcraat haqqında” Qanunun müraciətlərə baxılması prosedur prinsiplərini tənzimləyən normalarını (20-27-ci maddələr) və inzibati icraat qaydalarını (28-52-ci maddələr) kobud şəkildə pozaraq, qeyri-iş günləri (20, 21 may) də nəzərə alınsa, ona qısa müddət ərzində formal xx.xx.2023-cü il tarixli cavab məktubu göndərməklə suallarını cavablandırmamış, maddi və mənəvi ziyanla bağlı tələblərinə, həmçinin Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı qeyd etdiyi faktlara münasibət bildirməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02-7/39 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhəri ərazisində Azərbaycan Respublikasının 2002-cı ıl 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında Əsasnamənin” 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırma sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci ilin yanvarın 1-dən etibarən müvəqqəti olaraq dayandırıldığından, sözügedən torpaq sahəsinin adına rəsmiləşdirilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10770/2023 nömrəli, 18 avqust 2023-ci il tarixli qərardadı (hakim A.Almazova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin baxılmağa qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi formal tələblərə cavab vermir. Belə ki, iddia ərizəsində cavabdeh qismində Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi göstərilsə də, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin də cavabdeh qismində cəlb edilməsini tələb etmişdir. İddia tələbi aydın deyil, prosessual həmiştirakçılıq iddiaçı tərəfindən əsaslandırılmamış, hər bir cavabdehin hansı tələbə cavab verməli olması dəqiqləşdirilməmişdir. Məhkəmənin qeyd olunan bu mövqeyini əsassız hesab edir və bildirir ki, iddia ərizəsində də qeyd etdiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəlişəxslərinin vurduqlarızərər üçün məsuliyyəti müəyyən edir ki, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqiakta uyğun gəlməyən aktının qəbuledilməsi nəticəsində fiziki və ya hüquqişəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiasının təmin olunacağı halda, Bələdiyyənin tələb etdiyi pul məbləğini ödəmək iqtidarında olmadığını əsas gətirəcəyini ehtimal etdiyi üçün zərərin əvəzini ödəyən əlavə cavabdeh kimi Mülki Məcəllənin qeyd olunan normasında göstərilən Azərbaycan Respublikası adından çıxış edən Maliyyə Nazirliyini göstərmişdir. Qərardadda həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Məhkəmənin bu normaya istinad edərək iddianı mümkünsüz sayması anlaşılan deyil. Belə ki, İPM-nin 46.1-ci maddəsi iddia ərizəsində göstərilməli olan məlumatları müəyyən edir. O da həmin normanın tələblərinə uyğun bütün məlumatları göstərmişdir. Birincisi cavabdehləri düzgün müəyyən etmişdir, ikincisi isə hətta düzgün müəyyən etməsə belə, həmin maddədə bu hal iddia ərizəsinin məzmununun düzgün olmadığı əsasını yaratmır. Həmçinin cavabdeh kimi yalnız Maliyyə Nazirliyini deyil, əsas cavabdeh Xocəsən Bələdiyyəsini göstərmişdir. Qeyd etdiyi kimi, iddiası təmin olunacağı halda, icra mərhələsində bələdiyyə tərəfindən icranın mümkün olmadığı halda, iddia tələbinin Maliyyə Nazirliyi tərəfindən icra olunması məqsədilə əlavə cavabdeh kimi Maliyyə Nazirliyini göstərmişdir. Hesab edir ki, cavabdeh kimi yalnız Maliyyə Nazirliyini göstərib, Xocasən Bələdiyyəsini ümumiyyətlə cavabdeh kimi göstərməsəydi, məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmaq olardı. Məlum olduğu kimi, İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında(bundan sonra- inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanmasıyekunlaşana qədər cəlb edilir. Həmçinin, həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçınıvə ya cavabdehi əsl iddiaçıvə ya cavabdeh ilə əvəz edə bilər. Göstərilən normalardan göründüyü kimi, cavabdehlərin seçimi iddiaçının hüququdur. Bir sözlə Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində qalması iddianın mümkünsüzlüyü üçün əsas ola bilməzdi. Məhkəmə həmçinin qərardadında qeyd etmişdir ki, iddiaçı öz hüquqi marağını (subyektiv hüququnu) əsaslandıra bilməmişdir, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Həmçinin iddiaçı cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Bununla bağlı isə qeyd edir ki, sənədsiz evi almağında Bələdiyyənin təqsirini iddia ərizəsində təfsilatı ilə göstərmiş, kifayət qədər geniş şəkildə əsaslandırmışdır. Belə ki, iddia ərizəsində qeyd etmişdir ki, o, həmin evi alanda evi satan şəxslə Bələdiyyənin inzibati binasında ələdiyyə əməkdaşı olan Röyalə adlı şəxslə görüşmüşdür. Röyalə ona evi almağımı tövsiyə etmiş və tezliklə sənədləşdiriləcəyini bildirmişdir. Bu faktı təsdiq edən sənəd kimi iddia ərizəsinə həmin evdə yaşamadığı illərə görə ödədiyi Bələdiyyənin imzası və möhürü ilə təsdiq olunan qəbzləri əlavə etmişdir. Lakin Məhkəmə bu fakta - sənədə diqqət yetirməmişdir. Bildirir ki, o, evi 2020-ci ildə aldığı halda, 2015-2020-ci illərə görə Bələdiyyəyə kommunal ödənişlər etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən yaşayış evi X2 məxsus olmuş, 20 il onun istifadəsində olmuş, həmin evi ona satarkən Nailə ona evin bələdiyyə qərarının olduğunu bildirmiş, onunla birlikdə bələdiyyəyə getmişlər, bələdiyyə də öz növbəsində qərarın mövcud olduğunu, evi rahat ala biləcəyini bildirmişdir. Amma bugünə qədər heç bir bələdiyyə qərarı ona verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İnzibati iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində cəlb edilməsini, Qanunvericiliklə müəyyən olunmuş qaydalara uyğun sənədli ev alıb ailəsinin gələcəyini təmin etməyi üçün bazar qiymətinə uyğun 25.000 (iyirmi beş min) manat məbləğində və eləcə də bununla bağlı aldığı hüquqi yardıma görə ödədiyi 100 (bir yüz manat) manat məbləğində maddi ziyanın ödənilməsi və 10.000 (on min manat) dəyərində vurulmuş mənəvi ziyanın ödənilməsi öhdəliyinin Binəqədi rayonu Xocasən Bələdiyyəsinin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi formal tələblərə cavab vermir. Belə ki, iddia ərizəsində cavabdeh qismində Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi göstərilsə də, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin də cavabdeh qismində cəlb edilməsini tələb etmişdir. Həmçinin iddia tələbi aydın olmamış, prosessual həmiştirakçılıq iddiaçı tərəfindən əsaslandırılmamış, hər bir cavabdehin hansı tələbə cavab verməli olması dəqiqləşdirilməmişdir. Qeyd edilən hallarla bağlı iddiaçıya birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım göstərilsə də, iddia ərizəsindəki çatışmazlıqlar aradan qaldırılmamış, iddiaçı iddia tələbini müdafiə etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı öz hüquqi marağını (subyektiv hüququnu) əsaslandıra bilməmişdir, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Həmçinin iddiaçı cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin və Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. İddiaçının iddia ərizəsindən, apellyasiya şikayətinin dəlillərindən və məhkəmə araşdırmaları zamanı verdiyi izahatlardan aydın olur ki, o, əvvəllər başqa fiziki şəxs tərəfindən tikilərək istifadə olunmuş sənədsiz yaşayış evini həmin şəxsdən almış, lakin hazırda həmin evin sənədləşdirilməsini həyata keçirə bilmir. Bu səbəbdən də hesab edir ki, həmin yaşayış evinin sənədləşdirilməməsi nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərərək izah edir ki, bir halda ki, iddiaçı aldadıldığını iddia edir, bu zaman evi aldığı şəxsə qarşı mülki qaydada iddia qaldırmaq hüququna malikdir. Hazırki halda isə bələdiyyə tərəfindən ona hər hansı bir maddi və ya mənəvi ziyanın vurulması, bələdiyyənin bu tələb üzrə cavabdehlik daşıması sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10770/2023 nömrəli, 18 avqust 2023-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10770/2023 nömrəli, 18 avqust 2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar