Məhkəmə qərarları › İş №2-1(103)-630/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-630/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-630/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası X4mətinə qarşı «qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-5609/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-5609/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası X4mətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 30 iyul 2019-cu il tarixdə Azərbaycana gəlmiş, 13 mart 2020-ci il tarixdə sığınacaq vəsatəti ilə AR X4mətinə müraciət etmişdir. X4məti onun vəsatətini 34-2020 saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. İddiaçı müsahibədə bildirmişdir ki, İran İslam Respublikasının Mazandaran ostanında doğulmuşdur, milliyyətcə farsdır, dini etiqadına görə xristiandır (prorestantdır). 2016-cı ilin oktyabr ayında 2018-ci ilədək müqəddəs kitab (incil) təlimi ilə bağlı Türkiyənin Aksaray şəhərində X2 təhsil almışdır. Əmək fəaliyyətinə 2010-cu ildən başlanmış, həmin ildən eskiz layihə hazırlamaqla özəl müəssisə təşkil etmiş, 2016-cı ilin sentyabr ayınadək orada işləmişdir. 2013-cü ildə anası, 2014-cü ildə atası və qardaşı dinini dəyişərək xristianlığı qəbul etmişlər, özü isə 2013-cü ildə xristianlığı qəbul edərək evlərində xristianlıqla bağlı məclislər təşkil etdiyindən, 2015-ci ilin əvvəllərində İranın xüsusi xidməti tərəfindən saxlanmışdır, kilsə və dini məclislər təşkil etməmək iltizamını verdikdən sonra azadlığa buraxılmışdır. 23 iyul 2019-cu il tarixdə İranın xüsusi xidməti tərəfindən xristian dinini təbliğ etdiyi üçün yenidən saxlanılmışdır. 6 gün həbsdə qaldıqdan sonra 35 il azadlıqdan məhrumetmə cəzasına məruz qalmışdır. Məxfi əməkdaşlığa cəlb ediləcəyi şərti ilə buraxılmışdır. İran kəşfiyyatının X3 rektoru Mohsem Qasemini Bakıda səfərdə olduğu müddətdə ələ keçirmək adı ilə münasib yerə gətirmək adı ilə onların razılığı ilə 30 iyul 2019-cu il tarixdə İran İslam Respublikasını tərk etmişdir. Əməkdaşlıqdan boyun qaçırdıqdan sonra axtarışa verildiyi üçün bir daha İrana qayıtmaq istəmir. 22 iyun 2020-ci il tarixdə AR X4məti İQ-89/1 saylı qərarı ilə iddaçının sığınacaq vəsatətini rədd etmişdir. X4məti qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də “yumşaq hüquq" normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. AR X4mətinin qərarında iki fundamental səhvə yol verilmişdir. Belə ki, Xidmət işin mühüm faktlarını müəyyən etməmiş, bu faktların mötəbərliyini dəqiqləşdirməmişdir. İş üzrə mühüm fakt iddiaçının dini etiqadını dəyişərək xristianlğı qəbul etdiyi, dini məclislər keçirdiyi üçün 35 il azadlıqdan məhrum edildiyi, İran kəşfiyyatı ilə əməkdaşlığa cəlb edildikdən sonra tapşırıqları yerinə yetirmədiyinə görə axtarışa verildiyi, tutulacağı təqdirdə ölümlə hədələndiyi üçün təqib olunmasıdır. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərtliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslıl təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qurxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Göstərilənlərə və BMT Baş Məclisinin 28 iyul 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və 31 yanvar 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokola, Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) 8 dekabr 1992-ci il tarixli 402 saylı qərarı ilə qoşulduğu 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna (12 fevral 1993-cü il tarixdən qüvvədədir), Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokollarınna, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1, 9-cu maddələrinə, «Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar»a, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 21, 36, 45, 71-ci maddələrinə, İPM-in 2.2.2, 33, 35, 38, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh AR X4mətinin İQ-89/1 saylı 22 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının vəsatəti təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərmişdir ki, sığınacaq verilməsindən imtina edilməklə ərizəçinin aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ (Konvensiya, maddə 70); inzibati icraat hüququ (Konstitusiya, maddə 60); pis rəftara məruz qalmamaq hüququ (AİHK, maddə 3); şəxsi həyata hörmət hüququ (AİHK, maddə 8); səmərəli vasitələr hüququ (AİHK, maddə 13). Nümayəndə və vəkil Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5609/2020 saylı 18.11.2020-ci il tarixli qərarın ləğv edilməsi, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdeh X4mətinin 22.06.2020-ci il tarixli AR DMX İQ-89/1 saylı qacqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın ləğv edilməsi; cavabdeh AR DMX-nin üzərinə İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçının vəkil və nümayəndəsi, cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (pasport – R ********) 28 mart 1992-ci il tarixdə doğulmuş hazırkı İddiaçı 13 mart 2020-ci il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR X4-mətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 34- 2020 saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə fars, dini etiqadına görə xristian (protestant) olduğunu, vaxtilə özü və ailə üzvlərinin dinini dəyişdiyini, məxfi əməkdaşlığa cəlb olunduğnu, sonradan bundan boyun qaçırdığından təqib olunduğunu və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə 22 iyun 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddia ilə bağlı keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) X4mətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən X4məti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı X4məti "qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlı sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Cavabdeh AR X4mətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə 22 iyun 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-5609/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar